12px14px16px18px

İlk kitab, ilk təqdimat və ümid dolu gələcək

Xəyalə ƏFƏNDİYEVA
00:23 / 26.04.2012
Mənim Pərvinlə tanışlığım 2009-cu ildən başlayır. Biz birlikdə magistraturaya hazırlaşırdıq. Həmin ərəfədə mən Pərvinin son dərəcə zəhmətkeşliyinə, qarşısına qoyduğu məqsədə çatmaq üçün səhərdən-axşamadək yorulmaq bilmədən, səylə, həvəslə çalışmasına heyran qalmışdım. Əsas maraqlı məqam isə onun gördüyü bütün işlərə sevgiylə yanaşması idi.
Üstündən çox az vaxt keçdi. Cəmi üç il. Bu gün isə artıq o, zəngin dünyagörüşə, erudisiyaya, iti ağla, yüksək daxili mədəniyyətə və əxlaqa, ən əsası pak qəlbə sahib olan ziyalı bir xanım, dünyaya özünəməxsus baxışı olan yazıçıdır.
Aprelin 6-da AYB-nin “Natəvan” klubunda Pərvinin ilk, “Qar yağacaq” kitabının təqdimat mərasimi keçirildi. Oxucular Pərvinin ədəbi-bədii və publisistik yazılarını, hekayələrini, esselərini, kino-povestini, ədəbi söhbətlərini “Ulduz”, “Azərbaycan” jurnalları, “525-ci qəzet” və digər mətbuat orqanlarında oxuyublar. “Qar yağacaq” isə Pərvinin oxucularla kitab olaraq ilk görüşü idi.
Əsərlərinin romantik ruhu, lirik-psixoloji üslubu, fəlsəfi məzmunu, estetizmi, sadə, lakin dərin məna daşıyan adları bunu deməyə əsas verir ki, Pərvinin özünümüdafiə kimi məhz nəsri seçməsi düzgün yoldur.
Mən bir oxucu kimi “Qar yağacaq”dakı əsərlərin orijinallığına, mövzu və forma yeniliyinə, incə yumoruna heyran qaldım. Müəllifin insan talelərinə çox fərqli yanaşma tərzi var. Pərvin həssas insan olduğu kimi, həm də həssas yazıçıdır. Dili sadə, canlı, koloritli, ən əsası səmimi və pafossuzdur.
Bədii əsərin tamlığını, bitkinliyini təmin edən əsas amillərdən biri daxili qayəyə, süjet xəttinin qurulma və inkişaf tərzinə uyğun dilin seçilməsidir. Əsərin ümumi ruhuna xələl gətirməyən təhkiyənin tapılması yazıçı üçün ən məsuliyyətli işdir. Bu baxımdan Pərvinin təhkiyə dili hər bir əsərin ümumi ruhuna, yaratdığı obrazın xarakterinə uyğundur və psixoloji səciyyə daşıyır. Müəllifin dili emosionallıqdan daha çox əqli-məntiqidir. Belə ki,onun əsərlərində düşündürücü effektlər hissi effektləri üstələyir.
Pərvinlə söhbət zamanı beynimin ən yorğun hüceyrələri belə dirçəlir. Onunla danışanda insanın ruhu təzələnir, daxili dünyası büllurlaşır.
O, müsbət enerjili, pozitiv bir insandır. Bu xüsusiyyəti sanki yazıçının ruhundan qələminə də sirayət edib.
“Qar yağacaq” kitabına ön sözündə AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid Pərvinin hekayələrini “nikbin sonluqlu hekayələr” adlandırır.
Həqiqətən də “Samir üçün” , “Eee... dayan” , “Mən... Yuxu... Cənnət...”, “Professional”, “Qar yağacaq” nikbin ruhlu və eyni zamanda dərin məzmunlu əsərlərdir.
Bu əsərlərdə bir ümumi ruh, daxili bağlılıq hiss olunur. Onları qayğıkeş, fədakar, ağıllı qadın obrazı birləşdirir. “Eee... dayan...” da atasından nigaran övlad , “Samir üçün” də qardaşının taleyi üçün narahat bacı, “Mən... Yuxu... Cənnət...” də Sevdiyi İnsana qovuşmaqdan ötrü Cənnətdən imtina edən, dərin məhəbbətlə sevən qadın görürük...
“Professional” hekayəsində yazıçı müxtəlif xarakterli qadınları, onların psixologiyasını təhlil edərək sonda bu qənaətə gəlir ki, hər şeyin kökündə sevgi dayanmalıdır.
Özünün təbirincə desək, hər şeyin mexanikləşdiyi bir dövrdə sevgini təbliğ etmək zamanı yetişib. “Qocalıq” essesində müəllif dahi alman filosofu Nitsşedən dəyərli bir sitat gətirir: “Sevmək- yaşamaq və xilas olmaq üçün yeganə şansdır”. Pərvinin qəhrəmanları bizə yaşamın mənasını-SEVMƏYİ öyrədir.
Bu baxımdan müəllifin “Dahilərin qadınları silsiləsi”ndən olan “Arxadakı qadın”, “Dahi ayaqyalın”, “Kişi kimi qadın” əsərləri olduqca maraqlıdır. “Arxadakı qadın” essesində Cülyetta Mazinanın, “Dahi ayaqyalın”da Aysedora Dunkanın, “Kişi kimi qadın”da Marina Vladinin sədaqətini görürük. Bu əsərlər bizə özümüzü və ruhumuzu tərbiyə etməyi, dərin məhəbbətlə SEVMƏYİ, qorumağı, bəxş etməyi öyrədir. Xüsusi qeyd etmək istərdim ki, yazıçı bu əsərlər vasitəsilə oxucusuna dünya ədəbiyyatı, musiqisi, kinosu, ümumiyyətlə, dünya incəsənəti ilə bağlı maraqlı və zəngin məlumatlar verir.
Pərvinin ardıcıl və sistemli mütaliəsini, zəngin dünyagörüşə, intellektə malik olmasını onun Azərbaycanın görkəmli yazıçı, şair, alim və incəsənət adamları ilə apardığı ədəbi söhbətlərdən, bədii, publisistik yazılarından, səfər qeydlərindən aydın görə bilirik. Yazarın uğuru ondadır ki, o, kiçik həcmli yazıları ilə ( həcmcə kiçik olsalar da bu hekayələrdə böyük roman siqləti var) oxucusuna böyük informasiya verə bilir.
“Balerina” kino-povesti ədəbiyyatımızda yeni bir hadisədir. Əsərdə orijinal kompozisiya, subyektiv düşüncə, obrazlılıq, bənzərsiz və zərif yazı manerası, assosiativ ifadə tərzi aparıcı səciyyə daşıyır. Arzunun şəkli, həsrətin rəngi, xoşbəxtliyin qoxusu, otaqda uçuşan nağıllar, laylalar, dişlənmiş xatirələr, dəniz rəngli masmavi musiqi, qızcığazın musiqidən tutub rəqs eləməsi... Yazar, hətta bu cür mürəkkəb, bəzən mücərrəd görünən fikirləri, hissləri belə oxucuya çox təbii, doğma bir axarda təqdim edə bilir, sanki hissin mənzərəsini yaradır. Oxuduqca rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, film aurası yaranır.
Müəllif povestin əvvəlində qayğıkeş, övladı yolunda bütün həyatını, səadətini qurban verən, mələk xislətli bir ana obrazı yaradıb. Amma əsər boyu onu öz-özü ilə, daxilində gedən mübarizə vəziyyətində təsvir edib.
Əsərin əsas psixoloji konfliktini ananın övladı ilə bağlı qurduğu xəyalları, arzuları ilə üzləşdiyi reallıq arasındakı barışmaz mübarizə təşkil edir. Əvvəldən sona kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir. Sərt, illüziyaları məhv edən həyat ananın arzu və ideallarını dağıdır. İstedadlı yazar bu məqamda əsərin əsas estetik ağırlıq mərkəzini obrazın mənəvi-əxlaqi sahəsinə, daxili mahiyyətinin açılmasına yönəldir. Yaşadığı psixoloji gərginliklər mələk xislətli ananı İeronim Bosxun “Cəhənnəm mələyi”nə çevirir. Amma Pərvin oxucusunu bədbinləşməyə qoymur. Yenə də SEVGİ öz xilaskar missiyasını həyata keçirir. Sevdiyi oğlanın mənəvi dəstəyi ilə qadının alt-üst olmuş xəyalları başqa bir formada reallaşır və o, öz əvvəlki simasına qayıdır.
Kino-povestdə bu Oğlana az yer verilməsinə rəğmən onu əsərin ən dolğun obrazı hesab etmək olar. Mənəvi zənginliyi, alicənablığı, xeyirxahlığı, sevdiyi qadının və onun övladının rahatlığı, xoşbəxtliyi üçün əlindən gələni etməsi oxucunun qəlbində bu insana qarşı dərin məhəbbət oyadır.
Balaca qızcığazın simasında isə uşağa xas olmayan mətinlik, dözüm görürük...Bu təmkin, bu iradə hələ yetkinləşməmiş bu körpənin böyük qəlbə, həssas ürəyə sahib olmasına dəlalət edir.
“Qar yağacaq” kitabının əvvəli Rəşad müəllimin nikbin məzmunlu ön sözü ilə başladığı kimi sonu da “Balerina”nın nikbin sonluğu ilə tamamlanır: “Qadın gülümsünür. Qızcığaz anasının ilıq təbəssümünü çaya əlavə edir... Ekran tələsmədən, xoşbəxt bir sabaha açılmaq üçün qaralır...”
Yazıçının bu sözləri bir növ epiloqu əvəz edir, simvolik məna daşıyır. Qəhrəmanların gələcək həyatları barədə bizdə işıqlı, xoş təsəvvvür yaradır.
Pərvin həm də vətəninə, torpağına dərin məhəbbətlə bağlı olan bir insandır. Bunu təsdiqləmək üçün təkcə onun “Moskva qeydləri”nə nəzər salmaq kifayətdir.
Pərvin xanım sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, amma heç kəsin duymadığını duyan yazıçıdır.
Onun bütün əsərləri təkcə istedadın yox, gərgin əməyin və zəhmətin məhsuludur.
Çingiz Aytmatov haqqında maraqlı bir fikir var: “O, heç vaxt “yeni başlayan” olmayıb, elə başlayandan klassik səviyyədə əsərlər yazıb. Pərvinin qeyri-adi zəhmətkeşliyinə, özünə qarşı tələbkarlığına, hər işə son dərəcə məsuliyyətlə yanaşmağına, ciddiliyinə, qabiliyyətinə, daxili enerjisinə, potensial imkanlarına dərindən bələd olduğum üçün inamla deyirəm ki, bu fikri ən yaxın zamanda Pərvinin də yaradıcılığına aid edəcəyik.
Xəyalə ƏFƏNDİYEVA







Bu yazı ( 395 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar