12px14px16px18px

Azərbaycanda ixtisasartırma təhsilinin vəziyyəti müzakirə olunub

MİSİR MƏRDANOV: “BƏZİ MƏKTƏB DİREKTORLARININ, RAYON TƏHSİL ŞÖBƏLƏRİ MÜDİRLƏRİNİN MÜƏLLİMLƏRƏ TƏZYİQİNİ ARADAN QALDIRACAĞIQ”

00:47 / 27.10.2009
 
 
 
     Dünən Təhsil Nazirliyində “Pedaqoji kadrların ixtisasartırma təhsili: Mövcud vəziyyət, problemlər və təklif edilən model” mövzusunda kollegiya iclası keçirilib. İclasda Azərbaycanın bütün rayon təhsil şöbələrinin müdirləri, təhsil müəssislərinin, Təhsil Nazirliyinin rəhbərliyi iştirak edib.
      Təhsil naziri Misir Mərdanov bildirib ki, pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində dünya təcrübəsinin öyrənilməsi işi daima davam edir. O bir sıra hallarda qəbul olunan qərarların yerinə yetirilə bilmədiyini, buna görə də nazirliyin bu mövzunu xüsusi olaraq diqqətdə saxladığını vurğulayıb. Nazir ixtisasartırma təhsil müəssisələri, bu sahədə bu vaxta qədər görülən işlər, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr, bu istiqamətdə aparılan monitorinqin nəticələri barədə iştirakçılara geniş məlumat verib. Təhsil naziri deyib ki, hazırda Azərbaycanın 18 təhsil müəssisəsi ixtisasartırma ilə məşğuldur. Həmin təhsil müəssisələrində ümumilikdə 992 nəfərin bu işlə məşğul olduğunu deyən nazirin fikrincə, bu rəqəm çox azdır. O həmçinin Azərbaycan Müəllimlər İnstitutunun bəzi filiallarının bu işi həyata keçirmək üçün kifayət qədər elmi-pedaqoji kadr potensialının olmadığını qeyd edib. Kollegiya iclasında nazir pedaqoji kadrların ixtisasartırması işinin daha da sürətləndiriləcəyini bildirib.
      M.Mərdanovun sözlərinə görə, hər il ümumtəhsil məktəblərinə 4-5 minə yaxın müəllim göndərilir. Bu gün ixtisasartırmaya ehtiyacı olan müəllimlərin sayı isə 200 mindən çoxdur. Bu problemlər müxtəlif obyektiv və subyektiv səbəblərdən həll edilə bilməyib: “Ölkədə 18 ixtisasartırma müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 3613 ştatda olan professor, müəllim var ki, onlardan 58-i elmlər doktoru, 171-i elmlər namizədi, 139 metodist, 145-i baş müəllim, 479-u əvəzçi müəllimlərdir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı, Salyan, Cəlilabad, Zaqatala filiallarında ixtisasartırmanı həyata keçirmək üçün elmi pedoqoji kadr potensialı yoxdur”. Nazirin dediyinə əsasən, aparılan monitorinqin nəticələri göstərir ki, ixtisasartırma müəssisəslərində rəqabət mühiti yoxdur və alternativ proqramlar tətbiq olunmur. Bu sistemdə müəllimlərin ehtiyacı lazımı səviyyədə öyrənilmir və proqramlar müəllimlərin ehtiyacını ödəmir. M.Mərdanov vurğulayıb ki, gələn ildən müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək: “Bakı şəhəri üzrə müəllimlərin işə qəbulunu nazirlik öz üzərinə götürüb və gələn ildən rayonlarda da bu addım atılacaq. Bununla bəzi məktəb direktorlarının, rayon təhsil şöbələri müdirlərinin müəllimlərə təsir və təzyiqini aradan qaldıracağıq. Artıq gələn ildən müəllimlərin rayonlarda da işə qəbuluna rayon təhsil şöbələri heç bir təsir göstərə bilməyəcək”.
      Bir qrup müəllimin ölkədə pensiya yaşının artırılması ilə bağlı Milli Məclisə müraciət etmələrinə münasibət bildirən M.Mərdanova görə, burada ciddi dəyişiklik yoxdur. Onun fikrincə, pensiya yaşlarının artırılmasının təhsil sisteminə ciddi təsiri olmayacaq. O sonda bir daha vurğulayıb ki, parlament hansı qərarı verərsə, həmin qərar yerinə yetirilməlidir.
     “Azərbaycan Beynəlxalq Universitetinin binasının söküləcəyi ilə bağlı heç bir məlumatım yoxdur”. Bunu deyən təhsil naziri həmin xəbəri jurnalistlərdən eşitdiyini söyləyib və əlavə edib ki, bu barədə nazirliyə heç bir məlumat verilməyib: “Belə bir məsələ olsa, bizim də xəbərimiz olardı. Əgər Azərbaycan Beynəlxalq Universitetinin binası söküləcəksə, bu barədə ilk olaraq nazirliyə məlumat veriləcək. Nazirlik də bu haqda ictimaiyyəti məlumatlandıracaq”. Təhsil naziri onu da əlavə edib ki, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılması məsələsi gündəmdədir: “Amma dünyada baş verən iqtisadi-maliyyə böhranı bu istiqamətdə ciddi addım atmağımıza imkan vermir. Ona görə də hələlik mövcud olan təhsil müəssisələrinin bərpası, əsaslı təmiri ilə məşğul ola bilirik. Ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılması ideyası var. Amma yəqin ki, hələ bu yaxın zamanlarda belə bir addım atılmayacaq”.
 
Sevinc QARAYEVA
 



Bu yazı ( 389 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar