12px14px16px18px

Qışı da gözəl, yazı da gözəl – Qars

00:49 / 01.03.2012
Türkiyə yer üzünün yeganə dövlətidir ki, orada biz azərbaycanlılar özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Etiraf edim ki, azəri olduğumuzu biləndə türk bacı-qardaşlarımızın üzündə yaranan təbəssüm, bizə olan isti və səmimi münasibət adamı çox məmnun edir.
Ötən həftə Türkiyədə olduğum bir həftə ərzində də baş çəkdiyim hər bir məkanda “Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur”, “türklər və azərilər hər zaman bir olmalıdır, yoxsa düşmənlərimizə qalib gələ bilmərik”, “İnşallah Qarabağı da işğaldan azad edəcəyik” kimi ifadələr eşitməyim məni nəinki sevindirdi, həm də çox qürurlandırdı. Bu dəfəki səfərim zamanı sevimli şəhərim İstanbulda çox az olmaq imkanım oldu. Amma əvəzində qardaş Türkiyənin indiyə kimi görmədiyim, görüb heyran olduğum şəhərlərini, Qars, İğdır, Ərdahanı gördüm. Tarixdə oxuduğum İsaq Paşa sarayı, Ani şəhəri, qışın cənnəti olan Sarıqamışı, yazın cənnəti Ərdahanı ziyarət etdim.
Səfərin məqsədi bu bölgələrin turizm imkanları ilə tanış olmaq idi. Beləliklə, Qarsda fəaliyyət göstərən “Serhat” İnkişaf Agentliyinin təşkilatçılığı və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə baş tutan səfərimiz Qars hava limanında qarşılanma mərasimi ilə başladı.

Qışı da gözəl, yazı da
gözəl- Qars
Səfərdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan və İrandan jurnalistlər, şirkətlərinin əməkdaşları da təmsil olunurdular. Hava limanında bizi Serhat İnkişaf Agentliyinin turizm layihələrinin idarə olunması üzrə mütəxəssisi Uğur Çalışkan, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Mukadder Yardımcıel və Kars Universitetinin azərbaycanlı professoru Xurşid İsayev qarşıladı.
Qeyd edək ki, “Serhat” Agentliyi əvvəl ictimai birlik kimi yaransa da, sonradan dövlət onların layihələrini dəyərləndirərək maliyyələşdirməyi öz üzərinə götürüb. Səfəri təşkil etməkdə əsas məqsəd də bu bölgələrin turizm potensialını tanıtmaqdır. Qars bölgəsi hər fəsildə gözəldir. Buranın qışı da, yazı da insanı heyran edir. Düzdür, yazda Qarsı görməmişəm, amma şəkillər və videogörüntülər bu fikrimi təsdiqləyir.
Bölgədə turistlərə təqdim etmək üçün hər fəsilə uyğun xidmətlər nəzərdə tutulur. Burada yerləşən hotellər də öz işlərini buna müvafiq olaraq qurublar.
Qars hava limanında bəlli oldu ki, əvvəlcə Sarıqamışa səfər etməliyik. Orada iki gün qalacaqdıq. Sarıqamış bu gün dünyanın ən məşhur qış turizm məkanları ilə rəqabət aparmaq imkanlarına malikdir. Burada qış turizmini sevənlər üçün bütün şərait yaradılıb. Amma burada söhbət zamanı bəlli oldu ki, Sarıqamışda olanlarla kifayətlənmək niyyəti yoxdur. Sarıqamış bütün potensialını ortaya qoyaraq turistlərin istirahəti üçün daha gözəl layihələr gerçəkləşdirmək niyyətindədir.
Sarıqamışda Ərzurum-Qars yolunun üzərində yerləşən beşulduzlu “Toprak” hotelində məskunlaşdıq. 2005-ci ildə açılan hotel ilin bütün fəsillərində istirahət, o cümlədən qış turizmi üçün hər cür şərait və imkanlara malikdir. Hoteldə 145 nömrə, 320 yataq yeri, 500 nəfərlik böyük konfrans zalı mövcuddur. Sarıqamışın mərkəzində yerləşən böyük hotellərdən biri də dördulduzlu “Bildik” hotelidir. Səfərimizin birinci günü burada axşam yeməyindən sonra Sarıqamış bələdiyyə başkanı İlhan Özbilən və onun müavini Ərdoğan Turan Ermişin iştirakı ilə kiçik bir toplantı düzənləndi.
İlhan Özbilən qonaqlara təşəkkürünü bildirərək qeyd etdi ki, Türkiyə yaxın qonşuları ilə bütün sahələrdə əməkdaşlıqda həmişə maraqlıdır. Onun sözlərinə görə, bu əməkdaşlığı xüsusilə turizm sahəsində genişləndirmək niyyətindədirlər: “Hazırda bizim hədəfimiz Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ukraynadan bölgəmizə turist axınına nail olmaqdır. Elə sizlərə də əziyyət verib buraya dəvət etməkdə əsas məqsədimiz bölgəmizin qış turizm imkanlarının təqdimatını keçirməkdir”.
Ərdoğan Turan Ermiş çıxışında Türkiyənin turizm sahəsində dünya ölkələri içərisində 9-cu yeri tutduğunu bildirdi. Qeyd etdi ki, 2011-ci ildə Türkiyəni 25 milyona yaxın turist ziyarət edib ki, bunun da 39 min nəfəri Qars bölgəsinin payına düşür: “Biz bu göstəricini çox kiçik hesab edirik. Ona görə də bölgənin turizm potensialının artırılması üçün böyük səylər göstəririk. Bu işdə bizə dövlət də yaxından köməklik edir. Burada iş qurmaq istəyən sahibkarlara ilkin vaxtlarda böyük güzəştlər edilir, məsələn, işçiləri pulsuz sığorta edilir, vergi alınmır, qaz, işıq və digər kommunal xərclərində güzəşt olunur, iri investisiya layihələrinin müəyyən hissəsi dövlət tərəfindən ödənilir”.
Sonra Ərdoğan bəy Sarıqamış haqqında məlumat verdi. Onun sözlərinə görə, rayon ərazisində bir beşulduzlu, bir dördulduzlu və üçulduzlu hotel fəaliyyət göstərir. Bundan əlavə, şəhər mərkəzində kiçik butik hotellər də var. Ümumilikdə bu hotellərdə 1000 nəfər turisti eyni zamanda qəbul etmək mümkündür. Hazırda tikilən hotellər istifadəyə verildikdən sonra isə bu say 1250 nəfəri keçəcək.
Sarıqamış dağ-xizək mərkəzi turistlərin sevimli məkanına çevrilir.
Səfərimizin ikinci günü “Torpaq” hotelin yaxınlığında yerləşən Sarıqamış dağ-xizək turizm mərkəzindən başladı. Bu mərkəz Türkiyənin 5 tanınmış xizək mərkəzindən biridir. Mərkəzdə bir neçə kanat yolu var. Birinci kanat yolu turistləri 2634 metr yüksəklikdə yerləşən Bayraqtəpə (əvvəllər buranı Cımbıltəpə adlandırıblar) dağına qaldırır. Buradan arzu edənlər digər kanat yolu ilə ya “Toprak” hotelinə, ya da ki, Qaranlıqdərə adlanan çökəkliyə gedə bilərlər.
Kanat yolları 1 saat ərzində 2400 nəfəri daşımaq imkanına malikdir. Qaranlıqdərə çökəkliyində fəaliyyət göstərən kiçik kafedə qonaqlara ayaqüstu yeməklər və isti çay təklif edilir. Onu da qeyd edək ki, “Toprak” hotelinin içərisində xizəklə sürüşmək istəyənlərə lazım olan bütün ləvazimat təqdim edilir. Üstəlik, bu işin mütəxəssisləri sürüşməyi bacarmayanlara kömək edir. Bu xidmətlərin hamısı “Toprak” hotelinin təklif etdiyi paketə daxildir.
Qrupumuz Qaranlıqdərə çökəkliyindən Sarıqamış rayon mərkəzinə atlara qoşulmuş xizəklərlə gəldi. Burada Sarıqamış mədəniyyət evini ziyarət etdik. Mədəniyyət evi Rasim adlı şəxs tərəfindən yaradılıb. O, ölkənin müxtəlif bölgələrindən qədim samovarları, silahları, saxsı və mis qabları, musiqi alətlərini, toxuculuq nümunələrini toplayaraq buraya gətirib. Mədəniyyət evində 1000-dən artıq eksponat toplanıb. Onlardan ən qədiminin 300 yaşı var. Rasim bəy müxtəlif musiqi alətlərində ifa etməklə bərabər, onlardan bəzilərini düzəldə də bilir. Gələn ziyarətçilərini isə kiçik qızlarının köməyi ilə mütləq isti çaya və Türkiyə mətbəxinə aid şirniyyatlara qonaq edir.
Getdiyimiz ikinci məkan Sarıqamış bələdiyyəsinin mərkəzi idarəsi oldu. Burada kiçik suvenir mağazası fəaliyyət göstərir. Sarıqamış bələdiyyə başkanının müavini Ərdoğan Turan Ermiş bildirdi ki, mağazadakı əşyalar evdar qadınlar tərəfindən düzəldilmiş əl işləridir. Bunların satışından əldə edilən gəlirlər qadınlar cəmiyyətinə təhvil verilir.
Mağazadan hər kəs seçdiyi suveniri alandan sonra yenidən yolumuza davam edirik. Ayaqlarımız altında qarın xışıldaması insana xüsusi zövq verir. Axı Sarıqamışın qarı da fərqlidir. Deyilənə görə, dünyada bir neçə yerə belə kristal qar yağır. Sarıqamışın qarı gün işığında par-par parıldayır. Həm də ərimir. Qarın may ayına kimi yerdə qalması turistlərə də yazda qış istirahətinə imkan verir.
(Ardı növbəti sayımızda)
P.SULTANOVA
Bakı-Qars-Bakı






Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar