12px14px16px18px

“Eurovision” biletlərinin qiyməti açıqlandı

00:46 / 01.03.2012
May ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin satış qiymətləri açıqlanıb. APA-nın “Eurovision-2012” müsabiqəsinin rəsmi eurovision.az saytına istinadən verdiyi məlumata görə, şounun biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışa çıxarılıb. Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq.
İkinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının (əsas məşq) biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq.
Bildirilir ki, “Eurovision-2012” şousunun təşkil olunacağı arena – “Baku Crystal Hall”da məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üşün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə yerli satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünəcək. Alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək.
Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.
Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq.
“Eurovision” Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları, eləcə də finalın məşqlərinin konsertləri əsas konsertlə tamamilə eynidir. Bu konsert canlı efirdə yayımlanan əsas konsertdən bir gün əvvəl keçirilir.
Biletlərin qiymətləri 3 kateqoriya üzrə müəyyən edilib. Məşq konsertləri əsas şou ilə tamamilə eyni olsa da, biletlərin qiyməti aşağıdakı kimi olacaq.
May ayında keçiriləcək Eurovision” Mahnı Müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:
Birinci yarımfinalın əsas məşqi – 21 may saat 00.00 – 30 AZN-50 AZN
Birinci yarımfinal (canlı şou) 22 may saat 00.00 – 90 AZN-150 AZN
İkinci yarımfinalın əsas məşqi – 23 may saat 00.00 – 30 AZN-50 AZN
İkinci yarımfinal (canlı şou) – 24 may saat 00.00 – 90 AZN-150AZN
Jüri finalı 25 may saat 00.00 – 60 AZN-100 AZN
Final (canlı şou) – 26 may saat 00.00 – 160 AZN-240 AZN




Bu yazı ( 147 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar