12px14px16px18px

Sarı dəftərin əhvalatı

Varis
11:27 / 07.04.2012
Əyyubun ağlına gəldi ki, ömürlərinin birinci yarısında ikinciyə hazırlaşırlar. İkincidə isə o biri dünya üçün. Və bircə qayğısız, sərbəst gün tapmırlar, rahatca ayaqlarını uzadıb oturalar...
Fevral soyuğunu azacıq təsirsizləşdirmək ümidi ilə paltosunun yaxalığını qaldırdı.
Səidə onları hey tələsdirirdi:
– Bir az ayaqdan iti olun da. Soyuqdur axı...
İmran isə zarafatından qalmırdı:
– Ay Əyyub, sən Allah, bu paltonu neçə ildir geyinirsən? ...Antikvardır ey, mən ölüm. Apar sat tarix muzeyinə. Həm özünə təzə palto alarsan, həm də dovşanlarına yem.
Bu tini də keçdilər. Səidə köks ötürdü:
– Sabah yenə də iş... Adınızı kişi qoymusuz. Bir fərli-başlı bayramınız da yoxdur ki, evdə oturaq.
“Elmlər Akademiyası” metrostansiyasına kimi üçlükdə gələrdilər. İmran həyətlərinə dönərdi. Bunlar isə yollarına davam eləyərdilər (Əslində, İmranın avtomobili var idi, gərək ki, “Mersedes” idi. Amma qaraciyərində piylənmə getdiyinə görə evdən işə, işdən evə piyada gəlib gedirdi).
Həmişə harda olsa da, nə eləsə də, Əyyub Səidə ilə ikilikdə qaldıqları bu beş-on dəqiqənin həsrətini çəkərdi...
Bu müddət hədsiz dərəcədə əsrarəngiz bir musiqi əsəri kimi həmişə tez bitərdi... Və yol boyu Əyyub özünü qara, parıltılı bir piano qarşısında oturub həmin musiqini ifa edən pianoçuya bənzədərdi...
... İmrandan ayrılan kimi Səidə onun qoluna toxundu:
– Niyə yenə mısmırığını sallamısan? İmrandır də, zarafatsız dura bilmir.
Niyə də sallamasın? Hərdən İmranın yol boyu elədiyi zarafatları lap əndazəsini aşır... Bircə onun qaraciyəri tez sağalsaydı...
Az keçmiş Səidə əlavə elədi:
– Özünüz tələbə vaxtı yadında, necə zarafatlar edərdiz? Hər Novruz bayramında hoqqalarınızı xatırlayıb Səmədlə gözümüz yaşarıncaya qədər gülürdük. Daha Novruza da bir şey qalmadı.
Bomboz küçənin, bomboz havanın rəngsizliyi sanki adamlara da hopmuşdu. Ora-bura tələsən böyüklü-kiçikli hamı bomboz görünürdü...
Yenə Səməd?
Təsəvvürünə gətirdi: Süfrədə şəkərburalar, rəngbərəng yumurtalar, şamlar, səməni. Ətrafında Səidəylə Səməd... Yox, Səidəylə o oturub. Böyür-başlarında da uşaqları. Onların uşaqları. Şamın işığı mavi rəngli divarlarda (Səidə özü demişdi ki, divarları mavidir) kölgələri gah böyüdür, gah da kiçildir. Səidə uşaqlara danışır ki, atanızgil (yəni Əyyubgil) Novruz bayramında qrupdakı qızların qapılarına papaq qoyurdular. Sonra isə yığdıqları bayram paylarının siyahısını tutub hər şeyi qiymətləndirirdilər. Ay nə bilim, şəkərbura on beş xal, qoğal on iki xal, yumurta on xal, konfet beş xal... Bununla da ən əliaçıq ailəni müəyyənləşdirirdilər... Onlar da Səidəyə qulaq asıb elə hey gülürdülər.
– Əyyub, sən canın, mən onda nəyə görə üçüncü yeri tutmalıydım ki? Düzdür, əsas o idi ki, sarıbaşı ötmüşdüm. Ancaq Validəni də ötməliydim. Nə isə tərəfkeşlik elədiz.
Səidə bunu deyəndə səsində bir məyusluq duyuldu. Gör bir, üstündən nə qədər vaxt keçib. Amma qadın rəqabəti hələ də öz sözünü deyir. Səidəylə Validə o vaxt həm ən yaxın rəfiqə idilər, həm də ən barışmaz rəqib...
Səidə indi Səmədlə xoşbəxtdir. Görəsən Validənin bəxti necə oldu, ailə qurdumu, övladları varmı? Görən harada işləyir? Yoxsa evdar qadındır?
Validə barədəki fikirlərini Səidənin səsi qırdı:
– Dünən oxudun Rəsul haqqında məqaləni? Bu gün də Səməndəri televizorda göstərəcəklər.
... Diksindi. Sanki pianonun qapağı barmaqlarının üzərinə düşdü...
Məqaləni görmüşdü, ancaq oxumamışdı... Verilişdən də xəbərdar idi. Baxmayacaqdı...
– Uşaqların çoxu vəzifə sahibi oldu. Ancaq sən onların hamısından yaxşı oxuyurdun...
Bu dəfə isə sanki pianonun qapanmış qapağının üzərindən sıxıb barmaqlarını əzik-əzik etdilər...
... Qarşıda Səidəgilin doqquzmərtəbəsi bütün əzəməti ilə görünürdü... Buradakı 81 mənzildən (bu rəqəmi də nə vaxtsa Səidə söyləmişdi) təbii ki, cəmi biri Səidəgilinki idi. Amma bina bütövlükdə cazibədar, zərif və sevimli görünürdü ona...
– Niyə ağzına su almısan, ee belə?
Nə desin axı? Çox vaxt belə olurdu. Səidə danışırdı, o da nələrsə demək istəyir, demək istədiklərini götür-qoy edirdi. Bəzi sözləri yenisi ilə əvəzləməyi qərarlaşdırır, yeni söz axtarışına çıxırdı... Tapanda isə gec olurdu. Səidə artıq başqa bir mövzuya keçirdi...
– Di sağ ol, mən getdim. Oy... az qalmışdı yadımdan çıxsın. Bayramını bir daha təbrik edirəm.
Ona bükülü bir şey verib iti addımlarla bloklarına sarı getdi. İşdən sonra hamı evinə beləcə tələsir. Onunsa evə tələsdiyi yadına gəlmir. Yol boyu düzülmüş dükanlara baş çəkərdi, köşklərə baxardı, afişaları oxuyardı. Sonra da bu nəhayətsiz prospekti gözdən keçirdikcə düşünərdi ki, ömür yolunda heç kim mənzil başına çatmaq istəmir. Ancaq neyləmək olar? İllər qovur axı onları.
Paltosunun yaxalığını qaldırdı, yenə də düşdü...
Ölkədə 23 fevralı daha kişilər bayramı kimi qeyd etmirlər. Ancaq Səidə heç ənənəni pozmur, hər il onu təbrik edir. Görəsən indi nə alıb? Ətir, qələm, qalstuk... Bəlkə başqa bir şey? Bükülünü əliylə oxşadı...
Qarşıdan iki qadın keçirdi. Hər ikisi şala bürünmüşdülər. Qalın paltarları yox idi. Yəqin, “gəlmə”lərdən idilər.
Köks ötürdü. Gündə “bir dünya pul qazanan” Səməd (Səidə demişdi ki, Səmədin qazancını balta da kəsməz) bu qadınları görsə, ürəyindən keçərmi, onlara ucuz bir palto, ya plaş, ya kürk, axır ki, nəsə alsın?
Xeyli arxalarınca baxıb yoluna davam etdi. Yenə paltosunun yaxalığını qaldırdı. Dişləri bir-birinə dəyirdi...
Yox, belə olmaz, toxtamaq lazımdır. Uğursuzluqlar və bədliklər elə onu gözləyirlər ki, sən əllərini qaldırıb təslim olasan...
Özünə təlqin etməyə başladı ki, hər şey qaydasındadır, əladır...
Dovşanlara yem almalı idi. Yaxşı ki, zoomaqazin yolunun üstündədir. Cəmi iki günlük yem alırdı ki, günaşırı bura girsin. Qəfəslərdəki cikkildəşən yaşıllı, göylü, sarılı tutuquşulara, ağappaq dağ siçanlarına, akvariumlardakı qırmızı, qara və qızılı balıqlara doyunca baxardı...
...Baho, nə tez çatdı öz binalarına? Soyuq kələyini yaman kəsmişdi. Heç özündə-sözündə deyildi. Deyinə-deyinə pilləkənlə qalxıb (dad bu beşinci mərtəbənin əlindən) qapılarını döydü. Bu barədə çox fikirləşmişdi: dünyada ona məxsus ikicə şey vardısa, biri bu qapı idi.
Heç olmasa bugünsə susmayaydı Zeynəb. Elə bircə kəlmə deyəydi: Təbrik edirəm... Hər halda, bu gün axı fevralın 23-dür... Burnunu sallamağına bir bax hələ. Elə bil, dünya dağılıb, altında qalıb...
Əvvəllər belə deyildi. Gülürdü, danışırdı, zarafat eləyirdi: Təzə mebeli bura düzərik, pianonu ora qoyarıq, bağı filan yerdən götürrük, maşınımızda belə gəzərik...
Gəl bundan sonra bir şey ye, görüm necə yeyirsən. Qabağına qoyulmuş makaronu kənara itələyib eyvana çıxdı, siqaret yandırdı. Dovşanların hər ikisi küncdə büzüşmüşdü. Onlara acıqlandı:
– Əşi, siz də qəribə məxluqsuz. Haçan baxıram, elə bil, mıxlanmısız yerə. Tərpənmirsiz ki, tərpənmirsiz.
Siqaretini çəkən kimi gedib xatirə dəftərlərini oxuyacaq, az-çox ömründə nə bəxtəvər günləri olmuşdusa, həmin günlərlə yenidən yaşayacaqdı...
Hərdən bugününü unudub elə hey dünəniylə yaşayır: yenə də arzular, ümidlər sel kimi dolur ürəyinə. Yenə də bomboz dünya al-əlvan rənglərə bürünür. Və bu rənglərin gözqamaşdırıcı əlvanlığında səadəti durub bəxtəvər-bəxtəvər üzünə gülümsəyir... Görür ki, aralarında cəmi bircə qarış məsafə var...
Dağların qoynuna sığınmış dünyanın bəlkə də ən balaca, cəmi 10-15 evlik kəndi... Eyni zamanda, dünyanın bəlkə də ən böyük kəndi...
Anasının doğma nəfəsi dəyir üzünə, atasının kobud əlləri dolaşır saçında. Şehli cığırla çayın sahilinə enir, çiçəklərdən günəşə bənzəyən çələng hörür, heyranlıqla günəşin çıxmasına tamaşa eləyir. Gah kəklikli qayalara, dumanlı dağlara, gah da böyürtkənli kolluğa, cevizli meşəyə qonaq olur, gücü gəldikcə qışqırır, səsini bütün dünya eşidir: – Nə gözəldir!!!
Və qəribədir ki, anasının nəfəsi də, atasının əlləri də, bu şehli cığır da, şır-şır axan çay da, o gülümsəyən günəş də: hər şey, hər şey onun olur. Heç kim bunlara şərik çıxmır...
Görən mümkündürmü, əbədi keçmişində qalasan, heç vaxt bu gününə qayıtmayasan?
... Birdən yerindən dik atıldı:
– Zeynəb, hanı dəftərlərimin biri?!
Arvadı bu bağırtıya sakitcə cavab verdi:
– Elçin oynadırdı.
Eyvandan oğlunu səslədisə də cavab ala bilmədi. Birdən sarı üzlü dəftəri uşaqlardan birinin əlində gördü. Elə ayağında çəkələk təlaşla həyətə yüyürdü. Uşaqlar dəftərin vərəqlərini qoparıb “qayıq” düzəldirdilər və uşaq meydançasında qar əriməsindən sonra yaranmış böyük gölməçəyə buraxırdılar. Onlardan biri – iri gözlərindən biclik yağan mırıqdişli Əyyubun “Dəftərimi qaytarın!” qışqıraraq üstlərinə qaçdığını görüb: – Palundra – dedi, hərə bir tərəfə qaçışdı. Əyyub büdrəyib yıxılmasaydı, kim bilir, nə qədər qovacaqdı o qışqıranı. Binanın tinində dayanıb onu süzən oğluna: – Yaxşı, gələrsən evə! – deyərək təpindi. Axsaya-axsaya geri qayıdıb, öncə uşaqların yerə atdıqları xeyli nazilmiş dəftəri götürdü, sonra da gölməçəyə girdi, bir-bir qayıqları yığmağa başladı. Təkcə qayıqlardan biri, lap uzaqdakı suların qoynunda qaldı. Onu götürməyə heyi qalmamışdı. Yaş corablarının içində, elə bil, ayaqlarına iynə batırırdılar.
Gülüşən qonşulara məhəl qoymayıb qucağı qayıqla dolu evə qayıtdı. Onları açıb yerə düzdü ki, qurusunlar. Mürəkkəblə yazılan vərəqlərin lap zayı çıxmışdı. Hərflər bir-birinə qarışmışdı.
Bəlkə, şərtləşiblər ki, bu gün bunun qanını qaraltsınlar? Bayaq İmran, sonra Zeynəb, indi də Elçin...
Eybi yox, əmioğlusu Arif zəng eləyib ki, bazar günü balıq tutmağa gedirik. Gedər, bir az ürəyi açılar...
“Yaşlandıqca həyatda sevdiyimiz şeylər asta-asta bizi tərk edir. Bir də gözlərimizi açıb görürük ki, bir həsir qalmışıq, bir də Məmmədnəsir. Vaxt gələcək, bu sevda da əriyib qurtaracaq”.
Səidənin aldığı xarici odekalonu əlindən yerə qoymurdu. “Hə, hə, qurtaracaq, vəssalam. Bəs onda nəyin xatirinə yaşayacaq? Yəqin onunla təsəlli tapacaq ki, daha hər şey bitmək üzrədir, bu dünyanın beş-altı günlük qonağıdır”.
Bayaqdan bəri artıq neçənci dəfə oxuduğu “Versace. Homme. Eau de Toilette” sözlərini əzbərləmişdi, hətta odekalonun tərkibi barədə yazılan xırdaca qeydləri də...
... Hədiyyəsini götürüb dizini ovuşdura-ovuşdura mətbəxə, Elçinə yemək yedirən Zeynəbin yanına getdi. Bayaq Zeynəb imkan verməmişdi ki, Elçini düz-əməlli danlasın. Demişdi uşaq oyuncaq yığan kimi sən də bu toz-torpaqlı, mikroblu dəftərləri nə günüvə yığırsan, anlaya bilmirəm...
Oğluna bu dəfə gözünü ağartmaqla kifayətləndi, o da qımışdı. Sonra yüngülcə arvadının çiyinlərini qucaqladı:
– Sən Allah, bayram günündəsə burnunu sallama.
Hədiyyəni onun gözünün qabağına tutdu.
– Bunu Səidə alıb mənə.
Zeynəb kənara itələdi onu:
– Birini elə ağ günə çıxartdın, qaldı o biri.
İstədi arvadının könlünü alsın:
– Mənə bir stəkan çay süz... Bazar günü balığa gedəcəm, Arifnən. Özü zəng eləyib dedi... Sənə qızılbalıq tutacam.
Elçin: – Mənə də – dedi, atasının gözünü ağartdığını görüb yenə də qımışdı. Zeynəb iri fincana çaynikdən qaynar su tökə-tökə səsini qaldırdı:
– Bir o qalıb. Bazar günü İradənin oğlunun iki yaşı tamam olur, çağırıb.
Lənət şeytana! Həmişə mütləq nəsə bir səbəb tapırdı ki, bunun planlarını pozsun.
– Elçinin ad gününə o gəlməmişdi axı.
– İradəylə bacı kimiyik. Burada yoxuydular deyə gəlməmişdi... Sən özündən danış. Kimin işi düşür, səninlə dost olur, qardaş olur. Sonra da bir qara qəpiyə dəymirsən.
Hiss etdi ki, büzüşüb lap yumağa dönüb. Durub öz otağına qayıtdı. Çayı masanın üstündə buğlana-buğlana qaldı.
Dəftərlərə baxırdı, fikri isə haradasa uzaqlarda idi. Telefonunu götürdü.
– Alo, mənəm, Əyyubdu. Bilirsən... Sizə gəlim? Yox, elə bizdə də vur-çatlasındır. Zəng etdim ki, balığa gedə bilməyəcəm... Necə yəni, nə balıq? Bayaq özün demədin?.. Yaxşı, yaxşı...
Dəstəyi yerinə qoydu. Of, dizi nə yaman ağrıyırdı. Əyilib yerdəki vərəqləri yığdı. Pozulmuş sözlərin üstündən yenilərini yazmaq çətin iş deyildi. Çünki az qala hər sözü əzbər bilirdi.
“Bu gün Səidəni bizdən iki kurs yuxarıda oxuyan Səmədə nişanladılar. Mənsə düz üç il onu ürəyimdə sevdim. Üç il onun həsrətini çəkdim, dinclik-rahatlıq bilmədim. Niyə axı qorxdum ürəyimi açmağa?...

Dan yeri söküldü, səhərim yoxdu,
Dost-tanış atlandı, yəhərim yoxdu,
Ölmək asan imiş, zəhərim yoxdu,
Nə çəkdim, bir kimsə biləsi deyil.

Daha mənim üçün ömür dayandı,
Sən bir kor bəndəsən, fələk sayandı.
Qəlbimdə səadət yandı, nə yandı
Bu ocaq əbədi sönəsi deyil”.

Zeynəblə Elçin yatmışdılar deyəsən, səs-səmir yox idi... Qəhərdən gözləri yaşarmışdı. Siqaret yandırdı. Birinci dəfə idi ki, evdə siqaret çəkirdi.
“... Ömrüm elə yataqxanalarda, kirayə tutduğum darısqal otaqlarda keçib. Qapısına adım-soyadım yazılan bir evin həsrətini o qədər çəkmişəm, o qədər çəkmişəm...”
...Görəsən o gölməçədə qalmış vərəqdə nə yazılmışdı, ay Allah? Nə yazılmışdı o vərəqdə?..
... Saat on iki də oldu, bir də. Öz sevimli işindən ayrılmazdı, telefonunun səsi diksindirdi onu. Bu vaxt kim olar? Qəbul düyməsini basanda İmranın sərxoş səsini eşitdi:
– Can-ciyər, neynirdin?
– Heç, elə, belə...
– Nə mızıldanırsan, bir şey başa düşmürəm.
– Heç, deyirdim ki, yatmağa hazırlaşıram...
– Nə yatmaq, ay kişi, bayramda da yatarlar? Zəng elədim ki, muştuluğumu verəsən.
– Niyə?
– Gəl bizə, görərsən. Super bir məclis düzəltmişik.
– Gecdir axı... Bu vaxt...
– Gec-zad deyil. Sənə sürpriz hazırlamışıq...
– Nə sürpriz?
– O da bizdədir...
– O kimdir?
– Özüvü bilməməzliyə qoyma. Bəyəm çörəyi qulağımıza yeyirik? Bəyəm görmürük atnaşeniyavızı? Səidəni deyirəm. Bax tez gəl, gözləyirik...
Kimsəsiz küçədə az qalırdı ki, yüyürsün. İşə bax, səhər Zeynəb oyananda görəcək o yoxdur. Nə qiyamət qopacaq. Bir yaxşı bəhanə tapmalıdır. Bəs nə əcəb Səməd Səidəni buraxıb? Olar ki, uşaqlardan birini də ona qoşub. Məclislərdə həmişə belə edir. Odey, İmranın pəncərəsi. İşığı da keçiriblər. Yəqin fırıldaqlar rəqs eləyirlər. Hardan ağıllarına gəlib, təqvimdən çıxarılmış günü qeyd etmək? Heç bayaq da bir şey demədilər...
Hə, bu da blokları. Gərək ki, üçüncü mərtəbədir. Bu da qapısı. “Əsgərov İmran Əsgər oğlu”. Qapının zəngini çaldı. Qoy pulu olsun, hökmən o da qapılarına qızıl hərflərlə belə yazdıracaq: “Cəfərli Əyyub Abbas oğlu”. Nəyi əskikdir İmrandan? Bir də zəngi çaldı. Yəqin Səidənin də ürəyi bu cür şiddətlə döyünür. Yox əşi, onun üçün bəlkə də heç fərqi yoxdur ki, Əyyub gəldi, ya gəlmədi. İndi rəfiqələriylə qeybət qırır. Yəqin Mədinəylə Ziba da burdadır... Uzun-uzadı zəngi çaldı. Açmaq fikirləri yoxdur qapını? Hərəsi öz kefindədir, kimdir zəngə fikir verən?
Nəhayət, cəftə səsi gələndə ürəyi toxtadı. Qapı arxasındakını qapını gec açdığına görə tənbeh etməyi qərarlamışdı. Ancaq... Gömgöy göyərmiş İmranın bərəlmiş gözlərini görəndə özünü itirdi. Dili topuq vurdu:
– Mən... mən...
İmran bir xeyli ona baxıb qəfildən şaqqanaq çəkdi. Sonra tez də ciddiləşdi:
– Sən səfehsən, qanacağın yoxdur ki, gecə saat ikidə gəlib camaatın zəngini basırsan. Özü də dalbadal.
– Bəs... Sən... Məclis...
– Zarafat idi də, elədik. Nə gönüqalınmışsan...
... Elə bil, heç bayaqkı yol deyildi, uzandıqca uzanırdı. Ayaqları bir-birinə dolaşır, ürəyi şiddətlə döyünürdü. Həm də ağlayırdı. Uşaq kimi hönkürürdü lap.
Bilmirdi nə səbəbə beynində yalnız bu fikir dolaşırdı: Zəngin sarayların buğlanan xoşbəxtliyi miskin daxmaların bumbuz bədbəxtliyini heç vaxt isidə bilməz... Zəngin saraylar ... Miskin daxmalar... Buğlanan xoşbəxtlik... Bumbuz bədbəxtlik... İsidə bilməz ... Heç vaxt isidə bilməz ...
... Haçandan-haçana gəlib həyətlərinə çıxdı. Görən saat neçə olardı? Heç evə getmək istəmirdi.
Dirəyə vurulmuş elektrik lampasının işığı gölməçəyə düşmüşdü. Gölməçənin ortasındakı kağız qayıq asta-asta yırğalanırdı.
... Ağır addımlarla pillələrlə yuxarı çıxanda birdən xatırladı ki, gölməçədə qalmış vərəqdə məhz bayaq yol boyu beynində dolaşan sözlər yazılıb.
Ayaq saxladı. Vərəqi götürmək lazım idi...
Varis
www.varis.az [email protected]


Bu yazı ( 369 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar