12px14px16px18px

Sən ol, bir də qatırçının qatırını hürküt

Nurəddin QƏNBƏR
02:06 / 28.01.2010



Qapısına IX sinif yazılmış otaqda dərs gedirdi: Məcid müəllim kimyadan dərs keçirdi: Qəflətən qapı açıldı. Milisioner Qoca əsgərin başı göründü. Milis şapkasının alın hissəsinə yapışdırılan beşgüşəli ulduzu və şapkasının qırmızı haşiyəsi də göründü. Məcid müəllim əlində tabaşir lövhədən ayrıldı. Nəzərlərini bir anlığa Qara Əsgərə zillədi. Sinifdəki uşaqların da diqqəti qapıya tərəf döndü. Qara Əsgər Məcid müəllimə məhəl qoymadan, icazəsiz-filansız irəli addımlayıb, qabaq cərgədə, qapı səmtində oturan doqquzuncu sinif şagirdi Nərminin qolundan yapışıb dedi:
– Dur bandit, sən bizə gərəksən. Səni axtarmaqdan yorulmuşam, elə bilirdin qaçmaqla qurtaracaqsan?)
Qara Əsgər Nərmini qabağına salıb dərhal da şəhadət barmağı olmayan sağ əlini belinə ataraqtapançasını çıxardı...
Bayaqdan sükuta qərq olan sinif şagirdləri təşvişə düşdülər.
– Tapançı niyə?! Yazıq Nərmin neynəyib? – dedi – kimə...
Sinifin qapısı şappıltıyla örtüldü. Milisioner də, Nərmin də yox oldular. Bir azdan pəncərədən Qara Əsgərin şapkası göründü. Sonrada qabağınca gedən Nərminin papaqsız başı göründü. Uşaqlardan bir neçəsi pəncərə önünə qaçıb onlara baxırdılar. Nərmin əllərini arxasında çarpazlayıb onun qabağınca gedirdi. Qara Əsgərin sağ əlində paqon vardı. Uşaqlardan kimsə dilləndi:
– Nə olsun, Qara Əsgər tapança ata bilmir ha... Sağ əlinin Şəhadət barmağı yoxdu...
– Bəs tapançanı ona niyə veriblər? – deyə, kimsə soruşdu.
Uşaqlar arasında mübahisə başlandı:
– Hitlerin müharibəsində itirib barmağını...
– Ə, bura bax ey, Qara Əsgər heç müharibəyə getməyib...
– Yalan deyirsən, mən onların qonşusuyam, Qara Əsgər barmağını müharibədə itirmişdi, ona görə də qayıtmışdı...
Məcid müəllim tabaşiri lövhəyə döyüb:
– Sakit olun – dedi – dərsimiz davam edir. Niyə milis nəfəri apardı o oğlanı, neynəyib o?
Sinifkon ayağa durub izahat verdi:
– Müəllim – dedi- artistlər tamaşa göstərəndə, tamaşanın gedişini pozub deyirlər.
Arxada oturan uzunhoqqar, uzundraz Əkbər əlini qaldırıb dedi:
– Yalandır, müəllim – həmin gün hamımız ordaydıq. Yay klubunda tamaşa gedirdi. Bilet almağa pulu olmayan uşaqlar barının üstündən aşıb içəri düşmək istəyirdilər. Nərmin barıya dırmaşanda milisioner Qara Əsgər onun ayağından tutub saxladı. Sonra da qabağına qatıb, milis şöbəsinə apardı. Deyirlər ki, yolda Nərmin Kor Ülkərin çəpərinin yanında qəflətən milisioner Əsgərin qabağından qaçıb, çəpərdən aşıb gözdən itib.
– Yaxşı-yaxşı – dedi – müəllim sakitləşin – dərsimiz davam edir. Uşaqlardan kimsə, yenə atmaca atdı:
– Ə, bura bax ey, Qara Əsgər müharibədə olubsa, niyə güllə onun bircə barmağın aparıb, hay, onun sağ əlində bircə barmağı var?!
Məcid müəllim sərt səslə:
– Sakit olun – dedi – qoy axı adəti təşkilatlar öyrənsin!
Zəng vuruldu. Tənəffüsə çıxdılar.
lll
Doğrudan da bir neçə gün əvvəl daha doğrusu srağagün Ağdam artistləri rayon mərkəzindəki yay klubunda tamaşa göstərirdilər. Tələbələr, yeniyetmələr – (bilet pulu olmayanlar) ordan, burdan dürtülüb, tamaşaya baxmaq istəyirdilər.
Çanaq da Nərminin başında çatladı. Milisioner Qara Əsgər Nərmini barıdan aşmaq istədiyini görüb (sən demə onu güdürmüş) ayağından yapışdı... Yolda, kor Ülkərin çəpərinin yanında, Nərmini girəvələyib, milisioner qabağından qaça bilmişdi.
Qara Əsgər, neçə gündür əsir-yesir olub, Nərmini axtarırdı. Cəhənnəm Nərminin qaçması, Qara Əsgər gedib-gəlib Ülkəri bezdirirdi. Axırda kor Ülkər əlinə bir paya alıb Əsgəri qovdu.
– Həyasız, köpəyoğlu, mən nə bilim kim harda, hara qaçıb, sənə milisioner adı verənin...
Axırda Qara Əsgər məktəbdə Nərmini yaxalaya bilmişdi.
lll
Doğurdanmı Nərminin günahı bu barıdan aşmaq olmuşdu? Deyəsən məsələnin kökündə başqa dolaşıq iş də vardı.
Yayın əvvəli, baharın son günləriydi. Qəflətən kəndin yuxarı başında bir çaxnaşma baş verdi.
Dedilər ki, Nərmin sədr Alaboyun Avdısöyünün arvadı Alçagülü döyüb. Kolxoz idarəsinin gözətçisi – xanım islam, (camaat arasında onu “Xanım islam” çağırdılar) yeriyəndə bürüşə-bürüşə yeriyən, əzilə-büzülə danışan, kolxoz sədri Alaboyun Avdısöyünün mindiyi, yerlə-göylə əlləşən qara –qəməri atının üzəngisini basan – xanım islam dərhal hadisə yerinə qaçdı. O vaxtı çatdı ki, arvadlar yığılıb Nərmingilin çəpərinin baş tərəfinə, əl qatıblar özlərinə.
– Ay haray gəlin, Alçagülü xilas edin ... – deyirdi
Alçagül də huşun itirib, tir-tab uzanmışdı yerdə. Alçagülün üz-gözünə su çiləyib, ayıltdılar, xanım islamın köməyilə qoluna girib apardılar.
Əhvalat belə olmuşdu. Həmin gün Kolxoz sədrinin xanımı Alçagül, yanında da ev qulluqçusu keçəl Tavad çəpər başından Nərminin anasını çağırıb çolpa istəyirdi. (Kəndin arvadları boğaza yığılmışdılar, onun bu hərəkətindən, həftə səkkiz mən doqquz, Alçagül, ev qulluqçusu keçəl Tavadla – qapı-qapı düşüb toyuq çolpası yığardılar – qonaq gəlib- deyə).
Ay xala, ay arvad, günorta raykom bizə gələcək, beş-altı çolpa tut ver...
– A bala, vallah yeməlisi yoxdu – dedi. Nərminin anası – bax, dən tökürəm, gəlin baxın, yeməlisi varsa tutun aparın. Vallah mundar tükü tökməyiblər hələ...
– Ay arvad başına dəysin çolpan, sən qırcının birisən, səndən qışda qar, yayda buz almaq olmur... (Bir neçə də təhqiramiz sözlər dedilər).
Nərmin həmin məqamda anasının yanında idi, bu latayır-təhqiramiz söyüşləri eşidib, dözmədi yerindən tərpəndi. Alçagülü (arvadlar arasında ona fırtılıq qarpan Alçagül deyirdilər) – saldı – Alçagülü çubuğun altına döşədi.
Sonra da çəpərdən-çəpərə atılıb, xəndəklərdə keçib gözdən itdi.
O vaxtdan itgin düşən Nərmin, bir daha kənddə görünmədi. Meşədə, çöldə-bayırda avara-səryandır şəkilində günlər keçirirdi. Axır ki, bir gün taxıl kövşənliyində sədr Alaboyun Avdısöyün qəflətən Nərminə rast gəldi:
Onu Qara yorğa atın qabağına qatıb, qova-qova kəndin bütün sahələrindən çıxartdı.
– Çıx get, – dedi. Mənim torpağıma, kəndimə bir də ayağın dəyməsin. Özümə sığışdıra bilmirəm, mənim arvadımı, kəndin bir cılız gədəsi döyüb !
Özümə, öz adıma yaraşdıra bilmirəm, bütün eşidən, bilən məni araya qoyub, gülər, ona görə də səndən şikayət etməyəcəm, amma sənin yeridiyin yeri də qazıyıb atacam, əlimdən gələni etməkdən, imtina etməyəcəm. Səni zəlil günə saldıracam get! Buralarda izin-tozun olmasın!
lll
Nərmin bir müddət orda-burda, başqa rayonlarda, kəndlərdə qohum-tanışların evində pünhan dolaşdı.
Payız gəldi, məktəblərdə dərslər başlandı. Nərmin sənədlərini (qohum-tanışların köməyi ilə) toplayıb, rayon mərkəzindəki orta məktəbə verdi.
Başladı dərsə getməyə. Məktəbin nəzdindəki internata qəbul olundu, yer verdilər. İndi hər şey sanki qaydasına düşmüşdü. Nərmin rahatlaşmışdı. Hətta bazar günləri kəndə evlərinə də gəlib-gedərdi. Amma... Alaboyun Avdısöyün eşidəndəki Nərmin rayon mərkəzindəki orta məktəbdə oxuyur, sümüyü şırtığa getdi, tumu çırtladı. Dərhal tez-tez kəndə gələn milis kapitanı Əhmədovu yanına çağırdı. Kapitan Əhmədovla qardaşağaydılar, araq dostlarıydılar. Məsələni Əhmədova danışdı:
– Nəyin bahasına olursa-olsun başqa bir tələ qurub o dələduz gedəni qoduxluğa soxmaq!
Kapitan Əhmədov ləngimədən işə başladı.
Qara Əsgəri yanına çağırdı:
– Qara Əsgər – dedi sənə ciddi bir tapşırıq verəcəm.
– Baş üstə – nəçənnik – deyib, Qara Əsgər əlini şapkasına apardı.
– Tapşırıq məxvidir, – Anladın?!
– Oldu nəçənnik – deyib Qara Əsgər şax dayandı.
– Orta məktəbdə Nərmin adlı bir oğlan oxuyur, onu götürürsən nəzarətə addım-addım izləyirsən, arada bir bəhanə fikirləşib, dalaşdırmaq, qulaqlayıb mənim yanıma gətirmək lazımdı, anladın!
– Baş üstə nəçənnik – deyib, Qara Əsgər həmişəki kimi sağ əlini apardı qulağına tərəf.
Elə həmin məqamda da, Kapitan Əhmədov onun sağ əlinin şəhadət barmağının olmadığını gördü.
– Bura bax Qara Əsgər – dedi. Unutma ki, sənin sağ əlinin şəhadət barmağı dibindən yoxdur. Səni milis sıralarına götürmək...
(“Kapitan bir qədər sözünə ara verdi”).
Qara Əsgər dili topuq vura-vura dilləndi...
– Yoldaş Kapitan – dedi – mən barmağımı frontda itirmişəm.
– Aydındır, harda itirməyindən asılı olmayaraq, milis peşəsinə yararlı deyilsən. Ancaq... Yaxşı tapşırığı yerinə yetir, sonrasına baxarıq.
– Oldu – nəçənnik – deyib, Qara Əsgər hərbi salam verib geriyə döndü, qapıdan çıxdı.
Beləcə, Qara Əsgər həmin andan Nərmini aldı nəzarətə və kölgə kimi onu addım-addım güdməyə başladı.
Nəhayət, qabağından qaçan Nərmini, bir də məktəbdə, doqquzuncu sinifdə dərsin gedişində yaxaladı.
O gecə Nərmini türmənin nəzdində olan “Odinoçka” – da saxladılar.
lll
Axşam milisioner Keçəl İbadın növbəsiydi. Dəmir qapının əl boyda gözlüyündən bir dolça su uzatdı Nərminə;
– Yazıqsan, al iç. Amma nəçənnik bilməsin.
Milisioner İbadı müharibəyə ona görə aparmamışdılar ki, başında keçəllik vardı. Bəzən yara qərtməkləri qulaqlarının dibinə qədər yayılırdı. Ətrafdakılar görməsin deyə, milis şapkasını gözünün üstünə qədər basırdı.
Elə həmin gün Keçəl İbad yenidən gəldi “odinoçka”nın gözlüyünü açıb dedi:
– Yoldaşların gəlib, görüşmək istəyirlər- sinif yoldaşlarındı.
Əlindəki topa açarları oynadıb qapını açdı. Nərmini qabağına salıb, darvazaya tərəf apardı. Bir dəstə sinif yoldaşlarını buraxdı içəri. Görüşdülər. Uşaqlar bazarlıq eləmişdi, verdilər. Müzəffər adlı biri sinəsini irəli verdi:
– İbad – dedi- Nərmindən muğayat ol. Başa düşdün?
– Sənin xətrinə – Müzəffər , – dedi. Amma Kapitan Əhmədovdan...
– Sən narahat olma, deyərsən ki, Müzəffər gəlmişdi və əlini qoydu Nərminin çiyninə.
– Axşam kişiyə deyəcəm, qorxma – dedi.
Müzəffər rayon prokuroru Məmmədovun qaynıydı. Nərminlə bir sinifdə oxuyurdu.
Milisioner İbad axşamlar Nərmini “Odinoçka”dan çıxarıb, at tövləsinə aparardı.
Rayon Milis şöbəsinin rəisi Şafa dayının (hamı ona Şafa dayı deyərdi). Hündürboy, enli kürək, iri gövdəli kişiydi. Milis işçiləri onun hənirtisi gələndə yerini dəyişərdi. Mindiyi boz atın xüsusi meyhəri vardı. Boz ata xüsusi qulluq olurdu. Bolluca arpası – otu vardı. Nərmin tövlədəki otun içində özünə yumşaq yer düzəltmişdi. Səhər erkən, alaqaranlıqda, milis işçiləri gəlməzdən öncə (xüsusən də kapitan Əhmədov), İbad Nərmini gətirib salardı “Odinoçka”yə.
Ertəsi gün başqa bir milisioner “Lopabığ Koroğlu” ləqəbli, (camaat ona belə ad vermişdi), uzun, sağlam bədənli milisioner hətəm, qapını açıb, Nərmini apardı ikinci mərtəbəyə, Kapitan Əhmədovun kabinetinə saldı. Kapitan Əhmədov oğlanı əyri-əyri süzüb:
– Qoy qalsın, Hətəm kişi, sən gözlə çöldə – dedi.
Töşənərək, gödəkboy Kapitan Əhmədov Nərminə otur demədi, əksinə:
– Nətərisən ayə, kefin kökdü deyəsən “odinoçka”da – dedi.
Nərmin dinmədi.
– De, görüm niyə xuliqanlıq edirsən?
– Mən heçnə eləməmişəm.
– Bura bax, ay dələduz, dəyyus, teatrda tamaşanı pozmaq bir yana, kənddə rastına çıxan arvadları döyməyin necə?! Bunlar hamısı yalandır?!
– Yalandır... Pulum yoxdu, ona görə bilet almağa, barının üstündən keçmək istəyəndə, Qara Əsgər ayağımdan tutub məni gətirdi bura...
Kapitan əsəbiləşdi:
– Sən də qabağından qaçdın, banditsən- bandit!..
Nərmin bir anlığa – sədrin arvadı Alçagülü xatırladı.
Və sədr Alaboyun Avdısöyün, gəldi gözü önünə, onu necə hədələdiyini atdöşü eləyib, kənddən qovduğu məqamları xatırladı...
Kapitan Əhmədov ayağa durdu. Divarda mıxdan asılan qamçını alıb, gəldi Nərminin bərabərliyinə:
– Nə olar – dedi- indi bu qamçı – şallax, səni yaxşı-yaxşı danışdırar, hər şeyi boynuna alarsan – deyib, qamçını havada dolandırıb çəkdi Nərminin başına. Zərbələrin ardı-arası kəsilmirdi. Nərmin dözə bilmirdi. Əl atıb qamçını havada tutdu. İkiəlli bərk-bərk yapışıb buraxmırdı. Tösmərək kapitan təpik atdı. Xrom çəkməsinin dabanı keçdi Nərminin sağ əlinə. Kapitan ayağını onun əlindən qopara bilmirdi. Xrom çəkmə onun ayağından çıxıb, qaldı Nərminin əlində.
Qəribə bir görkəm almışdı tösmərək Kapitan Əhmədov, bir ayağı corablı, digər ayağı çəkməliydi. Kapitan var gücü ilə bağırırdı:
– Hətəm, ay Hətəm hardasan?!
Qapı açıldı. Hətəm içəri girdi. Dərhal da Nərminin yaxasından tutub çırpdı divara. Nərmin əlindəkiləri buraxdı.
– Apar, bu banditi sox, “odinoçka”ya dedi.
Lopabığ Hətəm, Nərminin boynunun ardından yapışıb girvənə kimi qaldırıb atdı qapıdan çölə.
Arxadan tösmərək Kapitanın səsi eşidilirdi:
– Heç nə verməyin ona su, çörək, nə də tualetə aparmayın...
Amma bu hadisədən sonra lopabığ – Koroğlu Hətəmin Nərminə qarşı rəğbəti daha da artdı.
Səhəri gün bazardan təndir çörəyinin arasını – yağ pendir basıb, gətirib verdi Nərminə.
– Ye- dedi- qorxma, ona fikir vermə. Sən yaxşı oğlansan. Eşitmişəm kolxoz sədrinin arvadını döyübsən, əcəb eləmisən, dönüm gözünə...
Nərmin fikirləşirdi: “Bəs deyirlər milislərin arasında yaxşıları olmur. Bəs, Hətəm nədir? Lap elə milisioner İbadın özü. Tövlədə mənə yer verdi...”
lll
Ertəsi gün Kapitan Əhmədov Qara Əsgərə tapşırıq verdi.
– Götür o xuliqanı apar prokurorluğa. Mən də orda olacam.
Ehtiyatlı ol. Qoluna buxov vur!
Qara Əsgər Nərminin sağ qolunu, özünün sol qolunu buxovladı. Onu prokurorluğa apardı. Yolda barmaqsız sağ əlini kəmərinə aparıb, tapancasını götürdü. Elə bil qəsdən Nərminə göstərirdi.
Bir neçə dəfə naqanı əlində çal-çevir elədi...
Nərmin xəfifcə gülümsədi:
– Qara Əsgər – dedi. Mən xüsusi apasnı dustaq deyiləm, qaytar qoy yerinə tapançanı...
– Gədə, qabağa bax! – dedi – Qara Əsgər – sərsəm – sərsəm danışma. Nərmin gülümsəyib, sözünə davam etdi:
– Axı biz həmikəndliyik bəlkə qohumluğumuz da var.
– Mən vəzifəmi yerinə yetirirəm, sarsaqlama, bir dəfə qabağımda qaçıbsan!
– İndi ki, qolumda buxov var...
– Qabağa bax! Səsini də kəs!
Artıq prokurorluq binasına çatmışdılar. Kapitan Əhmədov artıq orda idi. Nərminin qolundan buxovu açıb, saldılar içəri.
Mizin arxasında prokuror libasında ortayaşlı, bəstəboy, saçlarına seyrək dən düşmüş nurani, yaraşıqlı bir kişi oturmuşdu. Nərmin fikrindən keçirdi ki, yəqin Müzəffərin kürəkəni bu kişidir – prokuror Məmmədov. Prokuror başını qaldırıb kapitan Əhmədova baxdı:
– Buyur yoldaş Əhmədov – dedi – eşidirəm.
Kapitan Əhmədov əlindəki qovluğu açıb məlumat verdi.
– Yoldaş prokuror bu oğlan qatı xuliqandır. Klubda tamaşa gedərkən tamaşanı pozmuşdur... Artistləri təhqir etmişdir.
Kəndlərində özünü pis aparır, bir neçə qadını döyüb, təhqir etmişdir.
Prokuror onun sözünü kəsdi:
– Bura bax, Əhmədov – dedi – bu dediklərini təsdiq edən sənədlər və şahidlər varmı?
– Yoldaş prokuror hələlik təhqiqat davam edir. Adamları, şahidləri dindirəcəyik...
– Əhmədov daklad edəndə konkret faktları sübuta yetirən sənədlər təqdim edilməlidir, – dedi.
Sonra üzünü Nərminə tutub soruşdu:
– Nə işlə məşğulsan oğlan?
– Doqquzuncu sinifdə oxuyuram...
– Bəs niyə, xuliqanlıq edirsən? Özün də şagirdsən...
– Hörmətli prokuror heç nə elələmişəm. Düzdür klubda tamaşa gedirdi, bir neçə yoldaşlarımla mən də getmişdim, pulumuz yoxdu bilet almağa. Barının başından aşıb içəri düşmək istəyəndə milisioner Qara Əsgər ayağımdan tutub saxladı məni.
Sonra da döyə-döyə gətirib saldı Odinoçkaya, neçə gündü məni ac-susuz orda saxlayıblar. Bu kapitan da hər gün məni şallaqla qamçı ilə döyüb əzişdirib, yenidən saldırır odinoçkaya...
Prokuror üzünü Əhmədova tutub dedi:
– Əhmədov bu oğlan hələlik xuliqan deyil, lakin biz onu türməyə salandan sonra, oradan çıxanda həqiqi xuliqan olacaq. Anladın? Özü də harda qırmızı şapkalı milis nəfəri gördü, onu düşmən biləcək. Deməli, öz əlimizlə xuliqan – pozğun bir adam.
Sonra Nərminə tərəf döndü:
– Oğlan bu saat, birbaşa gedirsən məktəbə, dərslərinə davam edirsən, başa düşdün?! Əks təqdirdə səni özüm tutduracam başa düşdün?
Nərmin sevincək – “sağ olun” deyib otaqdan quş kimi çıxdı, Kapitan Əhmədovun qoltuğundan sivişib məktəbə tərəf üz tutdu...
Dərsdən çıxanda kəndlərinə gedən yola gəldi.
Kolxozun yük maşını dayanmışdı yolun kənarında.
Nərmin maşının ayaqaltısına qalxanda kabinədən bir səs eşitdi:
– Ayə, səni buraxdılar?
Əyilib baxdı, soruşan kolxoz sədri – Alaboyun Avdısöydü. Avdısöyünün pörtmüş ətli sifətini gördü. Qalın dodaqları, qulağının dibinə qədər gərilmişdi. Ağzınadək qızıl-qondarma dişləri alov kimi parıltı saçırdı.
Hırıldayaraq dedi:
– Sən ol bir də qatırçının qatırın hürküt!
Nərmin onun spirt qoxuyan nəfəsindən geri çəkilib dilləndi.
– Qatırçı qoy qatarını öz örüşündə otarsın, özgənin örüşünə buraxmasın...
Sürücü bərkdən şaqqanaq çəkib, maşını işə saldı.
Maşın kəndə tərəf yol aldı...
Nurəddin QƏNBƏR (Mirzəyev) Respublikanın fəxri cərrahı Yazıçılar Birliyinin üzvü




Bu yazı ( 558 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar