12px14px16px18px

“Çapıqlı adam” xofu

Səadət SƏHƏR
06:03 / 28.04.2012
Azərbaycanın Xalq artisti, ADMİU-nun rejissorluq kafedrasının müdiri, professor Ağakişi Kazımovun yubileyinə həsr olunan, internetdə yerləşdirilən və böyük tamaşaçı marağı qazanan “Çapıqlı adam” filmində kinoxronika materiallarından nəzəri əsaslarla istifadə edildiyi diqqəti cəlb edir.
Filmin ilk səhnəsinin həyətdə rejissorun çapığın yaranma tarixçəsindən danışmasıyla başlaması hadisələrin cücərdiyi rüşeymi göstərir. Rejissorun anası rolunu oynayan, qırmızı geyinmiş qadının qucağında 2-3 aylıq “körpə”ylə həyətdəki dəlisov inəyə tərəf getməsi, inəyi özündən çıxarması, ananın uşağı yerə atması və qışqırıb qaçmasıyla çapıq yaranır. Burda diqqətçəkən detal ananın qucağındakı körpənin oyuncaq olmasıdır. Yəni körpə təbii deyil. Amma hadisələrin gerçəkliyi, təbiiliyi bu süniliyi əsla büruzə vermir, daha da zənginləşdirir.
Kriminal filmə baxmağa hazırlaşırmış kimi, tamaşaçı çapıqlı adamı tamamilə fərqli şəraitdə görür. Qoca kişinin bazarda alış-veriş etməsi, qarpız alaraq dadına baxması təbiilik yaradır. Qocanın ərzaqları canfəşanlıqla tərəziyə yığan və çəkidə düz olduğunu israrlayan 58 yaşlı Gəncədən gələn meyvəsatan qadına yaşına görə cavan qaldığını deməsi, qadının qocanı tanımaması hadisələrə düyün vurur. Bazarda yalnız bir qadının onu “Solğun çiçəklər”dən tanıması bu epizodun düyününü açır.
Növbəti kadrda rejissorun qonaq etdiyi adamları bir həyətə yığaraq aldığı meyvə-tərəvəzi paylamasının və 60 il bundan əvvəl oynadıqları “Məşədi İbad” tamaşasının məşqlərini yada salmasının şahidi oluruq. Həyətin bir tərəfində qadınların bir cərgədə, kişilərinsə başqa cərgədə oturması, xəstə qoca qarının çarpayıda uzanıb nəvələriylə, utancaq qızlarıyla xalq-meydan teatrını seyr etməsi, aktyorların yenidən cavanlıq həvəsilə rol oyununa sevinmələri və həyətin alqış səsinə bürünməsi katarsis yaradır.
Və həmin situasiyada gülən rejissorun digər situasiyada, qəbirstanlıq səhnəsində, valideynlərini, bacı-qardaşını ziyarət etdiyi zaman ağlamasının təsvir olunması, motosikletin gur səsiylə dinamikliyin yaranması, artıq tüfəng və patrondaşı ilə ova çıxan rejissorun keçdiyi ömür yolunun ümumiləşməsiylə həqiqət anı yaxınlaşır. Qocanın tüfəngini qaldıraraq güllə atması, uğurlu ova sevinməsi, taleyinin növbəti çapığı ilə bağlı fikirləri reallığa söykənir. 1946-47-ci illərdə tüfəngində cəmisi bir patronu qalan atasının ov zamanı quş ovlaya bilməməsi, gözlərinin yaşla dolması, evlərinə əliboş getmələri yaşanan aclığın göstəricisinə çevrilir. Qocanın ov məkanına gəlməyin həm sevindirici olduğunu, həm də insanı düşünməyə vadar etdiyini deməsi əsas dramaturji hadisəyə xidmət edir. Şişdəki ətlə bərabər ətraf zəmilərin da yanması, kazarmada əsgərlər önündə minilliklərlə gələn həyat tərzlərindən danışması ilə paralelliyin verilməsi zaman fərqlərini önə çəkir. Maşının güzgüsündən rejissorun gərilmiş sifətinin görünməsi, fonda yanıq istisində zəmidəki yaylaqsız qalan mal-qaranın təsviri epizodun zaman həllini verir.
Həyat yoldaşı ilə çimərlikdə dincələn kişinin qarpızı dilimləyib yeyərək Moskva Kinomatoqrafiya İnstitutuna qəbul olunarkən Moskada kinorejissor və pedaqoq Sergey Gerasimovun onu Qafqaz banditinə bənzətməsindən, Bakıda rejissor və aktyor Rza Təhmasibin çapığa görə əvvəl onu sinfinə götürməməsindən, Sankt-Peterburqdan olan teatr rejissoru və pedaqoq Georgi Tovstonoqovun isə məhz çapığa görə onu qəbul etməsindən danışması hadisələrin yenilənməsinə, haqq-ədalətin təntənəsinə çevrilir. Kəsilən qarpız onun ürəyinin sirr dağarcığının obrazı kimi çıxış edir. Uzun-uzadı söhbətdən cana yığılan həyat yoldaşı Mehriban xanımın fikrinin yalnız qarpızda qalması, qocanın müqavimət məqamında özündən çıxması informasiya gerçəkliyi yaradır. Rejissorun üzünü kameraya tutaraq, başına gələnləri tamaşaçılar üçün danışdığını açıqlaması təsviri reallıq faktoru istiqamətində təbiiləşdirir.
Növbəti situasiyada hadisələr tələbələrin əyləşdiyi zalda “Solğun çiçəklər”dən səhnəcik fonunda qabardılır. Səhnəcik tamamlanandan sonra tələbələrin heç də hamısının ayağa durmadığına irad tutan müəllimin növbəti situasiyada, Kazan şəhərində çətinliklə yeriməsini görürük.
Yarım əsr sonra bu şəhərdə “Aydın” tamaşasının yenidən səhnələşdirilməsi, iki qoca aktyorun parlaq oyunu nəzərdən qaçmır. Səhnəciyin tatar milli rəqsi ilə tamamlanması informasiya gerçəkliyi yaradır.
Kinoxronikaya baxaraq öz gəncliyini görən, kədərlənərək vaxtilə birlikdə işlədiyi sənətkarların dünyadan köçməsini xatırlayan rejissor ahıl yaşda olan qocanın günah hissini qabardır.
“Solğun çiçəklər” tamaşasında Saranı oynayan tələbəsi, sonradan xanımı olan Mehriban Abdullayevanın hələ o zaman “ya aktrisa olacağam, ya da gedib özümü dənizə atacağam” deməsiylə ona bu tamaşada baş rolun verilməsi bəlkə də taleyin qismətiymiş? ...
Televizorda tamaşanı izləməsi, arada Mehribanı səsləməsi, tamaşanın məşqlərini, Mehribanı ağladanacan özünün də ağladığını xatırlaması, sağ əlində stəkan tutmuş Mehribanın sol əlinin stoldakı rejissorun ov səhnəsindən kadr təsvir olunmuş şəkil çərçivəsinə toxunması təəssüratı artırır. “Solğun çiçəklər” tamaşası gedəndən sonra Mehribanın anasının kənddən zəng vuraraq gələcək kürəkəninə qızının səhnədə pilləkəndən fırlanaraq yıxılmasından narahatlığını bildirməsinin yada salınması ifadə zənginliyi yaradır.
Qocanın çapığa görə ömür boyu əzab çəkdiyini etiraf etməsiylə və cavan xanımının çapığın ona çox yaraşdığını deməsiylə xoşbəxt gülüş səslərinin bir-birinə qarışması filmin optimist notlarla sona çatmasına kömək edir.
Beləliklə, dərd haqqında gülə-gülə danışan çapıqlı adam filmin əvvəllərində Qafqaz banditi kimi təqdim olunsa da, filmin sonunda xoşbəxt sənətkar-insan obrazına çevrilir.

Səadət SƏHƏR



Bu yazı ( 238 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar