12px14px16px18px

Natiq Əliyev: “Azərbaycandan Avropaya təbii qazın nəqli sıxılmış qazın çatdırılmasından bir qədər tez olacaq”

01:02 / 01.03.2012
AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin Azərbaycan üçün iqtisadi baxımdan nə qədər səmərəli olması müəyyənləşdirilməlidir.
“APA-Economics”in məlumatına görə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev belə deyib.
Onun sözlərinə görə, AGRI layihəsinin maliyyə məsələləri artıq həll olunub və texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra layihənin həyata keçirilməsi müəyyən ediləcək: “Texniki cəhətdən bu layihəni həyata keçirmək asandır, lakin iqtisadi baxımdan nə qədər səmərəli olması müəyyənləşməlidir. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender keçirilməlidir. Buna 7 şirkət maraq göstərmişdi, lakin bizim tərəfdaşlarımız bəzi səbəblərdən imtina etmişdilər”.
Nazir siyasi baxımdan AGRI layihəsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Layihə Qara dənizdə ilk dəfə olaraq sıxılmış qaz terminalı tikməyə imkan verəcək, Kulevidən və ya Supsadan bütün istiqamətlərə – Avropaya və Qara dəniz ölkələrinə sıxılmış qaz çatdırılacaq. Bu layihədə xüsusilə Ukrayna maraqlıdır. Onlarla bizim bir neçə görüşümüz olub. Onlar Odessada terminal tikilməsi haqqında qərar qəbul ediblər. Bu terminal yalnız Azərbaycan qazı üçün deyil, başqa istiqamətlərdən, xüsusilə ərəb ölkələrindən Ukraynaya çatdırılan sıxılmış qaz üçün də nəzərdə tutulub. Düşünürəm ki, Azərbaycandan Avropaya təbii qazın çatdırılması sıxılmış qazın çatdırılmasından bir qədər tez olacaq”.
N.Əliyev xatırladıb ki, Rumıniya Avropa Birliyinin AGRI layihəsinə vəsait ayırmasını və bu vəsait hesabına texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını istəyirdi: “Lakin mən buna şübhə ilə yanaşırdım. Çünki AB-nin enerji sektorunda daha prioritet layihələr var və birini qoyub, o birini dəstəkləmək mənə şübhəli görünürdü. Ona görə Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstan qərara aldılar ki, özləri vəsait ayırsınlar və layihənin texniki-iqtisadi əsaslandırması hazırlansın. Rumıniya tərəfi təklif etmişdi ki, layihənin AB-nin Enerji Komissiyası üçün təqdimatını keçirək. Bu, ötən il olmalı idi, amma bəzi səbəblərdən bu ilin mart ayına keçirilib”.
Xatırladaq ki, 2010-cu il aprelin 13-də Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu imzalanıb. Sentyabrın 14-də isə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Layihə Azərbaycanda hasil olunan təbii qazın boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur.
İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur. İlkin mərhələdə AGRI vasitəsilə ildə 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr qazın nəqli planlaşdırılır.






Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar