12px14px16px18px

NAĞIL

Aytən NƏSİBBƏYLİ
13:30 / 20.04.2012

Bir uşaq düşün
Anasız
Hələ ana laylası eşitməmiş
Anasını laylalara gömmüş
Yetim bir uşaq düşün.
Kim bilir
Bəlkə neçə dəfə
əlindən tutub
qaçmısan da onunla
xəyalında
dünyanın
bilmirəm, haradasa var
olduğu söylənilən
olmazların olduğu
limansız,
yolsuz
o itmiş şəhərinə.
Röyalar sehriylə
Bir nağıl yaşamısan
Bəlkə də uydurmusan
Hə, uydurmusan
Uşaq vaxtı
Nənənin sənə
Uydurub söylədiyi
O gülməli nağıllar kimi.
“Sonda padşah
Gözəl kəndli qızını alır.
Kasıb,
Amma ağıllı kəndli
Padşah olur”.
Nə yaxşıydı uşaq olmaq
Uşaq olub özünü
Nağıl qəhrəmanı bilmək.
Qırxotaqlı saray və sən.
Və oyanmaq
Və son
Nağılsız
Üç almasız
Sehrsiz bir
Son.
Sənin sonun!
Göyqurşağı
Bir gün çıxıb gedəcəm buralardan
Elə-belə
Səbəbsiz
Heç kimə demədən.
Bir göyqurşağı tapacam
Uzaqlarda.
Rənglərini özüm boyayacam.
Rənglərinə boyayacam özümü.
Bir bahar var uzaqlarda,
bilirəm.
bir bənövşə var ki,
əyilməyib boynu heç vaxt.
əyməyib heç kəs.
Bir yalan
Uyduracam özümə,
Bir mahnı qoşacam.
Bir gün çıxıb gedəcəm buralardan.
Mahnıma
Yalanıma
“inanıb”gedəcəm.
Ağla
Bir gün ağlamaq istəsən əgər,
Ağla.
Ağla.
“ölüb” gedən o yazıq qızın ardınca ağla.
Bir dəyəri oldu, bəlkə.
Bir gün ağlamaq istəsən əgər,
Eləcə boş-boşuna ağla
Bir səbəbi olmadan.
Bu dünyada səbəbini itirmiş
o qədər dərd var ki.
Bir gün ağlamaq istəsən əgər,
Ağla.
Hönkür-höNkür,
Dəli kimi ağla.
Ağla, qoy bilməsinlər
Kimdi “dəli”
Sən, yoxsa dərdin?
Bir gün ağlamaq istəsən əgər,
Ağla ...
Səbəbini bilmədən ağla
Aytən NƏSİBBƏYLİ



Bu yazı ( 184 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar