12px14px16px18px

Atam deyərdi ki...

İsfəndiyar VahabzadƏ

...VƏ YAXUD BİR ŞEİRİN YAZILMA TARİXÇƏSİ

06:58 / 28.04.2012
(Əvvəli ötən şənbə sayımızda)


“Həyat səni güldürəndə, gülmüsən,
Hünərin var, ağladanda gül görüm”.
Bəxtiyar Vahabzadə

Az bir müddətdən sonra atam mənə İrana zəng etdi. O dövrlərdə hətta ayda bir dəfə, iki aydan bir, xarici ölkələrə zəng etmək belə olduqca müşkül bir məsələ idi. Həftələrlə növbəyə durmaq lazım gəlirdi. Bəli... Atam məsələdən xəbər tutmuşdu. Onsuz da bilirdim ki, atam gec-tez bu məsələdən agah olasıdır. Yəni bu qızla görüşməyimi biləsidir. Çünki heç elə bir şey ola bilməz ki, o mənim barəmdə, atacağım addımlardan xəbərdar olmasın. Bu mümkün olası məsələ deyildi. Çünki bilirdim ki, onun dini, imanı mənəm. Elə o da mənim.
Amma kimdən? Necə? Və hansı əlavələrlə bundan, bu məsələdən xəbər tutmuşdusa məlum deyildi. Səsi telefonda çox əsəbi idi. Elə ilk sözü telefondaca:
– Ay nə bilim... filan, filan. Ay nə bilim nə... nə... birdə nə... Ay səni... Əlqərəz daş dövründən bu günə qədər dünyada nə qədər milli və dini məsələlər olubsa və bu gün də milli məsələlərdən hər nə baş verirsə, lap belə mənim beş-altı yaşım olandan bu günə qədər məni qarşısında oturdub itən millətlərdən, unudulmuş dillərdən, məhkum xalqlardan nələr danışmışdısa, yenidən telefonda hamısını bir-bir mənə xatırlatmağa başladı. O danışdıqca, mən də qəsdən tez-tez öskürürdüm ki, onun səsini batırım. Çünki bilirdim ki, xəttin o biri başında bizə diqqətlə qulaq asırlar. O dövrlərdə kimliyindən və nəçiliyindən asılı olmayaraq, hər hansı bir xarici ölkə ilə olan telefon danışıqlarına qulaq asırdılar.
Onsuz da qulaq asanlar söhbətin nədən getdiyini başa düşmüşdülər. Bu məlum məsələ idi. Mən isə çalışırdım ki, danışığımız lap elə də tam təfərrüatı ilə anlaşılmasın, elə də çox dərindən aydın olmasın, həm də hiss edirdim ki, danışığımız tez-tez kəsilir, kəsik-kəsik siqnallarla əvəz olunurdu. Çünki xəttin digər tərəfində Moskva da bizim danışığımıza qulaq asırdı. Yəqin elə ona görə də Bakıda bizim danışığımıza qulaq asan öz təhlükəsizlik orqanlarımızın əməkdaşları atamı qorumaq xatirinə Moskvada da bizə qulaq asanların hər şeyi tam təfərrüatı ilə anlamamaları üçün qəsdən tez-tez xətti pozurdular.
Bundan daha da əsəbiləşən atam telefonda onları da təhqir etməyi unutmadı.
– Sovet, evin yıxılsın. Ə... alçaq uşaqları, qoyun bir adam kimi danışaq da... Nə istəyirsiniz bizdən. Niyə qoymursunuz danışaq.
Ümumiyyətlə atam telefonda kimlə danışmağından asılı olmayaraq, heç nəyə fikir vermirdi. Heç nəyi qətiyyən vecinə belə almazdı. Çingiz Aytmatovla, Oljas Süleymenovla, “İzvestiya” qəzetinin redaktoru (atamın yaxın dostu idi) Kornilovla, tərcüməçi, şair, türkoloq İqor Peçenevlə, digər rus tərcüməçi şairlər ilə, Əhməd Şmide ilə, Mirzə Xəzərlə, lap belə Türkiyə ilə, Alp Arslan Türkeşlə, türk şairləri ilə, daha nə bilim kimlərlə... ən çox da yaxın dostu Yevgeni Yevtuşenko ilə tez-tez danışardılar. Yevtuşenko ilə saatlarla telefonda danışar, hər ikisi də heç nəyə əhəmiyyət vermədən sovet quruluşunu lənətləyərdi. Yevtuşenko tez-tez atama deyərdi: “Baxtiər, tı qenialnıy poet... za eto ya tebə oçen löblö... Hə... kiçik xalqın nümayəndəsi olub və sizi vaxtı ilə işğal etdiyimizə və indiyə kimi bu işğalda saxlamağımıza görə səndən utanıram. Bizə nifrət etdiyinə görə isə, sənin başını kəsərəm, heç uf da demərəm. Amma neyləyim ki sənə vurğunam, poeziyanın dəlisiyəm. Həm də bu sistemə, bu sovet quruluşuna məndən də çox nifrət etdiyinə görə qarşında səcdə edirəm”. Atam da deyərdi: “Jenya, bizi işğal etdiyinizə, bizi məhkum etdiyinizə görə sən də o hakim xalqın nümayəndəsi olduğuna görə, sənin qanını içərəm, heç uf da demərəm. Amma özünüz qurduğunuz bu sistemə sən də elə mənim qədər nifrət edirsənsə, sənin qarşında baş əyirəm. Amma sənə düşmənəm. Neyləyim ki, sənin poeziyana vurğunam, sən məni dəli etmisən”. Atamın poeziyasının dəli kimi vurğunu olan Rimma Kazakova isə deyərdi: “Mən isə sizin hər ikinizi qatı millətçi olduğunuza görə öldürərdim, sonra da başınız üstündə ağlayardım ki, iki nəfər dahini itirdim”. Hər üçü gülüşərdi.
Bakıdakı dostları atama dəfələrlə deyərdilər ki, Yevgeni Yevtuşenko da, İqor Peçenev də, Rimma Kazakova da, Kornilov da özlərininkidirlər, rusdular, onlara hər şeyi keçərlər, sənə isə keçməzlər. Ehtiyatlı ol. Danışığına fikir ver. Vallah səni aradan elə götürərlər ki... İş bu idi ki, elə atama da hər şeyi keçirdilər, ona da göz yumurdular. O dövrlərdə respublikamıza rəhbərlik edən Ümummilli Liderimiz, mərhum prezidentimiz Heydər Əliyev atamı Moskva hücumlarından, KQB təhdidlərindən qoruyurdu. Həmişə qoruyurdu.
Hə... Atam telefonda mənə deyirdi ki, dini məsələləri deyə bilmərəm, çünki bilirəm ki, o qədər də dindar adam deyilsən, amma türkçülükdə, milli məsələlərdə mən həmişə elə bilirdim ki, sən məndən də artıqsan. Çünki səninlə xüsusi məşğul olmuşam. Səni mən ayıltmışam. Gözlərini mən açmışam. Hələ lap uşaq ikən, sənin cızdağını yandırmışam. Səni alovlandırmışam. Od tutub yanmağını görüb, səninlə fəxr etmişəm, səni belə bir milli ruhda böyütməyimlə qürur hissi keçirmişəm. Bəs indi bu nədir belə? Hiss etdim ki, atam get-gedə kövrəlir. Sən nə edirsən, ay gözümün nuru? Bu mənim sənə verdiyim dərslərin cavabıdır?
Əstəğfürullah. Axı bu mənasız, əsası olmayan məlumatı atama kim deyib? Axı dünya dağılsa da bu ola bilməz. Məgər atam məni tanımır? Bilmir ki, hansı hava ilə nəfəs alıram. Bəlkə atam fikirləşir ki üç ildir ki Bakıdan uzaqlaşmışam artıq onun təsirindən də çıxmışam. Və onun mənə vaxtı ilə verdiyi dərsləri artıq köhnəlmiş sayıram.
Atamın bütün bu təşəkkürlü, tərifli və qiymətli təhqirlərinə mən ancaq gülə-gülə bircə kəlmə söz dedim:
– Ay ata, sən nahaq yerə əsəbiləşirsən. Çünki belə bir məsələ yoxdur. Ola da bilməz. Özün bir fikirləş. Sənin mənə o 22 illik millətçilik dərslərindən sonra belə bir iş tuta bilərəmmi? Çox sağ ol ki, mənə inanmırsan. Açıq danışıram. Mən burada çox şey edə bilərəm. Amma sənin dediyin o məsələ isə dünya dağılsa belə ola bilməz. İndi bilmirəm atam mənə deyənlərə inandı ya yox? Amma səsindən hiss etdim ki, deyəsən bir az sakitləşdi.
(Sonralar tamam təsadüfən öyrənib bildim ki, bu Olya məsələsini atama mərhum yazıçımız Bayram Bayramovun bu dünyadan vaxtsız getmiş böyük oğlu Fəxrəddin deyib. Biz vaxtı ilə digər yazımda yazdığım kimi o məşhur, o müqəddəs yazıçılar binasında yaşayırdıq. Qonşu idik. Sonralar eyni fakültədə oxuduq, daha sonra eyni vaxtda İranda, amma başqa-başqa nazirliklərdə tərcüməçi işlədik. Tez-tez Tehranda görüşürdük. Mən bunu Fəxrəddindən soruşanda, o mənə:
– İstəmədim ki sənin kimi bir dostumu itirim, demişdi.
Heyf Fəxrəddindən. Yaxşı oğlan idi. Mərd, cəsarətli, sözü üzə deyən).
Bir müddətdən sonra ürəyi dözməyən atam Eldarla da mənə bir məktub göndərdi. Eh... İndi də yadıma düşəndə gözlərim dolur, kövrəlirəm. Çünki Eldar da yoxdur artıq bu dünyada. Vaxtsız köçmüşdür bu dünyadan. Eldar mərhum şairimiz Əhməd Cəlilin yeganə oğlu idi. Olduqca tərbiyəli, qızdan da həyalı bir oğlan idi. Eldarla da biz eyni həyətdə, o dediyim məşhur yazıçılar binasında qonşu olmuşuq, bir həyətdə oynayıb, böyüyüb, dostluq etmişik. Bir yerdə şərqşünaslıq fakültəsində oxumuş, elə bir yerdə də uzun müddət İranda işləmişik. Atam bu xəbəri eşidəndə Eldar beş-on günlüyə Bakıda məzuniyyətdə idi. Bizə gedib atamla görüşmüş, atam da bu məktubu ona vermişdi ki mənə çatdırsın.
(Bu bəlkə də atamın ömür boyu elədiyi yeganə düşünülmüş, ehtiyatlı hərəkəti idi. Düşünürəm ki, yaxşı, əgər Eldar o zaman heç Bakıda olmasaydı, yəqin ki, atam bu məktubu heç nəyə əhəmiyyət vermədən adi poçt vasitəsi ilə göndərəcəkdi. Sözsüz ki, məktub da yolda açılıb oxunacaqdı. Və ondan sonra məni nələrin gözlədiyini Allah bilir. Atam isə dünyasında belə məsələlərə əhəmiyyət verib eləyən deyildi. Amma mənə isə hər dəfə tapşırardı ki, “Ay oğul, ehtiyatlı ol. Danışığına, dediklərinə fikir ver, dönə-dönə fikir ver, ehtiyatsızlıq eləmə)”.
Hə... indi Eldar da bu dünyada yoxdur. Çoxdan dünyasını dəyişib. Hərdən xəyalən o köhnə, ötən günlərimə qayıdanda düşünürəm ki, ay aman... bizim dostlarımızın, yaşıdlar nəslinin yarpaq tökümü nə yaman tez başladı və nə yaman tez də bitdi. Ömrümüzün yaş həddinin payız fəsli həyatımıza yenicə qədəm qoymağa başlayan kimi, hamınız bir-bir tökülməyə başladıq. İndi bizim üçün payızın orta ayı hələ bəlkə də ilk ayı olmalı idi. Amma ki o həyətdə, o keçmiş sakinlərin övladlarından, can deyib, can eşitdiyimiz o uşaqlardan, ömrün payız fəslində 3 ya 4 nəfər sağ qalmışıq. Yəqin ki bu 3 – 4 nəfər də heç qışa qalmaz, tökülər. Böyük bir qurumuş ağacın başında cəmisi 3–4 qurumuş, vaxtından çox-çox əvvəl xəzələ dönmüş yarpaqlar hə... o yarpaqlar da bizik, sağ qalmışıq. Mətləbdən uzaq düşdük deyəsən.
Atam məktubunda yazırdı:
“Mən ömründə iki məsələyə qarışan deyiləm. Biri sənət, peşə seçməkdə, ikincisi ailə həyatı qurmaqda. Sözsüz ki mən hər iki məsələdə ancaq məsləhət verə bilərəm. Müəyyən qədər yol göstərə bilərəm. Ancaq məsləhət səviyyəsindən kənara çıxa bilmərəm. Əsas məsələ sənin özündən asılıdır. Seçimi sən özün eləməlisən. Sən indi pis-yaxşı öz sənətini özün seçmisən, yolunu müəyyənləşdirmisən. Hərçəndi mən sənin həkim olmağını arzulayırdım, səni cərrah görmək istəyirdim. Sən mənə qulaq asmadın, mən də təkid etmədim. Vaxtı ilə mənim valideynlərim də məni həkim görmək istəyirdilər. Mən də onlara qulaq asıb tibb institutuna daxil oldum. Bir müddət orada oxudum. Amma çox tez də başa düşdüm ki, tibb institutu mənim yerim deyil. (Atam həqiqətən də bir müddət tibb institutunda oxumuş, kəsirləri olmuş, imtahanları verə bilməmiş və təhsilini dəyişdirmişdi) həmişə də zarafatla deyərdi ki, yaxşı ki həkim olmamışam. Yoxsa ən hörmətsiz, ən bezdarnıy (elə belə də deyərdi) bir həkim olardım. Hə... indi özün bilərsən. Sənətini özün seçmisən. Çünki bu həyatı sən yaşamalısan. Bu həyat sənin özününküdür. Əlbəttə seçdiyin sənətdə pis deyil. Bir şərtlə ki bütün bacarığını millətinə, xalqına sərf edəsən (Rəhmətlik kişi ömür boyu elə millət dedi, vətən dedi). Əgər belə olmazsan, seçdiyin sənətin bir qəpiklik xeyri yoxdur. Hər bir işdə, hər bir məsələdə, hər bir atdığın addımda birinci mənsub olduğun millətini düşünməlisən.
İndi maşallah ağlı başında olan cavan oğlansan. Gələcək həyatın haqqında özün düşünməlisən”.
Mən indi bilmirəm bu deyilənlər nə qədər həqiqətdir. Əgər həqiqətən də bu belədirsə, deyilənlər düzdürsə, onda mənə nə qədər ağır da olsa, çətin də olsa deməliyəm ki səndən bir oğul kimi imtina edirəm. Və səni öz familiyamdan çıxardıram. Çünki belə olacağı təqdirdə sənin mənim familiyamı daşımağa haqqın yoxdur. Və bir də mənə heç zaman ata demə. Ay oğul:

– “Tacirlərimiz Sonyalara bənd
olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin
İlahi...”

Məktubundan da hiss edirdim əvvəli təmkinlə və sakit yazılmış, cümlələr onun tam xasiyyətinə uyğun olaraq get-gedə hiddətlənir, sanki sözlər də əsəbiləşirdi. Hiss olunurdu ki hövsələsi get-gedə daralır. Atam yazırdı: – Ə... burada rus az idi ki, birini də sən dalına salıb özünlə bura gətirmək istəyirsən? Ay bala, öz qızlarımıza nə gəlib. Yadında qalsın: sən türksən, yeddi arxa dönəninə qədər təmiz qanlı türksən. Türk kimi də qalmalı, yaşamalı, ölməlisən. Bu təmiz qana başqa qan qatma. Sənin buna ixtiyarın yoxdur. Bəlkə o qızın dədəsinin vəzifəsi sənin gözünü qamaşdırıb. Onu-bunu deyə bilmərəm axı sən belə deyildin. Heç bir vaxtda belə olmamısan. (Ay ata, məni başqaları ilə bir tutma. Kim, kim? Məəən? Xəyalın başqalarına getməsin. Mən digərləri kimi hesabla evlənənlərdən deyiləm. Bu sözü sən başqalarına deyə bilərsən bircə mənə yox).
Yox əgər bu deyilənlər doğru deyilsə. Hə... onda çox gözəl. Bəsdi daha. Yığış gəl evinə. Yetər daha. Yadında qalsın, bu dünyanın ən gözəl yeri vətəndir. Həm də sənin artıq evlənmək vaxtındır. Yaxşı ay oğul... hm... Bəs burda gəzib, görüşdüyün o qız necə olsun? Yəqin ki, onunla da məktublaşırsan. Əlbəttə, dediyim kimi bu sənin öz işindir. Bəs ona nə deyəcəksən? Amma artıq gəzməyin də, görüşməyin də bir əndazəsi olmalıdır. (Atamın bu məktubu mənə məsləki qarşısında səcdə etdiyim Hüseyn Nihal Adsızın vaxtı ilə oğlu Yağmura yazdığı məktubu xatırladırdı. Amma o məktub rus tədqiqatçıları V.A. Qardilovski, L.Alkayeva və V.S. Qarbuzov tərəfindən çox pis təhrif olunmuşdur. Hər iki məktubun müqayisəsi barədə yazacağam. Amma bu bizim indiki mövzuya aid deyildir).
Məktubda oxuduqlarıma inana bilmədim. Ay Aman... Atam bəs mənim Bakıda gizlində görüşdüyüm o qız məsələsini haradan bilir? Bunu ki mən hamıdan gizlin saxlayırdım. Bəs bunu ona kim çatdırıb. Əlbəttə, çox axmaq sualdır. Onun gözündən uzaq bir yerdə, İrandakı məsələdən az bir vaxtda xəbər tutubsa, demək dizinin dibində olduğum vaxt Bakıdakı məsələdən daha tez xəbər tuta bilər. Burada təəccüblənməli nə var ki... Otağıma çəkilib məktubun ardını oxumağa başladım. Məktubu oxuduqca olub keçənlər kino lenti kimi bir-bir kadr-bakadr gözlərimin önündən gəlib keçməyə başladı. Ay aman... illər nə yaman tez ötürmüş, heç bir anını belə tutub saxlamaq mümkün deyil. Əlbəttə atam mənə aid olan hər bir məsələni bilir, özü də çox gözəl bilir. Bunu ondan gizlətmək mümkün deyil. Dünənki xatirələrə daldıqca bütün başqa eşq-məhəbbət macəralarım da yadıma düşdükcə istər-istəməz dodaqlarım qaçırdı, gülümsəyirdim və eyni zamanda kədərlənirdim də... Gülümsəyirdim ona görə ki, ötüb keçmiş olduqca şirin xatirələr yadıma düşürdü. Həyatımın hər incə detalları belə gözlərimin önünə gəlirdi. Gözlərim önündən keçirdi. Kədərlənirdim ona görə ki, bu ötüb keçən günləri mən bir də yaşamayacağam. Əlbəttə, hələ 25 yaşım var idi. Bilirdim ki hələ bundan sonra çox belə dadlı, şirin günlərim olacaq. Hələ çox belə günlər yaşayacağam, 25 yaş nədir ki... Amma hər ötən gün bir xatirədir axı... Həm də ona görə kədərlənirdim ki, vaxtı ilə atamın mənə nə dediklərini daha doğrusu nə demək istədiyini başa düşməmişdim. Axı niyə? Hər şey ki açıq-aydın idi. Bəlkə qəsdən başa düşmək istəmirdim.

lll

1976-ci ilin qarlı-çovğunlu qışı idi. 5-ci kursda oxuyurdum. Qış semestr imtahanlarına hazırlaşırdım. O zamanlar biz Hüsü Hacıyev küçəsində yazıçılar binasında yaşayırdıq. Atamın iş otağı ilə mətbəx üzbəüz idi. Yəni ortada kiçik bir dəhliz var idi. Mən mətbəxdə oturub sabahkı imtahanıma hazırlaşırdım. Atam da öz iş otağında oturub işləyir, nəsə yazırdı, qapısı da bir az aralı idi. Gecə saat bir olardı. Evdə hamı yatmışdı. O zamanlar mən bizim fakültədə, məndən bir kurs aşağıda oxuyan tanınmış bir adamın qızı ilə görüşürdüm. Yox... demirəm ki, dərdindən dəli-divanə idim. Yox. Nə bilim... Amma o vaxtlar nədənsə mənə elə gəlirdi ki sevirdim o qızı. İndi isə zaman keçdikcə və hərdən də yadıma o illər düşdükcə və hər hansı bir tanış hadisədən keçmiş anların qırıq-qırıq epizodları xoş bir meh kimi yaddaşıma qayıtdıqca, başa düşürəm ki, bu sevgi-zad deyildi. Yox qətiyyən yox. Ümumiyyətlə bu öz-özlüyündə heç nə deyildi. Sadəcə olaraq bu qıza qarşı olan bir maraq idi. Adi bir maraq. Hər gün dərsdən sonra demək olar ki biz bir yerdə olardıq. Lap o türk mahnısında olan kimi:

Gənclik başımda duman
İlk aşqım, ilk heyecan.

Amma o mənim ilk eşqim-zadım deyildi.
O dövrlərdə nə indiki kimi diskotekalar var idi, nə də ki barlar. Restoranlarda ki Allah göstərməsin bir gündə olardı ki... Adamın ürəyi bulanırdı. Həm də mənim tələbə təqaüdümlə, atamdan aldığım gündəlik pulla, görüşdüyüm qızla nəinki hər gün, heç ayda bir dəfə belə restorana getmək olmazdı. Yox... Dost-tanışla tez-tez alman hesabı ilə restoranlara gedirdik. Belə-belə işlərimiz olurdu. Başqa işlərimiz də olurdu. Amma daha qızla... gülməlidir. Özü də o dediyim restoranlar tək-tük idi. İndiki kimi hər addımbaşı yox idi. Bizim isə gedəcəyimiz yerlər hərdən bir yüngülvarı kafelər, kinoteatrlar, park, bulvar idi. Belə yerlərdə adamların seyrək olan tərəflərində görüşərdik ki, bizi çox da elə görüb tanıyan olmasın. Başqa elə bir yerlərimiz yox idi. Hə...
Atamın məşğul olmasını, bütün fikrinin yazı masasında olduğunu görüb, mənə fikir verə bilməyəcəyindən arxayın olub telefonu götürüb görüşdüyüm həmin qıza zəng etdim. Xəttin o biri başında qız dərhal dəstəyi götürdü. Çünki gözləyirdi. Əvvəlcədən danışmışdıq ki, saat birlə ikinin yarısı arası ona zəng edim. Çünki o da yatmırdı. Birisigünkü imtahanına hazırlaşırdı. Pıçıltı ilə danışmağa başladıq. Nəyəsə astadan boğuq-boğuq gülürdük. Söhbətimiz çox uzandı. Sonra bilmirəm nə oldusa, necə oldusa o şirin söhbətimiz mübahisəyə çevrildi. Birini mən dedim, birini o. Pıçıltımız əvvəlcə adi danışıq tonu ilə əvəz olundu. Sonra isə get-gedə yüksəlməyə başladı. Səsimiz gah yüksəlir, gah da aşağı düşürdü, hərdən yenə də pıçıltı ilə əvəz olunurdu. İndi yadımda deyil mən ondan nəsə tələb edir, təkidlə soruşur, o da mənə nəsə izah etməyə çalışırdı. Və mən birdən nə dedimsə heç gözləmədiyim halda qız sözümü ağzımdaca kəsərkən dəstəyi yerinə qoydu. Hə... Pərt oldum. Qayıdıb yerimdə oturdum. Heç aradan beş dəqiqə keçməmiş durub yenidən qıza zəng etməyə başladım. Qız dəstəyi qəsdən götürmürdü. Dəliyə dönmüşdüm. Nə edəcəyimi bilmirdim. Yerimə qayıdıb yenidən dərsimi oxumağa başladım. Yox... gördüm ki, olmur. Oxuduğum başıma girmirdi. Heç nəyi dərk etmirdim. Zəng edib qızla danışmasam olmayacaq. Durub yenidən zəng etdim. Yenə də, yenə də, yenə də. Qız dəstəyi götürmürdü ki, götürmürdü. Əsəbiləşib dəstəyi yerinə çırpdım.
Sən demə atam mənim bütün hərəkətlərimə kənardan göz qoyurmuş. Demişdim axı, onun iş otağının qapısı bir az aralı idi.
– İsfəndi!
Atam həmişə məni belə çağırardı. Aman Allah, atam məni nə gözəl bir səslə, nəvazişlə çağırırdı. Nə şirin səslə dilləndirərdi. Bəs mən niyə o zamanlar bunun, bu səsin fərqinə varmamışam.
– Bəli, ay ata – deyib yanına gəldim.
Gözlərində güclə sezilə biləcək qəribə bir təbəssüm var idi. Bir atanın artıq kişiləşməkdə olan öz övladına gizlicə baxışı və bu baxışlardan doğan qürurlu bir təbəssüm. Sanki “Sən nə tez kişiləşdin, ay oğul” kəlməsi.
Atamın gözlərindən heç nə yayınmamışdı. Diqqətlə mənə baxırdı. Mən baxışlarımı ondan yayındırmağa çalışırdım.
– Ay oğul, yaxın gəl. Nə olub sənə? Kiminlə danışırdın? Kiminlə mübahisə edirdin?
Süni şəkildə gülümsəyərək.
– Heç, ay ata. Yox, heç kimlə mübahisə etmirdim. Sənə elə gəlir. Qrup yoldaşım idi. Sabahkı imtahanla bağlı söz soruşurdum.
Atam yenə də gülümsündü. Sözsüz ki, başa düşmüşdü ki, qrup yoldaşım-zad boş sözlərdir. Danışdığım adam qızdır və həm də əgər gecə saat birdə ona zəng etmişəmsə o da telefonu götürübsə, demək zəngimi gözləyirmiş, görüşdüyüm, gəzdiyim birisidir.
Atam diqqətlə mənə baxırdı. O belə məsələlərdə olduqca arif adam idi. Tükü tükdən seçirdi. Birdən nə düşündüsə əlini kitab rəfinə tərəf uzatdı.
– Yaxşı ay oğul, hə... O üst rəfdən Cabbarlının dram əsərləri olan kitabı götür. Sağ tərəfdədir. Tünd qırmızı kitabdır. Kitabı götürdüm.
Hə... İndi Aydın əsərini tap və Aydının monoloqunu oxu qulaq asım.
(Eh... nə Aydın. A kişi, heç Aydının yeridir. Mən nə hayda, sən nə hayda).
Aydının monoloqunu tapıb oxumağa başladım.
İndi mən o məşhur monoloqu olduğu kimi tam əzbərdən bilmirəm. Amma yadımda qalan ümumi məzmunu, daha doğrusu məğzi belədir ki, Aydın üzünü Gültəkinə tutub deyir:
– Mən istəyirdim ki, sənin eşqindən alışıb yanım. Amma mən sənə deyəndə ki, mən səni sevirəm Gültəkin, sən sıcaq dodaqlarını mənim dodaqlarıma yapışdırıb dedin: – Mən də səni sevirəm, Aydın. Və bununla da sən mənim qanadlarımı qırdın. Mən sənin eşqindən, həsrətindən alışıb yanmaq istəyirdim. Mən istəyirdim ki, Napoleon kimi, Makedoniyalı İsgəndər kimi böyük-böyük zəfərlərdən vətənə qayıdanda məni gül-çiçəklə qarşılayanların arasında sən də olasan. Mənə baxıb xəfifcə gülümsəyəsən. Bu mənə yetərdi. Amma sən, mənə olan eşqini etiraf etməklə, məni ardınca qaçmağa qoymadın. Qollarını qırdın.
Aydının monoloqunu oxuyub atama baxdım:
– Oğul, indi de görüm nə başa düşdün? Aydın Gültəkindən nə istəyirdi?
– ...
– Axı Gültəkin Aydının məhəbbətinə müsbət cavab vermişdi. Aydına daha nə lazım idi ki... Aydın daha nə istəyirdi ki?..
Fikrim özümdə deyildi. Sevdiyim qızın yanında idi. Fikirlərimi tam toplaya bilmirdim. Yavaş səslə dedim:
– Bilmirəm.
Atam gözlərini üzümə dikib durmuşdu. Görünür mənə daha nəsə demək istəyirdi. Amma bilmirdi ki necə başlasın və nə desin. Evlənmək barəsində olan ata-oğul pərdəsini də götürmək görünür hələ tez idi. Birdən gözlərini üzümdən ayıraraq:
– Oğul yadında qalsın. Qadın bir kölgədir, qaçarsan qovar, qovarsan qaçar hə... Bunu yadından çıxartma.
Gözlərim atamda, qulağım isə səsdə idi ki, birdən telefon zəng çalar mən eşitmərəm. Telefonun səsini qəsdən almışdım ki, zəng çalınarsa səsi asta çıxsın, heç kim eşitməsin.
Elə bu vaxt zəng çalındı. Daha doğrusu telefondan asta, xırıltılı səs eşidildi.
Atam da görünür xırıltılı telefon zəngini eşitmişdi, ona görə də gözlərini üzümdə saxlayaraq gülə-gülə:
– Yaxşı ay oğul, get, yəqin ki, o bayaqkı qrup yoldaşındır sənə zəng edən.
Aha... demək atam bu sözləri boş yerə deməmişdi. Və deyilən sözlər də özünü doğrultmuşdu, öz yerini almışdı. Lap bizim o dövrlərdəki dillər əzbəri olan o türk mahnısında deyildiyi kimi:

Qovaladıqca qaçan,
Atəş böcəyimmisin.

lll

Bir neçə gündən sonra həmin hadisə olduğu kimi yenə də təkrarlandı. Gecə növbəti imtahanıma hazırlaşdığım vaxt əvvəlcədən qərarlaşdırdığımız kimi yenə də zəngləşdik. Ötən hadisədən sonra biz elə ertəsi gündə barışmışdıq. Danışırdıq. Yenə də əvvəlki kimi deyib gülürdük. Hətta o qarlı, çovğunlu gündə biz gəzməyə də getmişdik. Qərarlaşdırmışdıq ki, qış tətilini birlikdə Moskvada keçirək. Mən onsuz da Moskvaya getməli idim. Çünki sənədlərim artıq Moskvaya göndərilmişdi. İrana getmək məsələsi artıq həll olunmalıydı. Hə... kafedə oturub şirin-şirin söhbət edirdik. Amma... bu mehribançılığımız çox sürmədi.
Gecə hamı yatandan sonra biz zəngləşirdik. Yenə də adi bir məsələnin üstündə mübahisəmiz düşdü. Bu bəlkə də adi məsələ deyildi. Ola bilər. İndi yadımda deyil. Yenə də küsüşdük. Aman Allah, biz niyə yola getmirdik. Bu bir-birimizi çox sevməkdən irəli gəlirdi, ya bilmirəm nədirsə tez-tez mübahisələrimiz olurdu. İndi isə başa düşürəm ki, bu heç bir sevgi zad deyildi, prinsip məsələsi idi. Mən öz sözümü yeritmək istəyirdim. Elə buna görə də biz dil tapa bilmirdik. Yenə də telefonun dəstəyi zərblə yerinə çırpıldı. Yenə də mən bir müddət özümə gələ bilmədim.
Qış semestr imtahanları başa çatdı. Hər ikimiz tətilə çıxdıq. Demək olar ki, hər gün azı beş-altı dəfə qıza zəng edir, o isə qəsdən telefona yaxın düşmürdü. Dəstəyi ya atası götürərdi, ya qardaşı. Onlar da yəqin ki, məsələni nə yerdə olduğunu bilirdilər. Əlbəttə, bilirdilər. Evdə qərar tuta bilmirdim. Elə hey ora-bura vurnuxur, nə edəcəyimi bilmirdim. Sanki dəliyə dönmüşdüm, özümə yer tapa bilmirdim. Atam bütün bunları görür, gizlində məni müşahidə edir, amma ki bir söz demirdi. Atam bilmirdi ki mənə necə təsəlli versin. Çünki bu elə bir təsəlli olacaq idi ki, bir kəlmə söz desə istər-istəməz aradakı pərdə götürülməli idi. Çünki o zaman mənim cəmisi 21 yaşım var idi. Belə söhbətlərin açılması üçün bu yaş həddi hələ çox tez idi. Atam belə məsələlərə çox ciddi diqqət edərdi. Məndə ondan geri qalmazdım. Bizim aramızda olan bu ata-oğul pərdəsi atam dünyasını dəyişənə qədər aradan götürülmədi.
Günlərin bir günü gecə yatağımda uzanıb kitab oxuyurdum. İndiyə kimi də yadımdadır. İtalyan yazıçısı Alberto Moravianın “Prizrenie” (Nifrət) əsərini oxuyurdum. Bu kitabı görüşdüyüm qızdan bir neçə günlüyə götürmüşdüm ki, imtahanlardan sonra oxuyub yenə də özünə qaytarım. Vərəqlərin kənarında onun öz xətti ilə qeydləri də var idi. Çox maraqlı qeydlər idi. Mən qərara almışdım ki, kitabı daha heç vaxt qıza qaytarmayım. Qoy bu kitab məndə qalsın. İndi nə bilim o qızdan, ya gənclik illərindən buna bir xatirəmi deyək, hədiyyəmi deyək, yadigarmı deyək... İndi hər nə deyiriksə deyək, o kitab keçib getmiş günlərimin yadigarı idi. Mənim üçün əziz idi. Tünd yaşıl rəngli bir kitab idi. Necəvara qızda o kitabı məndən geri istəmədi. Küsülü olmağımıza baxmayaraq, rəfiqələrinin biri ilə mənə sifariş də göndərə bilirdi.
Birdən atamın səsini eşitdim.
– Ay oğul, bura gəl, sözüm var.
Əsərin ən maraqlı yerində idim.
– Bəli, ay ata, – deyib yanına gəldim.
– Oğul, otur, sənə bir şeir yazmışam, otur qulaq as.

Yol işarəsi

Sevdinsə, eşqində itib yox oldun,
Çaşbaş salacaqsan günü, ayları.
Sevgi yollarında nə qayda-qanun,
Özün aşmalısan bu dolayları

Əriyib özünü yox sayacaqsan,
Bu dərdin olmayıb özgə çarəsi,
Sən tez-tez qəzaya uğrayacaqsan,
Yoxdur bu yollarda yol işarəsi...

Atam şeiri oxuduqca bütün bu hadisələr o qızla tanış olmağım, görüşdüyüm günlər, keçirdiyim həyəcanlar, tez-tez küsüşləyimiz, barışmağımız hələ ki tam saralıb solmayan, amma ki artıq solmağa başlayan xatirələrim yavaş-yavaş kino lenti kimi gözlərimin önündən gəlib keçməyə başladı.
Atam şeiri oxuyub qurtardı, gözlərini vərəqdən ayıraraq gülümsündü mənə baxdı.
– Hə, necədir, ay oğul. Xoşuna gəldi?
Mən heç nə demədim. Şeirdə atamın hara, nəyə və kimə işarə vurduğu məlum idi. Gün kimi məlum idi. Atam şeiri qurtaran kimi ayağa qalxıb atamı bağrıma basıb qucaqlamaq istədim, üzündən-gözündən öpmək istədim. “Ay ata, məni bircə sən başa düşürsən bu dünyada” demək istədim. Amma demədim. Həmişə dediyim kimi hisslərimi atamdan gizlətmişəm. Bu şeir mənim üçün hər şey idi, həm təsəlli, həm ovutma, həm məsləhət, həm də... Sanki atam demək istəyirdi: bütün həyat yollarında sənə köməklik göstərməyimə baxma, bu elə bir yoldur ki, mən sənə köməklik göstərməkdə acizəm.

lll

Sonra mən diplom müdafiəsinə çıxdım. Bir müddət universitetdə olmadım. Bir xeyli vaxt Moskvada oldum. Bütün yoxlamalardan müvəffəqiyyətlə keçdim. Daha sonra uzun müddət ezamiyyətdə, İranda oldum. Və o qız mənim həyatımdan tədricən, yavaş-yavaş silinməyə başladı, unuduldu.
Hə... indi otağımda oturub atamın mənə yazdığı məktubu oxuyur, bir də oxuyur və bütün bu hadisələri təkrarən bir də yaşayıram. Mən indi atamın dediyi o çətin, yol işarəsi olmayan yolları, o qarlı aşırımları, o dolayı yolları 30 ilə yaxındır ki, həyat yoldaşımla birgə addımlayıram.
P.S. Ay Allah, nə yaxşı ki, sən insanları yaradanda onların beyinlərində arzu-gələcək haqqında düşünməkdən başqa xatirə – keçmiş haqqında düşünməyə də yer saxlamısan. Və o yerə biz öz xatirələrimizi yağırıq. Bütün vaxtı nəyisə arzulamaq, gələcək haqqında düşünmək, olmaz ki. Bu adamı çərlədər. Gərək bir az da dünənə baxaq. İstədiyimiz vaxt yaddaşımızdan xatirələrimizi çəkib çıxaraq, bu dünyanı tərk etmiş əziz adamlarımızla söhbət edək. Bir kino lenti kimi hərdən xatirələrimizə də baxaq. Yoxsa bağrımız partlar.
İsfəndiyar VahabzadƏ


Bu yazı ( 862 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar