12px14px16px18px

Bir il gecikmiş yazı

Musa ƏLƏKBƏRLİ
00:09 / 01.05.2012
Onu tələbəlik illərindən tanıyıram. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə təzəcə qəbul olunmuşdu. Mən artıq həmin vaxtlar universiteti bitirmək üzrəydim, filologiya fakültəsinin IV kursunda oxuyurdum. Şeirlərim dövri mətbuatda dərc olunur, efirdə səslənir, televiziyanın ədəbi-bədii məzmunlu verilişlərində gənc şair kimi çıxış edirdim. Demək olar ki, universitetin müəllim və tələbələri arasında yaxşı tanınırdım. Bir axşam akt zalında təşkil olunmuş bir bayram tədbirində eloğlum, jurnalistika fakültəsinə təzəcə daxil olmuş Nizami Namazov özü kimi ucaboy, gülərüz, xoş simalı bir oğlanla mənə yaxınlaşdı, – ay Musa, bu mənim dostum, tələbə yoldaşım Yaşar Vəliyevdir, – dedi. Borçalı elinin Araplı kəndindəndir. Atası Hidayət müəllim həm gözəl ədəbiyyatşünas, həm də yaxşı rəssamdır. Moskva Dövlət Universitetini əla qiymətlərlə bitirib, Əziz Şərifin tələbəsi olub. Deməyim odur ki, Yaşar ziyalı ailəsindən çıxıb, özü də ziyalı bir oğuldur.
Elə həmin gündən Yaşarla aramızda bir dostluq, ünsiyyət körpüsünün əsası qoyuldu.
Allah Nizamiyə rəhmət eləsin! (Yeri gəlmişkən deyim ki, onun ölüm xəbərini də bu yaxınlarda Yaşar mənə xəbər verdi.)
Universiteti bitirənə qədər onunla tez-tez görüşürdük. Yadımdadır, Yaşar şeirlərini mənə oxuyardı, çəkdiyi dostluq şarjları, karikaturaları xoşuma gələrdi. Yaşar universitetə gələndə orduda xidmət eləmişdi, məktəbdə kitabxanaçı kimi əmək fəaliyyəti göstərmişdi. Həyatın bərkindən, boşundan çıxmış bir gənc idi. Söhbətlərindən hiss edirdim ki, daima axtarışdadır. Publisistik yazıları universitetin çoxtirajlı qəzetində tez-tez dərc olunurdu. Görümlü qələm adamları ilə ünsiyyət tapır, tanış olur, dostluğa, yaxınlığa yol açırdı. Mən 1974-cü ildə universiteti bitirib “Gənclik” nəşriyyatında redaktor kimi işə başladım.
Elə nəşriyyatda işləyərkən də Yaşarla tez-tez görüşür, hal-əhval tutur, dərsləri, imtahanları ilə maraqlanırdım. Yaşar müəllimlərinin sevimlisi idi, əla və yaxşı qiymətlərlə oxuyurdu. Ara-sıra dövri mətbuatda yazıları çap olunurdu. Bir neçə il keçəndən sonra mən artıq onu görmədim. öyrəndim ki, təyinatını doğma Borçalısına alıb. Marneuli rayonuna qayıdıb, orada müxtəlif vəzifələrdə çalışıb. (Öncə Azərbaycan dili və ədəbiyyat müəllimi, “Yeni Marneuli” qəzetində müxbir, şöbə müdiri, rayon icrakomunda təlimatçı, təşkilat şöbəsinin müdiri, rayon perefekturasının təşkilat şöbəsinin müdiri)
Nəhayət, 1994-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Müxtəlif qəzet və jurnallarda baş redaktor müavini, baş redaktor kimi fəaliyyət göstərib. Bu qəzet və jurnalların sırasında “Mübarizə” qəzeti də var, “Borçalı” və “Zəka” jurnalı da. “Supermarket” və “Həftə” qəzetlərini buraya əlavə etsək, Yaşarın bir publisist kimi keçdiyi həyat yoluna nəzər salmış olarıq. Qəzet işi, redaktorluq Yaşarın ən sevdiyi işdir. Hələ orta məktəb illərində o, həmişə divar qəzetləri buraxar, redaktorluq edərdi.
Yaşar bir müddət də Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor işləyib, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat Poliqrafiya birliyində də elmi redaktor kimi fəaliyyət göstərib. O, harada çalışır çalışsın, işində məsuliyyətli olub. Gecəsi-gündüzü olmayıb. Daima öz üzərində özünün ardıcıl nəzarətini qura bilib. Yazılarında reallığa söykənib, təbiilikdən, səmimiyyətdən kənara çıxmayıb.
Azərbaycan Respublikasının Mədəniyyət nazirliyində baş inspektor işləyən Yaşar 2000-ci ilin fevral ayından həmin nazirliyin aylıq elmi, metodiki, publisistik “Mədəni maarif işi” jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilir.
Məhz bu təyinatdan sonra əvvəllər ildə 2-3 dəfə işıq üzü görən “Mədəni maarif işi” jurnalı aylıq dövriyyəyə keçib, tutumu 48 səhifədən 100 səhifəyə çatdırılıb, redaksiya ətrafında səriştəli qələm sahibləri, elm və mədəniyyət xadimləri toplanıb, jurnal Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi elmi nəşrlər siyahısına daxil edilmişdir. Yaşar Vəliyev mədəniyyətimizi bir sıra ölkələrdə təmsil və təbliğ edib.
Onun bir publisist kimi qələmi daim işləyib, yeni-yeni uğurlara imza atıb.
Yaşar Vəliyev 5000-dən artıq məqalənin, 400 karikaturanın və dostluq şarjının müəllifidir. Üç yaradıcı təşkilatın Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Müxtəlif yaradıcılıq müsabiqələrinin qalibi, “Qızıl Qələm”, “Həsən bəy Zərdabi”, “Cəlil Məmmədquluzadə” və digər mükafatların laureatıdır.
Yaşar Vəliyev 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Ədəbi yaradıcılığa lap erkən, on beş-on altı yaşlarından başlayıb.
On yeddi kitabın müəllifi olan Yaşar Vəliyevin qələm nümunələri içərisində bədii dəyəri, yüksək vətəndaşlıq duyğuları ilə seçilələnləri, oxucu ürəyinə yol tapanları daha çoxdur. O gah şair kimi ilhamını səsləyir, gah nasir kimi həyatın, cəmiyyətin qaranlıq nöqtələrinə işıq salmaq istəyir, gah rəssam kimi karikaturalara müraciət edir, kimlərisə güldürür, kimlərəsə ibrət dərsi verir.
Ancaq Yaşar Vəliyevin publisist kimi fəaliyyəti daha görümlüdür. “Mədəni maarif işi” jurnalı onun təşkilatçılığı, təşəbbüsü sayəsində respublikamızda ən çox abunəçisi olan, ən çox oxunan, çox populyar bir jurnala çevrilib. O, bir redaktor kimi xüsusi istedada malikdir. Mədəni həyatımızda baş verən ən ümdə hadisələr, sənət adamlarının imza atdıqları yeni yaradıcılıq uğurları, xarici səfərlərdə Vətənimizin, torpağımızın adına ünvanladıqları alqış çələngləri, elm, bilik mənbəyi olan kitab və kitabxanaların işıqlandırılması, təbliğ olunması onun rəhbərlik etdiyi, imzası ilə respublikamızın bütün bölgələrinə çatdırdığı jurnalın həyat devizidir.
Yaşar Vəliyevin püxtə qələmi, ilhamı, qaynar ürəyi var. O, jurnalın hər nömrəsini sevinc və həyəcanla gözləyir, oxucu rəyinə, mütəxəssis fikrinə hörmətlə yanaşır. Necə deyərlər, daha çox öyrənməyə, daha çox öyrətməyə çalışır. Doğrudan hər bir qəzet, jurnal redaktoru həm də bir müəllim, bir öyrətməndir. Onun keçdiyi dərs daha geniş miqyaslı olur. Yaşar Vəliyev də bu mənada öz jurnalı, öz dərsi ilə öyünə bilər.
Bu sətirlərin müəllifinin də şeirləri və xatirə yazıları həmin jurnalın səhifələrində dəfələrlə işıq üzü görüb, əks-səda doğurub. Onu yaxından tanıyan bir qələm dostu kimi mən Yaşarın müstəsna ədəbi zövqünü, sadə, səmimi, mehriban, istiqanlı təbiətini, dostluqda sədaqətli, ailəcanlı, qayğıkeş, zəhmətsevər, xeyirxah şəxsiyyətini, düzlüyə, təmizliyə söykənən, güclü məsuliyyət hissinə köklənən qələmini yüksək qiymətləndirirəm.
Yuxarıda qeyd etdiyim kimi Yaşar ziyalı ailəsində böyüyüb boya-başa çatıb. Onun atası rəhmətlik Hidayət müəllim bütöv Borçalı mahalının hörmət elədiyi ağır, sanballı kişilərdən olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini əla qiymətlərlə bitirib. Elmi rəhbəri, görkəmli ədəbiyyatşünas alim Əziz Şərif onun istedad və marağını görüb aspiranturada saxlatdırmaq istəsə də, Hidayət müəllim “Borçalıda yolumu gözləyən üç balam var” – deyə razılaşmayıb. Beləcə səkkiz dil bilən ziyalı bütün ömrünü taleyin ona bəxş etdiyi gələcək elmi uğurlardan imtina edərək Borçalıya qayıtmış, müxtəlif məktəblərdə pedoqoji fəaliyyət göstərmiş, altı övladının altısının da savadlı, xeyirxah böyümələrini təmin etmişdir.
Yaşarın ədəbi yaradıcılığa meyli anası Tərlan xanımın söylədiyi nağıllardan, dediyi oxşamalardan, bayatılardan qaynaqlanıb. Onun anasının ölümünə həsr etdiyi bir şeir məni xeyli təsirləndirdi:

Bu dərd yandıracaq məni hər zaman,
Yolunda zəhmətim olmadı, ana.
Bürüyür ömrümü çən, çiskin, duman,
Yolunda zəhmətim olmadı, ana.

Tutqun bir payızı andırır ürək,
Qayğılı, kədərli, pərişan, kövrək.
Yolumda çəksən də nə qədər əmək,
Yolunda zəhmətim olmadı, ana!

Təkrarən xatırladıram ki, Yaşar ailəcanlı, evcanlı adamdır. Sevimli ömür-gün yoldaşı Elmira Həsənqızı da yazıçıdır. Neçə-neçə maraqlı kitabların müəllifi “Dünya-press” qəzetinin təsisçisi və baş redaktorudur. Böyük oğlu Nikbinin toyunda mən də iştirak edirdim. Yaşarın o axşamkı həyəcanı, sevinci məclisdəkilərin hamısına sirayət eləmişdi. Təbrik üçün söz aldım. Onun bir qələm sahibi, bir səmimi insan, nəhayət bir ata kimi özəl məziyyətlərindən danışdım, ürəyi köksünə sığmırdı, xahiş elədi ki, bəy-gəlinin şərəfinə bir məhəbbət şeiri də oxuyum. Şeir məclisdəkilərin sürəkli alqışları ilə müşayiət olundu.
İndi Yaşar baba, Elmira xanım isə nənədir. Üç gözəl nəvələri var. Nihad, Yaşar, Elmira... Böyük nəvələri Nihad dərs əlaçısıdır.
Mən bu yazını bir il öncə – Yaşarın altmış illiyi ərəfəsində yazmalıydım. Təkcə Yaşarın özünə və mənə məlum olan üzrlü səbəbdən bu yazı gecikdi.
Mən qələm dostuma möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni yaradıcılıq uğurları arzulayaraq bu yazımı bitirmək istəyirəm.
Musa ƏLƏKBƏRLİ




Bu yazı ( 148 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar