12px14px16px18px

“Təhsil” Nəşriyyat-Poliqrafiya MMC beynəlxalq mükafata layiq görülüb

BƏHRUZ AXUNDOV: “ƏSAS İŞİMİZ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ, ELMİNƏ XİDMƏT ETMƏKDİR”

14:19 / 02.03.2012
Dünən “Təhsil” Nəşriyyat-Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinin Beynəlxalq Ticarət Təşkilatının mükafatına layiq görülməsi ilə bağlı mətbuat konfransı keçirilib. “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov rəhbərlik etdiyi nəşriyyatın elm, ədəbiyyat adamlarının, ümumilikdə bütün ziyalıların üzünə açıq olduğunu bildirib. Bu qurumu onların evi adlandıran baş direktor əsas işlərinin Azərbaycan mədəniyyətinə, elminə xidmət etmək olduğunu söyləyib.
B.Axundov “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin beynəlxalq mükafata layiq görüldüyünü deyərək, öz təəssüratlarını bölüşüb: “Təhsil” Nəşriyyat-Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyəti Beynəlxalq Ticarət Təşkilatının qızıl döş nişanı, xüsusi prizi və diplomu ilə təltif edilməsini mühüm hadisə hesab edirik. Bu qurumun 90 ölkədən 7700 nəfər üzvü var. Səsvermə yolu ilə sahibini tapan bu mükafat qurumun üzvlərinin araşdırmasından və səsverməsindən sonra bizə verilib. Biz Azərbaycanda bu mükafata layiq görülmüş ilk qurumuq. Ən böyük beynəlxalq mükafatlardan birini qazanmaq çox sevindiricidir. Hesab edirəm ki, bu, təkcə bizim deyil, ümumilikdə Azərbaycanda poliqrafiya, nəşriyyat işinə verilmiş bir qiymət və onların uğurudur. Belə bir mükafat ölkəmizdə nəşriyyat, poliqrafiya işinin uğurlu inkişafda olmasının göstəricisidir. Həqiqətən Azərbaycanın adının bu sahədə də qaliblər sırasında olması sevindiricidir. Əməyimizin belə yüksək səviyyədə qiymətləndirilməsi üçün Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Təhsil Nazirliyinə, dövlət başçımıza minnətdarıq. Çünki Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi bizim beynəlxalq aləmdə tanınmağımız üçün mühüm işlər görür”.
Nəşriyyat və Poliqrafiya işinin “Təhsil” Nəşriyyat-Poliqrafiya birliyində yüksək səviyyədə olduğunu diqqətə çatdıran baş direktor kitab çapı ilə bağlı artıq bir çox ölkələrdən təkliflər aldıqlarını da qeyd edib.
Nəşr etdikləri kitabların 70-80 faizini hədiyyə etdiklərini söyləyən B.Axundov “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə birgə gənc yazarların kitablarını nəşr etdirdiklərini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov Azərbaycanda nəşriyyat sahəsində bir sıra problemlərin olmasına baxmayaraq “Təhsil” nəşriyyatında bütün məsələlərin yolunda olduğunu deyib. O, bu nəşriyyatla işləməyin çox asan olduğunu bildirib: “Burada peşəkarların fəaliyyət göstərməsi işin yüksək səviyyədə olmasına şərait yaradır. Hər birimiz belə bir şərait yaratdığına görə dövlət başçısına minnətdar olmalıyıq”.
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də sözügedən qurumun fəaliyyətini yüksək qiymətləndirib: “Bəhruz müəllim nəşriyyat işini çox gözəl bilir. Məhz bu amil nəşriyyatın işini müvəffəqiyyətli edir. Ona gələcəkdə daha böyük mükafatlar arzulayıram”.
Tanınmış şair Çingiz Əlioğlu bu nəşriyyatın dünyada ən böyük, mükəmməl nəşriyyatlardan biri olduğunu söyləyib. O, baş direktorun bütün həyatını kitaba həsr etdiyini bildirib. Onun peşəkarları bu işə cəlb etdiyini qeyd edən Ç.Əlioğlu B.Axundovla işləməyin çox asan olduğunu dilə gətirib.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı B.Axundovun nəşriyyat işini çox gözəl bildiyini deyərək, onlara daha böyük uğurlar arzulayıb.
Şair Vaqif Bəhmənli bunu çox qiymətli mükafat adlandırıb. O, nəşriyyatın keyfiyyətinin bu mükafata layiq görülməsini mühüm hadisə kimi qiymətləndirib: “Təhsil” Nəşriyyat-Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyəti keyfiyyətli və sürətli işləyir. Onların çox böyük və gözəl kollektivi var. Belə qələbələrinizin sayının artacağına ümidvaram”.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu nəşriyyatın doğma məkan olduğunu söyləyib. “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin çox yüksək səviyyədə olduğunu deyən R.Məcid bunun qürurverici olduğunu vurğulayıb: “Həqiqətən Azərbaycanda belə bir nəşriyyatın olması qürurvericidir. Burada “Kitab evi”nin açılışı zamana təşrif buyuran təhsil, habelə mədəniyyət və turizm naziri nəşriyyatı gəzərək heyrət qalmışdılar. Heç şübhə yox ki, belə qurumun formalaşmasında Bəhruz müəllimin əməyi danılmazdır. O, çox xeyirxah adamdır. Fikrimcə, onların mükafata layiq görülməsi də təsadüfi deyil. Çünki Bəhruz müəllim işini yüksək səviyyədə həyata keçirir. Mən ona daha böyük uğurlar arzulayıram”.
Aqil LƏTİFOV









Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar