12px14px16px18px

Salam, Bəxtiyar Vahabzadə!

Anar YUSİFOĞLU
03:09 / 13.02.2010
 
Heç ağlıma gəlməzdi ki, yüz illərlə Xan Arazın axıb soyutmaq əvəzinə qaysaqlanmağa qoymadığı “Gülüstan” adı ürəyimizdə ikinci dağa çevriləcək...
... Ötən əsrin 60-cı illərində “Gülüstan”la ürəyimizi dağa döndərən Bəxtiyar Vahabzadə bir ildir ki, yoxluğu ilə sevənlərinə dağ çəkir. Tək təsəlli daim ucalığını qoruyan Vahabzadə dağına istənilən an boylanmaq fürsətinin olmasıdır. Bu bəxtiyarlığı bizə qıydığına görə əbədi dünyada olan böyük Bəxtiyara bir əbədi təşəkkür var içimdə.
“Şair qəlbi – dərisi soyulmuş ürəyə bənzəyir; ona görə də cəmiyyətdə baş verən bütün hadisələr ürəyimizi göynədir. Biz ömrümüzü bu göynərtilərlə yaşayırıq”. Bunu Bəxtiyar Vahabzadə deyirdi. Özü göynədi, onu oxuyanlara, duyanlara da bir ömürlük ürək sızıltısı qoyub getdi. Bu sızıltının pıçıltısı ana dilində necə aydın səslənirdisə, bəşəriyyət üçün dil açmayan, günahsız körpənin qışqırtısına bir o qədər bənzəyirdi, gücü çatmayan “günah şələsi”ni boşaltmaq əvəzinə daim artırmaqla məşğul olan insanlığı xəbərdar etmək, oyatmaq və ayıltmaq istəyirdi Şair. Çünki Şair doğulanların qədəri belədi!
Bəxtiyar Vahabzadə seçilmişlik qədərinə boyun əymişdi. Bükülən qəddini qələmə söykəyib, qələmin onu daim ayaqda saxlayıb-saxlamayacağını düşünmədən Dövlətinin və Soydaşının bütün dərdlərinin üstündən qələm çəkmək arzusu ilə qələm çalırdı.
Ömrünü gözümüzün önündə mum kimi əritdi. Hamı bunu gördü, Özü də, yaxınları da, ailəsi də. Amma yaşamağın mənasını şam kimi yanmaqda, qaranlıqları aydınlatmaqda görən birinə necə “yanma” demək mümkündü? Özü yazırdı ki, gecələri şam işığında bu millətin yolunu aydınlatmaq üçün yazıb-yaratmaqla keçirdi. Gündüzlər əlində çıraq ADAM axtarmaqla ömrünü başa vurdu. Tapıb-tapmadığını bilmədik...
Onu bildik ki, özünün və başqalarının istəyindən asılı olmayaraq, Vurğundan sonra Bu Tayın ədəbi simvoluna çevrilə bildi...
... Dünya ona qədər də fırlanırdı, indi də öz işindədir! Zaman ona qədər də dəyişirdi, indi də öz axarındadır! Vaxt ona qədər də dayanmırdı, indi də baş alıb gedir. Amma Bəxtiyar insan ömrünün yalnız bir an kimi əriyib getdiyi bu sonsuz “Zaman-Vaxt” axarında əqidəsini heç zaman dəyişməyəcək bir İnsan kimi “ona qədər” və “ondan sonra” adlı dövrü öz adına yazdıra bildi. Bu böyük Vaxt axarının “Bəxtiyar dövrü” şairin özünün “vüsalla həsrətin” qovuşduğu bir yer kimi xarakterizə etdiyi “vağzal səkilərinə” çox oxşayır: insanlıq o səkiləri mütləq görəcək – axı, bu dünyaya gələnlər, gedənlər var; o səkilərdə mütləq ləngiyəcək, çünki ömür qatarının tələsəni, gecikəni olur!
Həm gələnlər, həm də gedənlər yeni məkanda ciyərlərinə çəkdikləri bir udum hava kimi Bəxtiyar Vahabzadə sözünü bir əsim nanə yarpağının ətri olaraq hiss edəcəklər, Bəxtiyar Vahabzadə yaradıcılığının Bir Salama Dəydiyini görəcəklər – axı, sağlığında Füzulinin salamını almayanlar da 500 ildir ki, bu salamsız keçinə bilmirlər!
Və... Salam, Bəxtiyar Vahabzadə!
 
 
LENT.AZ  Anar YUSİFOĞLU
 



Bu yazı ( 701 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar