12px14px16px18px

Azərbaycan və Rusiya azərbaycanlıları üçün Tofiq Məlikli fenomeni

Azər SƏFƏROV
00:35 / 13.04.2012
İctimai elmlərin axıra qədər həllini tapa bilmədiyi, daima mübahisələr və müzakirələr doğuran problemlərindən biri tarixdə xalqın və şəxsiyyətin rolu məsələsidir. Bu problemin müxtəlif elmlərdə və müxtəlif konsepsiyalar çərçivəsində öz həllini necə tapmasından asılı olmayaraq bu yönümdə qəbul oluna biləcək ümumi həqiqətlər var: xalqın, millətin rolu öz içində, öz mühitində tarixi şəxsiyyəti yetirib formalaşdırmasından, onu cəmiyyətə bəxş etməsindən, şəxsiyyətin rolu isə xalqin, millətin illərlə, əsrlərlə topladığı mənəvi- mədəni sərvəti mənimsəyib tarixi şəraitdə onu qarşıya çıxan problemlərin həllini tapmaqda istifadə edə bilməsindən, xalqa, millətə yol göstərə bilməsindən, qabağa düşüb həmin çətinlikləri aradan qaldırmaq üçün xalqı, milləti cəmləşdirə bilməsindən ibarətdir. Şəxsiyyətin miqyasından, onun öz ətrafına toplaya bildiyi insanların, onun tərəfdarları və davamçılarının azlığı və çoxluğundan asılı olaraq tarixi prosesin miqyası və əhəmiyyəti müəyyənləşir. Tarixi səxsiyyətin rəhbər tutduğu ideyalardan, onun seçdiyi yoldan, son məqsədindən, bu məqsədə çatmaqda mümkün hesab etdiyi vasitələrdən asılı olaraq tarixi proses proqressiv və ya reqressiv səmtlərə yönəlir, ictimai qrupun, xalqın, millətin səyləri xeyirə, ya şərə, işığa, ya qaranlığa, xoş gələcəyə, ya irili-xırdalı itkilərə aparır. Düz yolu tapanlar, işığa aparanlar, xeyirə calayanlar peyğəmbərlik zirvəsinə ucalır, millət atası tanınır, el ağsaqqalı, icma lideri, ziyalı – bir sözlə irili-xırdalı insan toplumunun tanıdığı, eşitdiyi, hesablaşdığı, arxasınca getdiyi şəxsiyyətlər olur. Ulu öndərimiz Heydər Əliyev ən çətin tarixi dönəmdə xalqın, millətin taleyi həll olunan anda Azərbaycan Respublikasını dağılmaqdan qoruyub-saxlamaqla, yeni tipli Azərbaycan dövləti qurub onu Azərbaycan millətinin, Azərbaycan xalqlarının mənafelərinin təmin olunması vəzifəsinə yönəltməklə əvəzolunmaz bir xidmət göstərdi, Ümummilli Lider haqqını qazandı. Azərbaycan xalqının bir çox digər vətənpərvər, elcanlı, millət qeyrətli övladları da harada yaşamalarından, hansı işlə məşğul olmalarından, hansı vəzifəni, ictimai-iqtisadi mərtəbəni tutmalarından asılı olmayaraq tarixi keçid dövründə irəli durdular, xalqa, millətə, vətənə, el-obaya xidmət etmək üçün çalışdılar – bir sözlə tarixi prosesə qoşuldular.
Mənim fikrimcə xalq qarşısında, millət qarşısında, tarixi vətəni və yaşadığı ölkə qarşısında böyük xidmətləri olan azərbaycanlı türklərdən biri də görkəmli alim və ictimai xadim – Tofiq Məliklidir. Tofiq müəllimin 70 illik həyat yolu o qədər zəngin, elmi-bədii yaradıcılığı o qədər əhatəli, ictimai fəalliyəti o qədər geniş, səxsiyyəti o qədər böyük və əzəmətlidir ki, bir qısa qəzet yazısında ən ümumi cizgilərlə belə onun səciyyəsini vermək mümküm deyil. Ona görə də mən ancaq ən vacib saydığım, bu gün həm azərbaycanlılar, həm rusiyalılar, hətta bütün dünya xalqları üçün həlledici olan bəşəri bir problemin həllinə, təmiz mənəviyyətli insan necə olmalıdır sualına Tofiq müəllimin cavab verdiyini, onun təmiz əxlaq və yüksək mənəviyyət nümunəsi olmaqla nəinki biz azərbaycanlılara bütün insanlara yol göstərmək iqtidarında olduğundan, onun peygəmbər xislətli tarixi bir şəxsiyyət olmasından söz açmaq istəyirəm. Fikrimi əsaslandırmaq üçün Rusiyada Azərbaycan icmasının tarixindən bir neçə epizodu yada salmalıyam.
1988-ci il dekabr. Sovetlər Birliyinin sütunları ölkə başçısının və ətrafındakıların dağıdıcı fəaliyyəti nəticəsində sökülməyə başlamışdı. Bir zamanlar özlərini qırmızı pasportlu sovet vətəndaşları hesab edən insanlar beynəlmiləlçilik şüarlarının açıq-açıqına qatı millətçilik və şovinizm baxışları ilə əvəz olunduğunu görür, milli zəmində real sıxıntılarla üzləşirdilər. Bu zaman Moskvada yaşayan azərbaycanlı ziyalılardan bir qrupu bir araya gəlir, milli zəmində ortaya çıxan basqılara cavab vermək üçün, azərbaycanlıların milli mənafeyini, mədəniyyətini, dilini qoruyub-saxlamaq məqsədini qarşısında məqsəd qoyan “Ocaq” cəmiyyətini yaradırlar. Cəmiyyətin sədri yekdilliklə Tofiq Məlikli seçilir. İdarə heyətinin üzvləri və bu şərəfli vəzifəni Tofiq müəllimə etibar edənlər – Əliyev Saleh, Ağamaliyev Fərhad, Əlizadə Elmira, Əliyeva Rena, Ataməlibəyov Rəşid, Bədəlbəyli İlham, Qurbanov Hikmət, Cabbarov Cabbar, İsmayılov Teymur, Qurbanov Rafiq, Nəsibov Əli, Novruzov Rüfət, Fərəcov Füzuli, Seyidov Sahib kimi tanınmış adamlar idi. O vaxtdan bu günə qədər artıq 25-ci ildir ki, Tofiq müəllim “Ocaq” cəmiyyətinin rəhbəri kimi böyük bir məsuliyyət yükünü öz çiyinlərində daşıyır. Cəmiyyətin 20 illik yubileyi ilə əlaqədar buraxılmış kitabda bu dövrdə görülən işlərin müəyyən bir hissəsi öz əksini tapmışdır. 25 illik yubileyə həsr olunacaq nəsrdə şübhəsiz ki, kifayət qədər yeniliklər öz əksini tapacaqdır. “Ocaq” cəmiyyətinin dəyişib-yeniləşən, əqidə və məqsədini isə daima qoruyub-saxlayan idarə heyəti bütün cari məsələləri demokratik yolla müzakirə etmək ənənəsinə sadiq olsa da, sədri dəyişmək məsələsini heç vaxt gündəmə gətirməyib. Bu gün də idarə heyətində Tofiq müəllimlə çiyin-çiyinə çalışanlar – Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, İlham Bədəlbəyli, Rafiq Qafarov, Cəfərsadıq Abbasov, Rövşən Novruzov, Oqtay Məmmədov, Azər Cahangirov, Azər Səfərov öz millətsevərliyi, vətənpərvərliyi və ən əsası fədakarlıqları ilə Moskva azərbaycanlılarının hörmətini qazanmış adamlardır.
1989-cu il noyabr. Qarabağ böhranı dərinləşib fəlakətli bir həddə çatmışdır. “Ocaq” cəmiyyətinin üzvləri mərkəzi mətbuatın qərəzli, ermənipərəst mövqeyinə zidd çıxaraq Moskva ictimaiyyətinə obyektiv məlumat çatdırmaq, Azərbaycan xalqının ədalətli mövqeyini hər vəchlə müdafiə etməyə çalışırlar. Hadisələrin uğursuzluğa aparan axarını respublika rəhbərliyinin mövqeyində görən “Ocaq” cəmiyyətinin idarə heyəti ayında Moskvaya gələn Əbdurrəhman Vəzirovla görüş almağa müvəffəq olur. Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyində baş tutan görüşdə Ə.Vəzirov M.Qorbaçovla bütün məsələlərin razılaşdırıldığını elan edir, ictimaiyyət nümayəndələrini arxayınlaşdırmağa çalışır. Tofiq Məlikli və idarə heyətinin digər üzvləri respublika başçısının qarşısında çox kəskin suallar qoyurlar. Bu sualların qoyuluşundan hiddətlənən, onlara cavab verə bilməyən Ə.Vəzirov görüşü davam etdirmir, təyyarəyə gecikmək bəhanəsi ilə Domodedovoya gedir və Bakıya uçur.
1990-cı il 20 yanvar. Bütün gecə və sübh ertəni Moskva azərbaycanlıları Azərbaycan Respublikasının nümayəndəliyinə axışırdılar. Bakıda dinc əhaliyə qarşı törədilmiş təcavüz, ölkə rəhbərliyinin bağışlanılmaz cinayəti xəbəri ildırım sürəti ilə Moskvaya yayılmış, insanlara dərk olunmaz bir qüvvə ilə milli birliyə səsləmişdi. Bu birliyə təşkilati əsas vermək, millətin coşub daşan hiddətini düzgün istiqamətləndirmək, onu mümkün provokasiyalardan və güc strukturlarının karatelçi aksiyalarından mühafizə etmək üçün güclü bir təşkilatçılığa ehtiyac var idi. “Ocaq” cəmiyyəti idarə heyətinin üzvləri yaradılan milli qərargahın ən aktiv fəalları idilər. Tofiq Məlikli qərargahın işinə rəhbərlik edənlərdən yanvarın 22-də Heydər Əliyevi qarşılayıb ona xalqa və dünya ictimayyətinə müraciət etmək üçün lazımi şəraiti yaradanlardan biri idi. Qərargahın yerli və xarici jurnalistlər üçün təşkil etdiyi press-konfranslar, dövlət idarələrinə verdiyi müraciətnamələr, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin, Sovet Ordusu Baş Qərargahının, Ostankino Televiziya Mərkəzinin qarşısında keçirdiyi piketlər, Moskvanın mərkəzi Qorki küçəsi ilə Yaroslavl prospekti ilə təşkil etdiyi yürüşlər Azərbaycanın həlqələmiş informasiya blokadasını yarmağa, baş vermiş ağır hadisələr barəsində acı xəbərləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqda əhəmiyyətli rol oynamışdır.
1996-cı il may. Keçmiş Sovet respublikalarında şüurlu şəkildə yaradılmış və dövrü olaraq qızışdırılan qaynar nöqtələrdən insanlar Rusiyaya, keçmiş paytaxt Moskvaya axışırdılar. Ucqar respublikalardakı dünənki yoxsul qardaşlarından üz döndərib üzünü Qərbə tutan, Qərbin ağuşunda bolluq və firavanlıq tapacağına ümid edən Moskva isə onu faşizm istilasından malı, pulu, qanı və canı bahasına qoruyanların övladlarını və nəvələrini ögey ana gözündə görürdü. Ailəsinə bir parça çörək pulu qazanmaq üçün iş dalınca Moskvaya pənah gətirən, gecəsini gündüzünə qatıb ən ağır işlərdə çalışan, Moskvanı tikən, quran, ərzaqla, digər vacib xidmətlərlə təmin edən adamlar addım başı təhqir olunur, döyülür, söyülür, soyulur, qarət olunur, banditlərin, faşistlərin, milislərin zorakılığına məruz qalırdılar. O zaman, günün günorta çağı Lujniki bazarına hücum edən faşistlər bir neçə azərbaycanlını vəhşicəsinə öldürürlər. Bu ədalətsizlikdən hiddətə gələn, anarxiyadan və haqsızlıqdan bezən minlərlə azərbaycanlı bir neçə saatın içində Komsomolski prospektinə axışır, öldürülənlərin cənazələrini çiyinlərinə alaraq Kremlə tərəf hərəkətə gəlirlər. Bu xəbərdən təşvişə düşən Moskva hökuməti on milyondan çox əhalisi, minlərlə dövlət qulluqçusu içərisindən bu kütlənin qarşısına çıxa biləcək başqa bir adam tapa bilmir, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikliyə müraciət edir. Başı alovlu özünü hadisə yerinə çatdıran Tofiq müəllim həmin qəzəb və nifrət selini dayandırmağa, şəhəri iri çaxnaşmadan, həmvətənlilərini xüsusi təyinatlı qüvvələrin karatel tədbirlərindən, çoxsaylı həbslərdən xilas edir.
2001-ci il oktyabr. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin təklifi və iştirakı ilə Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) təsis olunur. Təsis qurultayının hazırlanmasında və keçirilməsində “Ocaq” cəmiyyətinin fəalları – onun sədri T.Məlikli aktiv iştirak edirlər. O ÜAK –nın vitse-prezidentlərindən biri elm-təhsil komitəsinin sədri seçilir. Bu gun ÜAK –nin Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərinə xüsusi kvota ilə qəbul olunub oxumaları kimi uğrunda T.Məliklinin çox böyük zəhməti var. 2007-cu il dekabr. ÜAK-nin plenumunda Konqresin mərkəzi aparatının sağlamlaşdırılması, onun işinin canlandırılması məqsədi ilə icra aparatına rəhbərliyə dəvət olunmuş Ramiz Abutalıbov özündən əvvəlki rəhbərliyin maliyyə hesabatını və Təftiş Komitəsinə öz təmizliyi və prinsipiallığı ilə tanınan yeni üzvlərin seçilməsini şərt kimi irəli sürür. Plenumda R.Abutalıbovun bu təklifini açıq dəstəkləyən, əvvəlki idarə aparatının işindəki əyintiləri kəskin tənqid edən, idarə aparatı və “Azərbaycan Konqresi” qəzeti redaksiyasının işini kökündən yaxşılaşdırmaq üçün konkret təkliflərlə çıxış edən yeganə Prezidium üzvü T.Məlikli olur. Qarşıya qoyduğu şərtin ödənmədiyinə etiraz olaraq R.Abutalıbov ÜAK –nin icraçı direktoru vəzifəsindən istefa verir və bununla ÜAK –nin mərkəzi aparatının fəalliyətində yaranmış böhran daha da dərinləşir.
Qeyd etməliyəm ki, Rusiyada diaspor hərəkatının özünəməxsus xüsusiyyətləri var: hərəkatın aparıcı qüvvəsini ilk öncə özünə hörmət edən, millətinin təəssübünü çəkən, vətənpərvər və eyni zamanda uğurlu, kifayət qədər gəlir qazanıb bunun müəyyən hissəsini ictimai işə yönəltmək imkanına malik, yaşadığı cəmiyyətdə artıq özünə yer tapmış insanlar təşkil edir. Çox təəssüf ki, bunların ətrafında bunların vətənpərvərliyi və millətçiliyindən bir vasitə kimi istifadə etməyə hazır olan işbazlar, onların müəyyən dövlət qurumlarında həmfikirləri və havadarları da az deyil. Birincilərin böyük zəhmət bahasına qazandığı uğurlar vaxt keçsə də öz qiymətini tapır, ikincilərin isə hərəkatımıza və bu sahədəki dövlət siyasətinə vurduğu ziyanlar çox vaxt gec aşikar olur, ziyankarlar vaxtında öz cəzalarını alıb xalqın qınağına və danlağına tuş olmurlar. Ona görə də diaspor hərəkatında, onun irili-xırdalı təşkilatlarında vaxtaşırı böhranlar və çətinliklər yaşanır. Təəssüf ki, ÜAK də bu cür risklərdən həmişə etibarlı səviyyədə qoruna bilmir.
Burada bir balaca haşiyə çıxıb hörmətli Ramiz müəllimin ünvanına bir neçə xoş söz demək istərdim. Mən onu xalqımızın parlaq ulduzu, dövlətçiliyimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən yüksək keyfiyyətlərinin təcəssümü hesab edirəm. Şükür ki, Ramiz müəllim kimi, Tofiq müəllim kimi Azərbaycan kişiləri, el ağsaqqalları hələ də aramızda var və nə qədər bu cür şəxsiyyətlər yaşayır inanıram ki, Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərləri yaşayacaq, nəsildən-nəsilə veriləcəkdir.
2011-ci il. Noyabr ayında nəhayət ki, ÜAK-ın dəfələrlə təxirə salınan növbəti qurultayı baş tutur. Prezident Administrasiyasının rəhbəri, müasir azərbaycançılıq və azərbaycan dövlətçiliyi konsepsiyalarının işlənib hazırlanmasında müstəsna rolu olan akademik Ramiz Mehdiyev qurultayın işində iştirak və çıxış edir.
Uzun müddətli böhrandan sonra ziddiyyətlərin kəskin bir vəziyyət aldığı şəraitdə qurultayın baş tutub uğurla keçirilməsinin vacib şərtlərindən biri qurultayı idarə edəcək prezidium sədrinin şəxsiyyətindən ibarət olduğu hamıya aydın idi. Belə bir şəraitdə bu işin Tofiq Məlikliyə etibar olunması çox düzgün, çox təbii və çox da xarakterik bir hal idi. Uzun illər diaspor hərəkatında qazandığı əvəzsiz hörmətə arxalanan Tofiq müəllim böyük səbri, diplomat keyfiyyətləri ilə qurultayın çox səmərəli bir şəkildə idarə olunmasına və yüksək səviyyədə keçirib uğurla başa vurulmasına nail oldu. Rusiya azərbaycanlıları ümid edirlər ki, qurumun bu qurultaydan sonrakı fəaliyyəti daha uğurlu olacaqdır.
Məncə gətirdiyim bu tarixi epizodlar Tofiq müəllimin qeyri-adi bir şəxsiyyət olduğunu, onun çox saf, təmiz, ən gözəl mənəvi-əxlaqi keyfiyyətləri özündə birləşdirən daxili aləmə sahib olmasını sübuta yetirir. Şübhəsiz son 20-30 ilin keçməkeşlərində daha da möhkəmlənmiş, sanki qranitdən yonulmuş bu əzəmətli abidə tarixin külüngü ilə hadisədən-hadisəyə, çətinlikdən-çətinliyə daha da yonulmuş cilalanmışdır. Heç sübhəsiz bu şəxsiyyət müəyyən bir tarixi-tərbiyəvi prosesin məhsuludur, çox möhkəm bir özül üzərində – ailəvi, icmavi, milli genetika üzərində qərar tutmasıdır. Yüksək şəxsiyyətin formalaşması qanunauyğunluqlarının Tofiq müəllimin timsalında öyrənilməsi güman edirəm ki, ictimai elmlərin bir çox qolları üçün ən zəngin material verir. Digər tərəfdən, gənc nəslin tərbiyə olunmasında, onlarda yüksək insani keyfiyyətlərin, təmiz əxlaqın, millətçiliyin, vətənpərvərliyin aşılanmasında Tofiq müəllimin nümunəsi çox müsbət rol oynaya bilər. Bu mənada insanın şəxsiyyət kimi formalaşmasında bütün yaş dövrlərinin, ələlxüsus uşaqlıq və məktəb illərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edə bilərik. Müşahidələrimə görə Tofiq müəllimin ən çox yada salıb böyük bir hörmətlə ayrı-ayrı ifadələrinə, lətifələrinə, hekayətlərinə, ibrətamiz tövsiyələrinə müraciət etdiyi adam rəhmətlik nənəsi Dursun xanımdır. Eləcə də o, məktəb çağlarında, universitet illərində, aspirantura dövrlərində çox hörmətli insanpərvər, milli ruhlu şəxslərdən dərs aldığını, onların böyük mənəvi sərvətindən qidalana bilməsini özünün xoşbəxtliyi hesab edir.
Gənc Tofiqin elm yolunu seçməsi (elmlə məşğul olmaq həqiqət axtarmaqdır) və predmet olaraq türkologiya üzərində dayanması şübhəsiz onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sovetlər dövründə – “pantürkçülük” və “panislamçılıq”la rəsmi elmin və təbliğatın mübarizə apardığı zamanda türklərin şanlı tarixini, qədim ədəbiyyatını, dünya elminə və islam dininə verdiyi töhfvələri, qoç igidlərini, onların həyat və mübarizə prinsiplərini öyrənmək imkanı heç sübhəsiz sarsıdıcı bir qüvvə ilə onun şüurunun, sağlam mayasını qidalandırmaya, onu qollu-budaqlı Gəncə çinarına çevirməyə bilməzdi. Tanrının gənc Tofiqə bəxş etdiyi xoşbəxtlik uğuru – Mirzə İbrahimov, Rəsul Rza kimi düha sahiblərindən, el ağsaqqallarından dərs almaq imkanı olmuşdur. Nazim Hikmət kimi bir düha ilə tanış olmaq təsadüfi və uzun illər əməkdaşlıq etmək imkanı, bu ulduzun ətrafına toplaşan elm-sənət korifeyləri ilə təmasda olması özünün də əzəmətli bir mənəvi sərvət dağına dönməsinə səbəb olmuşdur.
Bu yerdə bir balaca da haşiyə çıxıb Tofiq müəllimin Nazim Hikmətin poetikasina həsr etdiyi kitabın təqdimatına həsr olunmuş ədəbi-bədii gecəni yada salmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, bu gecəyə hazırlıqla bağlı qısa tanışlıq üçün əlimə aldığım bu kitabı oxuyub bitirməyincə yerə qoya bilmədim. Onu demək olar ki, bir nəfəsə böyük bir zövqlə oxudum. Qeyd etməliyəm ki, uşaqlıqdan şeir vurğunu, ədəbiyyat həvəskarı olsam da, ədəbiyyat nəzəriyyəsi ilə elə bir əlaqəm yoxdur, peşə etibarı ilə iqtisadçı, maaliyəçiyəm. Buna baxmayaraq ədəbiyyatçılara ünvanlanmış bu elmi kitabı bir lirik şeir kimi, bir gözəl poema kimi oxudum. Səbəbini sonra anladım: Nazim Hikmət şeirinə Tofiq Məlikli məhəbbətinin mənə də, güman edirəm ki, digər oxuculara da təbii bir şəkildə sirayət etməsi əsaslı səbəb idi. Həmin ədəbi-bədii gecədə Nazim Hikmətin çox məşhur bir beyti çıxışçılar tərəfindən dəfələrlə yada salınırdı:

Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!


Tofiq müəllim şam kimi alışan, ulduz kimi parlayan, günəş kimi işıq saçan bir tarixi şəxsiyyətdir. Onun odunun gücü onun saf mənəviyyatındadır. Bu cür mənəviyyata sahib olması əsas verir ki, Tofiq Məliklini Rusiya azərbaycanlılarının mənəviyyat bayrağı adlandıraq.
Mən bütün azərbaycanlıları, rusiyalıları, bütün bəşər övladını Tofiq müəllimin mənəviyyat ocağına yaxın olmağı, ondan isinib-bəhrələnməyi, onu təqdir və təqlid etməyə çağırıram. Məncə bu insanlaşmaq yoludur, bütün iqtisadi, sosial, siyasi, dini, bir sözlə hər cür ictimai problemlərin həlli yoludur.

Azər SƏFƏROV,
İqtisad elmləri namizədi, dosent,
Beynəlxalq Yazıçılar və Publisistlər
Assosiasiyasının üzvü



Bu yazı ( 183 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar