12px14px16px18px

Ömür karvanının altmışıncı yaşı

Cahangir MƏMMƏDLİ
22:13 / 16.10.2009





   
    Azərbaycan filologiya elminin Mikayıl Rəfili, Məmməd Arif, Məmməd Cəfər kimi çox böyük, vətəndaş qayəli alimləri olmuş və bu alimlər Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov... kimi tədqiqatçılar, tənqidçilər nəsli yetişdirmişlər... Sonralar altmışıncılar adlanacaq bu möhtəşəm ədəbi nəsil obyektiv, dərin təhlili baxışları ilə filoloji estafeti ələ aldı. Bu nəsil də özündən dərhal sonra meydana gələn daha yeni tədqiqatçılar, tənqidçilər dəstəsinin fəlsəfi-filoloji axtarışlarını stimullaşdırdı və bədii söz sənətimizdə, publisistikamızda özünü göstərən təzə keyfiyyətlərin fəlsəfi təhlilini meydana qoyan yeni tipli alimlərin yetişməsinə zəmin yaratdı. Ədəbiyyata, klassik irsə tamamilə yeni baxışın bu istedadlı nümayəndələri sırasında altmış yaşı tamam olan İsa Həbibbəylinin ləyaqətli bir yeri var.İsa Həbibbəyli əyalətdə doğuldu, əyalətdə orta məktəbi bitirdi, əyalətdə instituta daxil oldu. O, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə birinci kursuna qəbul olundu. Amma, ədəbiyyata - poeziyaya, dramaturguyaya bundan xeyli əvvəl - hələ orta məktəbdə oxuyanda həvəs göstərmişdi. Yəni, İsa Həbibbəyli Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinə elə-belə, çoxları kimi instituta daxil olmaq xatirinə gəlməmişdi. Ona görə də tələbəlik illərindəcə özünün filoloji tədqiqatçılıq xarakterini dərhal biruzə vermişdi: elmi konfranslarda çıxışlar, tələbə elmi cəmiyyətinin sədri, ədəbiyyata dair çeşidli məqalələr və nəhayət, institutu fərqlənmə diplomu ilə bitirmək. İ.Həbibbəyli əvvəlcə doğma kəndində müəllimlik etmiş, hərbi xidmətdən sonra Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.Alimin bioqrafiyasının başlanğıcını dəqiq bibloqrafik faktlarla təqdim etməyimin ayrıca məqsədi var: O özünün bütün addımlarında bir istiqamət götürmüşdür: elmi axtarışlar istiqaməti. Tədqiqatçılığa aparan yolun lap başlanğıcında İsa Həbibbəyli təkcə alim kimi deyil, həm də bir vətəndaş mövqeli insan kimi fəaliyyət göstərmişdir. Vətəndaş-alim başqa sahələrdə çox hiss olunmasa da, filologiyaya yanaşma fəaliyyətində özünü dərhal biruzə verir. Hələ akademiyanın aspiranturasında “XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasında sənətkarlıq xüsusiyyətləri” mövzusunu özünə tədqiqat obyekti seçən İsa Həbibbəyli ağır bir yükün altına girmişdi. XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasının, demək olar ki, bütün nümayəndələri - M.Hadi, H.Cavid, Əbdülxaliq Cənnəti, Səid Səlmasi, Səməd Mənsur və başqaları onun tədqiqat obyekti oldu. Həmin romantikada ədəbi qüvvələr insan və onun azadlığı, milli problemlərə, Azərbaycan yaralarına sənətkar münasibəti kimi elə məsələlər qaldırmışlar ki, onların çoxu buna görə repressiya qurbanı olmuşdur. İ.Həbibbəyli bu mövzunu nahaqdan seçməmişdi, düz yeddi ilin axtarışının nəticəsi olaraq 1980-ci ildə həmin mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi axtarışlar zamanı klassiklərin böyük yaradıcılıq yolu və bu yolun bəzən faciələrlə qurtaran nəticələri alimi yeni həqiqətlər axtarışına cəlb edir. İ.Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq tədqiqatına başlayır. Bu dissertasiyanın əsas hissəsi alimin 1997-ci ildə nəşr olunan eyni adlı kitabında oxuculara təqdim olunmuşdur. İ.Həbibbəylinin: “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabı elə çap olunduğu ildən - 1997-ci ildən mənim stolumun üstündədir. Bu kitabın çap olduğu vaxtdan mənim yazı masamın üstündə olmağının iki mühüm səbəbi var: Birincisi - kitab-əsər-tədqiqat mənim də araşdırma apardığım jurnalistika sahəsinin müqqəddəs sənətkarı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, böyük azərbaycançı Cəlil Məmmədquluzadəni tamamilə yeni rakursda, daha obyektiv, heç bir ideoloji kanonlara uymayan tədqiqatda təqdim olunması; ikincisi - Cəlil Məmmədquluzadə mühitini, onun böyük müasirlərinin yaradıcılıq dünyasını bütün parametrləri ilə ortaya qoyması. Özündən əvvəlki ideolojiliyə və bir sıra hallarda bundan doğan qeyri-obyektivliyə polemika mədəniyyəti ilə yanaşma, qeyri-obyektivliyin səbəblərinə obyektiv münasibət bu əsəri doktorluq işinin elmi üslubuna model kimi qiymətlidir. Mən on ildən çox yazı masamın üstündə olan bu kitabdan polemika mədəniyyəti, arxivlərdən istifadə qabiliyyəti, bədii söz sənətinin təhlilində elmi yanaşmaların mahiyyətini öyrənmişəm. Bu əsər filologiyaya aid doktorluq dissertasiyasının kodudur. Xususilə, arxivlərdən istifadəni qeyd etmək istərdim. Cəlil Məmmədquluzadənin mühitində geniş çeşidli detalların hər birinə aid Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan arxivlərindən yüzlərlə sənədin araşdırılması və ümumi konsepsiyaya xidmət edən bu sənədlərin mahiyyətinin elmi təhlilini vermək heyrət doğuracaq dərəcədə zəhmət tələb edən bir tədqiqatın böyüklüyünü şərtləndirən fakt kimi qiymətlidir.Cəlil Məmmədquluzadə və onun müasirlərinin yaradıcılıq həyatına bu qədər maraq alimin vətəndaşlıq qayəsindən doğduğu kimi, bu yaradıcıların fəaliyyəti həmin vətəndaşlıq qayəsini birə-beş artırmışdır. Alimin bu fundamental tədqiqatından sonra ortaya qoyduğu digər kitablar bunu deməyə ciddi əsas verir.Təsadüfi deyil ki, Azərbaycan prezidentinin xüsusi sərəncamı ilə çap olunan klassik müəlliflərdən Cəlil Məmmədquluzadənin dördcildliyinin tərtibatı, ön sözü məhz İ.Həbibbəyliyə tapşırılmışdı. Alim bu etimada qədər Cəlil Məmmədquluzadənin indiyədək oxuculara məlum olmayan, sovet senzura qadağalarına tuş gələn onlarca əsərini üzə çıxarmış və xüsusi nəşrlərdə çap etdirmişdi. C.Məmmədquluzadənin yeni dördcildliyinin tərtibatı İsa Həbibbəylinin bu böyük yazıçıya, dramaturqa, jurnalistə sonsuz tədqiqatçı məhəbbətinin nəticəsidir.İ.Həbibbəyli Cəlil Məmmədquluzadə yaradıcılığı ilə bağlı bir sıra yeni tədqiqat istiqamətlərini müəyyənləşdirən əsərlərin müəllifidir. Bu istiqamətlər sırasında C.Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyası ayrıca yer tutur. Akademik bu istiqamətdəki məqalələri ilə mövzunun fundamental tədqiqinə açar yaratmış və bu açar yeni nəsil tədqiqatçıların köməyinə gəlməkdədir.İ.Həbibbəyli on beşə yaxın monoqrafiyanın müəllifidir, bu monoqrafiyalar əlbəttə, xeyli dərəcədə ölməz C.Məmmədquluzadə irsinin tədqiqinə aiddir. Ancaq İsa Həbibbəyli çoxdiapozonlu, geniş spektrli tədqiqatçıdır. Azərbaycan klassik ədəbiyyatına, xüsusilə XX əsrin əvvəllərində özünü göstərən məhsuldar ədəbi qüvvələrin yaradıcılığına dərindən bələd olan araşdırmaçı bu ədəbiyyatın müasir davamçılarını - Məmməd Araz, Anar, Elçin kimi şair və yazıçıların fəaliyyətini daim diqqətdə saxlayır. Görkəmli Azərbaycan şairi Şəhriyarın da bədii dünyası onun qələmində möhtəşəm kitab faktına çevrilmişdir. Bu məhsuldar alimin dörd yüzdən çox elmi məqaləsi var. Bu məqalələrin hər biri öz problematikası və elmi səviyyəsi ilə yüksək qiymətə layiqdir. Alimin ən məhsuldar dövründə - 1970-2009-cu illərdə qələmə aldığı bu məqalələrin hər birində vətəndaş ürəyinin döyüntüsü var.İsa Həbibbəyli heç vaxt tapdanmış yolla getməyib. O, mümükün qədər çalışır ki, indiyə kimi tədqiq olunmamış yaradıcı şıxsiyyətlərin ömür yoluna işıq salsın və onları yeni çağda yeni nəslə çatdırsın. Bu mənada alimin həm də klassik filoloji irsimizdəki yaradıcılıq faktlarının, xüsusilə publisistik təsərrüfatımızın bu gün də aktuallıq kəsb edən nümunələrini ortaya qoyması xüsusi fakt kimi maraqlıdır. Heç də təsadüfi deyil ki, böyük alim özünün lap son vaxtlarda çap etdirdiyi kitablarından birini belə adlandırıb: “Ədəbi-tarixi yaddaş və müasirlik”. Mən oxucunun bu sərlövhəyə diqqət yetirməyini xahiş edirəm: “Ədəbi-tarixi yaddaş və müasirlik”. Bu, 70x100 kağız formatında 43,5 çap vərəqi həcmində nəhəng bir kitabdır. Nabələd oxucuya bildirmək istərdim ki, bu formatda olan kitab ənənəvi kitablarıın formatından xeyli böyükdür və 43,5 çap vərəqi 700 səhifə deməkdir. Bu kitab 2007-ci ildə “Nurlan” nəşriyyatında işıq üzü gördü və dərhal mətbuatda ədəbi hadisə kimi qiymətləndirildi. Bu kitabın ədəbi hadisə kimi qiymətləndirilməsinə iki mühüm səbəb var: 1. “Ədəbi-tarixi yaddaş və müasirlik” kitabı klassikanın və müasirliyin sintezini təşkil edir; 2. “Ədəbi-tarixi yaddaş və müasirlik” ədəbi-tarixi hadisələrə səriştəli, obyektiv və cəsarətli münasibətilə diqqəti cəlb edir. Kitabda İsa Həbibbəylinin milli folklora, klassik və çağdaş ədəbiyyata, tənqid və ədəbiyyatşünaslığa, ədəbiyyat nəzəriyyəsi məsələlərinə, elmi-ədəbi əlaqələrə, elmə, incəsənət aləminə, mətbuat dünyasına öz baxışı var. Bu əsərlərdə akademikin filoloji konsepsiyası və tarixə öz siyasi yanaşma tərzi var. Bu bir ömür kitabıdır. Alim yaradıcılığının müəyyən bir faizini - başlanğıcdan bu günümüzədək oxucuya təqdim etmək istədiyi faktları bu kitaba sığışdırmışdır. Doğrudur, alimin, məsələn, 42 çap vərəqi həcmində “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kimi neçə-neçə tədqiqatı bu kitaba daxil edilməyib.Akademik İsa Həbibbəyli, bu kitabdan da göründüyü kimi, hər bir klassik və müasir ədəbi hadisədə aktuallıq axtaran tədqiqatçıdır. Bu aktuallıq mütləq xalqa, Vətənə, milli təəssübkeşliyə bağlı olmalıdır. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanlarında, xüsusilə “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvan faktının aranması və əldə olunan inkaredilməz nəticələr bu dastanların Azərbaycanla birbaşa əlaqəsini qətiləşdirir və mübahisələrə son qoyur.İsa Həbibbəyli kimləri tədqiq edir? “Nizami Gəncəvi: Azərbaycandan dünyaya”. Məqalənin ilk anından - sərlövhədən bu başlanğıc Nizaminin milli mənsubiyyəti ətrafında hələ də davam edən diletant mübahisələrin əsassız olduğunu sübut edir.Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi yazıçı və şairlərin şəxsiyyəti, həyat yolu, yaradıcılığı barədə çoxlu tədqiqatçılar içərisində seçilmək İsa müəllimə də nəsib olmuşdur. Lakin, məsələn, Məhəmməd Tağı Sidqi, M.Şahtaxtinski, Eynəlibəy Sultanov, Əlibəy Hüseynzadə kimi millət mücahidləri haqqında az əsərlər içərisində də İsa Həbibbəylinin tədqiqatları xüsusi seçilir. Çünki İsa Həbibbəyli varisliyi qəbul edən, özünəqədərki tədqiqatlara ədəbi-tarixi kontekstdən yanaşan, böyük polemika mədəniyyətinə sahib, inkardan uzaq bir tədqiqatçıdır. O, Hüseyn Cavid, Abbas Səhhət, Mir Cəlal yaradıcılığına da tamamilə yeni rakursdan yanaşan alimdir. Və bütün bunların fonunda çağdaş ədəbi-bədii təsərrüfatımızda nə var-nə yox, bu ədəbiyyat özünün nəhəng sələfləri ilə müqayisədə necə görünür - kimi suallar alimin müasirlərimizə diqqətini şərtləndirir. Onun yaradıcılığında çağdaş ədəbiyyatımızın 60-cılar adlandırılan yeni qüvvələrinin - Anarın, M.Arazın, Elçinin, Əkrəm Əylislinin Yusif və Vaqif Səmədoğluların, Sabir Rüstəmxanlının, nisbətən gənc nəsildən olan Zəlimxan Yaqubun və digər neçə-neçə bədii söz sahibinin ədəbi portretləri yer alıb.İsa Həbibbəyli çağdaş bədii mühitin formalaşmasında böyük xidmətləri olan filoloji elm adamlarının - Məmməd Cəfərin, Abbas Zamanovun, Əziz Mirəhmədovun, Bəkir Nəbiyevin, Yaşar Qarayevin, Kamran Dadaşoğlunun, lap yeni nəslin ədəbiyyatşünas alimlərindən Nizami Cəfərovun, Vaqif Yusiflinin... tədqiqatlarının elmi qiymətini vermişdir. Bütün bunlar hələ ömrünün ən məhsuldar, fəal alim dövrünə indi qədəm qoyan bir insanın elmi taleyidir. Və bu elmi tale İsa Həbibbəylini akademik zirvəsinə qaldırmışdır. Alim ömrünün ən yüksək statusu olan akademik sözünün semantikası bir tərəfdən şərəflidir, amma digər tərəfdən alimi çox böyük, əvəzsiz fəaliyyətə çağırır. İsa Həbibbəyli sözün bütün məna yükündə akademik adına layiqdir. Belə bir sual da doğur: İsa Həbibbəylinin alim, tədqiqatçı vətəndaşlığı hardan qaynaqlanır? Bu suala cavab alimin yaradıcılığındadır: yəni Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Məhəmmədağa Şahtaxtlını, Əlibəy Hüseynzadəni, Əhmədbəy Ağaoğlunu, Üzeyir Hacıbəylini... tədqiq edib axıracan anlamaq insanı - alimi mütləq vətəndaşlıq hisslərinə aparacaqdır.İsa Həbibbəyli təşkilatçılıq işində də böyük vətəndaşdır. Naxçıvan Dövlət Universiteti onun rektorluq dövründən bu günədək tam yeni bir inkişaf mərhələsi keçib. Bu universitetə, əlbəttə, xüsusi bir dövlət qayğısı var. Amma bu dövlət qayğısının gerçəkləşməsi xeyli dərəcədə rəhbərliyin fəaliyyətilə də bağlıdır. Naxçıvan Dövlət Universiteti İsa müəllimin rəhbərliyi illərində əsgər kazarmalarından ən müasir tipli binalara köçmüşdür. Universitet nəzdində ölkədə analoqu olmayan müasir avadanlaqlarla təchiz olunmuş xəstəxana fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin dünya standartları səviyyəsində ayrıca binada yerləşən kitabxanası, konservatoriyası var. Akademik, rektor İsa Həbibbəyli həm də Azərbaycan Milli Məclisinin üzvüdür. Onun məclisdəki fəal mövqeyi hamının gözü qarşısındadır.İsa Həbibbəyli beləcə qızğın, çevik, fəal, aktiv bir ömür yaşayır. Bu böyük alimin, akademikin, əməkdar elm xadiminin, millət vəkilinin 60 yaşı bu gün tamam olur. O ömrünün ən fəal çağını yaşayır. Vətəndaş - alim, cəsarətli tədqiqatçı İsa Həbibbəylinin 60 yaşı mübarək olsun. Azərbaycan naminə yaşanan bu ömrün işığı gur, ocağı sönməz olsun.
Cahangir MƏMMƏDLİ


Bu yazı ( 923 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar