12px14px16px18px

Səmimiyyətin bədii ifadəsi

Ağacəfər HƏSƏNLİ
00:03 / 12.04.2012
Xeyli vaxtın söhbətidir. Bir gün həmyerlim və dostum Hacı Bayram Aslanov söhbət əsnasında məndən soruşdu: Ofelya Babayevanın şeirlərini oxumusan? “Adda-budda oxumuşam, küll halında Ofeliya xanımın yaradıcılığına bələd deyiləm” – bildirdim. Yaxşı söz duyumuna malik pedaqoq-ədəbiyyatşunas o zaman fikrini belə tamamladı: “İstərdim ki, tələbə yoldaşımın şeirlərini yaxşıca oxuyasan, sonra bu barədə düşünüb-daşınaq, fikir mübadiləsi aparaq”.
Budur, Ofeliya Babayevanın “Qanun” nəşriyyatında yenicə işıq üzü görən kitabı masamın üstündədir: “Dünya, eşit məni”. Bu seçmə nümunələr ilk misralardan sonuncu misralaracan məni çəkib başqa sehrli bir aləmə apardı. Sadəliyi, adiliyi poetik kəşfə çevirib ən yüksək mərtəbələrə qaldıran, öz söz dünyasının rəngarəng mənzərələrini yaradan, heç bir süni boyadan, bər-bəzəkdən istifadə eləmədən könül rübabını həzin-həzin dilləndirməyi bacaran şairə yaratdıqları ilə həm şəxsi tərcüməyi-halını ortaya qoyur, həm də bölünən, parçalanan, zaman-zaman yadelli hücumlarına məruz qalıb inləyən vətəninin xəritəsini çəkir. Əslində bu tərcümeyi-hallar elə eynidir. Məgər nəhəng söz ustadlarımızın taleyini yurdumuzun taleyindən kənarda təsəvvürə gətirmək mümkundur? Ofeliya xanım “Dünya, eşit məni” deməklə kar-kor olmuş ədalətsiz dünyaya etirazını bu və ya başqa şəkildə bildirir, bir əqidəli söz əhli kimi yaxşı dərk edir ki, dünyanın pambıq basılmış qulaqları heç kəsi eşitmir, lakin həqiqəti demək lazımdır. Fərqi yoxdur, bədii həqiqət şəklində, yaxud nisbətən çılpaq formada.
Bu kitabı oxuyub bitirəndən sonra əgər soruşsaydılar müəllifin yaradıcılığını bir- iki kəlməylə necə səciyyələndirmək olar? Mən fikirləşmədən bu sualın qabağında beşcə kəlmə söz yazardım: səmimiyyətin bədii ovqata yüklənmiş ifadəsi. Həqiqətən bu fikir sözgəlişi deyil, şairə bütün şeirlərində hətta bənd və misralarında, misradaxili ifadələrində səmimidir. Bu səmimiyyətin çoxluğu poetik dünyasına dad və duz qatıb, onun artıqlığı qətiyyən yeknəsəklik, primitivlik, ifrat bəsitlik yaratmayıb.
Dünyaya təşrif gətirən hər bir insan nə qədər doğmalarının əhatəsində olsa da, fərd kimi həm də təkdir, tənhadır. Çünki bioloji varlıq kimi qeyri-adi xüsusiyyətlərə malikdir, bu mənada heç kəs heç kəsin təkrarı deyildir. Mövlana Cəlaləddin Rumi də təklikdən darıxırdı. Tənhalıq hürufi İmadəddin Nəsimini də bezdirmişdi, Məhəmməd Füzuni də “dərd əlindən dağa” çıxarmışdı. Ofeliya Babayevanın “Təklik motivləri” adlı lirik-fəlsəfi düşüncələri klassik şairlərimizin söylədiklərinin, qənaətlərinin sanki birbaşa əks-sədasıdır.
...Ömrümə yazılan
Tənhalığımın
Bircə anını da
Vermərəm yelə...
Mən tənha olanda
Çiçək oluram.
Bir azca ağlağan,
Bir azca qəmli,
Payız havası tək
Kövrək oluram.
“Səfərə çıxıram”, “Məni sevənlərə, sevməyənlərə”, “Payız, külək, yarpaqlar”, “Dəniz”, “Gedən yerim olaydı”, “Qəm etmədim”, “Kaş”, “Dünyam”, “Daşam...”,
“Ürəyimə toxunma”, “Dünənim, sabahım”, “Qıyma”, “Bu yazıq...”, “Qorxu”, “İstəmirəm”, “Ötən günlərim” kimi şeirlər narahat, gərgin axtarışların məhsullarıdır. Bu poetik parçalarda hər şey var: insan sevgisi də, uğursuz məhəbbət notları da, Vətən torpağının Məcnunanə vəsfi də, təbiət və cəmiyyət mənzərələrinin şairanə ifadəsi də. Müəllifin hissi-həyəcanı isə həmin nümunələrə dirilik suyu verib, qidalandırıb, oxucu malı edib.
Ürəkdir əzəldən alınmaz qalam,
Vətənin köksündə yamacam, yalam.
Doğma dolaylarda arxalı ollam,
Səfərə çıxıram.
Bu “səfər” təkcə təbiət gözəlliklərini doyunca seyr edib evinə-eşiyinə qayıtmaq deyil, bal arısı kimi ən zərif sözlərin ətrini çəkib, rayihəsini duyub, misraları ətə-qana gətirməkdir.
Gözüm gözünə həsrətdir,
Özüm özünə həsrətdir.
Ürək dözümə həsrətdir,
Kədərim ta soyuyunca .
Ofelya xanımın şeirləri ovqat şeirləridir. Məlumdur ki, səmimiyyət olmayan yerdə ovqat, ovqat olmayan yerdə səmimiyyət mümkün deyil. Şifahi xalq ədəbiyyatını gözəl bilən müəllifin əksər poetik misraları elə folklor üstə köklənib, buna görə yaddaqalan və axıcılığı ilə seçilir, o saat ürəyə-beynə həkk olunur, sanki dağ çeşməsinin suyudur: saf, təmiz, büllur.
Rəssam kimi payız yenə bəzəyib,
Ağacını, yarpağını meşəmin
Yorğan çəkib xəzəllərdən üstünə,
Sığallayır torpağını meşənin.
Və yaxud “Yağış” şeirindəki misralar o qədər təzə-tər, forma əlvanlığı o qədər yerindədir və yenidir ki, üçcə bəndlik poetik parça insanın duyğu və düşüncələrinə hakim kəsilir, onu ovsunlayır. Bu zaman bir təbiət hadisəsi kimi həqiqətən yağışın yağmasını, ildırımın caxıb göyün guruldamasını, buludların pərən-pərən düşüb göz yaşı axıtmasını, qəzəbli səmanın gah tutulub, gah acılmasını görürsən:
Buludlardan qopub gələn ağ yağış,
Yer üzünə, qovuşmağa can atır.
Sən göylərin nəğməsisən, yağ, yağış
Hər xalında neçə-neçə sirr yatır.
“Buludlar kövrəlib” zahirən təbiət şeiri təsiri bağışlayır. Amma burda söhbət göydə dolaşan çən-dumandan, buludlardan getmir. Müəllif dönə-dönə təsdiq eləməyə çalışır ki, insan da bir parça torpaqdır, bir ağacdır, bir qom bənövşə çiçəyidir, onun da varlığını çən-duman sarıya bilər, başında dolaşan buludu sakit can havasını bir andaca poza bilər.
Buludlar nədənsə yaman kövrəlib,
Ümman yaranacaq bu göz yaşından.
Dağlar da bu payız mənə bənzəyib,
Dumanlar, tüstülər çıxır başından .
“Eşqdən canımda pünhan bir mərəz var, ey həkim” – deyə fəryad qoparırdı Şərqin ən nəhəng məhəbbət nəğməkarı Füzuli. Ofelya Babayevanın yeni kitabında toplanan şeirlərinin xeyli qismi “Bu nə etirafdır, nə də tövbədir” başlığı altında yer alıb. “Yox, daha mən səni sevən deyiləm”, “Arzu”, “Çəkmə məni imtahana”, “Xatırla məni”, “Yadıma düşürsən”, “Eşqim”, “Ürək daş deyil”, “Həsrət”, “Yollar”, “Bağışla”, “Bu həsrət”, “İntizar”, “Bu dünya çiçəkmiş”, “İki rübai”, “Bayatılar” kimi bədii nümunələr həm ötən gəncliyin sevgi etirafları və etirazlarıdı, həm də daşlara cırpılan nakam duyğuların ağrılarıdır. Əlbəttə Ofelya xanıma bədbinlik, düşkünlük, yersiz sızıltı yaddır. O, bəzən “Dünyanın kələfi gözümdə tordu, indi ümidlərim küll altda qordu” – söyləsə də, həzin notlarının ifadəsində mərdi-mərdanədir, kişiyanədir, müraciətində məğrurluğunu, vüqarını saxlayır.
Məskən oldu sənə ürək,
Bax, o gündən oldu kövrək.
Bir fikirləş özün görək...
Qoyma dərddən ürək yan,
Çəkmə məni imtahana.
“Çəkmə məni imtahana”dakı sınaq təsadüfi sınaq deyil, sevgiyə əbədi ilahi inamın təzahürüdür. Bu imtahan “ömürdə işıq” yandırır. Axı, “ilahi əzabi dözənə verir”. O zaman sərin “meh gülləri əyəndə” (“Yadıma düşürsən”) aşiqlər “bir azca sərsəm olurlar, sevincə, qüssəyə həmdəm olurlar” (“Sevənlər”). “Bir çəmən çiçəyəm, bir çəmən güləm” zərifliyi və nəcibliyi “Ürək daş deyil”də daha kəskin etiraza səbəb olur.
Sən idin dünyada dövlətim, malım,
Şöhrətim, izzətim cahi-cəlalım.
Sahilsiz ümmandır indi xəyalım,
Tale mən deyəni nədənsə demir,
Ürək nə daş deyil, nə də ki, dəmir.
Taleyin qismətilə barışmaq, nə varsa, onunla qane olmaq mübariz ruhlu, üsyankar təbiətli insanlara yad cəhətdir. Çünki “hara getsək bu hallar bizi qarşılaşdırar”. (“Tale kimi”) fəlsəfəsi yalnız zəiflərin həyat və poetik devizidir. “Yollar” müəllifi min cür “bəlkə”lərə tuş gətirsə də, “bu həsrət” qarşısını kəsən “intizar” xofu ürəyinə şübhə toxumu səpələsə də, misralarının gen-bol işığı bütün kölgəliklərə işıq salır. Bu nur, bu ziya, bu gözəçarpan işıq Ofelya Babayevanın ürəyinin işığıdır: səmimi şəkildə eninə-uzununa gözlərin içinə, daxilinə hopub, ta uzaq üfüqlərdə də görünür.
Həsrətin üşüdər səni qar kimi,
Dönərəm küləyə... sözü var kimi,
Qarşına çıxaram son bahar kimi,
Sonra xatirəndə çiçək olaram...
Nisgilli olaram, kövrək olaram...
Payız gülündən də titrək olaram...
Ağacəfər HƏSƏNLİ





Bu yazı ( 178 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar