12px14px16px18px

Qırmızı may

Süleyman QARADAĞLI
06:39 / 28.04.2012
Təxminən otuz il əvvəl çox sevdiyim bir jurnalistin qələmə aldığı yazıda belə fikir yer almışdı: “Mənə elə gəlir ki, dünyada hər şeyin rəngi var. Rəngi olanları, gözlə görünənləri demirəm. Onsuz da bəllidir ki, pambıq ağdır, günəş dan yerindən boylananda qırmızıdır, dəniz mavidir, bahar yaşıldır. Mən deyirəm ki, səsin də rəngi var. Mən deyirəm ki, insan arzularının, uşaq təbəssümünün, insan xasiyyətinin də rəngi var. Məsələn, azadlığın, bu azadlıq uğrunda gedən mübarizənin rəngi, məncə, qırmızıdır. Bayraq kimi, qan kimi, torpağın sinəsini yarıb çıxan qıpqırmızı nar kimi!”
Həqiqətdir, deyilmi? Müəlliflə yüzəyüz razılaşaraq demək istəyirəm ki, nəinki hiss və duyğuların, hətta həyatda ayrı-ayrı günlərin, ayların, bəlkə də hadisələrin də öz rəngi var. Məsələn, mənim nəzərimdə may ayının rəngi qırmızıdır. Təbii ki, may ayını mənim nəzərimdə qırmızı rəngə boyayan həm də sovet dövrünün bəzi bayram və hadisələridir...
Mayın birinci iki günü dünya zəhmətkeşlərini həmrəylik günü kimi qeyd olunan möhtəşəm bayram nümayişi keçirilərdi. Al-qırmızı geyinmiş adamlar əllərində qırmızı bayraq və şarlar tutaraq nümayişə çıxar, öz səslərini dünya zəhmətkeşlərinin səsinə qatardı.
Bundan bir həftə sonra 20 milyondan çox adamın al qanı hesabına başa gələn Qələbə bayramı qeyd olunardı. Sinəsi orden-medallı Böyük Vətən müharibəsi veteranları, əsgər və döyüşçülər mərkəzi tribuna önündən keçər, gəzintiyə çıxardılar.
Mayın 19-u boynu qırmızı qalstuklu məktəblilər pioner təşkilatının yaranması gününü bayram kimi qeyd edərdilər.
Təqvimdə qırmızı rəngə boyanmasa da, may ayında neçə-neçə digər bayramlar da var idi: sovet mətbuatı günü, radio günü, Afrikanın azadlığı günü, kimyaçı günü, sərhədçi günü...
Mayı qırmızı boyayan təkcə bunlardımı? Gömgöy çəmənliyin, yamyaşıl taxıl zəmisinin içində qırmızı bayraq kimi yellənən, alov dillərini xatırladan lalələr elə bil mayla əkiz doğulub. Şair ilhamı həmin lövhəni misralara çevirib:
Çiçəklərin yanağına qonan şeh
Boz dumanın dodağının nəmidir.
Göy çəməndə dalğalanan lalələr
Elə bildim od vurulmuş zəmidir.
Mayın axırlarında təzə-təzə dənzərən, barlı budaqları üstündə sığırçın və sərçələrin nəğmə dərsi başlanan gilas ağacı... Barlı budaqlardan sallanan qızılı-sarı meyvələr qır-qızıllarını boyun-boğazına taxmış toya gedən gəlini xatırladır.
Al-əlvan gül-çiçəklərin sərgi açdığı, qızılgülün xoş ətrinin bağ-bağçaya yayıldığı may ayı...
May ayı mənimçün rəngbərəng kəpənəklərin çəməndə güldən-gülə, çiçəkdən-çiçəyə qonduğu ilıq bir yaz günüdür.
May ayı çəhrayı çiçəkləri hasarlardan boylanan ərik ağacı, təzəcə biçilmış ot qoxusu, sünbülləri dən tutan yamyaşıl buğda zəmisinin təmizliyi, saflığıdır:
Şehli sünbüllərin əzizliyini
Suyunu bal kimi içəndə gördüm.
Dünyanın ən böyük təmizliyini
Zəmi qırağından keçəndə gördüm...
May ayı – son dəfə çalınan məktəb zəngi, kim üçünsə irəlidə qırmızı yaylıq kimi yellənən tətil günləri, kimisə ilğım kimi çağıran həyat yollarıdır.
May ayı mənim nəzərimdə əlində bir dəstə gül tutan cavan bir oğlanın tələsdiyi ilk görüş, günəşin sümüyə dəyən hərarəti altında pencəyin qolun üstünə atılması, həsrət, intizar dolu günlərdən sonra əsgərin evə dönməsidir.
May ayı divarlarına qırmızı gəbələr vurulmuş toy mağarı, həyətlərdə çalınan “Vağzalı” sədasıdır. İndi əsassız şəkildə yasaq qoyulan toy bu aya necə də yaraşır!
Mənim nəzərimdə may ayı ilıq bir yaz günü doğum evindən çıxan cavan bir ata-ananın qucağındakı ağappaq bələyin içindəki körpədir. O cavan ata-ana mənim ata-anamdır, qucaqlarındakı körpə də mənəm. Bəlkə də elə mayda doğulduğuma görə bu ay mənə belə doğma gəlir...
Bir də may ayı evimizin kəllayı otağında qırmızı döşəmə üstünə yığılmış üstü qırmızı iplərlə bağlanmış hədiyyələrdir. Ağlım kəsəndən sonra ilk dəfə mənə keçirilən ad günü və dost-tanışın, qohum-qardaşın gətirdiyi bağlamalar...
Təqvimdəki may ayını mənimçün qırmızı rəngə boyayan onunla bağlı olan unudulmaz naxışlardır...

Süleyman QARADAĞLI


Bu yazı ( 3825 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar