12px14px16px18px

Kölgəsindən çıxan şair

Mahirə ABDULLA
00:34 / 26.04.2012
Adətən şairlər Allahın üzünə ağ olanlardır, ona üsyan edənlərdir.
Həm də Allaha daha yaxındılar, daha məhrəmdilər və bu şıltaq gəlb, sürüşkən qələm sahibləri Yaradanın ətəyindən yapışıb, rüzgar əsəndə budaqlardan qopub çınqıl misralarla başlara yağırlar. Birinə gül ləçəyi yağışı, başqalarına tale daşları kimi görünər bu misralar. Azərbaycan poeziyasında öz layiqli yerini tutmuş Vaqif Bəhmənli hər şeirini sevə-sevə oxuduğum ayıq və həssas şairdir; kobud, qaba dünya reallığını olduğu kimi görür və ədəbiyyata gətirir.
Şairlərdən yazanda onların kitablarını ələk-vələk etmirəm, əvvəlcə fəhmlə vərəqləyirəm. Sanki üç-dörd yaşlı uşağın əlinə şəkilli kitab veriblər. Uşaq nə edir? Kitabı sinəsinə sıxır, dişinə vurur, əzir, sonra vərəqləmək gəlir ağlına. Mütləq xoşuna gələn şəkilləri cıracaq, özünün olsun; pis şəkilləri qopardacaq, gözü görməsin. Vaqif Bəhmənlinin üç cildlik “Poeziya” kitablarını gözümə, könlümə yığıb, bəzən də bir şeirini dəfə-dəfə oxuyub, yenidən “Səndən özgə” kitabına qayıdıram. Çox uğurlu kitabdır, adı da ürəyimə yatır, üzü dünyanın dərdini, qəhrini çəkən şair ürəyi kimi qançır-qançırdır.

Bu dünya nədi ki, dünənin ardı,
Kişidən kişiyə keçiddi, qardaş!

Bu şeir “Yeriyərkən dediyim şeirlər” bölməsinə salınıb. Yəqin ona görə ki, ata-baba yurdu düşmən tapdağında olan bir şair qeyrət şeirlərini elə ayaqüstdə yazmalıdır.
Vaqif Bəhmənli həmişə axtarışda olan şairdir, bozsifət həqiqəti geyindirir-gecindirir, lakin çoxlarından fərqli olaraq onu ürəyində isidib, ruh verir, sonra ədəbiyyata gəlin gətirir: “Bəlkə kainatın göz yaşlarıdı – quruyub yerində dağlar qalıbdı?!”
Onun hər misrasından Tanrı sevgisi qanadlanır. İlahi hisslərin notları “Sevgi nədir” şeirini həzin melodiya kimi səsləndirir:

Sevgi qədim bir adətdi,
Səni candan alır, alır...
Çox qəribə ibadətdi –
Canı dindən alır, alır...

Qələmi əlinə alanda kövrəkləşir. “Kərəm, Tanrım” şeirində hissləri sarı simə düzənlənir:

Sevda quşum darı gəzir,
naçar əlim narı gəzir...
Gül boylanıb arı gəzir,
Kərəm elə, tanrım kərəm.

Kaş bütün insanlarda Allah sevgisi öz boylarından uca olaydı – Vaqif Bəhmənli sevgisi kimi. Elə uca ki dəftərinə, qələminə, dilinə belə sadiq olsun, onları Allah ucalığında görsün, belə sevsin, ucaltsın.

Bir gün alnım tərləyəcək
yiyəm gəlib vərləyəcək...
fəhm etmə ki, hərləyəcək
mən ürəyi, ürək məni?

Şair etiraf edir ki, söz axtarışında olanda “dördqat bükülürəm”, “yaxa cıra-cıra, üz yırta-yırta ölü götürürəm elə bil yerdən”, “şilləni çırpıram varaqda ikən ağzının üstünə nadürüstlərin”, ”pud-pud ət kəsilir sanki ətimdən”...

Sözlərdən nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə əlim Allahın –
Mən belə yazıram şeirlərimi...

Onun ilham pərisi göylərdən qopub, Yer reallığına qonmağı da bacarır. Deyəndə ki, “sətirlər sonunda nöqtə yerinə bir damla qanlı göz yaşı qoyuram”, bilirsən bu qanlı göz yaşı Qarabağ xəcalətimizdir, canımızdakı yurd dərdləridir!

lll
İdealizm kobud maddi dünyanın obrazlı tərəfidir, çünki ona əl-ayaq, cırmaq-dırnaq dəymir; həm də poeziyadır!
İnsan ömrü boyu dünyanı dərk etməyə çalışır, lakin bu cəhdlər o qədər uğursuzdur, qəflətən beynin qısa qapanmasında səni ildırım vurur, ey qafil, demə indiyədək səni şübhə hərləyib, nə üçün dünyanın dərk edə bilməməyinin səbəbini arayırmışsan. Vaqif Bəhmənli “Yuxu” şeirində belə qənaətə gəlir:

Pərdə ki çəkildi, boylanıb dedim:
Görən bu səhnənin harası yuxu?

Vaqif Bəhmənli deyir: “Əslində maddidən başqa yerdə qalan hər şey... yaddaşdır”. Onun bütün şeirlərində mövzular öz fəlsəfi halını tapır – hətta sirrinə, dərinliyinə bü günəcən vara bilmədiyimiz yuxu da.

Tanrım, harayıma qulaq vermisən?
Dərdimi nə yaman şuluq vermisən!
Heç demə, ömür yox, yoxluq vermisən;
Yoxluqla yoxluğun arası yuxu...

Həyatı səhnə kimi təsəvvür edən şair bilir ki, insana verilən qısa ömrün yarısı yuxudur və sonacan dərk edə bilmədiyimiz dünyanın sonunda gözlərimiz iki sual işarəsi kimi qapanır.

Daha nə fərqi var gündüz-gecənin
Ağı göz yaşıdı, qarası yuxu.

Tanrının verdiyi ömrün “yarısı yuxu”dusa, “dən gəzən toyuğun darısı yuxu”dusa, fani dünyaya uyan nadan qocanın “böyründə uzanan qarısı” yuxudusa, o zaman həyatın mənası nədir?
Düşünürsən, İlahi, əgər şair deyirsə, “zillətlə tikilən sevda qəsrinin
qapısı mürgüdü, barısı yuxu!”, onda insan nə üçün gəlib dünyaya?
Biz bu dünyaya gəlib, görüb, duyub yaşadıqca savabları da, günahları da tükənmir. Yüz dəfə, min dəfə, sonsuz-sonsuz günahlarımızın astanasına yaxınlaşırıq, çox zaman qapısından keçirik.
Qapıdan o yana ulu günahlardır, lakin taleyin biz bəndələri tuş gətirdiyi günahlar da var ki, onlar daha aldadıcı və cəlbedici olurlur, “yolun üstə bitən gül ümidləri” və baxtımızı dünyanın istehzasına tuş edirlər.
Bu yerdə qəflətən ağlıma gəldi ki, “bəndə” yəqin bənd sözündəndir – kiməsə, nəyəsə bənd olmaq!
“Bənd olmaq” – sən olmayandan asılılıq, insan duyğularının çarmıxa çəkilməsi.
Həm də özündən qopub özgələşmək. Belə anlarda insan kənardan özünü daha yaxşı görür və görünür. Günahlarından qopub qurtulmaq üçün çırpınır. Bu da bir şair aləmidir.

Ruhum qanad çalır dörd divarına,
Kor gözüm dirənir dərd divarına...
Düşmüşəm içimin dərd diyarına
Qürbət də özüməm,
qərib də özüm...

“Tut ruhumdan, qaldır, qələm” deyən Vaqif Bəhmənlinin könül, bəxt evinin indi üç sütunu var, üç sütun belə nəhəng şeir imarətini çox saxlaya bilməz. Atalar bu dəfə üçdən deməyib; dördüncü, beşinci... sütunlar qərib ellərimiz, Təbriz, Qarabağ, Göyçə... olacaq. İnanıram!
Bu üç kitabdakı şeirlərin bağlamasını açmaq istərkən dolaşığa düşürəm, çünki Vaqif Bəhmənli artıq öz sözlərini deyib, mənsə onun üç nöqtəsini axtarıram.
Üç nöqtənin sonusa sonsuzluqdur.
Elə də oldu, mən bu yazını ürəyimin süzgəcindən keçirib arıtlayana kimi şair qardaşımın yeni kitabı işıq üzü gördü

lll
Şairlər sevdalı olmayanda sevdalar sürgün düşür. Ruh məqamında gözəllik Allahın nurudur.
Gözəllik nədir? Gözəl saydığmız doğrudanmı gözəldir? Doğrudanmı, dünyanı gözəllik xilas edəcək? Bu, poeziyanın əbədi sualıdır. Vaqif Bəhmənlinin üç cildlik kitabında belə bir bölmə var: “Gözəl üz”.Onun “Gözəllik” şeirində zahirən sadə görünən bu mövzu yeni məna kəsb edir, “gözəllik” fəlsəfi kateqoriya kimi açılır.
Dünyada hər bir məqam Allahın təzahürüdür. Təkrarolunmazdır. “Gözəl üzlərin divanəsi” filosof şair gözəlliyi yaranışın nuru hesab edir.

Tanrı sığal çəkib gözəl üzlərə
Gözəl üz Allahın şah əsəridir!

Düşüncəylə, savadla belə şeirlər yazılmır. Belə şeirlər vəhylə gəlir. İnsanlığı “yaza çıxardan”, üz qoyduğumuz, tapındığmız gözəl üzlərdir.
Deyirlər, gözəl üzlərə baxan gec qocalır.

Qəşəng üzlər üçün ölürəm, Allah,
Mən gözəl üzlərin divanəsiyəm!

Bu bölmədə şairin vəfalı ömür-gün yoldaşına, sevimli balalarına həsr etdiyi şeirlər də yer alıb, çünki sevdiyi insanlar da “gözəl üzlər” cərgəsindədir!
Gözəllik ruhla idrak arasında deyil, duyğular aləminin zirvəsində dayanır. Bu yerdə şair qəlbinin səsini eşidir:

Gözəl üz görəndə ağlım azalır,
Təpədən dırnağa ürək oluram...

Vaqif Bəhmənli gözəlliyi həm də uca Tanrı dərgahında arayır. “Milyon yaşlı sevgi” şeiri gözlərimiz önündə orijinal gözəllik tablosu kimi canlanır. Mavi dənizdə

Ay işığında
yaş bədəni işıldayan
ruh kimi lal qız...”
yalqız, yalqız, yalqız...

Vaqif Bəhmənli üçün gözəllik bunlardır. Şair demişkən, gözəlliyi göz üzüm kimi dərməlidir.
Gözəllik simfoniyası olan məhəbbətsə ilğımdır; cox zaman bir büküm meh, bir əlçim külək, nurlu ləpə, sirli mələk kimi təzahür edir.

...dəli –dəli dalğalar,
bir də
Ay işığı, ay işığı...
Bir də mən...bir də mən!
Bir dənəm, bir dənəm!

Bəlkə də yoxdur məhəbbət! Onu yalnız sevənlər görürlər. Onu azad ruh sahibləri qəlbimizə gətirir, dadızdırırlar bizə.

Bəlkə, bəlkə
O pəri yoxuymuş,
bir qəmli yuxuymuş!.

lll
Bu şeirdə bütün şairlərin “milyon ildi dizlərini qucaqlayıb sahildə dayandıq”ları bir sevgi məqamı da var.
Ulu sevgilər axıracan vara bilmədiyimiz yaranışın yaşıdıdır.
“Allahın üzündən gözəl üz yoxdu!” deyən Vaqif Bəhmənli çoxdan dərk edib ki, Allahın üzünü görmək bəşər övladına qismət olmadığı üçün insan ömrü boyu gözəl üz tamarzısıdır.
Biz çox zaman gözəlliyi dərk etmirik. Günümüz, güzəranımız şikayətlə keçir, amma şair üçün də Allah payı ömür də gözəldir. Gözəllik elə gözəl ömür timsalında; heyhat hər kəsə qismət olmur, şair demişkən,
Tale qismətidir düşməz hərəyə.
Şairlər –Tanrı elçiləridir. Torpağa Allah sevgisiylə üz qoyub, adını yazdığı üçün hətta şairin dəfn olunduğu yer də gözəl üzdür.

Məni dəfn eləyin gözəl üzlərə,
Gözəl ürəklərə basdırın məni!

“Gözəllik” şeiri həm də Vaqif Bəhmənlinin kövrək şair aləmidir, onun üçün bir gözəli aldatmaq dünyanı aldatmaqdır. Qaynar dodağının gözəllik payını alma tək qızaran qız yanağında görən şair öz sevdasının “pərişan telində”, “titrəyən çiynində”, “bir ümid giləsi gözün içində” gözəllik arayır. Bəzən elə kövrəlir, hətta qardaş gileyində, dost qınağında belə gözəllik qismətini gəzir.

lll
Vaqif Bəhmənli təpədən dırnağacan deyilməmiş sözlərlə yüklənmiş “PAYIZ ADAMI” adlandırır özünü.
Dedim gözəllikdən yazanda şair yalnız gözəlləri anacaq, lakin yenə də qəlbində göynəyən, gizildəyən yurd niskilini gördüm.
Dağ görürük, çamurlu uçurumların dibini görürük. Zərrə dərdimizi üfürüb, şişirdib, gözləri döyənək edirik, qarışqadan fil düzəldib dahi oluruq. Yalnız gözəlliyi bütöv görmürük, çünki onun yaradıcısı Tanrıdır; Tanrı işığı isə bulanıq ürəklərə düşmür, daş qəlbləri isitmir.
Tər qönçədən çıxmış şeirləri o qədər sadədir, o qədər sadədir, fikirləşirsən belə sadə, belə müdrik necə yazmaq olar? Bu kitaba elə şeirlər düşüb, bilirsən onları Vaqif Bəhmənlidən başqa heç kəs yaza bilməz. Payızın yarpaq tökümündə “mən özüm düşürəm məndən düşənlə” deyəndə hər yaz yarpaqlayan söyüd ağacından fərqlı yaşanan günlərin təkrarsızlığı hüzn doğurur.

Dünən
bir şeir titrədi içimdə
doqquz bal gücündə.

Kövrək şairin Vətəndən umacağı qələmi, dəftəri boyda yerdir. “Yurdu külək-külək varaqlayıram, gül-gül, çiçək-çiçək varaqlayıram” deyəndə bilin ki, ürəyinə, gözlərinə yığdığı yurdunda gözəllik soraqlayır. Şair təzanəsi sürüşüb yaraya düşən “Sarıtel” şeirinin havasında “Şuşa gəraylısı”nı dirildir. “Söz əzabı” şeirində gözəllik bəşəri zirvəyə qalxır.

Aşıq, barmaq saxla bax bu pərdədə
Dondur o simləri o qız qarışıq...
Ağ vərəq qaranı bağlar başıma...
Çətin bir də gələm arxlar başına...

Düşmən dayanmayıb, üstümüzə düşmən gəlir. Qələbə təkcə silah, hədə-zorba, güc işi deyil, xalqın xəyanətə qarşı yaddaş, ruh sipəri də olmalıdır. Vaqif Bəhmənli yaradıcılığında belə mətin ruh, səbat var. 1993-cü ildə “Vətən, millət” şeirində yazır:

Gül anamız quran beşik,
Bələk bizi bağışlasın,
Duraq qeyrətə sarılaq,
Ölək! Bizi bağışlasın
Gözüm Vətən...Canım millət!
lll
Vaqif Bəhmənli yaradıcılığı şeirimizn Xudafərin körpüsüdür.
Hər şeyin başlanğıcı nöqtədir. Yer kürəsinin reallığı isə bundadır ki, hərəkət müəyyən müstəvidə müəyyən xətt üzrə dövr etməlidir. O müstəvi quru səhra da ola bilər, lakin şair qəmli olduğu üçün cadarlı düz də cənnətə dönür. Budur, poeziya!
Doğulanda ömür nöqtədir, yaşayırsan, cığır olur. İnsan fəaliyyətsiz olanda hərəkət dayanır. Yaşamaqsa eləcə hərəkət etmək deyil, çünki hər bir hərəkət də fəaliyyət deyil, yalnız məqsədyönlü hərəkət fəaliyyət adlana bilər.
Hərəkətin dayandığı yer müəyyən müstəvidə baş verdiyi üçün Vaqif Bəhmənli üçün “Öləndə cənnətdi yollar”.
Xudafərin körpüsü vaxt vardı ürəklərin ortasından keçən şah damardı, indi onları parçalayan qılınca dönüb. Vaqif Bəhmənlinin niskilli şeirləri bir havaya köklənib – yurd göynərtisi. Anlayırsan bu ağrıdan onu heç kim, heç bir qüvvə – “kitabını örtən fələk”, həqiqəti görən gözləri, hələ heyini itirməyən qolları, saldığı izlər, hətta ölüm belə yayındırmır. ”Xilas eylə” şeirində o, öz kimliyini qoyur ortalığa və qələmindən imdad diləyir:

Dünya, nəyinə qurşandım,
Baş aşındı, diş aşındı...
Dar çağımdı, beş arşınlıq
bezim, məni xilas eylə!

Şüar demir, haray salmır, onlar bizə fayda vermədi; deyir ki, qan yaddaşımızla korşalan qılınclarımızı itiləməliyik.

Tut ruhumdan qaldır, qələm,
sözüm, məni xilas eylə!

lll
Ruh elmində belə bir fərziyyə var, yalnız dirilərin kölgəsi olur. Diri olan isə günəşin, ayın, ulduzların kölgəsində kölgələnib kölgəli olur.
Şairlər məhvərindən çıxmış planetlərdi, dünya nizamını dəyişdirirlər, pozurlar. Yenini yaradırlar, daha doğrusu, ona düzəliş verirlər.
Yaradıcılıq həm də xaosdur. Mən bu stixiyanı Vaqif Bəhmənli poeziyasında görürəm. Çox vaxt hansı şairinsə bircə şeirini oxuyuram, şeirə bir ömür kimi baxıram, xırdalayıram görüm bu ömür necə yaşanıb? Baxıb görürəm şeirdə dağ var, dərə var, bulaq var, amma özü yoxdur. Birdən acı bir həqiqət məni haqlayır.
O şeirlərdə dağ var, dərə var, insan yoxdur və bu yoxluq afat vurmuş zəmi kimi doğulub.
İnsan budaq, yarpaq, bir xışma torpaq olar. Ola bilər; bu, ondan sonrakı aqibətdir. Aqibətsə hələ tale deyil; tale yer üzündə yalnız insana məxsusdur və ona mənsubdur. Vaqif Bəhmənli varlığını ortaya qoyub yaşadan, sonra da yalnız ağacda, budaqda deyil, tarixin yaddaş boylarında yaşatmaq istəyən sənətkardır.
Yaranışda hər kəsin yeri dəqiq hesablanıb, lakin insanın ikili xisləti, əksliklər nəzəriyyəsi başqa instinktlərə də rəvac verir. Ömür – küll timsalında, hər şey bir dövrədən keçir; bu, doğmalıqdır. Şair qardaşım, məndən inciməsin, təkrar-təkrar oxuduğum şeirlərin sehrindən qopub, kölgəsindən çıxa bilmədiyim “Kölgə” şeirini sətir-sətir izah edəcəyəm. Çünki o, çoxlarından fərqli olaraq küllü – küll edənin, vəqf edənin zərrənin fövqündə durduğunu fərq edir. Çünki mizan-tərəzini, bölgünü bilir və onu olduğu kimi qəbul edir.

Dibdən belə bölüb bölən bölgünü;
Hərə bir niyyətin pərvanəsidi.

Yaranış –ölüm əslində TƏKLƏRİ bir sapa düzmək, bir dam altına yığmaqdır. Bu xəttdən çıxmağa səy edənlər də var, çünki kiçik çevrələr genişlənmək üçün geniş çevrələri sıxmalıdılar. Bu isə həyat palitrasının rəngləri və çalarlarıdır.
Biri qılınclayır qalın kölgəmi,
Biri də kölgəmin divanəsidi.
Bu, artıq fərziyyə-filan deyil, Qalaktika haqqında elmdir. Kölgə – məhvərindən çıxmış insandır.
Kölgə – Yer kürəsinin mini formasıdır, deyək, spidometridir. Yalnız iki ayağının üstündə hərəkət edən insandan daha dolğun və canlıdır. Bu baxımdan Vaqif Bəhmənlinin “Kölgə” şeiri yaşam düsturudur.

Bilinməz cansızam, yoxsa ki diri,
Mən onsuz nəyəm ki, nədir görkəmim?
Kölgəmin eşqindən sərxoşdu biri,
O biri qanını içir kölgəmin!..

Kölgə başqa formalara tez qovuşduğu üçün daha mütərəqqidir. Biz onda Qalaktikamızın quruluşunu görürük. Beləliklə, hər bir insan qurulu saatdır, kölgələrsə zaman əqrəbləri. Əqrəb saatdan qopa bilməz, əqrəbsiz saatsa saat deyil. Odur ki, kölgə insandan qopa bilməz.
Vaqif haqlıdır deyəndə, “ Yer deyil, kölgəmdi istinad nöqtəm.”
Filosof şair hətta kölgəni canlı insan sanır: “Hələ ki diriyəm, özümdən düşür...”
Bu zaman insan ikiləşir: “Nə üçün iki?”
Çünki Allah insanı belə yaradıb, tək olan yalnız və yalnız “O”dur – Allah! Kölgəmiz sonumuza qədər, bu dünyanı... tərk edənədək bizə yoldaşlıq edəcək. Bunu şair bizə şeir diliylə xatırladır:
“Ölsəm başdaşımdan düşəcək kölgəm”.
Kölgə ruhumuzun görüntüsüdür.
Mən onu canımı çapar tutmuşam,
O gah zavallıdı, gah da ki, ötkəm.
Tutqun çevrəsində qərar tutmusan
Yer deyil, kölgəmdi istinad nöqtəm.

Kölgə istinad nöqtəsidir, deyir Vaqif Bəhmənli. Bununla oxucunu yeni suallarla qarşı qarşıya qoyur. Düşünürəm, maddi olmayan necə istinad nöqtəsi ola bilər?
Maddi olmayan, ümumiyyətlə nədir? Enerjidir, ya da bizim kimi reallıqdır, Yer kürəsini, ayı, ulduzları sıralayan, nizamlayan reallıq?
Bəlkə, Allahın nəfəsidir?
Bəlkə Allahın cismimizə tutduğu aynadır ki, onda, Vaqif Bəhmənli demişkən, özümüzü, olduğu kimi: gah zavallı, gah ötkəm görürük.
Bəlkə şairin elə öz kölgəsidir – ruhunu dərk eləməkdir:

Başımdan, çiynimdən dizimdən düşüb
Dalımca sürünür, bax, mələk kölgəm.
Hələ ki, diriyəm, gözümdən düşür
Ölsəm başdaşımdan düşəcək kölgəm.

lll
Şairlər həm də dünyanın nizamını bərqərar eləyəndilər, yer üzünün mələklərdilər. Bu missiyanın halallığını Allahdan alıblar. Zənn edirəm hər insanın kölgəsi onun virtual əkizidir; amma ondan daha çevikdir, onu da, ətrafı da yüzə yüz əxz edir...
Yalnız şairlər öz qara kölgələrindən sıyrılıb çıxıblar, halallığını alıblar, əbədi istəklərini – birin iki olmaq arzusunu həyata keçiriblər.

Halaldı adıma yazılan kölgəm
Ayrı bir kölgənin yerinə keçmir.

Yeganə adamlardır ruhları dünyada gözə görünəndir. Birini də biz görürük – o şair Vaqif Bəhmənlidir ki, artıq kölgəsindən çıxıb. Bu, həm də mərkəzdən, ilkindən, ibtidaidən qaçışdır. Kölgəsi insan iddialarından, xəbisliyindən qopub Tanrı kölgəsinə sığınıb.
Kölgəsi həm də qəlb oğrularının, mənəviyyat qatillərinin girinə keçməmək üçün etibarlı sığınacaqdır.

Tanrı kölgəsinə qısılan kölgəm
Qatil kölgəsinin girinə keçmir...

Yurdundan-yuvasından didərgin şairin yeri yalnız oradır.
Allah yanında yeni yurdun-yuvan mübarək, Vaqif Bəhmənli!
Mahirə ABDULLA











Bu yazı ( 111 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar