12px14px16px18px

“İnvestisiya mühitini qiymətləndirən ən ciddi hesabat “Doing Business” hesabatıdır”

13:48 / 08.03.2012
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, bazar iqtisadiyyatının inkişaf etdirilməsi, ölkədə biznes mühitinin liberallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər, eləcə də əldə edilən nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir.
Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing buisness – 2012” hesabatında Azərbaycan 2011-ci illə müqayisədə 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutub.
Azərbaycan habelə əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə edən ölkəmiz inkişaf etmiş dövlətlərlə bir sıradadır.
“Doing buisness – 2012” hesabatına əsasən Azərbaycanda ən yaxşı göstərici məhz əmlakın qeydiyyatındadır. Belə ki, 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan “Doing Business-2012” hesabatına əsasən Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir.
Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.
Ekspertlərin fikrincə, bütün bu uğurlara baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam etdirilir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir.
Bu sahədə qabaqcıl dünya təcrübəsindən də istifadə olunur. 2007-ci ildən etibarən Dünya Bankının dəstəyi ilə reallaşan “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə gətirib çıxaracaq. Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulur. Heç şübhə yox ki, bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək.
Hesabata münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov əvvəlki ilə nisbətən Azərbaycanın daha müsbət göstərici əldə etməsinin uğurlu nəticə olduğunu deyib. O, bir neçə il qabaq Azərbaycanın bu hesabatda son yerlərdə qərarlaşdığını diqqətə çatdırıb. V.Bayramov “Doing Business” hesabatını bu sahədə ən nüfuzlu hesabat kimi qiymətləndirildiyini qeyd edib: “2008-ci ildən başlayaraq “Biznesin idarə edilməsi” reytinqində Azərbaycanın yerinin yaxşılaşması müşahidə olunur. Bu hesabat ona görə əhəmiyyətlidir ki, bunun nəticələrindən iş adamları sıx-sıx istifadə edirlər. Belə ki, iş adamları hər hansı bir ölkəyə investisiya qoymaq istədikləri zaman həmin ölkədəki investisiya mühiti ilə maraqlanırlar. Məhz ölkələrdəki investisiya mühitini qiymətləndirən ən ciddi hesabat Dünya Bankının “Doing Business” hesabatıdır. Bu baxımdan hesabatda Azərbaycanın yerinin möhkəmlənməsi, irəliləyişin olması müsbət haldır. Hesabatda 183 ölkə arasında Azərbaycanın ümumi mövqeyi 66 olsa da, bir sıra göstəricilərdə ölkəmiz kifayət qədər əhəmiyyətli yerlərə malikdir. Azərbaycanın bir sıra göstəricilər üzrə tutduğu yer diqqət çəkir”.
Mütəxəssis bir sıra Avropa ölkələri ilə müqayisədə bəzi göstəricilər üzrə Azərbaycanın daha üstün yer tutduğunu vurğulayıb: “Məsələn, biznesə başlamaq reytinqinə görə Azərbaycan 183 ölkə arasında 18-cidir. Ölkədə biznesə başlamaq üçün 6 prosedur tələb edilir. Günlərin sayı 8, biznesə başlamaq üçün tələb edilən xərc adambaşına düşən kapitalın 2,7 fazini təşkil edir. Bu zaman minimum kapital tələb olunmur. Azərbaycanın bu göstəricisi Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha yaxşıdır. Çünki bu ölkələrdə biznesə başlamaq üçün 11 gün tələb edilir. Habelə Azərbaycanda biznesə başlamaq üçün tələb edilən proseduraların sayı bu ölkələrlə müqayisədə daha azdır”.
V.Bayramovun sözlərinə görə, mülkiyyətin qeydiyyatı üzrə Azərbaycan mövqeyi MDB ölkələri ilə müqayisədə daha yaxşıdır. O, mülkiyyətin qeydiyyatına görə, Azərbaycanın 180 ölkə arasında 9-cu olduğunu xatırladıb: “Habelə investisiyanın müdafiə edilməsinə görə Azərbaycanın mövqeyi qənaətbəxşdir. Bu sahədə Azərbaycan 24, bağlanmış müqavilələrin qüvvəyə minməsinə, eləcə də müqavilələrin dövlət tərəfindən qorunmasına görə 25-cidir. Bütün bunlar Azərbaycanın uğurları kimi qiymətləndirilməlidir”.
Ekspert hesabatda bir sıra sahələr üzrə vəziyyətin yaxşılaşdırılması, islahatların aparılmasına ehtiyac olduğunu da ortaya çıxarıb: “Belə ki, hesabata görə, Azərbaycan “Tikintiyə icazələrin alınması” indikatoru üzrə 183 ölkə arasında 172-ci yerdə qərarlaşıb. Tikintiyə lisenziya almaq üçün tələb edilən günlərin sayı 212 gün göstərilib. Bizneslə məşğul olmaq üçün “elektrik enerjisinin alınması” üzrə ölkənin yeri 173-cüdür. Elektrik enerjisinin alınması üçün 241 gün tələb edilir. Digər göstəricilər, xüsusən sərhədlərarası ticarətə görə Azərbaycan 170-ci, biznesdə mübahisələrin həllinə görə 95-ci, vergilərin ödənilməsinə görə 81-ci yerdə qiymətləndirilib. Əgər bu sahədə müəyyən uğurlar olarsa, o zaman ölkəmizin ümumi mövqeyində gözəçarpan irəliləyişlərin olması qaçılmazdır. Lakin bütün bunlara baxmayaraq, ümumən Azərbaycanın yeri yaxşıdır. Müsbət tendensiya isə Dünya Bankının hesabatında son illər ölkəmizin ciddi irəliləyişlər əldə etməsidir. Hesabatda Azərbaycandakı investisiya mühiti yüksək qiymətləndirilir. Bu isə öz növbəsində iş adamlarının ölkəmizə cəlb edilməsində mühüm rol oynayır. Dünyanın aparıcı maliyyə qurumunun hesabatında Azərbaycanın yerinin yaxşılaşması bütün hallarda müsbət məqamdır. Bu, həm də bütövlükdə beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmlənməsidir. Fikrimcə, “Doing buisness – 2012” hesabatı Azərbaycana xarici investisiyaların cəlb edilməsi, ölkəmizin beynəlxalq imicinin yaxşılaşdırılması baxımından ciddi əhəmiyyətə malikdir”.
Bütün bunlar bir daha göstərir ki, sürətli inkişaf dövrünü yaşayan Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir.
Aqil LƏTİFOV




Bu yazı ( 139 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar