12px14px16px18px

Əgər spred kərə yağıdırsa, qatıq hər halda qaradır

00:28 / 15.05.2012 (Açıq məktub)
Son zamanlar korporativ sosial məsuliyyət norma olmasa da, Azərbaycanın işgüzar cəmiyyəti arasında yeni meylə çevrilir. Bu, işgüzar məsuliyyətin də müvafiq səviyyədə olacağına ümidlər yaradır. Lakin məhz istehlak bazarındakı işlərin real vəziyyəti, necə deyərlər, işgüzar və peşəkar məsuliyyətin “güzgüsü” və “apofeozu” bu müraciəti etməyə vadar etdi. Artıq hamıya məlumdur ki, istehlak bazarında, başlıcası isə qida məhsulları bazarında keyfiyyət dəyişiklikləri baş vermədiyindən, ciddi dövlət dəstəyi və imtiyazları əldə edən Azərbaycan biznesi yenə də ölkənin həyat keyfiyyətində əsaslı dəyişiklikləri təmin edə bilmədi. Biz, “Səba” kərə yağının istehsalçısı olaraq, bazara yüksək keyfiyyətli təbii məhsul təklif etmişdik. Amma bu, bazarın ümumi keyfiyyətini çoxmu dəyişə bildi? Səmimiyyətlə deyə bilərik ki, yox. Bizim əsl keyfiyyət “damla”mız şübhəli “məhsullar” arasında görünməz oldu. Belə bir paradoks alınır: biznes inkişaf edir, texnologiyalar yenilənir, qida məhsullarının ümumi keyfiyyəti və onunla ayrılmaz surətdə bağlı olan əhalinin sağlamlığı isə yaxşılaşmır. Niyə? Aydındır ki sual mürəkkəbdir. Bir tərəfdən, biznesin məsrəfləri və maya dəyərini azaltmaq cəhdləri özünü göstərdi. Yalançı rəqabət qabiliyyətini təqib edərkən, hisslərin, hər şeydən əvvəl dad reseptorlarının aldanışına yönəlmiş əlavələr qatılmış surroqatlar istehsal edilməyə başladı. Bu səbəbdən,insanlar illər keçdikcə təbii məhsulu tanımaq imkanını da itirdilər. Bundan başqa, əsl təbii məhsulları dadmamış nəsil də böyüdü. Nəticədə, istehlakçı təbii qidaya yönəlmiş təbii tələbatlarını da unutdular və “qapalı dövrə” əmələ gəldi: biriləri faktiki olaraq keyfiyyətli məhsul təklif edə bilmir, digərlərinin isə keyfiyyətli seçim etmək qabiliyyəti yoxdur. Biz, illərlə xalis inək südündən hazırlanmış “Səba” yüksək keyfiyyətli kərə yağını irəli çəkərkən, bu vəziyyətin nəticələrini öz bazar seqmentimizdə aydın surətdə müşahidə edirik. İstehlakçı real olaraq MƏHZ HANSI YAĞDAN İSTİFADƏ ETDİYİNİ bilmir və ona nəzarət imkanından məhrumdur. Klassik bir nümunə: demək olar ki, istənilən Azərbaycan supermarketində, biz hələ kiçik dükanları nəzərə almırıq, eyni piştaxtada həm kərə yağı, həm də spred (bitki və heyvan mənşəli yağlar əsasında hazırlanmış qida məhsulları) adlandırılan məhsullar yerləşdirilir. Heç kimin ağlına da gəlmir ki, bunlar insan orqanizminə müxtəlif cür təsir göstərən ayrı-ayrı məhsullardır. Bundan əlavə, bitki yağlarının zərərli ola bilməsi faktı əslində birbaşa olaraq inkar edilir. Əgər, məsələn, siz kimdənsə spredlərdə bol olan yağ turşularının trans-izomerləri barədə soruşsanız, çətin ki cavab ala biləsiniz. Eləcə də marqarin və spredlərin istehsalında tətbiq edilən yağ turşuları trans-izomerlərinin alınması texnologiyasının metanolun (zəhərli sənaye həlledicisi) istehsalı texnologiyası ilə eyni olması faktı da xüsusi olaraq nəzərə çarpdırılmır. Kiminsə ağlına öz xoşuna metanol içmək gələ bilərmi? Spredlər isə alınır və məhdudiyyətsiz olaraq istifadə edilir. Eləcə də çox az insan spredlərin texniki (palma, kokos, soya və s.) yağlarla doydurulması məsələsi barədə düşünür. Bu yağların tərkibi sağlamlıq üçün təhlükə törətdiyindən onlardan yalnız yumşaq marqarinin tərkibində, həm də 8%-dən çox olmamaq şərtilə, istifadə edilməsinə icazə verilir. Palma yağının tərkibində isə trans-izomerlərin miqdarı 58%-ə çatır. Yenə də nə satıcılar, nə də istehlakçılar dəqiq təsəvvür edə bilmir ki, bərk halda texniki yağlardan istifadə etmək üçün yağların hidrogenizasiyası texnologiyası tətbiq edilir. Lakin ağlı başında olan heç bir kəs öz xoşu ilə eyni texnologiya ilə istehsal edilən sabun və ya stearinlə qidalanmağa cəhd etməz. Satıcıların müstəqil surətdə keyfiyyətli məhsul təklif edə bilmədiyi, istehlakçıların isə keyfiyyətli seçim apara bilmədiyi bir şəraitdə üçüncü bir yol olmalıdır: bu da dəqiq dövlət standartlaşdırması və sertifikatlaşdırma yoludur. Əks halda zaman ötdükcə kərə yağı şampunlar və gigiyenik təmizləmə vasitələri ilə eyni piştaxtada yer alacaqdır. Xoşbəxtlikdən bu, hələ heç kimin ağlına gəlmir. O zaman nə üçün təbii kərə yağını və naməlum mənşəli spredləri qarışdırmaq lazımdır? Qeyd edək ki, yalnız çox nadir spred istehsalçıları qablaşdırmada istehsal texnologiyasını, özü də çox kiçik şriftlə göstərir. Dəqiq standartlaşdırmaya olan tələbat kərə yağı istehsalçısı kimi yalnız bizim gəldiyimiz nəticə deyil. Məsələn, səmərəli inzibati fəaliyyətinə heç kimin şübhə duymadığı Dövlət gömrük komitəsi spredlərin ölkəyə idxalını nəinki qadağan edə bilmir, bunu hətta hər-hansı yolla tənzimləməkdə də çətinlik çəkir. Gömrük işçiləri özləri də bir çoxunun həyat üçün təhlükə təşkil edən SPREDLƏRİN ÖLKƏYƏ İDXALINA NƏZARƏT ETMƏK İMKANINA MALİK OLMADIQLARINI gizlətmirlər. Burda məsələ bədnam “korrupsiyada” və ya “ticarət mafiyasında” deyil. Azərbaycanda spredlər üzrə DÖVLƏT STANDARTI mövcud olmadığından Dövlət gömrük komitəsi və İstehlakçıların müdafiəsi və Antimonopoliya siyasəti üzrə Dövlət xidməti “yağ əvəzediciləri”nin ölkəyə idxalını və onun dövriyyəsini tənzimləyə bilmir. Əgər bu vəziyyət sizə “qeyri-ciddi” görünürsə, o zaman biz, xalis inək südündən yüksək keyfiyyətli kərə yağı istehsalçısı olaraq bunun çox ciddi məsələ olduğunu bilirik. İcazə verilən trans-izomerlərin maksimal miqdarını və istehsala qoyulan texnoloji tələbləri əks etdirən spredlər üzrə dövlət standartının yaradılması nəinki bazardan potensial “öldürücü məhsulları” inzibati qaydada yığışdırmağa imkan verəcək, eyni zamanda istehlakçıya təmiz bazar seçimi etməyə şərait yaradacaqdır. Hansının “yağ”, hansının isə “spred” olduğunu bilən istehlakçı kərə yağı kimi keyfiyyətli və sağlam qida məhsulu seçməyə və ya spredlər kimi “gec təsir edən zəhərlərlə” qidalanmağa və öz uşaqlarını yedizdirməyə özü qərar verəcəkdir. Ən pisi odur ki, mağazaların piştaxtaları spredlərlə doludur və çoxumuz bunların yağ deyil, spred olduğundan sadəcə olaraq xəbərdar deyilik. Bu zaman hər bir kəs dəqiq başa düşməlidir ki, 1 kiloqram təbii kərə yağının hazırlanması üçün 25 litr inək südündən istifadə edilir. Üstəlik, dövlət standartına əsasən kərə yağı Selsi üzrə mənfi 18 dərəcəlik soyuducu kamerada 3 aydan, müsbət 10 dərəcədə isə 1 aydan çox saxlanıla bilməz. Bütün bunlar mütləq kərə yağının qiymətinə təsir göstərir. Aydındır ki bu qiymət aşağı ola bilməz. Azərbaycan istehsalı olan “Səba” kərə yağı AZS dövlət standartının bütün tələblərinə cavab verir. Lakin ölkədə saxlanma müddəti 18 və hətta 24 ay olan “kərə yağları” satılır. Bu, artıq özü-özlüyündə şübhə doğuran bir haldır: qarşımızdakı doğrudanmı kərə yağıdır? Vəziyyət belədir ki, əgər bu gün spredləri kərə yağından ayırmasaq, o zaman sabah daha dəhşətli əvəzedicilərlə qarşılaşacağıq: TV reklamları və ucuz qiymət vasitəsilə bizə çox asanlıqla qatığın qara olduğunu sübut edəcəklər. Biz bunu istəyirikmi? Güman ki yox! Bəlkə islahatlar və struktur dəyişiklikləri dövrünü yaşayan Standartlaşdırma, metrologiya və patentlər üzrə dövlət komitəsinin spredlər üzrə standart qəbul etməsi və onlar üzərində laboratoriya nəzarəti təşkil etməsi daha asan olardı? Necə olsa da, biz, “Səba” kərə yağı istehsalçısı olaraq qatığın ağ olduğunu iddia etməkdən usanmayacağıq.
Asəf Namazov “Səba” Süd emalı müəssisəsinin Baş direktoru


Bu yazı ( 137 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar