12px14px16px18px

Əzəl başdan Söz idi...

Elmira AXUNDOVA

Elçinin “Zaman və Söz” kitabı haqqında publisist düşüncələri

13:04 / 10.04.2010




Şəxsən mənim üçün ötən ilin ən əlamətdar ədəbi hadisəsi “Zerkalo”da (buna görə qəzetə təşəkkür edirəm) Elçinin gündəliklərinin dərci oldu. “Zaman və Söz” kitabında toplanmış esseləri bir də oxuyandan sonra isə öz təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim.
Həmişə bilmişəm ki, görkəmli Azərbaycan nasiri və dramaturqu Elçin dəhşətli mütaliə vurğunudu. Ötən əsrin 80-ci illərində Yazıçılar Birliyində birlikdə işlədiyimiz dövrlərdə də, xeyli sonralar da biz tez-tez ədəbi yeniliklər barədə söhbətlər edir, bəzən də sadəcə, bizim, yaxud Rusiya nəşriyyatlarında dərc olunmuş kitablardan hansısa birini oxumağın daha vacibliyi barədə bir-birimizi məlumatlandırırdıq. Amma ədəbi gündəlikləriylə tanışlıqdan sonra onun ədəbiyyat sahəsindəki düşüncələrinin rəngarəngliyinə və əsl ensiklopediya təsiri oyadan savadına heyran (artıq neçəndi dəfə!) qaldım. Etiraf edim ki, çox mütaliə edən və bu günəcən də mütaliədən kənarda qalmayan bir oxucu kimi özüm bu gündəlikləri oxuyan zaman mənə az tanış olan, bəzən isə ümumiyyətlə tanımadığım imzalara rast gəldim. Doğma, hətta sevimli imzaları isə (elə həmin Tolstoy, Çexov, yaxud Cəlil Məmmədquluzadə) Elçinin sayəsində yeni, tamam başqa tərəfdən yenidən kəşf etdim.
Son 10-15 ildə bizlər hamımız az mütaliə edirik: işlərin çoxluğu və öhdəliklər, işlə əlaqədar mütləq baxmalı olduğun çoxlu sayda dövri mətbuat, üstəgəl internetdə gündəlik operativ xəbərlər ciddi, düşündürücü mütaliəyə demək olar ki, vaxt qoymur. Və bu mənada, Elçin nümunəsi heyrətamizdi (və örnək!). O, özünün bütün şüurlu həyatı boyu bir gün belə əsas mənəvi sərvətdən-kitabdan ayrı qalmayıb. Onun gündəlik qeydlərini oxuduqca və təkrar etdikcə, Ədəbiyyat adlanan aləmin sevinclərindən, mənəvi rahatlığından, nəhəngliyindən və əbədiliyindən doğan qəribə hisslərin get-gedə ovsununa düşdüyünü dərk edirsən. Əsərlərə, personajlara, həmçinin bu personajları və əsərləri yaradan ölməz imzalara, öz mənəvi əcdadlarına yazıçı Elçin məhz bu cür dərin hörmət və məhəbbətlə yanaşır. Elçin istedadının qidalandığı ədəbiyyat kainatı həqiqətən də hüdudsuzdu. Burda antik dövrdən XX əsrə qədər bütün zamanlar, bütün cərəyanlar, bütün millətlər təmsil olunub. Bu sonsuz kainatda vaxtından əvvəl sönən, məhv olan xırda, nəhəng ulduzlardan tutmuş, əsrlərlə sayrışan və parıltısını bu gün də üstümüzdən əskik eləməyən ulduzlara qədər hər şey var. Yaratdıqları incilərin sehrinə və cazibəsinə düşərək Elçin öz gündəliklərində o nəhəng ulduzların sirri-xudasının düşüncələrinə dəfə-dəfə qapılır. Qeydlərindən birində o, sevimli qəhrəmanlarını hətta yuxuda da gördüyünü, onlarla qədim, doğma dostlar kimi dərdləşdiyini etiraf edir: Tolstoyun Anna Kareninası, Şekspirin kral Liri, Servantesin Don Kixotu, Şoloxovun Aksinyası ilə... Böyük ədəbiyyat və bu aləmin personajları yuxusunda, təsadüfdən-təsadüfə düşən istirahət olan saatlarında, hansısa ailəvi mərasimlər zamanı restoranda, hətta teatrda, yaxud hansısa simfonik konsertdə belə yazıçını rahat buraxmır. Və onda Elçin əlinə ilk keçən kağız parçasını – bu salfetka da ola bilər, qəzetin bir küncü, yaxud dəvətnamə də – götürüb növbəti ədəbi etiraflarını, öz kumirlərinə olan məhəbbətinin izharını qeyd edir. Və beləcə esseistika da növbəti incilər doğulur. Məsələn, bu nümunələrdə olduğu kimi...
“Mühacir Soljenitsın – maraqlı (güclü! prinsipial! cəsarətli!) şəxsiyyət. Mühacir şöhrəti yazıçı şöhrətini kölgədə qoyur. Yeri gəlmişkən, heç də həmişə yox. Hər şey yazıçı istedadının masştabından asılıdı. Məsələn, mühacir şöhrəti Nazım Hikmət sənəti qarşısında gücsüz idi”.
Yaxud böyük Lev Tolstoya məhəbbətin etirafı. Haçansa atası Elçini bu yazıçını ideallaşdırmaqda qınamışdı.
“Mən Tolstoyu ideallaşdırırammı?” Elçin ürəyində özünə sual edir. “Xeyr. Məsələ burasındadı ki, Tolstoy onu ideallaşdırmağa imkan vermir. Çünki nə qədər ideallaşdırsan belə onsuz da “qoca Tolstoy” sənin ideallarından ucada dayanır”.
Elçinin gündəliklərində mən böyük Cəlil Məmmədquluzadə yaradıcılığını izah edən çox sərrast və yığcam ifadəyə rast gəldim. Maraqlıdı ki, bu ifadə görkəmli rus mütəfəkkiri Pyotr Çaadayevin dilindən səslənir:
“P.Çaadayevi vərəqləyərkən onun bir etirafına rast gəldim və nə qədər qəribə olsa da gözümün qarşısında Mirzə Cəlilin obrazı canlandı. Çaadayev yazır: “Mən Vətəni gözüyumulu sevə bilmirəm”.
Ümumiyyətlə, Elçinin gündəliklərində ədəbi müqayisələr, paralellər, müxtəlif millətlərin və müxtəlif dövrlərin yazıçılarının əsərlərindəsi arxetip axtarışları kifayət qədərdi. Məncə, “Zaman və Söz” kitabından müasir ədəbiyyatşünaslıqda kifayət qədər tələbat duyulan və üzdə olan komparativistika elmində dərslik kimi istifadə oluna bilər. Bu sıradan “Qədim ədiblərin Tolstoya təsiri”, “Monassan və Turgenyev”, “Polkovnik Şaber və bizim ölülər”, “Bizim Molla Nəsrəddin Ernest Teodor Amadey Qofmanın ədəbi məsləhətçisimi olub”, “Heminquey və Puşkin” kimi esselərin adlarını çəkmək kifayətdi. Öz etnik kökü etibariylə əsl şərq övladı, Azərbaycan ədəbiyyatına vurğun bir insan kimi Elçin təhtəlşüurla ürəyinə yaxın olan Mirzə Cəlilin, Mirzə Fətəlinin əsərləriylə dünya ədəbiyyatı korifeylərinin əsərləri arasında inandırıcı paralellər, səsləşmələr axtarır (və tapır!). Onun bu kəşfləri bizim ustadların yüksək bədii səviyyəsini, mövzularının ümumbəşəriliyini bir daha təsdiqləmiş olur.
Elçinin ədəbi gündəlikləri müxtəlif janrlı və müxtəlif çalarlıdı. Bir səhifədə bu və ya digər klassikin şəxsiyyəti, fenomeni barədə düşüncələr, digərində süjet xətti və janr xüsusiyyətləri baxımından oxunmuş əsərin təhlili, üçüncüdə bu və ya digər kitabın yazıldığı dövr haqqında düşüncələr, dördüncüdə Elçinin müasirləri olan azərbaycanlı, rus, yaxud digər əcnəbi yazıçıların dəqiq, hazırcavab, bəzən xoş zarafatyana, bəzən də satirik-kinayəli portretləri. Hərdən gündəlik qeydlər aforizm xarakteri alaraq, xalq söz yaradıcılığı nümunəsi kimi mətndən kənarda da yaşam hüququ ala bilir. Bu min incilər arasından bu ifadələri ayıra bilərik.
Məsələn, “Bəzi kitablar əldən-ələ keçən ayağı sürüşkən qadınlar kimidi”, yaxud “Elə romanlar var ki, tələskənlikdən ölü doğulsalar da həyata vəsiqə ala biliblər”. Yaxud daha bir iqtibas: “Dostoyevskini Tanrı “dostoyevşina”nı sovet ideologiyası yaratmışdı”.
Bu cür qanadlı ifadələrdən sonsuza qədər nümunə gətirmək olar, amma burda saxlayıram. Çünki çox istəyirəm, oxucu özü bu ifadələrdən həzz alaraq düşüncələrə qapılsın.
“Zaman və Söz” kitabında toplanmış mini esselər müxtəlif dövrlərdə qələmə alınıb. Onlardan sovet dövrünə aid olanı da var, yenidənqurmanın o qarışıq illərində yazılanı da, bəziləri lap son illərdə qələmə alınıb. Ön sözdə Elçin özü yazır ki, bu uzun illər ərzində onun həyatın, ədəbiyyatın, incəsənətin bu və digər məqamları barədə təsəvvürü dəyişsə də öz qeydlərini oxucunun mühakiməsinə “müasirləşdirilmədən” “daranmamış” qiyafədə təqdim etmək qərarına gəlib. Və bu halda bir məqam heyrət doğurmaya bilməz. Bu esseləri oxuduqca məlum olur ki, Elçin özünün təxminən yarım əsrlik ədəbi fəaliyyəti dövründə demək olar ki, bütünlüklə öz ədəbi zövqünə və maraqlarına sadiq qalıb. Daha bir fakt. O, sovetlər dönəmində vulqar proletar ideologiyasına tamamilə yabançı olub, sovetlər zamanında sovet konyukturasını yaxınına belə buraxmayıb, özünün mükəmməl ədəbi zövqüylə bu konyukturanı içindən qovub. Məsələn, hələ ötən yüzilliyin 70-80-ci illərində o, adlı-sanlı sovet ədəbiyyatı “generallar”ının yaradıcılığına belə qiymət verirdi:
A.Qaydarın “Timur və onun komandası” kitabı haqqında:
“Bu povest Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarı təəssüratını oyadır”.
Yazıçı Mehdi Hüseyn haqqında:
“...Sovet ideologiyası və başlıcası Mehdi Hüseynin ona fanatikcəsinə inamı yazıçının ədəbi yaradıcılığının istiqamətini kökündən dəyişdi... Və Mehdi Hüseyn, istedadının ideologiyanın boğduğu faciəvi yazıçılar siyahısını doldurdu”.
Mixail Bulqakov haqqında:
“Konyuktura və İstedad arasındakı mübarizəni dramatizmini əyani görüb duymaq üçün bulqakovu oxumaq kifayətdi. Bir qütbdə Koba haqqında pyes, digərində “Ustad və Marqarita”. Ortada isə “Qaçış”. Rus (və dünya!) ədəbiyyatının xoşbəxtliyindən Bulqakov yaradıcılığının sərhədləri boyu gedən bu mübarizədə İstedad qalib oldu”.
Elçin üçün “xoşbəxtlik” sözünün sinonimi... “mütaliə”di. Mən onu necə də yaxşı başa düşürəm! Məktəbli, tələbəlik illərində nə vaxtdan bəri ovuna çıxdığım hansısa nadir kitab əlimə keçəndə keçirdiyim xoşbəxtlik hissləri bu günəcən mənimlədi. Böyük ədəbiyyatla ünsiyyətdən alacağım əsl xoşbəxtliyin intizarıyla yaşayırdım və heç vaxt gözləntimdə yanılmırdım. SSRİ-nin dağılması Elçin üçün həm də ona görə önəmlidi ki, indi artıq o, “ürəyi istəyən kitabı açıqca axtarıb tapıb oxuya bilər”. Amma məhz elə burda da taleyin paradoksu gizlənib. Bəli, biz bu gün istədiyimizi oxumaq, ürəyimizcə olanı yazmaq, istənilən mövzu və süjetlərə müraciət etmək azadlığına qovuşmuşuq. Əvəzində isə, bizim bir vaxtlar böyük xəzinə kimi axtarışına çıxdığımız kitabların oxucu dairəsi ağlasığmaz dərəcədə daralıb. Və bu gün oxuduğu yaxşı kitabdan keçirdiyi xoşbəxtlik hisslərini Sovet İttifaqı zamanında olduğu kimi nəhəng insan kütlələri deyil, nadir entuziastlar – kitab vurğunları yaşayır.
Ümid etmək istərdim ki, Elçinin iki dildə çıxan bu dəyərli esselərinin dərci özünü vüqarla “yazıçı” adlandıran bizim gənc ədibləri ciddi, düşündürücü mütaliəyə sövq edəcək. Elçinin bu kitabı öz nümunəsində məhz belə peşəkar mütaliəni ehtiva edir.
Bədii sözün sehri üzərində düşünərkən Elçin belə qənaətə gəlir: zaman hər şeyi keçmişə döndərir, onun qarşısında bütün incə sənətlər gücsüzdü... Ya da təxminən bütün... Çünki yazıçının qənaətinə görə “zaman kitab qarşısında gücsüzdü”. “Bəlkə elə Zaman özü Sözdü?” Elçin özü-özünə sual edir. Yəqin ki, belədi. Axı, əzəl başdan Söz idi. Sözün sehrinə toxunduqca, Sözün ovsununa və cazibəsinə düşdükcə, insan Yaradana daha yaxın olur. Yəqin Sözün İlahiliyinin sirri də elə burdadı. Və bu məqamda Elçinin o mükəmməl kitabı sanki himn kimi səslənir.
Elmira AXUNDOVA




Bu yazı ( 656 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar