12px14px16px18px

Fəlsəfi poeziyadan ilahi eşqə yol

Mahmud ALLAHMANLI
01:40 / 19.04.2012
Əgər İnsan haradan gəlib, hara getdiyini bilirsə, deməli o, kamillik qapısının yolunu tanıyır. Yol tanımaq, ədəb-ərkan bilmək Azərbaycanda ləyaqət mərtəbəsi hesab olunur. Heç vaxt öz yolunu tapmayan alimə, şairə, rəssama, bəstəçiyə rəğbət olmayıb bizim məmləkətdə. Çünki Azərbaycan ədəbiyyatı qədim türk eposu olan “Kitabi-Dədə Qorqud”dan başlayaq əzəmi bir yolla gedib. Yolçuları da Xətib və Qətran Təbrizilər, Xaqani, Məhsəti, dahi Nizami Gəncəvi, filosof Nəsimi, Mövlanə Füzuli, faciəli tale M.F.Axundzadə türkçülüyün peyğəmbəri Ə.Hüseynzadə, musiqisi ana südü kimi təmiz Ü.Hacıbəyli, millət və qeyrət təcəssümü Mirzə Cəlil və M.Ə.Sabir, romantik filosof H.Cavid, milli dramaturq H.Cabbarlı, bənzərsiz istedadlar M.Müşfiq və S.Vurğun... olub. Bu adları dilə gətirəndə adamı vahimə basır. Belə bir ədəbiyyatın varisi olmaq, əlinə qələm alıb bu ədəbiyyatın Tanrısından, bu Tanrıdan yazanlardan yazmaq böyük cəsarət (və əlbəttə ki, böyük istedad!) tələb edir... Əsas məsələ isə öz YOLunu tapmaqdı. Kifayət qədər tanınmış gənc füzulişünas Gülşən Əliyeva-Kəngərlinin “Bədii düşüncə:tarixi gerçəklik və estetik ideal” (2011) adlı 400 səhifəlik həm məzmunca həm də həcmcə əzəmətli kitabına böyük sufi Aşıq Veysəlin sözləri ilə yazdığı “Uzun incə bir yoldayım” adlı olduqca mənalı müqəddiməni oxuyanda dərk etdim ki, bu yolçu Haqq yolçusu, Haqq aşiqidir. Bu yol Füzulidən başlanır.
Ədəbiyyatşünas alim Gülşən Əliyeva-Kəngərlinin bir-birindən maraqlı kitabları son dövr ədəbi-nəzəri fikrin uğurları, boyartımı anlamında xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda könlünü elmə, M.Füzuli şeirinin ecazkarlığına verdiyini düşünməyə əsas olur. Məhz haqqında daha ətraflı söhbət açmaq istədiyimiz “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” (Bakı, Təhsil, 2011) adlı monoqrafiyası bunun uğurlu və əsaslı faktıdır. Bir məqamı xüsusi olaraq vurğulayaq ki, müasir ədəbi-nəzəri fikrimizin həqiqi söz sahibləri (İ.Həbibbəyli, F.Qasımzadə, N.Cəfərov, R.Hüseynov, T.Kərimli, H.Qasımov, M.Nağısoylu və s.) G.Əliyeva-Kəngərlinin gördüyü böyük işlərə yüksək elmi qiymət veriblər. Və bundan sonra da, heç şübhəsiz, G.Əliyeva-Kəngərlinin tədqiqatları bir çox ciddi araşdırmaların faktına çevriləcəkdir. AMEA-nın müxbir üzvü T.Kərimlinin “Elmimizin gələcəyini düşünərək” adlı məqaləsi də həmin gərəkli və dəyərli işə verilən qiymətdir. M.Füzulinin sağlığından ta G.Əliyeva-Kəngərliyə qədər yazılanlar hamısı böyük şairə olan sevginin ifadəsidir. Gülşən xanım da məhz bir-birindən maraqlı araşdırmaları ilə öz adını həmin sıraya, füzulişünasların siyahısına ləyaqətlə yaza bilmişdir. Azərbaycan füzulişünaslığı həmişə böyük boy artımında olmuş və olmaqdadır. Gülşən Əliyeva-Kəngərlinin araşdırmaları, mən deyərdim, onun günümüzdəki uğurlarıdır.
G.Əliyeva-Kəngərlinin yeni çap olunan “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” kitabında problemlər “Poetik sözün fəlsəfi imkanları”, “Şeir fəziləti də ayrı bir elmdir (füzulişünaslıq: şəxsiyyətlər, istiqamətlər, problemlər)”, “Tarixi həqiqətlər və elmi təfəkkür”, “Bədii təfəkkür və tədqiqatçı fərdiyyəti” başlıqları altında qruplaşdırılır. Bu başlıqların özü də içəridə müxtəlif problemləri özündə ehtiva edir. Bütünlükdə M.Füzuli sözünün sehrini ortaya qoymaq xarakteri daşıyır.
M.Füzuli sözünün fəlsəfi imkanlarını araşdıran G.Əliyeva-Kəngərlinin ayrı-ayrı başlıqlarla verdiyi yazıda onun tədqiqatçılıq qabiliyyəti ilə bədii duyumu, sənətkarı dərki bir-birini tamamlayır. Burada tədqiqatçılıq bütün məsələləri həll etmir və M.Füzuli yaradıcılığını, sözünün sehrini axıra qədər açmaq imkanında deyil. Məhz bu səbəbdən də ədəbiyyatşünas alimin köməyinə tədqiqatçı bacarığı ilə eyni səviyyədə duran, bəlkə də ondan heç də geri qalmayıb qabaqda olan bədii duyumu daha çox yardımçı olur. G.Əliyeva-Kəngərlinin tədqiqatında bunlar qovuşur. Və bu səbəbdən də hüsn, eşq, qəm məsələlərini eyni müstəvidə araşdırır və çox doğru olaraq deyir: “Hüsn eşqin və qəmin səbəbi, ilahi gözəlliyin əsası, dünyanı əks etdirən ayna, Allahın-Cananın bütün sifətlərini əks etdirən nur mənbəyidir. Onu hər kəs görə bilməz, onu görmək üçün eşqi-əbədiyə mübtəla olmuş nadir insanların bəsirət gözü lazımdır. Bəsirət gözü isə peyğəmbərlərdə, həqiqi sufilərdə, dahi musiqiçilərdə, dahi şairlərdə, haqq aşiqlərində olur ki, M.Füzuli də belə nadir adamlardan biri idi. Belə olmasaydı o Tanrı sifəti Leylini, haqq Məcnunu yarada bilməzdi. Leylinin hüsnü dünyanı işıqlandıran bir çıraqdır. Leylinin hüsnü, Məcnunun isə qəlbi Tanrı nuru ilə işıqlanıb. Bu haqqa yaxınlaşmış sufinin mütləqi dərk etdiyi məqam, canın canana qovuşduğu həqiqət anıdır”. M.Füzulidə hüsn, eşq və qəm bir müstəvidə dayanır və biri digərini tamamlayan fakta çevrilir. Burada Leyli hüsnü, onun doğurduğu Məcnun eşqi və bu eşqin sonsuzluğa gedib çıxacaq dərdi zəncirvari şəkildə bir-birinə bağlanır. Və “qara baxtın oyanmazlığına” qədər gedib çıxır. G. Əliyeva-Kəngərli bunları dərkdən yazıya qədər uzun bir yol gəlmişdi. Bu hüsndə diqqəti cəlb edəcək bir məqam da var. Bu da sözün hüsnüdür. Dahi şairimiz N.Gəncəvi hələ on ikinci əsrdə “Sirlər xəzinəsi” poemasında sözlə bağlı öz qənaətlərini verərkən onu “ilk cilvələnən gözəl” kimi təqdim edir və xüsusi olaraq vurğulayır ki, dünya bərqərar olanda bütün varlıqların üstündə örtük vardı. Bu örtüklərin altında bir varlıq cilvələnirdi. Örtüklər götürüləndə məlum oldu ki, ilk cilvələnən gözəl SÖZ imiş. M.Füzulidə isə sözün cilvələnməsi, sözün hüsnü bütün tərəfləri ilə olmayan dərəcədə görünür. “Çünki o, hər şeydən əvvəl, sözün ilahi qüdrətini kəşf etmiş, onu “İlahi feyzdən bir xəzinə”, “ərşdən gəlmiş bir hədiyyə” kimi qəbul etmiş, sözün ölməzliyinə iman gətirmişdir. Füzuli əvvəlcə min əzab çəkib (şübhəsiz ki, böyük istedadı sayəsində – G.Ə.K.) əvvəlcə SÖZün hüsnünü cilalamış, sonra isə sözün gözəlliyi ilə ilahi hüsnün surətini yaratmışdır”. M.Füzuli bütün yaradıcılığı boyu sözün hüsnünü cilalamış və onun poetik imkanlarında ən yaxşı olanı seçib tapa bilmişdir. Bu hal böyük şairin ilk şeirlərindən son şeirlərinə qədər bir keyfiyyət kimi nəzərə çarpır. Zəngin ədəbi irsi, “azərbaycanca “Divanı”, “farsca “Divanı”, acərbaycanca, farsca, ərəbcə qəsidələrindən ibarət “Divanı”, “Leyli və Məcnun” poeması, “Bəngü Badə”, “Yeddi cam” alleqorik poemaları, “Şikayətnamə”si və digər məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” kimi nəsr əsərləri və s. hamısı Füzuli sözünün hüsnünə xidmət edir. Məhz bu hüsnün qeyri-adiliyini “...şeirimin hörməti hər yerdə vardır, xalq onun müştağıdır” qənaəti ilə ilk olaraq özü bildirmişdi. Bu zəngin yaradıcılıqda hər hansı bədii nümunə sözə ehtiyac doğurur, misraların fikir yükündən sözlərin yerində işlənməsinə qədər hamısı ovsunlayıcı təsirdə nəzərə çarpır. Məhz bu səbəbdəndir ki, artıq beş yüz ildir ki, yazılır, yozulur, müxtəlif istiqamətli təhlillər, şərhlər aparılır, ancaq yenə də sözə, təhlilə ehtiyac qalır. M.Füzuli sözünün böyüklüyü özü demişkən “əşari-mədhü-zəm”liyində yox, aşiqanəliyindədir. Bu “eşq dərdinin dəvası isə qabili-dərman deyil, tərki-can derlər bu dərdin mötəbər dərmanına” qənaətindədir. M.Füzuli dünyaya bu böyük eşqlə gəlib, həyatı onunla addımlayıb. Bütünlükdə düşüncəsində, fəaliyyətində, varlığında həmin eşqi daşıyıb. Axşamları, səhərləri onunla birgə gəlib. Və son olaraq yaradıcılığına süzülübdü. Bu səbəbdən də G.Əliyeva-Kəngərli çox doğru olaraq bir məqamı vurğulayır: “Füzulinin qəm olmayan şeiri yoxdur, çünki Füzulinin eşq olmayan şeiri yoxdur, ol səbəbdən ki, Füzulinin hüsn olmayan şeiri yoxdur. Ona görə belədir ki, Füzuli ən böyük şair idi, “dərd isə şairliyin əsas sərmayəsidir”. M.Füzuli həmin dərdi, sərmayə bildiyini bütün həyatı boyu əzizləyib, fikrinin, düşüncəsinin izharına çeviribdi. Onun ağrılarının kölgəsində “heyrət ey büt” deyibdi. Bu heyrətə isə “kimə kim, dərdimi izhar qıldım istəyib dərman, özümdən həm betər bir dərdə onu mübtəla gördüm”dən gəlibdi. Özündən həm betər bir dərdə mübtəla olma Füzuli eşqini cilalayır, onu ağrılarının yardımçısına çevirir. Füzulinin qəmi hüsnə vurğunluqdan, ona can atmadan bəhrələnir. Hüsn Füzuli eşqinin, Füzuli qəminin qaynağıdır. Şair hüsnə vurğunluqla məhvərindən oynamışdır. Məhz bu səbəbdən də ona çatmağın çətinliyini gördükcə, yaşadıqca misralarının qəmi artır. G. Əliyeva –Kəngərli məhz bunları bir sistem kimi açmaq yolunu tutur və son olaraq “İlahi eşq dastanı: “Leyli və Məcnun” poemasında tamamlamağa nail olur.
Monoqrafiyada diqqəti cəlb edəcək yazılardan biri “Ürfan abidəsi (“Rindü Zahid” sufizm kontekstində)” adlı yazıdır. Tədqiqatçı bu əsərlə bağlı araşdırmaları, müxtəlif münasibətlərin olmasını, fikir ayrılıqlarını vurğulayır. Və çox doğru olaraq ürfan abidəsi kimi araşdırmaq yolunu tutur. “Rindü Zahid” əsərini oxuyanda nədənsə yadıma M.Füzulinin “Fəzliyə nəsihət”i düşür. Mənim nəzərimdə bu şeirin özü mahiyyətində böyük düşüncəni, müəllifin bütünlükdə dünyaduyumunu, təsəvvürlərini ortaya qoyur. Necə ki, bir istiqamətdə bu məhz “Rindü-Zahid”də əksini tapır. Tədqiqatçı G.Əliyeva-Kəngərlinin “Rindü-Zahid”ə ürfan abidəsi kimi yanaşması və bu istiqamətdə təhlil aparması M.Füzuli düşüncəsində sufi mahiyyətini, davamlığını ortaya qoyur.
“Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” kitabında “Tarixi həqiqət və elmi təfəkkür” başlığı ilə bir bölmə var. Burada tədqiqatçı alimin “Milli vicdanın qəm işığı”, “Milli yaddaşın fəryadı”, “Mola Nəsrəddin – Milli kimliyimizin yaddaş kitabı”, “Romantik faciənin mistik qatı”, “C.Cabbarlının estetik idealı”, “Qapalı dodaqların söz yanğısı”, “Bu karvandan nə səs qaldı” və s. adlı məqalələri toplanıbdı. Bu məqalələr füzulişünas alim təkcə M.Füzuli yaradıcılığını araşdırmaqla kifayətlənmədiyi, həm də ədəbiyyatımızın aktual problemlərinə fəal münasibət bildirdiyini də göstərir. Eyni zamanda G.Əliyeva-Kəngərlinin orijinal düşüncə, özünəməxsus deyim və təfəkkür tərzi ilə görünməsini aydınlaşdırır. Klassiklərimizdən C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, C.Cabbarlı, M.Müşfiq və başqaları haqqında dedikləri bir bütövdür və tədqiqatçının ədəbiyyat problemlərinə kifayət qədər bələdliyindən xəbər verir. Bütün bunlar eyni zamanda ədəbi-nəzəri fikrimizin sabahı haqqında nikbin düşünməyə əsas verir. Bütün bu təəssüratlardan sonra təkrarən “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” kitabının başlanğıcında verilən yazıya gəlirəm, “Uzun, incə bir yoldayam” yazısına. Və düşünürəm ki, G.Əliyeva-Kəngərlinin bu “uzun, incə yolu” ədəbiyyatımıza, ədəbiyyatşünaslığımıza, sözümüzə, klassiklərimizə, böyük Füzulimizə, son olaraq nəslə-nəcabətə qayğının yoludur. Ruhun yaşanmasının yoludur. G.Əliyeva-Kəngərli bu yolun inadkar yolçusudur.
G.Əliyeva-Kəngərlinin böyük zəhmətlə toplayıb tərtib edərək, konseptual ön sözlə öz vəsaiti hesabına çap etdirdiyi 1600 səhifəlik “Azərbaycan füzulişünaslığının qaynaqları” (Üç cilddə, Bakı, Təhsil, 2011) xalqa, millətə, ədəbiyyatımıza qayğıdan irəli gəlir. Əgər G.Əliyeva-Kəngərli heç nə yazmayıb ancaq bu işi görsəydi də onun yeri ucalıq idi. Halbuki, bu ədəbiyyatşünas alimin yaradıcılığının bir hissəsidir. Toplayıcılıq və tərtibçilik fəaliyyətidir. Ədəbiyyatşünas alim böyük əzaba, zəhmətə qatlaşaraq Məhəmməd Füzuli haqqında müxtəlif dövrlərdə yazılmış materialları bir yerə toplayaraq ədəbi ictimaiyyətə təqdim etmişdir. Bu uzun, həm də ağır işin altına çiyin qoymaq, icrasına qərar vermək məsələsinə isə o heç şübhəsiz xeyli araşdırmalardan, füzulişünaslığı öyrənmədən sonra gəlmişdir.
G.Əliyeva-Kəngərli böyük şairimiz M.Füzuli haqqında yazılanları üç kitabda seçmələr aparmaqla vermişdir. “İlahi sözün əbədiyyəti” adlı giriş yazısında ədəbiyyatşünas alim bu məsələlərə diqqətlə toxunur və hər kəsin layiq olduğu qiyməti vermək məqsədini şərh edir. “Azərbaycan füzulişünaslığının qaynaqları” kitabının birinci cildində G.Əliyeva-Kəngərlinin ön sözündən sonra dahi şairimizin “Bu ərzi-ədəmi qüdrətdir və üzrə-fiqdi qüdrətdir” qənaətlərindən (Füzuli “Divan”ının dibaçəsi”) Mustafa Quliyevə qədər olan tədqiqatçıların yazıları verilir. Burada M.F.Axundzadə, F.Köçərli, Abdulla Sur, Abdulla Şaiq, C.Cabbarlı, B.Çobanzadə, S.Mümtaz, Əmin Abid, Y.V.Çəmənzəminli, İ.Hikmət, M.Quliyev kimi ədiblərimizin böyük şairimiz haqqında müxtəlif səpkili düşüncələri, qənaətləri əksini tapır. İkinci cilddə isə H.Araslının “Məhəmməd Füzuli”, “Füzulinin müəmmaları haqqında”, Mircəlal Paşayevin “Lirika”, Məmməd Cəfərin “Füzuli sevir”, “Füzuli düşünür”, Mirzağa Quluzadənin “Füzuli yaradıcılığında təsəvvüf”, Ə.Mirəhmədovun “Füzulinin qəzəlləri”, Ə.Cəfərin “Füzulinin dili ətrafında”, Əli Hüseynzadənin “Füzuli və təsəvvüf”, S. Əlizadənin “Füzuli sözünün sehri”, M.Əlioğlunun “Füzulinin eşqi” və s. kimi kifayət qədər ciddi tədqiqatları özünə yer alır. Üçüncü cilddə F.Qasımzadənin “Şair düşünür. Füzuli və sufilər”, Ə.Səfərlinin M.Füzulinin seçilmiş əsərlərinə yazdığı ön söz, S.Əliyevin “Füzulinin Leylisi”, “Bircə sözün xətası”, R.Hüseynovun “Qəzəllərin gözəlləri”, “Eşq vadisi”, T.Kərimlinin “Füzuli qəzəllərində təcnis” və başqalarının böyük şair haqqında düşüncələri özünə yer tapır. G. Əliyeva –Kəngərli bu cildlərin hər birinə ayrılıqda “Tərtibçidən” başlığı ilə bir yazı da yazıb. Həmin yazı özlüyündə kitaba bələdçilik edir. Müəllifin böyük şairə, onun haqqında yazılanlara münasibətini xarakterizə etmək məqsədi daşıyır.
“Azərbaycan füzulişünaslığının qaynaqları” kitabının birinci cildinin əhəmiyyəti daha böyükdür. Bu ilk öncə məhz şairin özündən, Lətifinin, Sam Mirzənin (Töhfeyi-Sami), Əhdi Bağdadinin (Gülşəni-şüəra), Aşıq Çələbinin (Məşair-üş-şüəra), Həsən Çələbinin, Əmin Əhməd Razinin (Həft iqlim), Əlinin (Künhül-əxbar), Sadiqinin (Məcməül-xəvvas), Riyazinin (Riyazüş-şüəra), Faizinin (Zübdətüş-əşar), Lütfəli bəyin (Atəşkəda) təzkirəsindəki faktları verməsi ilə əhəmiyyətlidir. Əlbəttə bunlar həm geniş oxucu kütləsi, həm də tədqiqatçılar üçün çox böyük dəyərə malikdi. Çünki həmin mənbələri istənilən vaxtda tapmaq, böyük şair haqqında qənaətləri bütün tərəfləri ilə əldə etmək çətinliyi vardı. Bunun bir əhəmiyyəti isə tələbə kontingenti ilə bağlıdır. Artıq ali məktəblərin filologiya faktültələrində oxuyan tələbələr M.Füzuli yaradıcılığı ilə bağlı mənbələri öyrənərkən buna asanlıqla nail olacaqlar. Bu baxımdan ədəbiyyatşünas alim G.Əliyeva-Kəngərli çətin işi asanlaşdırıb. Mənbələri bir-bir izləyib və demək olar, hamısını yeni toplayıb tərtib etdiyi “Azərbaycan füzulişünaslığının qaynaqları” kitabının birinci cildində vermişdir. Təkrar deyirik, bu xüsusi əhəmiyyətə, qiymətləndirməyə layiq işdir. Bir növ müasir ədəbi-nəzəri fikrimiz üçün örnəkdir. Bu üç cilddə materiallar tarixi axarda təqdim edilir. Azərbaycan ədəbi-nəzəri fikrinin görkməli şəxsiyyətlərinin, söz sahiblərinin hər birinin M.Füzuli yaradıcılığına müxtəlif aspektlərdən yanaşmaları, onun obyektiv qiymətini vermək məqsədi aydınlıqla görünür.
Bu üç cilddə materiallar tarixi axarda təqdim edilir. Azərbaycan ədəbi-nəzəri fikrinin görkəmli şəxsiyyətlərinin, söz sahiblərinin hər birinin M.Füzuli yaradıcılığına müxtəlif aspektlərdən yanaşmaları, onun obyektiv qiymətini vermək məqsədi aydınlıqla görünür. G.Əliyeva-Kəngərli üçüncü cildə yazdığı “Tərtibçidən” adlı yazıda Füzuli sözünün sehrindən danışaraq bir məqamı vurğulayır: “Bu sehrə toxunmaq, onun bircə düyününü açmaq füzulişünasdan böyük qəlb, bədii zəka və cəsarət tələb edir. Füzulini ancaq sevmək, ona yalnız “Heyrət, ey büt...” deyə heyran olmaq olar. Çünki Füzuli “Rindü-şeyda”dır və onun bu rindü şeydalığının sirri açılmayıb”. Göründüyü kimi, Azərbaycan elminin, ədəbiyyatının bütün böyük şəxsiyyətləri böyük sözün, M.Füzuli sözünün, M.Füzuli poeziyasının ecazkarlığının başına toplaşıblar. Sözün sehrində var-gəl ediblər. Ədəbiyyatşünas alimi G.Əliyeva-Kəngərlinin “Azərbaycan füzulişünaslığının qaynaqları” kitabı bunu tam aydınlığı ilə göstərir. Və bu sehrin hələ çox davam edəcəyi haqqında düşünməni zəruri edir.
Mahmud ALLAHMANLI
filologiya elmləri doktoru, professor



Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar