12px14px16px18px

Sözümüzün Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” zirvəsi

İman CƏFƏROV
11:06 / 08.05.2012

Bəşər tarixində xüsusi mərhələ təşkil edən XX əsr yalnız inqilabi çevrilişləri, insanlığın iki dünya müharibəsi ilə qarşılaşması, bəşər övladının yer orbitindən kənara çıxması, super güclər tərəfindən yer kürəsinin siyasi xəritəsinin bir neçə dəfə yenidən çəkilməsi, xalqlara və ölkələrə yeni xarakterli qorxu və fəlakət gətirən atom enerjisinin əldə edilməsi ilə səciyyələnmir, eyni zamanda insana və həyata son dərəcə doğma olan bir ədəbiyyata rəvac verməsi, Tanrı bəndələri ilə C.London, E.Heminquey, N.Hikmət, R.Taqor kimi dahi yazarların dilində danışması, söz sənətinin məcrasının dini və irqi ayrıseçkilik qoymadan birbaşa bütün ali yaradılışların mənəvi dünyasına yönəldilməsi ilə yaddaşlarda yer tutur. XX əsrin Azərbaycan xalqına, həmçinin bəşəriyyətə bəxş etdiyi ədəbi şəxsiyyətlər sırasında isə böyük demokrat Cəlil Məmmədquluzadənin öz məqamı vardır. Əlbəttə, Cəlil Məmmədquluzadənin təqdim etdiyi ədəbiyyat və jurnalistika özünəqədərki bədii-estetik fikirlə müqayisədə qeyri-adiliyi ilə seçilir. Bununla belə, həmin qeyri-adiliyin nüvəsində ilahi bir adilik, sadəlik dayanır.
Bir əsrdən artıq zamandır ki, Azərbaycan elmi-ədəbi təfəkkürü böyük Mirzə Cəlil Məmmədquluzadə sənətinə, “Molla Nəsrəddin” ədəbi məktəbinə məxsus möhtəşəmliyin, monumentallığın, ucalığın, əbədiliyin sirrini öyrənməyə çalışmaqdadır. Və bəllidir ki, zaman-zaman Mirzə Cəlil, yaxud “Molla Nəsrəddin” sənətinin aliliyi dini fanatizmə, mənəvi aşılanmaya, qadın hüquqsuzluğuna, cəhalətə, elmsizliyə, mütləqiyyətə, ruslaşdırma siyasətinə, beynəlxalq imperializmə qarşı mübarizə ilə əlaqələndirilmiş və bu cəhətlərin hər biri çoxsaylı faktik materiallarla təsdiqlənmişdir. Bununla belə, fikrimizcə, Mirzə Cəlil, yaxud “Molla Nəsrəddin” sənətinin ölməzliyi həqiqətə və eyni cəhətdən Tanrıya daha yaxın olması ilə bağlıdır. “Qədim yunan fəlsəfəsinin Makedoniyalı Aleksandrı” adlandırılan Aristotel həqiqətə vurğunluğunu müəllimi Platon faktoru ilə müqayisədə belə ifadə etmişdir: “Platon mənim üçün əzizdir, ancaq həqiqət daha əzizdir.” Bəli, Azərbaycan ədəbiyyatı və jurnalistikası tarixində Cəlil Məmmədquluzadənin adı ilə bağlı ədəbi mərhələnin, ədəbi cəbhənin, ədəbi cərəyanın əsas səciyyəvi keyfiyyəti həyati gerçəklikləri örtüksüz və bəzəksiz, yəni olduğu kimi, həm də söz sənətinin bəşəri prinsiplərinə sadiqliklə əks etdirməsindədir. Başqa sözlə, Cəlil Məmmədquluzadə Şeyx Nizaminin gerçək görmək istədiyi utopiyasına, Nəsimi, Xətai, Füzulilərin ilahi eşqinə, Sədilərin təsəvvüf fəlsəfəsini bütün insanların həyat dərsinə çevirmək arzusuna, Vaqiflərin real sevgisinə hörmət və ehtiramını bildirsə də, utopik xəyalpərəstliyə aşiq olmadı, həqiqətə çatmaq üçün şəriət, təriqət, mərifət yolunu tutmadı, yalnız gözəlləmələr yazmaqla kifayətlənmədi, Novruzəliləri, Məhəmmədhəsən əmiləri, Usta Zeynalları real mühit və ictimai təfəkkür şəraitində heç zaman qovuşa bilməyəcəkləri İlahi Həqiqətə çatmaq xülyasından ayırıb, onları gerçək Həqiqətlə üz-üzə gətirdi. Həm də qüdrətli yazıçı insanları həqiqətə qovuşdurmaq işində vaxtilə qədim yunan filosofu Sokratın sığındığı “Özün özünü dərk et” prinsipindən qaynaqlandı. Cəlil Məmmədquluzadə qüdrətli qələmi və “Molla Nəsrəddin” jurnalı vasitəsilə məhz Tanrı tərəfindən verilən dahilik nəticəsində reallaşdırılması mümkün olacaq böyük missiyalar həyata keçirdi ki, Azərbaycan elmi fikri də elə zaman-zaman həmin missiyaları mənalandırmaqdadır. Budur, akademik İsa Həbibbəyli birbaşa Cəlil Məmmədquluzadə dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalının məqamını məhz dünya ədəbiyyatı və jurnalistikası müstəvisində dəyərləndirməyin zəruriliyini nəzər nöqtəsinə çəkərək yazır: “Özünün dərin ideya-məzmununa və yüksək mübariz keyfiyyətlərinə, bənzərsiz forma və üslubuna görə “Molla Nəsrəddin” jurnalı Qərbin də ən şöhrətli, adlı-sanlı mətbuat orqanları ilə yanaşı dayanmaq, bərabər səviyyədə təmsil olunmaq imkanlarına malikdir. Belə demək mümkündür ki,“Molla Nəsrəddin” Azərbaycanda Qərb standartları ilə nəşr olunan mükəmməl Şərq jurnalı, yaxud hər iki qütbün sintezindən yoğrulmuş ilk Avrasiya dərgisidir. Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikri Qərb müstəvisi səviyyəsinə “Molla Nəsrəddin” jurnalı vasitəsilə çıxarılmışdır”.
Şübhəsiz ki, Cəlil Məmmədquluzadənin ali bir təvazökarlıqla söylədiyi “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” müddəasını metafizika, materializm, darvinizm və bütün “izm”lərə yekun vuran idealizm prinsipləri ilə mənalandırmaq mümkündür. Lakin inkaredilməz faktdır ki, ədəbiyyatımızda tənqidi realizm öz hegemonluğu, “Molla Nəsrəddin” ədəbi cəbhəsi və məktəbi mövcudluğu, eyni zamanda təkrarolunmaz uğurları baxımından qeyd-şərtsiz Mirzə Cəlil dühasına borcludur. Razılaşmaq lazımdır ki, Azərbaycan ədəbiyyatının son minillik tarixində Cəlil Məmmədquluzadə kimi ilk qələm təcrübəsi ilə bir neçə yeniliyə imza atan müəllif çox deyil. Söhbət 1889-cu ildə 20 yaşlı kənd müəlliminin yazdığı “Çay dəsgahı” əsərindən gedir. Mirzə Cəlilin bu ilk əsərini bütün Azərbaycan ədəbiyyatı müstəvisi fonunda dəyərləndirən akademik İsa Həbibbəyli yazır:
“1. “Çay dəsgahı” Azərbaycan ədəbiyyatında birinci alleqorik dramdır.
2. İlk mənzum dram əsəridir.
3. Uşaq pyeslərinin ilk nümunəsidir.
4. Əsərdə sosial ədalət və mənəvi təmizlik ideyası ifadə olunmuşdur.
Padnosun ilk monoloqu müəllifin humanist mövqeyini aşkar nəzərə çarpdırır... İlk əsərində “kimdir günahkar” kimi ciddi bir suala cavab axtarması C.Məmmədquluzadənin yaradıcılıq nailiyyəti hesab oluna bilər.”
Tamamilə haqlı olaraq “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasında yeni bir mərhələnin başlanması iddia edilməkdədir. Bununla belə, “Molla Nəsrəddin” jurnalına qədər də böyük Mirzə Cəlil öz sözünü demiş, öz mövqeyini bildirmişdir. Əlbəttə, “Çay dəsgahı” əsərində müəllifin cəmiyyətdaxili ictimai proseslərə realist münasibəti göz önündədir. Lakin yaşadığı cəmiyyətdə insanların dünyabaxışlarını, həyat tərzlərini, inanclarını bütün tərəfləri ilə nəzərə alan Cəlil Məmmədquluzadə artıq söz sənətində alleqoriyaya belə lüzumsuz vasitə kimi baxmış, “Kişmiş oyunu” pyesi (1892), “Danabaş kəndinin əhvalatları” povesti (1894), “Poçt qutusu” (1903), “Usta Zeynal” (1905) hekayələri ilə yeni realist ədəbiyatın şedevr örnəklərini təqdim etmişdir. Təsadüfi deyil ki, bu əsərlərin hər biri özlüyündə Azərbaycan ədəbiyyatının ciddi uğuru sayılmaqdadır. Başqa sözlə, elmi ictimaiyyət “Poçt qutusu”nun yeni çağa və yeni insana çağırışın ilk mükəmməl hekayəsi, ...Azərbaycanda kiçik hekayə janrının ilk böyük proqramı“ (akademik İsa Həbibbəyli), “Danabaş kəndinin əhvalatları”nın həm ideya, məzmun, həm də bədii idrak və inikas xüsusiyyətlərinə görə ədəbiyyatımızda nadir hadisə” (professor Xalid Əlimirzəyev) olması fikirləri ilə birmənalı şəkildə razılaşmaqdadır.
Xatirələrdə böyük ədibin məqam tapdığı vaxtlarda əsasən “Səfillər”i (Viktor Hüqo) mütaliə etməsi faktı ilə qarşılaşırıq. Və dahi yazar öz yaradıcılığı ilə sanki dünya ədəbiyyatına “Səfillər”in Şərq modelini təqdim etmişdir. Lakin məşhur əsərində Viktor Hüqonu əsasən Fransanın dünəni, bu günü və sabahı düşündürmüşsə, Azərbaycan xalqının böyük oğlu olaraq Mirzə Cəlil bütün bəşəriyyətin taleyinə narahatlığını qələmə almışdır. Məhz bu baxımdan Cəlil Məmmədquluzadə sənəti Azərbaycan bədii fikrini təmsil etməklə yanaşı, dünya ədəbiyyatının ən mütərəqqi hadisələrindən biridir. Böyük ədibin yaradıcılığını məhz bu cəhətdən dəyərləndirən Çingiz Aytmatov yazır: ”Cəlil Məmmədquluzadə türkdilli xalqların ədəbiyyatlarının yaratdığı nəsrdə çox mühüm bir simadır. O, müasir realist yazı üslubunun, müasir nəsr formalarının banilərindən biridir. Heyrətli yığcamlıq, sadəlik və qüvvət onun nəsrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz “Danabaş kəndinin əhvalatları” povestində, bir silsilə hekayələrində, xüsusən kamil formaya malik olan “Poçt qutusu”, “Kişmiş oyunu” kimi hekayələrində duyuruq. Bax, hekayəni bu cür yazarlar! Komediya, faciə və dram ünsürlərini üzvü şəkildə birləşdirən “Ölülər” pyesi nə qədər gözəl və cazibədardır. İndiki halda Azərbaycan xalqı görkəmli sənətkarı və maarifçisi Cəlil Məmmədquluzadənin vasitəsilə elə bil ki, dünya bədii ədəbiyyatında qazandığı nailiyyətləri yenidən bəşəriyyətə açıb göstərir.”
Cəlil Məmmədquluzadə irsinin estetik dərkində “Ölülər” tragikomediyası, “Anamın kitabı” dramı, “Kamança” pyesi, həmçinin ədibin “Usta Zeynal”, “Qurbanəli bəy”, “Quzu”, “İranda hürriyyət” kimi hekayələri xüsusi dəyərə malikdir.
Cəlil Məmmədquluzadənin Azərbaycan dramaturgiyasına bəxş etdiyi ən dəyərli töhfələrdən biri “Anamın kitabı” pyesidir. Şübhəsiz ki, “Anamın kitabı” Mirzə Cəlil yaradıcılığında, eləcə də söz sənətimizdə azərbaycançılıq ideyasının daha dolğun ifadəsi olmaq baxımından örnək sayılacaq ədəbi nümunələr sırasındadır.
“Anamın kitabı” pyesinə birbaşa müəllif mövqeyindən yanaşan Məmməd Cəfər elmi fikrin diqqətini əsərdə xalq və ziyalı, Vətən və vətəndaş probleminin qoyuluşu və həllinə yönəltmişdir.
Milli ədəbiyyat və jurnalistikamızın “Molla Nəsrəddin”lə başlayan yeni tarixi mərhələsi tənqidi realizmin vüsəti, mətbuatımıza karikaturanın gəlişi, cəmiyyəti tənəzzülə aparan hər cür ictimai nöqsanların tənqidi ilə səciyyələnməkdədir. Bəli, “Molla Nəsrəddin” ədəbiyyatımızda yeni bir məktəb yaratdı və o məktəb özündən sonrakı söz sənətinin inkişaf istiqamətlərini müəyyənləşdirdi. XX əsr boyu Azərbaycan yazarları hansı ədəbi cəbhəni təmsil etmələrinə baxmayaraq məhz mollanəsrəddinçiləri böyük ustad olaraq dəyərləndirdilər. Bütün bu məqamları nəzərə alan görkəmli ədəbiyyatşünas Mir Cəlal jurnalın Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyini belə mənalandırmışdır:”Haqlı olaraq yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin adı ilə “Molla Nəsrəddin dövrü” ədəbiyyatı adlandırırlar. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) – bu adın özü maarifçi demokrat ədəbiyyatımıza sima və sifət verən bir simvol olmuşdur. Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur”.
Şübhəsiz ki, Azərbaycan ədəbiyyatı və jurnalistikası tarixində “Molla Nəsrəddin”in məqamı dəyərləndirilərkən məcmuənin milli yaddaş və təfəkkürümüzə gətirdiyi müqəddəs ideyalar məxsusi nəzərə alınmalıdır. Bu sırada Vətən sevgisinin tərənnümü, həmvətənlərin qəflət yuxusundan oyanışı mollanəsrəddinçiləri daim məşğul edən ideyalardan olmuşdur.
Ümumiyyətlə, Vətənin istiqlaliyyətini, Vətən qardaşlarının hürriyyətini, azadlığını, tərəqqisini özlərinin həyat amalına çevirən mollanəsrəddinçilər insanın mənəvi dünyasında Vətən sevgisindən müqəddəs hiss olmadığını elan edir, eyni sevgi səbəbindən saysız-hesabsız təqiblərə məruz qalır, bununla belə, Vətən qardaşlarının qəlbini müqəddəs məmləkətə məhəbbətlə alovlandırırdılar. Təbii ki, bu sırada ilk vəzifə olaraq “müqəddəs Vətən” məfhumu milli təfəkkürdə gündəmə gətirilirdi.
Əlbəttə, dünyəvi, yaxud dini elmlərin yerinə düşünülmüş şəkildə mövhumatın, cəhalətin, avamlığın, xürafatın gətirildiyi mövcud cəmiyyətdə mollanəsrəddinçilərin Vətən sevgisinin təbliğində öz məqsədlərinə asanlıqla nail olduqlarını söyləmək həqiqətdən uzaqdır. Mənəvi saflıqları ilə öyünüləsi Məmmədhəsən əmilər, Novruzəlilər, Usta Zeynallar pislikdən, paxıllıqdan, xəbislikdən uzaq olduqları qədər də müqəddəs Vətən sevgisindən uzaq salınmışdılar. Bu isə qədim Azərbaycan torpaqlarında Ermənistan adlı uydurma bir dövlətin yaradıldığı bir zamanda daha dəhşətli faciə idi. Bir tərəfdən Vətən sevgisinin nə olduğunu bilməyən azərbaycanlılar ətalət bataqlığına məhkum edilir, digər tərəfdən Vətən torpaqları hissə-hissə mənfur qonşulara bağışlanırdı.
Erməni qədər qəddar düşməni nəzərə almayan müsəlman din nümayəndələri isə azərbaycanlı qardaşlarını yenə də mövhumata, cəhalətə səsləmək peşəsindən əl çəkməmişdilər. Başqa sözlə, Vətən məsələsi ilə bağlı problemin həllində nə qədər böyük çətinliklərin olduğunu “Molla Nəsrəddin” jurnalının 7 iyul 1906-cı il tarixli 14-cü sayında çap edilmiş “Axund ilə keşişin vəzi” felyetonunda Cəlil Məmmədquluzadə ürək ağrısı ilə qələmə alırdı: “Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səslə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” – erməni dilində “vətən” deməkdir).
... Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.
... Molla Qurbanqulu kəndlilərə deyirdi:
– Ağacın altında, suyun qırağına bövl etmək yaxşı deyil; çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz; çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb, gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım.”
Mollanəsrəddinçilərin estetik fəlsəfəsində hürriyyət məsələsinə xüsusi önəm verilir, insan həyatının mənası sadəcə yaşamaqda deyil, hürriyyətlə azad yaşamaqda görülürdü. Bu səbəbdən sözün geniş mənasında hürriyyət ideyası “Molla Nəsrəddin”də xalqın müqəddəs amalı səviyyəsində təbliğ olunmuş, həmçinin zaman, məkan və ictimai şüur səviyyəsi düzgün qiymətləndirilərək hürriyyətin milli təfəkkürdə qərarlaşması sahəsində hələ çox işlərin görülməli olduğu diqqətə çəkilmişdir.
Maraqlıdır ki, “Molla Nəsrəddin”in tənqid güzgüsündə fərq qoyulmadan hürriyyətə düşmən kəsilmiş hər bir təbəqə nümayəndəsinin satira obyektinə çevrildiyini görürük. Prinsipcə, bütün cəmiyyət hürriyyətin düşmənidir: Çerivanski duma seçkilərində hürriyyətpərvərlərin üstünlük əldə edərək müsəlman hüquqlarının müdafiəsində dayanacaqlarından ehtiyatlanır ( “Çerivanski ilə yoldaşının söhbəti”), Səlyan qazısı hökumətə təqdim etdiyi layihədə müsəlman şəriətində hürriyyətin haram olduğunu bildirir ( “Molla Nəsrəddinin teleqramları”, 1906,№ 3), Axıska və Axalkələk bəyləri mitinqdə elmə, maarifə, azadlığa düşmən olmaq qərarına gəlirlər (“Molla Nəsrəddinin teleqramları”, 1906, № 12). Ən dəhşətlisi isə hürriyyət adı ilə cəmiyyətin tərəqqisini istəməyən qüvvələrin bütün mənfur əməllərinə yüksək səviyyədə sərbəstliklər verilmişdir (“İranda hürriyyət”, 1906, № 7, 12).
Satirada klassik şeir şəkillərinin özünəməxsus yer tutması baxımından da Azərbaycan ədəbiyyatı mollanəsrəddinçilərə minnətdardır. Mollanəsrəddinçilərin bu xidməti əski Şərq şeiri formalarının məzmunca yeniləşməsi, hətta bəzi məqamlarda Avropa ədəbiyyatı və mətbuatına inteqrasiyası ilə nəticələnmişdir. Məsələn, Azərbaycan ədəbiyyatında qəzəl formasında parodiya, yaxud müsahibə, eləcə də satirik təxmis məhz “Molla Nəsrəddin”in nailiyyətidir.
İman CƏFƏROV
Naxçıvan Dövlət Universitetinin dosenti



Bu yazı ( 916 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar