12px14px16px18px

“Olmaz”ların azadlığı

Günay ÜMİD
13:31 / 20.04.2012
y
Bu gecə
Sözlərinə sərdim yatağımı
Səsinlə örtdüm üstümü.
Nəfəsin şirin-şirin
Layla dedi günahlarıma.
 
Bütün sükutları hədələdim
Hirsimi tökməyə
Bir səhifə qopardım həyatımdan
Qələmimin naləsini bükməyə.
 
Bütün “olmaz”ları azad elədim,
Günahlarını bağışladım
Özümdən savayı...
Qorxularımı hürkütdüm 
bçimdə yaşayan
Ölümdən savayı...
 
O qadın 
 
O qadın,
çoxdan soyunmuşdu gözlərindəki qorxunu.
Əllərinin qabarı
Qəzəblənirdi göz yaşlarına,
Qəzəbləndikcə didirdi yanaqlarını...
 
Dərdini divarlarla bölməyi,
Taleyinə gülməyi,
Günü-gündən ölməyi də  
Öyrənmişdi o qadın!!!
 
 
Hələ ta başından...
Telli duvağlı tənhalığı
Çoxdan bardaş qurmuşdu toy mağarında.
Güclə qoluna taxmışdılar qismətsizliyini.
Beləcə bir vağzalı da ağlamışdı...
 
Daha rəngli yuxular da görmürdü!
Süpürdüyü küçələrin tozu
Boğmuşdu arzularını,
Daha arzuları da cücərmirdi...
Nəfəsinə örtdüyü örpəyi ilə
Səsini kəsmişdi
Üsyanının...
 
 
Daha günahkar axtarmırdı!
Soyuq otağında
Addımlarının səsinə isinməyi də öyrənmişdi,
Masasının üstünə hər gecə iki boşqab qoyaraq
Özü-özünə qonaq olmağı da,
Gecələrin bağrını
Kiprik-kiprik yolmağı da
Öyrənmişdi
o qadın!!!
 
Sənə
 
Yanvarın şaxtası
Alışır sətirlərimdə,
Gözlərimə yıxılan
Yuxunun ayağı altında
Didilir bəbəklərim.
Bir aha hopur adın dilimdə
Susur qələmin cəsarəti də.
 
Hər gecə
İçimdəki zindanda
Yad edirəm fikirlərimi.
Adın da susur misralarımda
Mən Allahdan da xəbərsiz
Hey sənə yazıram şeirlərimi...
 
 
 
 
 
 
 
 
 



Bu yazı ( 244 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar