12px14px16px18px

Qarabağda işğala son qoyulmasını tələb edən Türkiyə niyə haqlıdır?

Vüsalə MAHİRQIZI
00:36 / 24.04.2010



Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşması” prosesinin davam etməsi üçün 10 oktyabrda Sürixdə imzalanmış protokolların hər iki ölkə parlamentinin gündəliyinə gətirilməsi başlıca şərt oldu.
Baş nazir Erdoğanın 12-13 apreldə Vaşinqtonda keçirdiyi görüşlərdə Sürix protokollarının bir an əvvəl TBMM-yə gətirilməsi üçün təlqin və təzyiqlərə məruz qaldığına dair xəbərlər gəlir. Qərbdə və Türkiyədə medianın bir qismi Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması”nı “Qarabağın işğaldan azad edilməsi” şərtinə bağladığına və beləliklə prosesin yolunu “tıxadığına görə” Tayyib Erdoğanı sərt şəkildə tənqid edir. Elə isə Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması” prosesində “Qarabağın işğaldan azad edilməsi” şərtinin tədavülə daxil edilməsi bir deyil, bir neçə aspektdən dəyərləndiriləndə, baş nazir Erdoğanın 13 may 2009-cu ildə Azərbaycan Milli Məclisindəki çıxışında beynəlxalq hüququn prinsiplərinə və insan haqlarına uyğun bir açıqlama verdiyini görürük.
Ermənistan “Qarabağın işğaldan azad edilməsi” faktorunun tədavüldə olmasını istəmir; zira bu faktorun tədavüldə olması onun beynəlxalq arenada daima “işğalçı ölkə” kimi görünməsinə səbəb olacaq. Digər tərəfdən, Ermənistanın bundan əvvəlki dövlət başçısı Koçaryan və indiki dövlət başçısı Sarkisyan Qarabağı işğal dalğasının yaratdığı dinamizmlə İrəvanda iqtidara gəliblər- Türkiyə ilə müzakirələrdə “Qarabağın işğaldan azad edilməsi” şərtinin masanın üzərində olması onların da bəri başdan işğalçı damğasını qəbul etmələri deməkdir. Buna görə də Ermənistanın indiki iqtidarı müzakirə meydanına “Qarabağın işğaldan azad edilməsi” şərtini qəbul edərək çıxmaq-yəni, oyuna 1-0 geridən başlamaq istəməyəcək. Bu baxımdan “normallaşma” prosesinə “Qarabağın işğaldan azad edilməsi” şərtini daxil edən baş nazir Erdoğanın son dərəcə düzgün bir addım atdığının altından xətt çəkməliyik. Bu “şərt” Ermənistanın və Qərbin iddia etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” prinsipinə sədaqətdən deyil, regionda beynəlxalq hüququn və insan haqlarının tapdalanmasına etirazdan gündəliyə gətirilib. Tayyib Erdoğan Türkiyə-Ermənistan müzakirələrində “Qarabağın işğaldan azad edilməsi” şərtini ortaya sürərkən Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması və Azərbaycan mənşəli 1 milyon Qarabağlının öz ölkəsində qaçqın vəziyyətinə düşməsi faktına söykənməyib də, nəyə istinad edəcəkdi? Regional konfliktlərin həlli ilahi ədalət tələb edir: Ölkələr arasındakı dostluq və qardaşlıqdan öncə vicdan və haqq-hüquq bunu tələb edir.Ona görə də Qərbin, Ermənistanın və Türkiyədəki bəzi yazarlarının bu “şərtə” görə Tayyib Erdoğanı tənqid etməsini anlamaq mümkün deyil. Hansı mövqe daha ədalətli görünür: işğal altındakı torpaqların azad edilərək 1 milyon qaçqının yurd-yuvasına dönməsi, yoxsa 1 milyon insanın yurd-yuvasından didərgin salınmasına göz yumularaq Dağlıq Qarabağdakı 146 min erməninin mono-etnik bir struktur yaratmasına yaşıl işıq yandırmaq?
Türkiyə ilə Ermənistan arasındakı müzakirə prosesində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi gündəliyə gələn kimi, başında Sarkisyanın durduğu Ermənistan iqtidarı “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqı”nı tədavülə daxil etməyə çalışırlar. Elə isə işğal nəticəsində hər şeyini itirmiş 1 milyon azərbaycanlının müqəddəratını kim təyin edəcək?
Türkiyə ilə münasibətlərin “normallaşması” prosesində “Qarabağın işğaldan azad edilməsi” məsələsi gündəliyə gələn kimi Ermənistan “Qarabağ ermənilərinin self-determinasyonu”nu əlimyandıda tədavülə daxil etməklə həm Azərbaycana, həm Türkiyəyə, həm də bölgənin tarixi gerçəklərinə haqsızlıq edir.
Xarici qüvvələrin də dəstəyini alaraq Ermənistanın Dağlıq Qarabağdan kənarda qalan Azərbaycan rayonlarını işğal etməsi bölgədəki sülh proseslərini təhlükəli durumlara sürükləyib. Çünki məhz bu işğaldan sonra 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində bir araya gəlib sülh barədə danışan erməni və azərbaycanlı ziyalılar indi bu imkandan məhrum qalıblar. Tarixə ekskursiya etsək görəcəyik ki, Qarabağda ermənilərlə Türklər arasında 1905-ci ildə anlaşmazlıq yarananda bunun arxasında xarici qüvvələrin durduğunu azərbaycanlı şair Sabir “Beynəlmiləl” adlı şeirində də yazmışdı.
O günlərdə Qarabağda iki xalq arasında ziddiyyət yaranmasını istəməyən Ovanes Tumanyan isə ağ bayraq götürərək erməni kəndlərini gəzmiş və durumu xalqa izah edərək aranın sakitləşməsinə nail olmuşdu. Azərbaycan dramaturgiyasının məşhur nümayəndəsi Cəfər Cabbarlı o dövrdə baş verən hadisələrin arxa planını “1905-ci ildə” pyesində əks etdirmişdir. Hadisələrə tarixi perspektivdən baxılanda Dağlıq Qarabağdakı separatizm və Azərbaycan torpaqlarının 20%-nin işğal altına düşməsinin iki ölkənin də ziyalıları və siyasətçilərinə müzakirə üçün manevr sahəsi qoymadığını görürük. Buna görə də Türkiyə baş nazirinin Türkiyə-Ermənistan münasibətlərinin “normallaşdırılması” prosesinə “Qarabağın işğaldan azad edilməsi” şərtini daxil etməsi daha böyük anlam qazanır.
7 iyul 1923-cü ildə Stalin tərəfindən Qarabağdakı erməni muxtariyyəti üçün referendum keçiriləndə –əslində gələcəkdəki milli münaqişənin də təməli atılmışdı. Çünki eyni gündə Ermənistanın Zəngəzur bölgəsindəki Türklərin də “öz müqəddəratını təyin etmələri üçün” plebisit təyin edilmişdi-ancaq o plebisit keçirilmədiyi kimi, 1948-52-ci illər arasında təxminən 500 min Azərbaycan Türkü Ermənistandan qovulmuşdu. Xatırladaq ki, azərbaycanlıların Ermənistandan qovulması prosesi “xalqlar dostluğunun və qardaşlığının timsalı” olan Sovet ittifaqında baş vermişdi. Ermənistanda qalan Azərbaycan Türklərinin son hissəsi isə 1988-ci ilin mart-iyun aylarında oradan çıxarıldı-yenə də sovetlərin iqtidarı dönəmində. Bu, Ermənistanın mono-etnik bir ölkəyə çevrilməsinin son həlqəsi idi.
Digər tərəfdən, 1923-cü ildə Dağlıq Qarabağa verilmiş muxtariyyət bu gün dünyada mövcud olan avtonom üsuli-idarələrin belə qibtə edə biləcəyi maksimum haqlarla zəngin idi. Onlar özlərini idarə edirdilər; parlamentlərinə özləri rəhbərlik edirdilər, dövlət qurumlarının başındakı adamların böyük əksəriyyəti ermənilər idi; Azərbaycan hökumətində ən yüksək səviyyədə təmsilçiləri vardı; Sovetlərin parlamentində onları təmsil edən deputatlar erməni mənşəli idi; öz dillərində məktəb, universitet, radio, TV kanalları , qəzet və jurnalları vardı; orada istehsal edilən məhsulların etiketləri belə ermənicə olurdu. 25 il əvvəlki sayı təxminən 120 min olan Dağlıq Qarabağın erməni mənşəli əhalisi üçün verilən bu qədər geniş haqqı dünyanın hansı muxtariyyətinə verilən haqlarla müqayisə edə bilərsiniz? Bu mənzərəyə baxanda “Dağlıq Qarabağ ermənilərinin öz haqlarını təyin etmə prinsipi”nin Azərbaycana qarşı irəli sürülən ən böyük haqsızlıq olduğunu görmək mümkündür. Ortaya belə bir sual çıxır: Dağlıq Qarabağ ermənilərinin iddia etdiyi kimi, əgər onlar həqiqətən muxtar vilayətdəki Azərbaycan təzyiqindən bezərək Ermənistana birləşmək üçün qərar qəbul etmişdilərsə, 65 illik muxtariyyət dönəmində etnik təməldə hər hansı bir erməninin burnunun qanadığına dair örnək verə bilərlərmi? Ermənistanın beynəlxalq səviyyəli müzakirələrdə “Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə” haqqını səbəb göstərərək Azərbaycanı 146 min əhalisi olan mono-etnik Dağlıq Qarabağ bölgəsində referenduma zorlamağa çalışması qəbul edilməzdir. Söhbət “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqı”ndan yox, Azərbaycanın bir parçasının işğal yoluyla Ermənistana birləşdirilməsindən gedir. Ona görə də baş nazir Erdoğanın Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılması” prosesinə “Qarabağın işğaldan azad edilməsi” şərtini daxil etməsi bölgədə ədalətli sülhün yaradılmasına xidmət edən bir təşəbbüsdür, beynəlxalq hüquq və insan haqları nöqteyi-nəzərindən mütləq dəstəklənməlidir.
Türkiyə ilə sərhədin açılması üçün dünya ictimaiyyəti arasında təbliğat aparan Ermənistan liderləri daima bunu təkrarlayırlar:” XXI əsrdə qonşu ölkə ilə sərhədin bağlı qalması normal hal deyil”. Bu irad qəbul görürsə, onda dünya ictimaiyyəti Azərbaycanın bu haqlı sualını necə cavablandıracaq: ” Yaxşı, XXI əsrdə qonşu ölkə torpaqlarını işğal edib 1 milyon insanı pərişan vəziyyətə salmaq və qonşu ölkə torpaqlarının bir qismini işğal yolu öz torpaqlarına qatmağa çalışmaq normal haldırmı?”
Azərbaycan torpaqlarının işğalı məsələsində beynəlxalq təşkilatların da iflic durumuna düşdüyü bir vaxtda baş nazir Tayyib Erdoğanın Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşması” prosesinə “Qarabağın işğaldan azad edilməsi” faktorunu daxil etməsi BMT Təhlükəsizlik Şurası və ATƏT-in fəaliyyətsizliyi nöqteyi-nəzərindən dəyərləndiriləndə daha çox önəm qazanır.
Qeyd: Məqalə “Hurriyet Daily News”da yayınlanıb.
Vüsalə MAHİRQIZI, APA-nın baş direktoru




Bu yazı ( 493 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar