12px14px16px18px

“Sufi və şeir”: Mahmud Erol Kılıc təsəvvüf və poetik təfəkkür haqqında

Afaq ƏSƏDOVA
14:10 / 18.04.2012
 
XX əsrin fikir və sənət cərəyanları insan təfəkkürünə, misilsiz cahanşümul müharibələrə, ağır iqtisadi-siyasi böhranlara, qlobal fəlakətlərə bir ağırlıqla, təzyiqlə çökən düşünən beyinlərin cavab reaksiyası olmuşdur.
XIX əsrdə klassik fəlsəfi sistemin tamamlayıcıları sayılan Kant və Hegel insanı onun öz düşüncəsinin divarları içində təcrid olunmağa məhkum etdilər. Nitsşenin “Tanrı ölmüşdür” çılğın bəyanatı ilə artıq öz zəkasının divarları içində çırpınan insan Dostoyevski qəhrəmanlarının “Tanrı ölmüşdür, deməli hər şeyə icazə verilib” deyə gəlib çıxdıqları əqli nəticəni tarix səhnəsində həyata keçirməyə başladı.
Bu dövrün cəmiyyət və mədəniyyətinin xüsusi keyfiyyəti kimi “dekadans” – bütövlüyün, gözəllik, həqiqət və əxlaqi olanın tənəzzülünə aparan bir dünyagörüşü formalaşmağa başladı. “Bütövlüyün parçalanması” həyatın bütün sahələrində olduğu kimi sənətdə, ədəbiyyatda da ifrat ziddiyyətlərin formalaşmasına gətirib çıxartdı. Bir tərəfdən varlığın materialist səthililiyinə çəkən naturalizm, digər tərəfdən isə naturalist birölçülülüyünü inkar edən varlığın maddi boyutlarından, onun ilkin əsaslarından kənarda görünən dünyalarından başqa ruhi-mənəvi substansiyasını ifadə etməyə cəhd edən cərəyanlar – simvolizm, impressionizm və s. yaranmağa başladı.
Mahiyyət etibarilə dekadent sənət romantizmin dərinliklərindən gələn İdeal və Gerçəklik qarşıdurmasının inkişafından doğur – yeni şəraitdə, yeni dünyada gerçək dünya öz gerçəkliyini itirir, onun haqqında olan subyektiv təsəvvürlər irreallaşır, ideal dünya isə ideallığını itirir. Allah tərəfindən tərk edilmiş, mənasını itirmiş absurd dünya, boş göy üzünün altında qalmış əşyalar, bölünmüş bütövlüyün parçaları və “öz-özünün səbəbi”, “öz-özünün həddi” olan sənətkar “mən”-i yer üzünü tərk edən Allaha baş qaldıraraq bütün varlığı yenidən söküb quraşdırmaq, kainatın yaradıcısı və tənzimləyicisi vəzifəsini üzərinə götürmək cəhdində olur. Min illər ərzində formalaşan dəyərlərə şübhə və yenidən baxış yaranır. Absurdu, mənasızlığı bir reallıq göstəricisi kimi kəşf edən modernizm, ilahi harmoniyanın itirildiyi xaosun, sistemsizliyin, dəyərsizliyin, fraqmentarlığın, eklektizmin, dünyanı başdan-başa subyektiv şəkildə yenidən montaj etmənin ifadəsi olan postmodernizm tarix səhnəsinə çıxır.
XIX əsrin sonlarında Allahı itirən insan XX əsrin sonlarında özünü itirdi. İlahi dəyərlər dəyərsizləşdikcə insani dəyərlər, humanist ideyalar da aradan çıxmağa başladı. Bəşəriyyət tam bir heçlik, mənasızlıq uçurumuna yaxınlaşdı. Onun itirdiyi ilahi dəyərlərin yerinə qoyduğu heç bir bəşəri nailiyyət – elm, texnika, iqtisadi inkişaf və s. bu dəyərləri əvəz etmək iqtidarında deyil.
XX əsr ədəbiyyatı insan cəmiyyəti və təfəkküründə baş vermiş möhtəşəm dəyişikliklərlə, müəzzəm inkişafla bağlı olaraq öz missiyasını çox genişləndirdi. O, fəlsəfənin, psixologiyanın, sosiologiyanın və digər humanitar-ictimai təfəkkür sahələrinin əhatə dairəsinə nüfuz etdi. Ədəbiyyat rasional təfəkkürün gücünün yetmədiyi hədlərdən dünyanın dərkinə, insanın içinə girdiyi xaosun, məchulun aydınlaşdırılmasına,   bu xaosun dilini tapmağa çalışdı. Min illər ərzində tarixin, insan təfəkkürünün içindən bir ana xətt kimi keçən insanın hissi-idraki təkamülünün ən son, ən ideal ifadə formalarından biri olan təsəvvüf əslində elə bu missiyanı həyata keçirmişdir. Ancaq təsəvvüf xaosun deyil, vəhdətin dilini axtarmışdır. İnsan qəlbinin və idrakının bütövlüyün, vəhdətin, beləliklə həqiqətin idrakına, inkişafına, onunla bir oluşumuna, eyniləşməsinə can atmışdır.
Əlimizdəki çox dəyərli “Sufi və şeir” kitabı müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan Mahmud Erol Kılıc tərəfindən təsəvvüfün varlığının yaşarlılığının, bəşər təfəkkürünün bu günü və sabahı üçün bir örnək olaraq necə böyük bir əhəmiyyətə sahib olduğunun geniş, peşəkar təhqiqat və yüksək elmi ümumiləşdirmə gücü ilə təsdiqidir. Müəllif bütün sənətlərin olduğu kimi, ədəbiyyatın da istər ontolojik təməlində, istərsə də tarixi təzahürünün arxasında “din” və “mənəviyyat” gerçəyinin durduğu tezisini əsas tutaraq təsəvvüf poetikası timsalında, xüsusilə də osmanlı-türk sufi şeirini bir çox yönləri ilə təhqiq və təhlil edərək ədəbiyyatın dünyəvi, bəşəri dəyərlərin, “sadəcə varlıq planında zühur edişlərin” ifadəsi olması ilə yanaşı, həm də günümüzdə də aktuallığını, yaşarlılığını itirməyən, hətta bəlkə daha çox tələb duyulan metafizik, irfani dünyagörüşün sözçüsü olduğu qənaətini ortaya qoyur.
Bu gün müasir ədəbi və ictimai-mədəni situasiyanı, fəlsəfi, epistomoloji, elmi-nəzəri və emosional-estetik təsəvvürlər kompleksini xarakterizə etmək üçün postmodernizm termini istifadə edilir. Postmodernizm bir baxımdan qanunauyğun şəkildə bir-birini əvəz edən mədəni epoxalar zəncirində növbəti halqa kimi təsəvvür edilir. Digər bir nöqteyi-nəzərdən isə postmodernizmə dəyərlərin dəyişdiyi hər bir böhranlı dövrə xas olan başlıca mədəni mentalitet, artıq işlənmiş, tükənmiş bədii formaların yenisinə keçdiyi keçid dövrü estetikası, mədəniyyətin müxtəlif inkişaf mərhələlərinə xas olan tipoloji hadisə kimi baxılır.
Postmodernizmin görkəmli nümayəndələrindən biri olan italyan alimi və yazıçısı Umberto Eko bu qənaətdə idi ki, “Postmodernizm – təsbit olunmuş bir xronoloji hadisə deyil, nə isə mənəvi bir durumdur” və “hər bir dövrün özünün xüsusi postmodernizmi vardır”.
Qələmə aldığı mövzunu təkcə filoloji deyil, həm də fəlsəfi-tarixi bir aspektdə işləyən Mahmud Erol Kılıc da, heç şübhəsiz, günümüzün “özünə məxsus olan” bu postmodernist mənəvi durumuna cavab arayaraq “sürəkli dəyişən içində dəyişməyəni, yəni ararlar içində dəyişməz olan o cövhəri, özü bulmaq və günümüzə daşımaq” istəmişdir.
Müəllif ənənənin özünün də bu olduğunu qeyd edir. Məhz tarixi inkişafın ardıcıllığını şərtləndirən “forma etibarilə” dəyişən, dəyişməli olan, lakin məna və məzmun etibarilə dəyişilməyən, dəyişildikdə həyatın məhvinə aparıb çıxaran dəyərlərin varlığını qoruyan, ənənəyə bağlılıq, onu nəinki elmi şəkildə araşdırmaq, öyrənmək, müdafiə etmək, həm də əsərlərindən göründüyü kimi həyatında, əməllərində yaşatmaq bu kitabın müəllifinə bir ürfan sahibi olaraq zamanın inkişaf istiqamətləri haqqında danışmaq üçün bir bəsirət və iddia haqqı verir: ədəbiyyat pəncərəsindən, təsəvvüfün bir ana xətt kimi içindən keçdiyi klassik türk-osmanlı şeiri pəncərəsindən insan oğlunun tarix boyu tanıdığı ezoterik-mistik məktəblərdən, təfəkkür istiqamətlərindən bəlkə də ən mükəmməli olan sufizmin bəşəriyyətin bu gün içində bulunduğu ağır ictimai-psixoloji durumdan xilas olması üçün özündə əvəzsiz bir imkan daşıdığı nəticəsinə gəlib çıxır. 
Müəllif eşqin həqiqi bilik qaynağı olduğunu, rasionalizmin “bu bilgi vasitəsini çoxdan unutduğu, nevroloji sinir uclarının daşıdığı bilgiyə həbs olunduğunu”, təsəvvüfün tarixən insan təfəkkürü qarşısında necə geniş üfüqlər açdığını qeyd edir.
Son minillik türk tarixinin inkişaf xəttinin elm, ədəbiyyat və toplum qatlarının şəkillənməsində başlıca təsir gücünə sahib düşüncələrin daha çox təsəvvüf qaynaqlı olduğunun danılmaz bir gerçəklik olduğu hökmünü ifadə edən alim islam tarix fəlsəfəsinin görkəmli yaradıcısı İbn Xəldun timsalında əks görüş sahiblərinə belə cavab verir: “Əgər ömrü vəfa etsəydi (İbn Xəldun nəzərdə tutulur – A.Ə.) bir imperatorluğun yüksəliş dönəmlərində təsəvvüfün ona necə açıq bir üfüq sunduğunu və qarşı zehniyyətin hakimiyyətinin başlamasıyla da bu üfüqün necə daralıb çöküş sürəcinə girilmiş olduğunu görərdi”.
Mahmud Erol Kılıc təsəvvüflə bəşəriyyət tarixində var olan digər ezoterik məktəb və cərəyanların yaxınlığını bunların birinin digərindən təsirlənərək yaranmasında deyil, “şərqli və qərbli insanın günəşə baxmaq üçün başlarını yuxarı qaldırmaq kimi eyni hərəkəti etmələri” tərzində bir obrazlı ifadə ilə anladır. Eyni zamanda, günümüzün bir çox Qərb mütəfəkkirlərinin fikri ilə də sufizmin yaşarlılığını itirməmiş yeganə hikmət məktəbi olduğunu ifadə edir, həqiqi bilginin əldə edilməsi üçün məhz bu düşüncə sisteminin fikri təməllərinin və mənbəyinin pozulmamış olduğunu əsas gətirərək təsəvvüfü modern nihilist və pessimist dünyagörüşünə qarşı bir çıxış yolu kimi görür: “Modern insanın yenidən həm özünü kəşf etməsi, özünü tanıması, onu bir zamanlar qopduğu o ilahi bağlarla yenidən barışdıracaq və bu barışması müqabilində də toplumsal, ictimai barışı, sevgini yaymış olacaqdır”.
Sufi və şeir anlayışları arasındakı əlaqəyə hər iki anlayış açısından bir çox yönlərdə işıq salan tədqiqatçı-alim təsəvvüf ədəbiyyatının qneseoloji köklərini İslam dünyagörüşünün özündə görməklə yanaşı, Osmanlı sufi şeirinin poetikasının Qərb poetikası ilə müqayisəli təhlilinə əsasən “mütləq mənada olmasa da, Osmanlı şeirinin böyük çapda Platonçu poetikanı izlədiyi” fikrini irəli sürür. İslam peyğəmbərinin “Şübhəsiz şeirin bəzisində hikmət...” və “... bəzisində sehr vardır” hədisini çıxış nöqtəsi kimi qəbul edən müəllif sufi şeirinin xüsusiyyətinin “hikmət” qavramı, “bir məna ifadə etmə”, “məna dərinliklərinə dalma” şərti, Aristotelin “kəşf” adlandırdığı bir özəllik olduğunu qeyd edir.
“Mən gizli bir xəzinə idim, bilinməkliyi sevdim və bunun üzərinə sirləri yaratdım” müqəddəs hədisi bütün sufilər kimi eşqin qaynağı olaraq göstərən Mahmud Erol Kılıc sufi şeirinin məna və obrazlar aləminin bu gizli xəzinəni aramaq, bilmək yolunda yaranan eşqlə, bu yolda çatılan məqamlarla bağlılığını ifadə edir. Müəllif kitab boyu “şeir və təsəvvüfün hər düzləmdə bir ruh və bir bədən kimi iç-içə təzahür etdikləri, bir gerçək olduqları” fikrini sərgiləmiş və bu fikri əsərin bütün bölümlərində tarixi, fəlsəfi, ədəbi, estetik, psixoloji və s. aspektlərdə təhlil və nümunələrlə əsaslandırmışdır. Qələmə alınan mövzunun “daha çox fikri əsaslarını bəlirləməyi, ana ilkələri çıxarmağı hədəflədiyinə” görə kitab elmi ümumiləşdirmələrlə zəngindir. Peşəkar elmi təhsillə yanaşı, müəllif bu əsərində müasir ədəbi-fəlsəfi təfəkkürün tələbləri səviyyəsində, Borxesin təbiri ilə desək, “dünyanın müəmmalı çoxluğunu nizamlamaq bacarığı” göstərərək tarixin, zamanın dəyişkənliyə məruz qoyduğu düşüncə və hadisələr axını içərisindən daimi olanın üzərində durmuşdur. Mövzu etibarilə ədəbiyyat və təfəkkür tarixindən bəhs edilsə də, Mahmud Erol Kılıc bugünün suallarına cavab axtarır. O, keçmişin güzgüsünə gələcəyi görmək üçün baxır, təfəkkürün perspektivlərini, inkişaf istiqamətlərini göstərən mütəfəkkirlərlə ilk baxışda görünməyən, büruzə verilməyən bir mübahisə edir. Xüsusi vurğulamasa da əsərin ideyasından, təhkiyəsindən, müəllifin təlqinlərindən bu təəssürat meydana çıxır. Bu kitabda gəlinən nəticələrin bəzilərinin adı çəkilməsə belə postmodernizmin banilərindən biri olan görkəmli alim və yazıçı Umberto Ekonun qeyd olunan müasir bədii cərəyanın klassik əsərlərindən biri olan “Qızılgülün adı” romanında bəşəriyyətin ikiminillik söz sənətinin, bədii təfəkkürünün inkişaf istiqamətləri barədə mülahizə və iddialarına qarşı digər bir yeni görüş kimi qiymətləndirmək olar. Romanda metaforik bir dillə orta əsrlər kilsə zehniyyətinin təmsilçisi olan bir kor qoca rahib qədim bir monastırın labirintində yerləşən kitabxanada uzun illər boyu gizli şəkildə saxladığı bir əlyazmanı başqalarının qətli və özünün ölümü bahasına məhv edir və bu əlyazmanın “aydınlığın, ağıllı insanlığın” təcəssümü kimi qələmə alınan gənc qəhrəmanın əlinə düşməsinə imkan vermir. Bu əlyazma Aristotelin “Poetika” əsərinin komediyaya, gülüşə həsr edilmiş ehtimal olunan, xəyali ikinci hissəsidir.
Qoca rahib “günahların da müqəddəslik kimi eyni kökdən olduğunu bilir”, ona görə də günah və günahkarlar onun üçün təhlükəli deyil, lakin əgər bir nəfər çıxıb “Yaradılışa gülürəm” desə, qoca rahibə görə, onun küfrünə qarşı heç bir silah tapmaq olmaz...
Lakin əlbəttə, Aristotelin bu ehtimal olunan əlyazması “yandırılsa” da, bəşəriyyət yaşam və düşüncə təcrübəsi ilə bu əlyazmanın əhatə edə biləcəyi bütün bilikləri tarix səhnəsinə çıxarmışdır. Nəhayət, Aristotelin “katarsis” kimi nəzərdə tuta biləcəyi sağlam və islahedici gülüş bu gün bütün kanonları qıraraq öz stixiyasının son həddinə çatıb və postmodernist dünyagörüşü artıq bu öldürücü gülüş stixiyası ilə bəşərin bütün tarixi dəyərlərini tamamilə diskreditə etməyə çalışır...
Mahmud Erol Kılıc “Sufi və şeir” əsərində bir çağdaş mütəfəkkir olaraq insanlığın bədii təfəkkürünün, ədəbi sözün inkişafının mənbəyini Aristotelin “Poetika”sının xəyali, olmayan ikinci hissəsində deyil, real, mövcud olan, min illər boyu təsəvvüf və digər dərin fəlsəfi düşüncə sistemləri ilə səsləşən “hikmət”, “məna” əyarlı Platonçu poetikada axtarır. Çağdaş düşüncə sahələrinə hakimlik iddiasında olan postmodernizm dünyagörüşü ilə təsəvvüfi dünyagörüşün təmsilçisi olan Mahmud Erol Kılıcın “Sufi və şeir” kitabındakı ideyaların müqayisəsi və deməli, bu müqayisədən yarana biləcək qüsurlar da tamamilə bizə aiddir. Lakin görkəmli alimin bu əsərdə bir zəhmətkeş tədqiqatçı baxışı ilə bərabər, aydın mövqeli, minillik bir ədəbi tarixi-fəlsəfi gələnəyin sahiblərindən biri olan mütəfəkkir kimi bəşər təfəkkürünün bugünkü inkişafına məsul ola biləcək bir haqqı və iddianı özündə gördüyünə görə onun ideya və baxışlarını bu gün dünyamızda dominant olan dünyagörüşü ilə müqayisə etməyi zəruri bildik. Orta Şərqdə baş verən son böyük ictimai-siyasi dəyişikliklər, Şərq-müsəlman xalqlarının əzəmətli oyanışı, müasir dünya birliyi içərisində özlərinə layiqli yer tutmaq cəhdləri də onların minillik tarixlərindəki hakim ideyanın – təsəvvüfün bu gün nə qədər canlı, diri, inkişafa meyilli olduğunun bariz göstəricisidir.   
 Afaq ƏSƏDOVA



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar