12px14px16px18px

Zərdüşt Şəfizadənin “Başqa adamlar”ının yaratdığı düşüncələr

Kəmalə ŞEYDAYEVA
00:45 / 24.04.2012
Azərbaycan ədəbiyyatı çoxəsrlik, zəngin tarixi keçmişə malikdir. Bu ədəbiyyat illərin sınağından qətrə-qətrə süzülüb gələrək öz imzasını dünya ədəbiyyatında qoruyub saxlayır. Söz sənəti həmişə yüksək qiymətləndirilib, əziz tutulub. Bədii ədəbiyyat hadisələri, insan taleyini, onun hiss və düşüncələrini daha əhatəli, mükəmməl ifadə edir. Bədii söz sənətkara incə mətləbləri, ən mürəkkəb ziddiyyətli-ictimai münasibətləri yerli-yataqlı əks etdirməyə imkan verir. Ədəbiyyatımız humanizmi, insan gözəlliyini, dərin ictimai mətləbləri əks etdirməsi ilə seçilib, elə buna görə də dünya şöhrəti qazanıb.
Nəsillər bir-birini əvəz edir. Hər nəsil bu söz xəzinəsindən dürr kimi parlayan sədəf seçir, öyrənir və onu yeni töhfələrlə daha da zənginləşdirib gələcək nəsillərə ötürür.
“Başqa adamlar” adlı ilk kitabı ilə oxucuların görüşünə gələn Zərdüşt Şəfizadə də ədəbiyyat aləmində hələ ilk kövrək addımlarını atan gənc yazıçılarımızdandır. Kitabdakı hekayələri oxudum və təəssüratlarımı bölüşmək ehtiyacı duydum.
Ədəbiyyatımızda silsilə hekayə yazmaq ənənəsi M.C.Paşayevin “Ötən günlər”, M.İbrahimovun “Cənub hekayələri” silsilələrindən bizə tanışdır. Gənc ədib də bu ənənəyə sadiq qalaraq böyük sənətkarlarımızdan qaynaqlanıb, oxuculara verdiyi ilk müjdəsində bu ənənəni davam etdirib.
Kitaba “Başqa adamlar”, “Başqa zamanlar”, “Günlərin bir günü” başlıqları altında silsilə hekayələr, bir ssenari və esse daxildir.
Müəllif kəskin süjetli, bəzən isə lirik-sentimental üslubda qələmə aldığı hekayələrdə həyata, insanlara, keçib gedən zamana olan münasibətini, duyğularını ortaya qoyur.
Gənc ədibin mövzuca bir-birinə bənzəməyən əlvan məzmunlu, insanı düşündürən, narahat edən hekayələrində həyat birrəngli və birmənalı deyil, müxtəlif sahələri, əxlaqi-tərbiyəvi motivləri, həyat hadisələrini, bəzən biganəlik, aclıq və çatışmazlıq, hətta öldürməklə bundan ləzzət alan, bəzən də adi əhvalatları, dərin mətləbləri aktual və gərəkli hadisələri ilə tədqiq edir.
Adından da göründüyü kimi kitaba daxil olan hekayələrin əsas tədqiq və inikas obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və fəaliyyətidir.
Məncə, gənc ədib obrazların, xarakterlərin canlı və real çıxması üçün öz var qüvvəsini sərf etmiş və buna nail ola bilmişdir.
Müəllifin realist qələmlə canlandırdığı surətlər bir-birinə oxşamır, hərənin öz daxili aləmi, həyata öz baxışı, öz təfəkkür tərzi, orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və ümumiləşdirən keyfiyyətləri var. İstər müsbətin təsdiqində, ona yol açılmasında, istərsə də mənfinin inkarında, onun aradan qaldırılmasında müəllif düzgün prinsiplərə arxalanmağa çalışmışdır. Elə ilk hekayəsinin ilk cümləsində insan xarakterindəki kəskinlik oxucuda maraq doğurur və onu əsərin sonrakı gedişatını izləməyə vadar edir.
“- Heç öldürdüyün insanlara yazığın gəlməyib ?
– Yox.
– Niyə ?
– Bilmirəm. Heç ağlına gəlib canavardan soruşasan ki, o qabağına keçən hər şeyi niyə parçalayır ?
– Canavar onları yeyir, ona görə də canavara parçalamaq ləzzət edir.
– Bax bu da mənə ləzzət verib...”
Gözlənilməz sonluq, qeyri-adilik! Budur gənc ədibin metodu, fəlsəfəsi!
“Sonuncu çiçək dükanı” hekayəsində isə ədibin oxucuların diqqətini tarixə – 1990- cı il 20 Yanvar hadisələrinə yönəltmək cəhdi aydın hiss olunur. Ənənəsinə sadiq qalan Z.Şəfizadə hekayəni belə başlayır : “O müdhiş gecənin sabahı bütün çiçək dükanları bağlandı”. “Müdhiş gecə “ ifadəsi isə bizə artıq 1990-cı il 20 Yanvardan sonra tanışdır. “Sonuncu çiçək dükanı” hekayəsi Bakının – faciə şəhərinin təsviridir. Bu faciə şəhərin sakinlərini birləşdirir. Hüznün böyüklüyü çiçəksatanların da birləşərək o gün öz mağazalarının, istixanalarının qərənfillərini yollara səpməyə, dərdli, hüznlü insanlara paylamağa şövq etmişdir. Gözdən uzaq bir binanın zirzəmisində, ancaq öz ikiotaqlı torpaq və soxulcan qoxan mənzilində yetişdirdiyi gülləri satmaqla çörək pulu qazanan qoca, şəhərin bu dərdli günündə, özü də dərd içində boğula-boğula çiçək dükanını bağlamağa gücü çatmır. Lakin qoca gülsatan bu məşum günlərdə dükanı açmağının günahını bəslədiyi çiçəklərin qanadlarını, budaqlarını qırmaqla yumaq istəyir. Onların gözəlliyini korlayır. Onları dükanın dalda yerinə yığır. Ancaq nə edirsə, dükan daha gözəl görünür. Qocanın alveri qalxdıqca insanların kədərindən pul qazandığını düşünərək utanır. Yenə də hekayədəki ideya : tərəddüdlər, peşmançılıqlar.
Çiçəklər insanın həm sevincini, həm də kədərini ifadə ediblər. İnsanlar toya da çiçək aparıblar, qəbir üstünə də, ad gününə də, xəstə yanına da. Doğurdan da çox fəlsəfi və düşündürücü fikirdir.
“Qarışqa adam” hekayəsində nə pəncərəsi, nə doğru-düzgün işıqlanması olan otaqda qaçqınlarla bərabər yaşayan bu kiçik qəhrəmanın amalı hər kəsdən xəlvəti peraşki satmaqla yığdığı pula atasını müalicə etdirməkdir. Lakin hər gün peraşki satarkən üzləşdiyi haqsızlıqlar onu mənən əzir.
Hekayələrinin mövzusundan gənc ədibin kənd həyatına yaxından bələd olduğu və bunu sevə-sevə qələmə alması, düzgün təhlil çıxarması, buna biganə qalmaması “Bekarçılıq” hekayəsində də aydın hiss olunur. Bekarçılıqdan, heç bir dəyərli işlə məşğul olmayan, qocaman şabalıd ağacının altında, onun asfalta dəfələrlə girib-çıxan köklərinin üstündə oturmuş, siqareti- siqaretə calayaraq zamanlarını keçirməyə çalışan bir qrup gənc də ,”ZİL” maşının vurub asfaltın üstünə atdığı camışın necə can verməsinə tamaşa edə-edə yeni bir mövzu taparaq xısınlaşırdılar. Yenə də biganəlik, məsuliyyətsizlik, laqeydlik... Gənc ədib heç bir geniş açıqlama, izahat və təsvir vermədən oxucunun ixtiyarına buraxır bu səhnəni. ”Cavanlar bir-biri ilə heç bir kəlmə də danışmadan qəfil ayağa qalxaraq cəmdəyə doğru yönəldilər. Bədbəxt camışın cəmdəyi indi də yenə asfaltın tən ortasına uzadılmış halda hövbəti zərbələri gözləyirdi”.
“Qarışqa adam “və “Xanın ölümü” hekayələri bir növ bir-birini tamamlayan, məzmunca bir-birinə yaxın hekayələrdir. “Əppək” deyə-deyə sızlayan və “Əppək ağacının çiçək açdığı” anda heç kəsə xəbər eləmədən ölən Xanbalanın acı taleyi də oxucuda təəssüf hissi doğurur.
Yazıçının fəlsəfi düşüncələri esselərində xüsusilə qabarıqdır. Burada yaşamaq, həyat, yazmaq barədəki təsəvvür və düşüncələrin qələmə alınması oxucuda daha çox maraq doğurur, insanı fikirləşməyə sövq edir.
Gənc yazar, hələ ömrünün ilk baharını yaşayan, adında da, soyadında da tariximizdən nişanlar daşıyan Zərdüşt Şəfizadə istedadı, yaradıcılığı ilə bir gün özü də tarix yazanlar sırasında olacaq. Əminəm ki, onun ilk uğuru gələcəkdə daha böyük nailiyyətlərlə əvəzlənəcək.
Kəmalə ŞEYDAYEVA
Şabran şəhər R.Yusifov adına
texniki fənlər təmayüllü tam orta məktəb-liseyin dil-ədəbiyyat
müəllimi







Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar