12px14px16px18px

Kimin ağzı əyiləcək?

11:28 / 27.04.2012 Anarın “Daşlama”sıyla bağlı qalmaqalda tutarlı dəlillərlə ifşa edilib məğlub olanlardan, açıq-aşkar iflasa uğrayanlardan birisi yenə bəd əməllərindən əl çəkmək istəmir.
“Yeni Müsavat” qəzeti ( 25 aprel 2012) yazır:
“Elnur Astanbəyli bildirdi ki, Z.Məmmədlinin Anarın yaradıcılığı haqqında xoş sözlərini dünya ədəbiyyatından məlumatsızlğı ilə əlaqələndirir. Onun fikrincə dünya ədəbiyyatından bir neçə normal kitab açıb oxuyan adam Anara yazıçı deyə bilməz: “Yox, inad eləyib bunu desə, o zaman ağzı əyilər”. 
Bu sözlərə şərh vermək artıqdır. Amma bu sözlərdən sonra “Çağdaşları Anar haqqında” adlı kitabı vərəqlədik və oradan bəzi parçaları bura köçürürük ki, kimin ağzının əyiləcəyi aydın olsun. Elnur Astanbəyli dünya ədəbiyyatından bir neçə kitab oxumaqla ədəbiyyat haqqında fikir yürütməyə girişir. Ondan fərqli olaraq dünya ədəbiyyatına daha artıq bələd olanlar (bəziləri də bu ədəbiyyatı yaradanlar) Anarın yaradıcılığı haqqında tamam başqa fikirdədirlər. Ancaq bir neçə sitat:
 
 
– Hörmətli Anar bəy! Sizi – Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli xadimini anadan olmağınızın 60 illiyi münasibətiylə təbrik edirəm. Siz Azərbaycan ədəbiyyaının Rəsul Rza və Nigar Rəfibəyli kimi təmiz ziyalı ailəsində, xalqımızın keşməkeşli mürəkkəb həyatını yaşayan bir ocaqda böyüyüb boya-başa çatmış,şəxsiyyət və yazıçı kimi formalaşmısınız. Yeni milli təfəkkürün formalaşmasında 60-cı illər nəslinin öndərlərindən biri kimi ədəbiyyat muzeyində, radioda, “Qobustan” toplusunda, Azərbaycan Yazıçılar Birliyində çalışdığınız illərdə yaradıcılığınızın çoxşaxəli və zəngin örnəkləri Azərbaycana yeni ab-hava,düşüncə və təsəvvür gətirib. Azərbaycan milli-azadlıq hərəkatı tarixində və milli dövlətçilik şüurunun formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb. Eyni zamanda milli-azadlıq hərəkatında iştirakınız minlərlə insanların oyanmasında, ziyalıların hərəkata qoşulmasında böyük rol oynamışdır. Bu gün Azərbaycanın ümumilli dəyərlərinin formalaşmasında, Bütöv Azərbaycan uğrunda hərəkatın genişlənməsində, Türk dünyasının iç-içə bağlanmasında Sizin gördüyünüz işlər,göstərdiyiniz xidmətlər çox böyükdur. 
 
ƏBÜLFƏZ ELÇİBƏY 14 mart 1998
 
  – Anarın “Qobustan” jurnalı dili ilə, məsələsi ilə təzə gəlmişdi. Sonra hamı düşdü onun üstünə, başladılar Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə yazmağa. Qrup ilə bir yerdə vurmağa başladılar... O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də verilməlidir. Mənim yadımdadır “Molla Nəsrəddin 66” – Anarın yazıları, hamı oxuyurdu. Butun cavanlar bir-birindən soruşurdu ki, oxumusan? Onun müzakirəsini keçirirdilər, danışırdılar cavanlar. Yəni bu Sabir ruhunun qayıtması idi. İndi necə ki, biz Azərbaycan Demokratik Cümhuriyyətini bərpa etməyə çalışırıq, o zaman da bunlar həmin o məfkurəni bərpa eləyənlər idi və elədilər də. Çox şey elədilər.
 
ƏBÜLFƏZ ELÇİBƏY 1991
 
 
– 60-cı illərdə ədəbiyyatımıza gələn, ilk əsərləri ilə də diqqəti cəlb edən Anar o vaxtdan bu günə qədər böyük, mürəkkəb və şərəfli yaradıcılıq yolu keçmişdir.
  Hekayə, povest, roman, dram, kino-ssenarilər, müxtəlif mövzulu məqalələr...
 70-ci illərdə yazılan “Ağ liman” dünyanın bir çox ölkələrində nəşr olunmuşdur... Əsərləri ABŞ-dan tutmuş Türkiyə, İrana qədər dünyanın  həm Qərb, həm də Şərq ölkələrində tanınan qələm dostumuz Anarı 70 illik yubileyi münasibətiylə təbrik edir, ona daha böyük uğurlar və yaradıcılıq sevincləri arzulayıram. 
 Əzizim Anar, sən son 30-40 illik ədəbiyyatımızda öz dəsti-xəttini qoyan, bu aləmdə özünməxsus təzə iz açan və bu izin dolayların da xalqına namusla xidmət edən qüdrətli bir sənətkarsan.
 
BƏXTİYAR VAHABZADƏ
  
 – Ziyalı beyni bizim mənəvi sərvətimizdir. Bununla belə milli sərvəti qorumaq, ona qayğı göstərmək də vacibdir. Amma etiraf edək ki,qiymətli adamlarımızı qorumaq,onlara qayğı göstərmək bir yana,ömrünü millətinin dərdlərini dilə gətirməyə, uzun illər içində yaşadığımız totalitar rejimin kökunü baltalamağa həsr etmiş Anar kimi ziyalılarımızı yerli-yersiz sancmağa, özümüzdən incitməyə ehtiyac var idimi? Axı son 2-3 ildə bəzi qəzetlərimizin işi-peşəsi Anar kimi hörmətli ziyalılarımızı neştərləməkdən ibarət olmuşdur. İstiqlalımızı qazanandan sonra sovet imperializminin kökünü baltalayan “Adamın adamı”, “Anlamaq dərdi”, “Yaxşı padşahın nağılı” kimi o vaxt böyük cəsarəti tələb edən əsərləri yazmış Anarın xidmətlərini bu gün qiymətləndirmək əvəzinə, atmacalarla onun yersiz “ifşası” ilə məşğul olmaq mədəni xalqa yaraşarmı?
 
BƏXTİYAR VAHABZADƏ
 
  – Anar altmışıncılar nəslinin ən parlaq və maraqlı nümayəndələrindəndir. Anarın son əsərlərini maraqla oxudum. “Otel otağı” povesti Türkiyə təəssüratlarından yaranıb. Anarın son iri əsəri “Ağ qoç,qara qoç” da bənzərsizdir.
 İstanbulda ən müxtəlif simpoziumlarda, konfranslarda iştirak edərkən Anarın Türk dünyasında necə böyük nüfuz sahibi olduğunu görmək mənə çox xoşdur.
 Əgər ədəbiyyatı keçmiş sovet dövrü miqyasında, ən azı MDB miqyasında götürsək Anar ən görkəmli müasir yazıçılardandır. O yalnız öz zamanının ifadəçisi deyil, dərindən düşünən ədib-filosofdur. Bununla da o Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin imkanlarını, potensial ehtiyatlarını nümayiş etdirir. Bu mənada o müasir ədəbiyyatın çox əyani, aparıcı fiqurudur. 
 
ÇİNGİZ AYTMATOV
 
 – Anarı lap gənc yaşlarımdan dərk etdim ki, bu qeyri-adi şəxsiyyətdir. Bu şəxsiyyəti eşidəcəklər, özü də elə eşidəcəklər ki, bu doğrudan da Azərbaycan ədəbiyyatının çox böyük hadisəsi olacaq. Yadımdadır “Azərbaycan” jurnalında Anarın elə ilk hekayələri məni sarsıtmışdı. O, yeni süjetləriylə, yeni janrla, yeni üslub ixtiralarıyla sarsıdırdı.
  Bir neçə kəlmə də onun son povesti “Ağ qoç, qara qoç” haqqında. Bu – sözün yaxşı mənasında dəhşətli əsərdir və jurnal bu əsəri çap etməklə böyük cəsarət göstərmişdir. Hər halda heç kəs inkar edə bilməz ki, Anar Azərbaycan ədəbiyyatında böyük bir hadisədir.
 
ÇİNGİZ HÜSEYNOV
 
 – Anarın gəlişi mənim üçün Azərbaycanın gəlişi və azadlıq deməkdir. Çox istəyirəm bu yazıçını. Əvvələn parlaq şəxsiyyətinə, insani fəzilətlərinə, ikincisi sənətkar gücünə görə. Elə qələm sahibləri var ki, haqqında bircə epitet deməklə yetinirsən. Anarınsa adı çəkiləndə qazandığı bütün epitetləri tələb edir, yazıçı, şair, publisist,tərcüməçi, dramaturq, ssenarist, rejissor, folklorçu, tarixçi.
 Üstəlik poeziyanın, rəssamlığın, teatrın, musiqinin, incəsənətin incəbiliçisi... Çağdaş Azərbaycanda bu qədər dürlü ibrak sahələrini qavrayan və hər sahədə özünün dürüst, sanballı sözünü deməyə qadir ikinci alim və sənətkar tapmaq çətindir.
 
XƏLİL RZA ULUTÜRK
 
 – Belə ağır zamanda azərbaycanlı həmkarlarım özlərinin Yaşıçılar Birliyini bir yaradıcı təşkilat kimi qoruyub saxlaya bilmişlərsə, bu möhtəşəm binanı əldən verməyiblərsə, başda Anar olmaqla onların hamısına çox minnətdaram. Anar özünün həm ədəbi – mədəni aləmdəki, həm cəmiyyətdəki, həm də dövlət-hökumət nümayəndələri arasında nüfuzuyla Azərbaycan Yazıçılar Birliyini qoruyub saxlamağa müvəffəq olub. Mən sizin yazıçılara olan dövlət qayğısını – hələ dahi Heydər Əliyevin zamanından verilməyə başlanan Prezident təqaüdlərinin, rəsmi adların təqdim edilməsində Anarın böyük rolundan danışmaqla vaxtınızı almaq istəmirəm. Anar, bütün görülən işlərə görə çox sağ ol.
 
OLJAS SÜLEYMENOV
 
 – Mən Azərbaycana çoxdan bağlıyam və Bakıya ilk dəfə gələrkən –sizin adınız artıq əfsanəvi idi. Mən elə hesab edirdim, siz elə bir zirvəsiniz ki, ora çatmağı heç arzulamaq belə olmaz... İllər keçirdi, mən həmişə sizin əsərlərinizi oxuyurdum. Sizin sonuncu oxuduğum əsəriniz “Drujba narodor” jurnalında dərc olunmuş “Ağ qoç,qara qoç”dur. Bu əsər məni sarsıtdı. Düşündüm ki, müasir Azərbaycan ədəbiyyatında bu gün rus yazıçılarının yazdıqlarından daha güclü, daha ciddi, daha dərin əsərlər var, qoy rus yazıçıları məndən inciməsin.
 
RİMMA KAZAKOVA  Moskvada Anarın 70 illik  yubileyində çıxışından
 
 
– Dünyanın qəribə işləri var. Birisinin kitabları çıxır, hətta Nobel də qazanır, amma bəhs olunan şəxsin kitablarını alıb oxumağa başladım, iki-üç səhifə oxuyub ardını oxuya bilmədim. Amma Anarın əsərləri insanı elə cəlb edir ki, başladınmı, bitirmədən yerə qoya bilmirsən. Anar sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük yazarıdır.
 
NAMİK KAMAL ZEYBƏK Türkiyə Cümhuriyyətinin sabiq Mədəniyyət naziri, Böyük Millət Məclisinin deputatı, Ankarada Anarın yubileyində çıxışından.
 
 
 – Anar yaradıcılığının həqiqətən Renessans genişliyinin istedad və maraq dairəsindən başqa mənəvi qaynaqları da var: “Özgə” əməlləriylə,taleləriylə,səyləri ilə bu qədər ürəkdən məşğul olmaq yalnız ölümü unutmayan və həyatı sevən adamın işidir. Anarın şəxsiyyət, sənətkar, ictimai xadim kimi Azərbaycan mədəniyyətində unikallığı aydın həqiqətdir. İstedadın, geniş erudisiyanın,xalqına,ölkəsinə gərəkli olmaq yolunda xidmətin və zamanı son dərəcə dəqiq duymağın belə üzvü vəhdətini mən başqa heç kəsdə görməmişəm.
 
RÜSTƏM İBRAHİMBƏYOV
 
 
– O, hər şeydən öncə bir vətənpərvərdir. Xidmətlərini nümayiş etdirən şöhrətpərəstlərdən, mənəmlik duyğusuna aludə olanlardan deyildir. Tam tərsinə. Çıxardığı jurnallar, uzun illər Yazıçılar Birlyinə rəhbərliyi, hər işi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünya miqyasında tanınması üçündür. Belə insanlar azdır, nadirdir, şübhəsiz  ki, Nazım Hikmət belə idi. Çox yaxından tanıdığım Əziz Nesin də beləydi. Anar bu soydan, belə nadir və mənim üçün mübarək yazıçılardandır. Onlar heç bir zaman dar anlamda millətçi deyillər, yüksək humanizm və hərtərəfli sevgilə ölkəsini, xalqını, dilini tanıdan,müdafiə edən və təmsil edənlərdirlər. Onlar xidmətlərinin müqabilində heç vaxt heç bir əvəz gözləməz və istəməzlər. Çünki bu onların şəxsiyyətlərindən irəli gəlir. Azərbaycan ədəbiyyatının müasir, modern üzünü Türkiyədə tanıdan ilk yazıçı Anardır. Bu gün Türkiyədə qardaş Azərbaycan ədəbiyyatına yönəlmiş oxucu marağının baş memarı da Anardır.
 
 ATAOL BƏHRAMOĞLU
 
SÖZ ARDI. Elnur Astanbəyli bu mətnlərlə tanış olandan sonra ağzından muğayat olsun ki, əyilməsin. “Azadlıq” qəzetində(22 aprel 2012) Elnur Astanbəylinin “340 manat” adlı yazısıyla tanış olanlar onun hansı meyyarlarla bir yazıçını səmimi, başqasını qeyri-səmimi saymasını başa düşər. Elnur Astanbəylinin ölçüsüylə onun cibinə pul qoyanlar səmimi, qoymayanlar qeyri səmimidirlər.
 
AZAD
 
 
 




Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar