12px14px16px18px

Kulturoloq və aktyorlar Xocalını andılar

14:22 / 02.03.2012
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ötən əsrin sonlarının ən ağır qətliam hadisəsi olmuş Xocalı soyqırımı yalnız hər ilin fevralında yox, demək olar ki, daim anılır. Nəzəri fənləri tədris edən fakültələrlə yanaşı yaradıcılıqla bilavasitə ilgili olan fakültə və kafedralarda da Xocalı hadisəsi daim diqqət mərkəzində olur, mövzu kimi tələbələrin diplom işlərində əks olunur, professor-müəllim heyətinin, istedadlı tələbələrin iştirakıyla Tədris teatrında mütəmadi olaraq tamaşa-kompozisiyalar göstərilir.
Xocalı soyqırımının 20 illiyi münasibətilə də ADMİU-nun demək olar bütün fakültə və kafedraları daha təsirli, geniş formatlı tədbirlər planı tutmuş, müəllimlər yaradıcılıq-ifa işlərini məhz bu hadisəyə həsr etmişlər. Universitetdə illərdi davam edən bu ənənə bu dəfə də özünü daha yaradıcı şəkildə büruzə verdi. Beləki keçirilən bütün tədbirlərdə, müsamirə və tamaşalarda ADMİU-nun bütün yaradıcı fakültələri iştirak edirdi; musiqiçilər, rəssamlar, aktyorlar, dizaynerlər, modelyerlər və s. Və bu ansamblların birgə əməyi sayəsində meydana gələn yaradıcılıq –ifa işləri bu unikal təhsil ocağının çağdaş tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.
Fevralın 23-də Universitetin Kulurologiya və Aktyor sənəti fakültələrinin birgə hazırladıqları “Xocalını unutmayaq” adlı kompozisiya da bu sıradandı. İki fakültənin tələbə və müəllimlərinin iştirakıyla səhnələşdirilən tamaşa-kompozisiya yetgin sənət əsəri kimi baxanlara əsl estetik zövq verməklə yanaşı onlarda vətənpərvərlik hissləri, düşmənə sonsuz nifrət duyğuları oyadırdı. Tələbələrdən Yeganə Əliyevanın publisistik çıxışı, Hicran Eyvazovanın, Zəhra Hacıyevanın, Tural Əliyevin, Natavan Mirzəyevanın, Tahirə Ayzalovanın emossional bədii qiraətləri, Kənan Babayevlə Kənan Kərimovun Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Qabildən söylədikləri bədii parçalar və özlərinin qələmə aldıqları mənsur şeirlər tamaşaçıların əsl mənada ruhunu oxşadı.
Sonda Kulurologiya fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Apdin Əlizadə tamaşanın yaradıcılarına təşəkkürünü bildirib, onlara yeni yaradıcılıq uğurları arzuladı.
İntiqam MEHDİZADƏ



Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar