12px14px16px18px

KİV-ə Dövlət Dəstəyi Fondu tələbələrin media rəhbərləri ilə növbəti görüşünü təşkil etdi

14:15 / 02.03.2012
Martın 1-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin tələbələri və ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib. Tədbirdə Slavyan Universitetinin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü əsasında bu ali təhsil ocağının filologiya fakültəsinin tələbələri ilə KİV rəhbərləri arasında ilk görüşün 2011-ci ilin martında keçirildiyini bildirib. İlk görüşün kifayət qədər yaradıcı ab-havada keçdiyini xatırladan Kamal Abdulla deyib ki, bunun nəticəsi kimi universitet tələbələrinin və professor-müəllim heyətinin kütləvi informasiya vasitələri ilə əlaqələri genişlənib. Tələbələrə ötən il təcrübə keçmək və praktiki vərdişlərə yiyələnmək imkanı yaratmış redaksiyalara minnətdarlıq ifadə edən Kamal Abdulla Fondun layihəsini yüksək dəyərləndirib, belə görüşlərin xüsusən də jurnalistika fakültəsinin tələbələri üçün müstəsna əhəmiyyətinə diqqət çəkib.
Professor Kamal Abdulla həmçinin ölkə qəzetlərində ədəbiyyat əlavələrinin azlığını, gənclərin ədəbi yaradıcılığının stimullaşdırılması üçün bu sahədə müəyyən layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Slavyan Universitetinin professor-müəllim heyətini və tələbələrini salamlayaraq deyib ki, belə görüşlərin keçirilməsində məqsəd tələbə jurnalistlərin kütləvi informasiya vasitələri ilə əməkdaşlığının genişləndirilməsidir. İlk belə görüşün ötən il Slavyan universitetində keçirildiyini xatırladan Vüqar Səfərli bunun nəticəsi kimi ayrı-ayrı qəzet redaksiyalarının sonuncu kurslarda oxuyan 15 tələbə ilə müqavilə imzaladığını, həmin tələbələrin 4 ay müddətində tədris təcrübəsi keçdiyini, onlarla ayda 100 manat məbləğində əmək haqqı verildiyini bildirib. Fondun icraçı direktoru həmin tələbələrinin bir neçəsinin müqavilə imzaladıqları qəzetlərdə indi də əməkdaş kimi çalışdıqlarını razılıqla bildirməklə yanaşı onu da əlavə etmişdir ki, bunda məqsəd həm də tələbələrin jurnalist kimi formalaşmasına yardımçı olmaq, onlarda praktiki peşə vərdişləri əxz etməkdir. Onun sözlərinə görə, belə görüşlərin təşkili istedadlı tələbələrin qəzet redaksiyalarına cəlb olunmasına və gələcəkdə normal jurnalist kimi formalaşmasına zəmin yaradır.
Vüqar Səfərli həmçinin bildirib ki, universitet tələbələrinin redaksiyalarla əməkdaşlığa cəlb olunması həm də ciddi mətbuat orqanlarının maraq dairəsindədir. Fondun icraçı direktoru hesab edir ki, belə görüşlərin nəticəsi kimi bəzi redaksiyalar kadr çatışmazlığı probleminin müsbət həllinə nail olacaqlar. Slavyan Universitetində müxtəlif xarici dillər üzrə tərcüməçilərin hazırlandığını bildirən Vüqar Səfərli bir sıra qəzet redaksiyalarında həmin kadrlara ciddi ehtiyac olduğunu əlavə edib.
Fondun icraçı direktoru ümidvar olduğunu bildirib ki, görüşün nəticəsi olaraq qəzetlərdə təcrübə keçmək üçün daha çox tələbə redaksiyalara müraciət edəcək. Vüqar Səfərli qəzetlərlə müqavilə imzalayacaq tələbələrə hər ay 100 manat əmək haqqının da veriləcəyini diqqətə çatdırıb.
Daha sonra görüş diskussiya formasında davam etdirilib. Slavyan Universitetinin jurnalistika və Azərbaycan filologiyası, tərcümə və regionşünaslıq fakültələrinin müəllimləri çıxışlarında belə görüşlərin təşkilinin əhəmiyyətindən söz açıblar. Həmin fakültələrin çoxsaylı çoxsaylı tələbələri isə onları maraqlandıran suallarla KİV rəhbərlərinə müraciət ediblər.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azərnyus” qəzetinin baş redaktoru Fazil Abbasov, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və başqaları tələbələri maraqlandıran sualları cavablandırıb, onlara tapşırıq və tövsiyələrini veriblər. Tədbirdə həmçinin, tələbələrin bəzi qəzet redaksiyaları ilə əməkdaşlıq etməsi ilə bağlı ilkin razılıq olunub.
Tədbirin sonunda çıxış edən Vüqar Səfərli görüşdə nümayiş etdirdikləri fəallığa görə Slavyan universitetinin müəllim və tələbələrinə minnətdarlığını bildirib. Fondun icrası direktoru görüşün nəticəsi olaraq Slavyan universitetinin tələbələrinin KİV redaksiyaları ilə əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar