12px14px16px18px

“Şekspir”... yaxud HARMONİYAnın təntənəsi...

Məryəm ƏlizadƏ

VƏ YA BƏYAZ DONLU QƏMLI KOMEDIYA...

00:54 / 17.04.2012
... Biri vardı, biri yoxdu...
... Məchul məmləkətdə məkanı bəlli olmayan, Zaman anlayışının isə heç vədə hökm sürmədiyi bir dəlixana vardı... Buranın sakinləri özlərini xəyallarında qurduğu cənnətdə hiss edər və azad – dəlisayağı xoşbəxt günlər yaşayardılar...
lll
... Tamaşa salonuna daxil olan andaca quruluşçu rejissor (Petru Vutkereu – Moldaviya Respublikası) və quruluşçu rəssamlar (tərtibat rəhbəri Xalq Rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev) bizi həməncə görkəmli yazıçı və dramaturq Elçinin “Şekspir” pyesinin mürəkkəb və qeyri – adi tamaşa ovqatına salmağa cəhd edirlər...
... Səhnə bəyaz rəngin hökm sürdüyü əsrarəngiz bir səltənəti xatırladır. Bu dəfə onun “əbədi geyimi” olan məxməri, parıltılı qumaşları cunadan tikilmiş və tənzif parçaları yapışdırılmış sirli-sehrli şəffaf bəyaz pərdə (superpərdə) əvəz edərək, həm paklığın, saflığın, həm də xəstələyin işarəsi kimi tamaşaçını bu axşam səhnədə baş verəcəklərə hazırlayır. Onun arxasında isə hər şeyin bəyaza boyanmasına rəğmən xoşbəxt həyatın... şən gülüşlərin... günahsız uşaq oyunlarının... topun... velosipedin... qaçdı-tutduların... səsi-sədası eşidilir... səmiri duyulur. Bir sözlə, tamaşa tam yaradıcı vəziyyətdə olan aktyorların gəzişmələri... gülüşləri ilə başlayır...
... Ön səhnədəki (avansəhnə) su ilə dolu hovuzun başında isə ilk gördüyümüz adam – dəlixananın Baş həkimi intihar etmək arzusunu həməncə faş edir və hətta yarızarafat buna ehmallıca bir cəhd də göstərir...
... Bəyaz cuna pərdə açılır və səhnədə elə bil ki, qədim bir malikanənin xarabalıqları əsasında bərpa edilmiş xəstəxana məkanı görünür. Qədim malikanədən qalan isə sanki küncə qoyulmuş dirəkli fənər və qapı, bir də ki, Sara Bernarın yelləncəkli kreslosudur. Bir tərəfdə Baş həkimin ənənəvi şirmalı kabineti, o biri tərəfdə isə sonsuz kainata açılan pəncərə (Veneralı düz 17 ildir ki, hər gün bu pəncərədən baxaraq veneralıların gəlib onu aparacaqlarını usanmadan gözləməkdədir...), hər yanda qurumuş və xəstəymiş kimi cunaya bükülmüş qupquru ağaclar, yuxarıdan asılmış köksüz, quru bəyaz budaqlar buranın qeyri-adi sakinlərinin ayrılmaz bir parçası kimi diqqətimizi cəlb etməyə başlayır.
Beləliklə də, quruluşçu rejissor və quruluşçu rəssamlar qəmli komediyanın oynanması üçün tamaşanın obrazına çevirdikləri, minimalizmin hökm sürdüyü bəyaz donlu məkanı oyunçuların ixtiyarına verirlər...
Bəs, bu məkanda gəzib-dolaşanlar kimlərdir?
... Yeknəsək həyatından bezib-usanmış, tez-tez intihar barədə düşünən Baş həkim (əməkdar artist A. Məmmədov)... Gün-güzəranından narazı Baş həkim A.Məmmədovun ifasında ruhi xəstəliyin astanasının bir addımlığındadır. Tamaşada guya ki, “sağlamlar qütbünü” təmsil edən Baş həkim ağ xalatı geyərkən sanki azadlığını itirir, “bunları... etməliyəm!” çərçivəsinə girir, azadlıq istəyinin boğulduğunu azad pasientləri ilə söhbətlərində anlayır, özü ola bilmədiyi üçün çırpınır... A.Məmmədovun Baş həkimi çoxdan onu evdə və işdə əhatə edən mənfiliklərlə barışıb: ailəsindəki sevgisizliklə, etinasızlıqla, işdəki yalan və oğurluqla, bir sözlə, şərlə... Təbiətindəki bu keyfiyyətlər onu – əslində, ağıllı və dürüst insan olan Baş həkimi naqisliklərlə barışan, ona baş əyən, bir az qorxaq, bir az itaətkar birisinə çevirib... Nəticədə, bu mədəni, yumşaq insan sosial şərə qarşı fəal olmayan bir mövqedə qərarlaşır... Getdikcə isə müdhiş bir fikrə – özünün şirmalı iş otağı ilə pasientlərin palatası arasında mahiyyətcə heç bir fərqin olmaması fikrinə gəlir... həyatının sonuna qədər bax, bu gedişlə də davam edəcəkdir...
Baş həkimə görə dəlilərdən xoşbəxt adam yoxdur: “Onlar xoşbəxtdirlər, qohum-qardaşı, işi-gücü unudublar”... Baş həkim – A.Məmmədov pasientlərin istər xəstəliklərini, istərsə də fərdi təbiətlərinin özünəməxsusluğunu nəzərə almadan, hamıya ənənəvi müalicə üsulunu tətbiq edir. Bu zaman quruluşçu rejissorun kinayəsi aktyorun mükəmməl oyun üslubunda özünü qabarıq göstərir. Bəlli olur ki, öz gülünc müalicə üsulu ilə o, nəinki pasientləri müalicə edə bilməyəcək, əksinə, onların formalaşmış – artıq öz qanunları ilə yaşanan mühitinə zərbə vuracaq. Rejissor təklif etdiyi komik situasiyaları bu aktyorun çoxlaylı psixoloji oyunu, plastikası, səs tembri, danışıq tərzi vasitəsilə bizə təqdim etdikcə komikliyin anlaşılmazlığa... anlaşılmazlığın isə qəm gətirən ovqata... çevrildiyini görürük. Beləliklə də, quruluşçu rejissor əsas götürdüyü janrın bədii-estetik xüsusiyyətlərinə eklektikaya yol vermədən riayət etməklə, “qəmli komediya” janrının təbiətini tamaşaçıya epizod-epizod, pərdə – pərdə aşılayır...
Tamaşada daxilən azad olmayan və iradəsizlikləri üzündən qapalı, dar məkanın məngənəsindən çıxa bilməyən insanlar (Baş həkim, Həkim və Sanitar) miniatür çərçivədə təqdim edilir. Onlar azadlıq istəyi olan, amma daxilən azad ola bilməyən, bu arzunu ürəklərində öldürən naçar insanlardır, xəstələr isə uydurduqları dünyada azaddırlar... xoşbəxtdirlər...
... Son dövrdə bir-birindən fərqli obrazlar yaradaraq onların daxili dünyaduyumu ilə zahiri plastik rəsmini vəhdətdə təqdim etməyi bacaran gənc aktrisa N.Güləhmədovanın ifasında vicdandan məhrum, bədbəxt ailə həyatının çıxılmaz girdabında sona qədər çapalamağa məhkum, cinsəl həyatında normal kişi-qadın münasibətləri tamarzısı, şəhvət hissləri doyumsuz, hətta Sara Bernarla Drob 13-ün romantik duyğularına belə həsəd aparan Həkim qadın...
...İnsanlıq, ləyaqət, şəfqət hisslərindən bixəbər, oğru, əliəyri (...“oğurlamıram, götürürəm...”), qəddar, yalnız özünü (...mədəsini!) düşünən Sanitar (A.Şirinov)... Teatrın aktyor heyətində heç kimə bənzəməyən fərdiliyi ilə qabarıq seçilən A. Şirinov yaratdığı Sanitar obrazının çoxsaylı naqis cəhətlərini qroteskə... sarkazma əsaslanaraq dəqiq rəsm edir. O, nəinki səhnədə təklif olunan vəziyyətlərdə gözlənilməz və sərrast olur, həm də Sanitarın – bu qorxunc, miskin məxluqun (insanın yox!) törətdiyi yaramazlıqları... bu yaramazlıqları hər an artırmaq niyyəti ilə daim pusquda durmasını... əlinə keçən hər şeyi qəfil qamarlayıb oğurlamasını... zavallı pasientlərə qəfildən cumaraq, onları incitmək, təhqir etmək və qeyri – insani əməllərindən sonsuz keyf almaq kimi (aktyor bu keyfin yaratdığı ekstaz halını əcaib gülüşləri... mimikası... cəld plastikası... ilə ustalıqla faş edə bilir) nifrətə layiq hərəkətlərini bu mənfi personajın yalnız kəskin zahiri deyil, həm də daxili eybəcərliklərinin parlaq portret cizgilərinə çevirir. A. Şirinov öz obrazının qeyri – insani içini... yox, yox... oğurladıqları ilə dolu olan içalatını tamaşaçı zalına virtuozcasına translyasiya edə bildiyindən Sanitar bizim nifrətimizi qazanır.
Kimliyi, keçmişi, bura gəlib düşənə qədər taleyi belə bəlli olmayan Sara Bernar (Əməkdar Artist M.Atakişiyeva), Stalin (Xalq Artisti R.Novruz və Əməkdar Artist P.Bağırov), Veneralı (Əməkdar Artist E.Cəbrayılov), Ər-arvad (Ş.Şahvələdqızı) və Drob – 13 (E.Rüstəmov, A.Heybətov)...
Deyəsən, axı, əsas personajlardan birini, bəlkə də ən əsasını-Ş E K S P İ R-i unutdum... Amma yox, onu – Yer kürəsində harmoniyanı bərpa etmək arzusunda olan dramaturq Elçinin həmfikiri dramaturq Şekspiri unutmaqmı olar?!
Teatr dramaturji materialdakı sözlə çətin izah edilən, mənəvi-psixoloji əhəmiyyəti böyük olan mürəkkəb anlayışların mahiyyətini tamaşanın sevgiyə... harmoniyaya... inama ehtiyacı olan (səhranın suya ehtiyacı kimi!) bütün “toxuma” və “hüceyrə”lərini qidalandıran virtual obraz – Şekspir sayəsində laybalay üzə çıxarır. Beləliklə də, pyesin parlaq plastik tamaşa variantının yaranması baş verir.
Quruluşçu rejissor və quruluşçu rəssamlar tamaşada mövcud olan ağ bürüncəkli sadə geyimlərdən tutmuş bütün elementləri, halı, əhvalı, ab – havanı həm də sanki kosmik bir lal-dinməzlik, dumanlı, alatoranlı görüntü şəklində (burada göydən qar da yağa bilər... sabun köpüyündən şarlar da oynaşar... rəqs edər və pasientlərin əhvalını tamaşanın nəfis kosmik musiqisinə (musiqi tərtibatı H.Kazımzadə) qoşulub müşayiət də edər...) təqdim edir.
...Bəli, gözümüz önündəki bəyaz səhnədə ilk baxışda qeyri-adi heç nə ilə diqqəti cəlb etməyən ruhi xəstəxananın işçiləri və pasientləri dolaşır... Amma epizodlar bir-birini əvəz etdikcə, vizual görüntülər daha dərin məna və mətləb qatlarını işarələdikcə, ilk təəssüratımızın bəsit olması qənaətinə gəlirik. Elçinin dövrün çağırışına adekvat cavab vermək hünərini (ədəbi hünərdir!) yadımıza salanda isə mürəkkəb strukturlu, dramaturqun modern düşüncəsinin məhsulu olan bu pyesin çox kövrək, köməksiz, keçmişsiz və gələcəksiz insanların düşdüyü zamansız-məkansız bir həyat – dəlixana çərçivəsində təqdimatının kökünə, mənasına, fəlsəfəsinə varmağı bacarırıq...
...Orijinal bədii təfəkkür sahibi olan dramaturqun qəmli təbəssüm arxasında gizlənən mütəfəkkiranə (böyük Mirzə Cəlilin “Dəli yığıncağı” tragikomediyası yada düşür...), ağrılı düşüncələrinin katalizator təsirini qeydə alırıq...
...Elçin dramaturgiyasının səhnə təcəssümünün milli teatr prosesimizə dünya teatrının aktual mövzu və problemlərini qatdığını görürük...
... Görürük ki, Elçin özəl dramaturji poetikasına sadiqdir. O, yalnız milli deyil, eyni zamanda, dünya dramaturgiya məkanının sakinidir...
... Görürük ki, o, “Şekspir” pyesində dünyanı bürüyən və çoxdan apogeyinə çatan mənəvi xaosa öz baxım bucağından yanaşa bilir...
... Görürük ki, artıq dünya teatrlarının diqqətini cəlb etmiş “Şekspir” dördüncü pyesidir ki, eyni bir bədii ideyanı müxtəlif rakurslardan hər dəfə yenidən sınayır və şərti olaraq, “Kimdir dəli?” adı altında birləşən komediyalarında onu “Gerçəklik və mənəvi – əxlaqi sağlamlıq”... “patoloji gerçəklik və onun sağlam olanlarda inikası”... “patoloji dəlilik və onun gerçəklikdə inikası”... nəhayət... “məhvərindən çıxmış dünya”da (“Hamlet” faciəsi) Şekspir dühasının işığında H AR M O N İ Y A N I N T Ə N T Ə N Ə- S İ N Ə Ü M İ D və İ N A M maraqlandırır...
... “Şekspir”də dramatik model-situasiya paralel müstəvidə yetişir: bir yanda dəlixana və pasientlər, o biri yanda isə planetimizi – reallığı təmsil edən tibbi personal... Planetimiz – reallıq müstəvisi sanki boşluqda dolaşan və mənasızlığı işarələyən Baş Həkim, Həkim və Sanitarın timsalında absurd həddə çatdırılırsa, pasientlər müstəvisi əslən absurd ab-havanın, azadlıq və irrasionallığın, yuxunun, xəyalın və reallığın eyni vaxtda bir yerdə olub, dramaturq tərəfindən bir-birinə calandığı “çəkisizliyin” sonsuz fəzasına çevrilir...
... Yeni dramaturji strukturu, tam yeni tipli konflikt və kolliziyaları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hissləri stereotipdən uzaq olan yeni məzmunlu insan tiplərini, xarakterləri ortalığa qoyan “Şekspir” pyes – tamaşasında maraqlı dramatik, lirik-romantik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, dövrə adekvat dünyaduyumu dramaturq tərəfindən yüksək professionallıqla bir-birinə hörülüb. Bizə təqdim etdiyi süjet gedişatında XIX, XX və XXI əsrləri bir araya gətirən (əcəba, Sara Bernarla Stalinin görüşü... Sara Bernarla Şekspirin telefon danışıqları... görüşləri və s. XXI əsrdə adiləşmiş virtuallığa söykənmirmi?) dramaturqu və quruluşçu rejissoru situasiyaların komikliyini yetişdirib faciə həddinə çatdırmaq məşğul etmir. Nə yaxşı ki, nə müəllifi, nə də rejissoru buradakıların xəstəlik tarixi də heç maraqlandırmır...
Quruluşçu rejissor bu xəstəxanadakı anlaşılmazlıqlara güclü romantik bir don geydirir və obrazları bizə təqdim etdiyi konteksdə adi görünən virtual sürətin dolanbaclarına ustalıqla salıb-çıxarır. Baş Həkimin Sanitarla... Həkimlə qarşılıqlı münasibətləri, iş əlaqələri göz önündə anbaan dəyişir, az qala ciddi sosial problem səviyyəsində təqdim edilir. İlk baxışda hər şeyin öz qaydasında olduğu bu xəstəxanada pasientlər intensiv müalicə edilir, dava-dərman alır, hətta onların asudə vaxtlarının belə qayğısına qalınır... kitab oxuyurlar... oyunlar oynayırlar... amma... və lakin...
... Bəli, tamaşadakı ən füsunkar və ən qəmli romantik oyunu oynayanlar da elə dəlilərdir... Xəstələrdən biri Sara Bernarın, digəri isə Stalinin donuna giribdir, hətta geyimləri, ədaları, plastikaları belə onların bu cildə əbədi pərçim edilməsindən xəbər verir. Sözügedən hər iki səhnə obrazı aktyorların ifasında tamaşadakı romantik vüsətin dərəcəsini artırır.
E.Cəbrayılovun cazibəli ifasında saf çöhrəli, qılman qiyafətli həlim, təmənnasız, nəvazişkar, dinc, xəyalpərvər, səhərdən axşamacan bütün fikri-zikri pəncərədən göylərə baxmaq (düz 17 ildir!) və özününküləri (veneralıları) gözləmək olan Veneralının ümidi sonsuzdur... İstedadlı aktyor səhnədə təklif olunmuş vəziyyətdə təbii tərzdə mövcud ola və Veneralının həsrət, intizar və ümid işartılarını bədii biçimdə görümlü edə və bizi veneralıların məhz belə olduqlarına inandıra bilir.
Özünü bir vücudda həm ər, həm arvad hiss edən Ər-arvad Ş.Şahvələdqızının ifasında həm də aktrisanın əsl bədii başqalaşma bacarığının nümayişidir. Bu zaman sanki bədii başqalaşma ilə yaradıcı hiss-həyəcanın peyvənd olmasının şahidi oluruq. Aktrisanın ifasında bu proses həm psixolojidir, həm patolojidir, həm fiziolojidir və o, səhnədə öz personajı üçün düzgün yaradıcı əhval, hal tapa bilibdir. Ş.Şahvələdqızı bu obrazda özünün yaradıcı fantaziyasını sərgiləyə bilir, obrazına xas olan ən xırda detalların, ağılla, düşüncə ilə dərk edilməyən ani hal sayrışmalarının, cinsdən-cinsə keçidin yaratdığı çətinliklərin öhdəsindən gəlir. Aktrisa Sanitar tərəfindən amansızlıqla hovuza itələndikdə də, yamyaş hovuzdan çıxıb yarpaq kimi əsdiyi, sanki nə olduğunu dərk etmədiyi anlarda da günahsız, məsum körpə təbəssümünü üzündən əskik etmir, bu isə onun bir oyunçu kimi təklif olunan vəziyyətdə düzgün emosional reaksiya tapmasından xəbər verir.
Ər-arvad obrazında Ş. Şahvələdqızının obrazlı – emosional təfəkkür tərzi maraq doğurur, o çox zaman bəzən qallüsinasiya halında söylədiklərini belə aydın təsəvvür edə və dəqiq göstərə bilir. Bir sözlə, aktrisa öz düşüncəsində şəxsiyyətin haçalanmasının, ikiləşməsinin, vücudunda əri ilə bərabər mövcud olmasının psixoloji-fizioloji ağırlığını daşıyır. Onun ifasında Ər və Arvadın ani dialoqları çox təsirlidir. Ş.Şahvələdqızı düzgün tapdığı yaradıcı hal, əhval nəticəsində səhnədə bədii başqalaşmaya nail olur və həm də aktrisa kimi özünün gizli potensialını sərbəstcəsinə faş edir... Bir də ki, qrimsiz, açıq, bapbalaca üzü (obraza girmək üçün aktrisa hətta saçını da keçəl qırxdırmaqdan çəkinmədi!...), jest və hərəkətlərindəki tam sərbəstlik, gənclik enerjisi və qrasiyası, improvizəyə əsaslanan üzvi oyun tərzi ona obraz yaradıcılığında çox kömək edir.
Tamaşada hər personajla bağlı təklif olunan vəziyyətlər müxtəlifdir və nəticədə, yaranan hadisələr sırası həyatın bir parçası... bir anı... bir anın kiçicik tarixçəsi olmaq etibarilə əsl teatr materialına çevrilib bizi sarsıdır...
...Quruluşçu rejissor çox incəliklə hər bir aktyoru yaradıcı hiss-həyəcan vəziyyətinə sala bilir. Hər ifaçı rolunu və pyesi bütövlükdə dərk edir və rolu özünə, özünü rola yaxınlaşdıraraq xarakterin inkişafı prosesində dramaturqun aktyorlar üçün yaratdığı improvizə imkanlarından maksimum istifadə edir.
M.Atakişiyevanın Sara Bernarı daim Cülyetta rolundadır, qulaqlarına gələn alqış səsləri ona gözqamaşdıran səhnə uğurları eyforiyasını yaşadır. Aktrisa Sara Bernarı romantik bir şövq ilə, sevinc ilə yaradır. M. Atakişiyevanın Sarası öz duyğularının – Cülyettanın hiss-həyəcanlarının ağuşuna atılır (Mətanət xanımla birlikdə!), duyduqlarını, yaşadıqlarını, istək və arzularını tamaşaçıya dolğun tərzdə çatdıra bilir, özünü səhnədə eşidərək, reaksiyalarını məhdudlaşdırmır. Ona görə də hər tamaşada yeni Sara Bernarla rastlaşırıq...
...“Şekspir” Sara Bernarı və bizi Stalinlə də görüşdürür. Mən bir neçə dəfə bu tamaşaya baxsam da, hər dəfə Stalini P.Bağırovun ifasında gördüm. Bu istedadlı aktyor milyonların qanının tökülməsində, ölkənin fəlakət həddinə çatmasında özünü günahkar bilən personajının günah hissini, inamsızlığının qurbanı olmasını, bəşəriyyət tərəfindən qəbul edilməyən tövbə yanğısını sənətkarlıqla qabardır. P.Bağırov öz personajını canlandırarkən bütün tamaşa boyu təxəyyülünün və təsəvvürünün fəallığını da nümayiş etdirə bilir. Səhnədə “publika üçün oyun” getmir və aktyorun təbii yaşantılarını izləyən tamaşaçı dərindən sarsılır. Stalinin qəlbindəki ən sezilməz ağrıları duyduran P.Bağırov özünün emosional cəhətdən çevik və hərəkətli bir aktyor olduğunu, yaradıcı intuisiyasının itiliyini nümayiş etdirir. Quruluşçu rejissor da aktyora öz emosiyalarını maksimum sərbəstcəsinə təcəssüm etdirmək üçün şərait yaradır.
Tamaşada ruhi xəstələrin hamısına mənəvi saflıq və romantik əhvali-ruhiyyə xasdır. Psixoloji problemləri fərqli olsa da, onları birləşdirən, sanki vahid bir insana çevirən ürəkləri riqqətə gətirən saflıqları... həssaslıqları... körpə inamlarıdır...
...Hər şey Drob 13-ün gəlişi ilə başlayır, yəni hadisələrin inkişafı məhz bu personajın hadisələr sırasına daxil olması ilə sürətlənir. A.Heybətovun Drob 13-ü ədəbi materialda da xüsusi yükə malikdir, çünki məhz onunla ünsiyyət bütün obrazlara ciddi təsir göstərir. M.Atakişiyevanın Sara Bernarı Cülyettadırsa, Drob 13 də Romeodur. Baş həkim, Həkim və Sanitardan tutmuş pasientlərə qədər hamı onun düşüncəsinin təsiri altına düşür. Sara Bernara – Cülyettaya heyran qalan Drob 13 – Romeo tamaşa içində gözəl bir oyun parçası olan “Romeo və Cülyetta”nın sayəsində teatrın qüdrətini başa düşür. A.Heybətovun təbii və istedadlı ifasında Drob 13 əsl Vanderprandur planetindən gələndir: emosiyasız... ləng hərəkətli... peyvənd görkəmli... saf, gözəl üzlü... yalanın nə olduğunu bilməyən... yerdəki yalanları anlamayan... sadəlövhcəsinə “siz dəlini ağıllıdan necə ayırırsız?” sualını qoyan... O da Sara Bernarın güclü romantik ovqatının əsirinə çevrilir. Bunun səbəbi isə Ş E K S P İ Rdir, o Şekspir ki, finalda hər kəsin sevimli kitabına, dilinin əzbərinə çevriləcək...
Maraqlıdır, nə üçün Şekpir? Əsərin “Şekspir” adlanması da təbii ki, səbəbsiz deyil. Nə üçün hətta Həkim və insaniləşəcəyinə ümid bəsləmədiyimiz Sanitar belə Şekspirə aludə olur. Nə üçün məhz Şekspir Veneralıya, Ər-arvada, Stalinə, Sara Bernara öz xəstə iddialarını unutdura bilir? Hətta, Drob 13-ün özü belə Şekspirdən xəbərsizliyini, yaşadığı Vanderprandur planetində “teatrın nə olduğunu bilməmələrini” acı təəssüflə söyləyir...
...Belə ki, finalda onun ardınca gələn “uçan boşqab” Şekspiri (kitabı!) də yad planetə aparır. Və bu təbii səslənir, çünki o yerdə ki, bəşər övladı var, o yerdə ki, sivilizasiyanın inkişaf təmənnası var, orada harmoniyaya ehtiyac var. Bu epizod inam və ümidin təntənəsinə çevrilir. Drob 13 – A.Heybətov öz planetinə – ucalığa – harmoniyaya yüksələrkən Sara ilə, pasientlərlə görüşür: “Orada teatr açacağam, gəlib sizi də aparacağam!” – deyir. Sara onu gözləyəcəyini bildirir. Digər pasientlər də Drob 13-ün ardınca gələn “uçan boşqab”a böyük ümid və həsrətlə baxırlar, hamı qəribə bir ekstaz halına düşür... Hətta Baş həkim, Həkim və Sanitar da başqa planetə getmək istəyirlər...
Bu məqamda quruluşçu rəssamlar Nazim və Ramin Bəykişiyevlər səhnədə tüğyan edən bu ekstaz halını daha da gücləndirən ifadə vasitələrini işə salırlar... Güclü projektorlar bərkidilmiş səhnə tavanı (ştanket) gah enir... gah qalxır... hətta qurumuş ağac budaqları belə sayrışıb bərq vurmağa başlayır... Səhnə məkanını üç tərəfdən haşiyələmiş pərdə-divarlar... uçub-dağılır... qırılır... Bax, beləcə hər şey darmadağın olur. Əvəzində isə ümid eyforiyası güclənir...
Bu məqamda güclü katarsis keçirən tamaşaçı dramatik mətləblərdən, ədəbi işarələrdən daha çox fəlsəfi ümumiləşdirmələrə, hətta psixoanalizə köklənməli olur və bütünlüklə tamaşanın yaradıcılarının istəyinə qoşulur. Dramaturqun və teatrın bizə təqdim etdiyi qəmli rəvayətdə misilsiz dəyər daşıyan H A R M O N İ- Y A məhz Şekspir dühası ilə bərpa edilir.
Beləliklə də, yaranmış O B R A Z (tamaşanın obrazı!) daha mükəmməl dünyanın dərkində açara çevrilir... Aktyorlar tərəfindən bizə təqdim edilən obrazların dramaturji əsasında isə Elçinin şəxsiyyəti mənəvi kamilliyə aparan gözəgörünməz cığırları... yolları... arayıb-axtarmaq, təmizləmək cəhdi... əzmi... görünür. Və bəlli olur ki, sən demə, bir-birini anlamayan, sevgini, inamı, təmənnasız münasibəti yadırğamış Yer insanları harmoniyanı, ahəngdarlığı itirdikləri üçün xəstələniblər... Cəmiyyət də elə bu səbəbdən xəstələnib...
... Şekspir harmoniya mənbəyi kimi ona üz tutan, ona iman gətirən insanlara ümid və sevinc bəxş edir...
Bir az əvvəl qoyduğumuz “Nə üçün Şekspir?” sualına cavab tapılır. Və bu sual ətrafında gəzişməyimiz, irili-xırdalı psixoloji müəmmalar, təfəkkürdə dolaşan fəlsəfi krossvordlar dramaturq və teatr tərəfindən bu sayaq cavablandırılır: burada hər kəs, hətta yad planetlilər belə Şekspirə – harmoniyaya möhtacdır...
Dramaturq Elçin bizə təqdim etdiyi bu qəmli situasiyasının komik mahiyyətini aşkarlaya bilir. Burada komizm daha çox situasiyalarda yetişsə də, əslində, onlar hər zaman gülməli deyil, bizi onların komik mahiyyətinə varmağa yönəldən də, dramatik situasiyada komediya toxumunu tapan da dramaturqdur. Personajların möcüzəni intizarla, ümidlə gözləməsi bu qəmli komediyaya güclü romantik vüsət aşılayır. Və dramaturqun təklif etdiyi vəziyyətdə möcüzənin gözlənilməsi sonsuz, kosmik bir məchulluğun gözlənilməsi ilə sanki mübahisə-münaqişəyə girir, üzbəüz dayanır. Pyesdəki poetik möcüzə fəlsəfəsi tamaşada pasientləri sanki xilas yoluna çıxarır və onun ab-havasına çevrilə bilir. Quruluşçu rejissor Petru Vutkereu yaratdığı tamaşanın oynaq, hərəkətli, diri atmosferində məchul, kosmik möcüzənin gözlənilməsi ilə ümidin, harmoniyanın qələbəsinə olan inam duyğusu arasında tərəddüd edən, ani olaraq dəyişən, enib-qalxan, mütərəddid (lap personajlar kimi!) bir temp-ritm tapa bilir.
Tamaşada bir personajdan digərinə estafet kimi ötürülən motivlər (pyesdəki!) içərisində poetik vüsətli Şekspir motivi əsas motivə çevrilərək ideyanın açılmasına xidmət edir. Tamaşanın dəqiq işlənmiş daxili struktura əsaslanan atmosferində quruluşçu rejissor Petru Vutkereu özünün psixoloji eşitmə-duyma, qavrama qabiliyyətinin mütləqliyini də nümayiş etdirir. O, aktyorların “içinin içinə” lağım ataraq, onlarda kök sala bilir, özünün sərbəst düşünmək və tamaşanı vahid bir tamlıqda görə bilmək bacarığını oyunçulara da sirayət etdirir. Ona görə də möhkəm bədii bünövrəli bu tamaşada rejissor işi yaradıcılıq prosesini buxovlayan primitiv nəticədən... nöqtədən... aktyor oyununu çərçivəyə salan bitkinlikdən... çox uzaqdır. Rejissorun bədii cəhətdən bitkin tamaşa konsepsiyası, yozumu aktyorların improvizəsi üçün səmərəli şərait yaradır və tamaşa da nəticədə bu improvizədən qidalanaraq, canlı bir orqanizm kimi artır, böyüyür... Petru Vutkereu pyesdə sanki “qazma əməliyyatı” aparır və əməl-hərəkət xəttinin çoxsaylı motivlərini aşkarlaya-aşkarlaya özünü sözügedən pyesin ədəbi materialının içində sudakı balıq kimi hiss edir.
Tamaşada obrazlı həllini tapmış maraqlı epizodlar çoxdur: gəlin, pasientlərin nahar zamanı stol arxasındakı robotvari yemək mərasimini (sanki ipli kuklaya çevrilmiş xəstələrin... qaşıqların... boşqabların monoton rəqsi...) yada salaq. Bu zaman xəstələrə ürəkdən həsəd aparan Baş həkim – A.Məmmədov onlarla yanaşı stol arxasında oturub yemək mərasiminə qoşulmaq istəyir. Amma görürük ki, boşluqda qalır... onun altında stulu... əlində qaşığı... qabağında isə boşqabı yoxdur... Sən demə, ruhi xəstələrə qoşulmaq da asan iş deyilmiş...
Nəticədə, istər quruluşçu rejissor Petru Vutkereu, istərsə də quruluşçu rəssamlar Nazim və Ramin Bəykişiyevlər “Şekspir” pyesinə elə bədii yozum verə, elə aydın və dəqiq təcəssüm variantı tapa biliblər ki, uzun illər bu yozumun sərrastlığı pozulmayacaq.
“Şekspir” pyes – tamaşasındakı hadisə xəttində qəhrəmanların daxili hiss-həyəcanları, romantik-patoloji çırpıntıları daha da mürəkkəb şəklə düşür, yeni bir məna qazanır. Dərinləşən mənanın mənbəyi yalnız süjetdəki əməl-fəaliyyət xəttinin horizontal istiqamətli inkişafında (ardıcıl inkişaf edən hadisələrin sıralanması) deyil, bu məna həm də, ilk növbədə, motivlər sisteminin bağlılığında, onların ritmində, ziddiyyətlərin dəyişməsində və daxili qatda dərinləşməsindədir. Beləliklə də, yeni mənanın yaranaraq güclənməsindədir. Elçin bu pyesində yumora, qroteskə, ironiyaya, sarkazma, tragikomik məqamlara, paradoksal gəlişmələrə geniş yer verib. Teatr dramaturqla birlikdə tragik və komik olanı, “mənasız” cəhdləri, oyun məqamlarını absurda gətirib çıxardan bir ab-havaya bürüyür. Bu paradoksallıq acı ironiyaya çevrilərək, sosial eybəcərliyə və sosial cəhətdən eybəcər olan tiplərə qarşı yönəlir.
Tamaşa bizə dünyanın sonsuz və tükənməz mənəvi-ruhsal qatına yaxınlaşmaq imkanı verir.
Akademik Milli Dram Teatrının “Şekspir” tamaşası həm pyesin zəngin potensialının yeni bədii layının təcəssümü baxımından, həm də iki fərqli milli teatr mədəniyyətlərinin (Moldaviya və Azərbaycan) dialoqunun mükəmməl alınması nöqteyi-nəzərindən əlamətdar oldu. Onu da qeyd edim ki, Elçinin “Şekspir” pyesi getdikcə dünyanın teatr səhnələrini bəzəmək imkanlarını da sərgiləməkdədir.
Yalnız və yalnız qapılarını yüksək professional səviyyədən xəbər verən əsərlərə açan “Üns” Yaradıcılıq Səhnəsində (antreprizində) ilk sayalı addımlarını atan “Şekspir” daha sonra Moskvanın “Dərviş”, Ukraynanın Krım-tatar Akademik Musiqili Dram və nəhayət, Londonun “Avanqard” teatrlarının səhnələrini fəth etdi...
Bəli, heç şəksiz ki, görkəmli oyun yazarımız Elçin coğrafi sərhədləri çoxdan aşmış “Şekspir”lə birlikdə hələ dünyanın çox mötəbər səhnələrində Azərbaycan teatrını uğurla təmsil edəcəkdir...
Məryəm ƏlizadƏ
Əməkdar Incəsənət Xadimi,
sənətşünaslıq doktoru, professor















Bu yazı ( 205 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar