12px14px16px18px

HƏRƏNİN ÖZ ROMANI

Yusif RZAYEV
07:02 / 28.04.2012
İradə Tuncayın “Yol romanı”nın havasına

“Hansı səmtə gedirsən get – ya Doğuya, ya Batıya, ya Quzeyə, ya Güneyə – çıxdığın hər yolu öz içinə bir səyahət kimi düşün! Öz içinə yolçuluq edən Adam sonunda ərzi dolaşır”.Əlif Şəfəq, Şəms Təbrizinin  40 qaydası, 10-cu qayda


Sevdiyin adamın nömrəsini telefonunun yaddaşından sildinmi heç? Mən sildim – çətin oldu, çox çətin oldu, amma sildim. Barmağım telefonun “sil” düyməsinin üstündə bir xeyli donub qaldı, məni alt-üst eləyən ağrıların bir toxunuşla keçib gedəcəyinə, bir anın içində bütün acıların bitəcəyinə inandım və sildim...
Həm də YOLun bitdiyini düşündüm yəqin...
Amma... “İnsan varsa, yol da var – qısası bu... Yer üzündə yollar BİTMƏZ”.
...Əynindəki bədəni ət parçası kimi hər gün evdən işə, işdən evə daşımaqdan usanmısansa, YOLa çıx! Ömrünü oxuyub bitirməkdə olduğun kitabın son vərəqlərini çevirirmiş kimi yaşayırsansa, YOLa çıx!
Necə ki, mən elədim – “haşiyələri, çərçivələri, sərhədləri sevməyən” cəsur ürəyin qarış-qarış, ev-ev, küçə-küçə qurub-tikdiyi, ruhundan ruh, nəfəsindən nəfəs verdiyi bir ADAya YOLa çıxdım!
Mən gedirəm. İstəsən, sən də gəl. Bu səfər üçün viza almağa, gömrükdən keçməyə, torpaqbasdı ödəməyə gərək yoxdu – yetər ki, ruhun olsun, ürəyin, için olsun!..

lll

İndi özümə də bir xeyli ritorik görünən bu yazı parçası “Yol romanı”nı kitab halında oxuyub bitirəndən bəri ağlımdan çıxmır. Romanı hələ hissə-hissə mətbuatda çap olunanda oxumuşam. Az qala hər cümləsində insan yaşantısının bir rəngi görünən, hər durğu işarəsi kədər, həyəcan, təlatüm ifadə eləyən, bu kədərin, həyəcanın, təlatümün insan ömrünə, özü də sözə bağlı ömrə necə dərin çapıqlar vurduğunun şəklini cızan “Yol romanı”, nə az, nə çox – düz 10 həftə məni mətbuatda ürəyimcə bir yazı tapıb oxumaq əziyyətindən qurtarıb. İndi oturub düşünürəm, necə ki, adam böyük bir acıyla uzun zaman baş-başa qalır, qəlbini didib-parçalayan o acını səssizcə, kirimişcə yaşayır, yaşayır, amma nə illah eləsə də, içini uçurub dağıdan ağrıları söküb ata bilmir və o yükdən azad olmaq ümidiylə sakit, gözdən iraq bir yerə çəkilib var gücüylə, bütün hirsi-hikkəsiylə qışqırıb bağırmaq istəyir – bax, yəqin bu çığırtılı cümlələr də eynən o halın, o gün-saatın şəklidi...
“Yol romanı” İradə Tuncayın oxuduğum nə birinci yazısı, nə də birinci kitabıdı. Onun “Sarı odalar”ı son illər ana dilimizdə yazılan və arabir yenidən qayıtdığım, hansısa hissəsini yenidən oxuduğum beş-üç kitabdan biridi. İradə xanımın səfər yazılarından, yol qeydlərindən də xəbərdaram. “Yol romanı”nı oxuyanda yadıma ilk düşən də elə onun xeyli əvvəl Şimali Kiprə – Kıbrısa səfərdən sonra yazılan “Sevgi adası” yazısı oldu. Nədənsə mənə elə gəldi ki, gözəllik və məhəbbət ilahəsi Afroditanın adasından yazılmış “Sevgi adası” “Yol romanı”nı yazmağı düşünən müəllif üçün bir hazırlıqdı, məşqdi.
Bir baxın: “Ay Allah, bıqdım-usandım bu nifrət vulkanı, qəzəb fırtınası, kin-küdurət selindən... Bezdim havası kurşun kimi ağır, bu tozlu şəhərin palçıqlı göz yaşlarından...”.
Bu da “Yol romanı”: “...Deməli belə – yola çıxırıq – hardan hara gedəcəyik? İlk olaraq bizim Biləsuvardan İran Biləsuvarına, İrandan Naxçıvana, Naxçıvandan Türkiyəyə, Türkiyədən Gürcüstana və sonra evə...”.
Beləcə, “YOL” başlayır. “Başına örtdüyü yaylıqdan, əyninə keçirdiyi qara plaşdan tıncıxıb da... hicri ilə miladi tarix arasındakı fərqin bariz göründüyü... minillik dövlətin – İranın... fəqir, miskin görüntülü şəhər və qəsəbələrini..., kasıb, fəqir, məhzun görkəmli adamlarını..., qapanmış qadınlarını...” görüb təəssüflənəndə də, “hamıya, hətta Məmməd Araza da eyni gözlə baxan” Naxçıvanda, ata yurdunda – “qapısı bağlı evin” həyətində torpağa çöküb göz yaşlarını saxlaya bilməyəndə də, Türkiyə sərhədini keçib “çirkli, pinti, qarmaqarışıq şəhərdə” – İqdırda “Soyqırımı muzeyi”ndə “zülmlə öldürülən insan şəkillərinə” baxmağa özündə güc tapmayanda da, nəhayət, İqdır-Qars yolunda bütün bu təbəddülatlardan, təlatümlü düşüncələrdən yaxa qurtarıb “yaşam haqqında düşünməyə” çalışanda da “ağrı istəməyən” “YOL” sahibinin hamıdan və hər kəsdən qaçıb hüzur tapmaq təşnəsini öz yaşantın kimi anlayırsan və ona haqq qazandırırsan...
İstər-istəməz bu yerdə Nobel ödülçüsü (Bu ifadəyə “Yol romanı”nda da çox rast gəlirik) Orxan Pamukun “Nədən yazırsınız” sualına cavabını xatırlayıram: “Hamınıza, hər kəsə çox-çox qızdığım üçün yazıram... Hamınıza, hər kəsə nədən o qədər çox-çox qızdığımı, bəlkə, anlaram deyə yazıram...”.
Bu “YOL”un sahibi də “nifrət vulkanı, qəzəb fırtınası, kin-küdurət selindən” bezib-usandığından səfərə çıxıb... və bəlkə, o da HAMIYA, HƏR KƏSƏ QIZDIĞI ÜÇÜN yazıb bu Romanı...
“...Anamı ağlatdı bu Roman mənim. Çox danışdım özümlə... Uşaqlığımgilə dəydim, oyuncaqlarımgilə dəydim. Bəzən gizlətdim özümü, bəzən bütün çılpaqlığı ilə baxdım özümə... Yol getdim, neçə sərhəddən keçdim, ötəri də olsa, baxdım... Nəyə baxdığımı gözlərim gördü. Qəlbimin gördüyünü saxladım. Qırxıncı otaq qapalı qalmalıdı”, – bunu lap sonda deyəcək “YOL” sahibi. Amma hələ 40-cı otağa qədər neçə qapı var...
Xronoloji ardıcıllığa qalsa, gərək Qarsda çox dayanam – romanın əsas hissəsi elə Qarsla bağlıdı, axı. Amma gəlin buradakı görüşlər, tarixi abidələrə ekskurs, müəllifin həm tarixi, həm də çağdaş proseslərə fərqli və əhatəli fikirlərinə bilərəkdən toxunmayıb kitabın potensial oxucularını bir qədər intizarda saxlayaq.
İndi isə bir az Belinskivari (bəs nə bilmişdiniz!) gəzişmələr edib diqqəti romanın janr xüsusiyyətinə yönəltsək, necə olar? Janr xüsusiyyəti deyəndə, sadəcə, romanda publisistika ilə proza arasında sərhədin itdiyi məqamı nəzərdə tuturam. Yol qeydləri, səfər təəssüratları, adətən, publisistika janrında yazılır: qəhrəmanlar real, hadisələr gerçək – başqa necə olmalıdı ki? Amma...
“...Görürəm ki, nəsə çatışmır romanımda. Qırmızı xətt yoxdu. Hər romanın qırmızı xəttini cizən isə sevgidi... Sevgi olmayan romanlar oxunmur. Müəllif kimi bunu nəzərə almalıyam mütləq...”.
Bu da düzdü – “Yol” sahibinə haqq verməyə bilmirsən: “... mənim romanım klassik roman anlayışına uyğun gələcək konumda deyil. Qəhrəmanlar həddən artıq real, həddən artıq tanınmış insanlardı. Açıq-açığına belə mövzuya konu olmaqdan imtina edəcəklər”.
Publisistika ilə proza arasında sərhədin itdiyi məqam da elə budu. Bayaqdan bütün qəhrəmanlar real adamlar idisə, artıq irreal qəhrəmanlar da görünür: İstək aynasına baxan qızcığaz, “Kədərli, iztirablı gözləriylə diqqəti çəkən biri”, Şimşək qadın...
...Romanın QIRMIZI XƏTTində bir fikir məni daha çox özünə çəkir: “Bütün böyük aşqlar 40-dan sonra yaşanır”. Və deyəsən, bu yazının lap əvvəlindəki o ritorik cümlələri nədən yazdığım özümə də indi-indi aydın olur – daxili kimya məsələsi. Romanda da var, “bu həm də fiziki-kimyəvi hadisədi”: belə çıxır ki, o cümlələri o andakı əhvalımın daxili kimyası diktə eləyib mənə. Olsun!
Bu isə romandandı – Əlif Şəfəqdən AŞK çələngidi: “...Aşkı aramadığımız yalan. Arıyoruz – kəndimizcə, kadrimizcə, nice zaman beceriksizce, ama arıyoruz işte. Doğru, aramakla bulunmazmış Aşk, ama bulanlar da arayanlardan çıkarmış ancaq...”.
İndi baxıram, romanı oxuyanda, yəqin elə QIRMIZI XƏTTdə tələm-tələsik elədiyim bir qeyd dəyir gözümə: “Yol romanı”nı həm də ona görə oxumaq lazımdı ki... Ola bilsin, neçə vaxtdı bədəninin harasındasa ürəyin olduğunu unutmusan, indi onu yada salmaq, dinləmək istəyirsən – bax, “Yol romanı”nı oxumaq həm də buna görə lazımdı.
Yenə romana qayıdaq – Orxan Pamukdan KAR çələngi: “Canım, Sənin nəyin var?” KA daha sonrakı yıllarda bu soruyu soruşundakı yumşaklığı tatlılığı binlerce dafa hatırlayacaqdı. Aklındakı bütün endişeleri, terkedilme korkusunu, gözünün önündən keçirdiyi en korkunc sahneleri İpeye tek-tek anlatdı. “Aşk acısından peşinen bu kadar korkduğuna göre bir kadın sana çok acı çekdirmiş olmalı”. Bir az acı çəkdim, ama senin bana çekdire bileceyin acı şimdiden korkutuyor... Sana çok fena aşık oldum ve acı çekiyorum” – dedi KA”.
“YOL”un irreal qəhrəmanı, İstək aynasına baxan qızcığaz – bizdən yüz il sonra yaşayan qadın da acı çəkir. O da hüzur axtarır, “min işıq ili ötədə” “kədərli, iztirablı gözləriylə diqqəti çəkən biri” ilə qarşılaşır və inanırsan ki, dünya nə qədər dəyişsə də, texnologiyalar nə qədər sürətlə inkişaf eləsə də, içi, ruhu olan insan övladı uzun illər sonra da ilahi duyğuların əsiri olacaq – indiki kimi isti, indiki kimi kövrək duyğuların...
“Belə olsunmu? – məsələn, yüz il sonra bir qızcığaz istəklərinin aynasına baxır və orada kədərli, iztirablı gözləriylə diqqəti çəkən birini görür... Min işıq ili ötədə... Min işıq ili, nə olsun? Barmaqları titrəyə-titrəyə düyməyə toxunur və həmin an istək aynasında həmin gözləri görür – danışan gözləri:
– Sən gəldinmi?
– Mən gəldim...
... – Gəldin, odam işıqlandı, isindi...
– Oralar soyuqdu? Sizin dünya Günəşdən uzaqdı?
– İnsan azdı burda...
– Burda da azdı, neçə milyard canlı var, insan azdı. Doğub törəyirlər, artırlar, amma sevə bilmirlər...”.
Yüz il sonrakı qadının – istək aynasına baxan qızcığazın da yaşadığı dünyada insan azdı, milyardlarla canlı var, amma insan azdı...
Bəs, bizim dünyamız necə, ürəyincə olardımı o qızcığazın? Bəlkə, özündən öyrənək? Niyə də olmasın – bir halda ki, bir düyməyə toxunmaqla min işıq ili ötəyə getmək mümkündü, yüz il geriyə qayıtmaq nədi ki?...
...Yüz il sonrada yaşayan bir qızcığaz istəklərinin aynasına baxır və orada “gözlərindən daxili gərginliyi, hisslərinin gücü” bilinən Şimşək qadını görür. Yüz il əvvəldə... Barmaqları titrəyə-titrəyə düyməyə toxunur və istək aynasında həmin gözləri görür:
– Xoş gördük, Şimşək qadın!
– Xoş gördük, canım-gözüm!
– Sənin ev-ev, küçə-küçə qurub-tikdiyin ADAnı gəzib-dolaşdım, hüzur tapdım. Amma niyə bağçanı yabançı güllərlə bəzədin – KAR, AŞK çiçəkləri əkdin? Sənin öz çiçəklərin daha gözəl ola bilərdi, axı.
– Bizim yerlərin havası çox çirklidi, lap çox, canım-gözüm, göyü də hisə bulaşıb bu yerlərin. Bilirəm, mənim çiçəklərim daha gözəl görünərdi, amma o çiçəklər bu havada açmazdı. İnanıram ki, zaman gələcək, mənim kimi düşünənlər əkib-böyüdəcəklər o çiçəkləri. Bax, o qırxıncı qapını da onlar açacaqlar, mütləq açacaqlar. Mən onlara YOL göstərdim, YOL açdım. Mən açdığım YOLun yolçularına inanıram...
–...

lll

...YOLa çıx!
Əynindəki bədəni ət parçası kimi hər gün evdən işə, işdən evə daşımaqdan usanmısansa, YOLa çıx!
Ömrünü oxuyub bitirməkdə olduğun kitabın son vərəqlərini çevirirmiş kimi yaşayırsansa, YOLa çıx!
“Hansı səmtə gedirsən get – ya Doğuya, ya Batıya, ya Quzeyə, ya Güneyə – çıxdığın hər yolu öz içinə bir səyahət kimi düşün! Öz içinə yolçuluq edən Adam sonunda ərzi dolaşır”.

lll

– Şimşək qadın, nağılımı bəyəndinmi?
– ...
– Deyəsən, bəyənmədin. Onda, bəlkə, təzədən başlayım?..
... Sevdiyin adamın nömrəsini telefonunun yaddaşından sildinmi heç? Mən sildim – çətin oldu, çox çətin oldu, amma sildim. Barmağım telefonun “sil” düyməsinin üstündə bir xeyli donub qaldı, məni alt-üst eləyən ağrıların bir toxunuşla keçib gedəcəyinə, bir anın içində bütün acıların bitəcəyinə inandım və sildim...
– Burda dayan, deyirsən nömrəsini telefondan sildin, bəs onun özünü necə, yaddaşından silə bildinmi? Yəni bitdimi?
– Yox, bitmədi...
– Bax, görürsənmi? Demişdim axı... BİTMƏZ!..
Yusif RZAYEV


Bu yazı ( 418 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar