12px14px16px18px

“Bir Əfsanə...”

Cavid ŞÜKÜROV
11:04 / 31.03.2012
O vaxtlardı ki, “Super Mario”, “Metal Slug” oyunlarına marağımız itmişdi. “Sony”, “Dendy”, “Sega” kompüterləri, təzəcə məşhurlaşan “GTA” oyunu əvvəlki kimi cəlbedici gəlmirdi. Yaşıdlarımız alça oğurlamırdı daha. Oğlanların gizlicə siqaret, qızların xəlvəti sürmə çəkən vaxtlarıydı. Doqquzuncu, ya da onuncu sinifdə oxuyurduq, dəqiq xatırlamıram. Yadımda qalan odur ki, bizim sinfin oğlanlarından siqaret çəkmirdi heç kəs. Gizlicə araq gillədənlər vardı, vəssalam. Nə isə, başqalaşmışdıq əməllicə. Oyunların, axşamüstü güləşib-süpürləşmələrin yerini boş-boş veyilənmələr tutmuşdu. Neçə gün əlləşib düzəltdiyimiz futbol meydançasını da tikan basmışdı. Maraqlarımız dəyişmişdi. Adamayovuşmaz olmuşdu hamı. Gah da dəli kimi gülüşmə düşürdü aramıza səbəbsiz, filansız. Qızlara maraq oyanmışdı. Bir bəhanə tapıb cırnadırdıq, saçlarını dartırdıq – özümüzü göstərirdik öz aləmimizdə. Qızlar da qəribəydi bir növ. Tam başqa adamıydılar sanki. Hürkək olmuşdular, güləyən olmuşdular. Hər sözə göz süzdürürdülər. Oğlanların ardınca pıçıldaşırdılar hey. Biz də geri qalmırdıq onlardan, sözümüz-söhbətimiz qızlarıydı elə.
... O il nəsə başqaydı hər şey. Qəribəlik vardı hər şeydə, ya da bəlkə mənim yadımda elə qalıb. Nə bilim...
... Bir qız vardı qəsəbəmizdə, Əfsanəydi adı. Köhnələr demişkən, “Urusiyət”dən gəlmişdilər qohumlarıgilə. Burda yaşayacaqdılar hələ ki... Ala gözlü, ağ üzlü, xurmayı saçlıydı... Gözələ nə tərif?! Bütün oğlanlar aşiqiydi ona (düzü, məni çıxmaqla). Aylarla məktəb üzü görməyən avaralar da onun eşqinə saçlarını “inəyə yalatdırıb”, səhərin gözü açılmamış qurbağalar göl qırağına düzülən kimi düzülürdülər məktəbin qabağına. Nə var, nə var, Əfsanə uzun hörüyünü yelləyə-yelləyə keçəndə bunlar görəcəkdilər. Sonra da gedib kənarda gopa basacaqdılar ki, qız mənə gülümsədi, bəs, əldən-ayaqdan gedir məndən ötrü...
Məktəbdə əməllicə dəbə minmişdi “Bir əfsanə” mahnısı. Az qala bütün oğlanlar telefon alqı-satqısıyla məşğul olan Fəqaniyə o vaxtın min manatlığını verib bu mahnını yüklətdirirdilər. Qız görünən kimi telefonların səsi qarışırdı bir-birinə:

Bir efsaneydi efsaneydi senle
beraber olmak
Gözlerinde buluşup
ellerine dokunmak
Saatlerce uzanıp
hep yanında kalmak
Bir efsane senle beraber olmak...

Bir ara iki-üç nəfər başqa kənddən olan oğlan köhnə “06”da dayanırdı məktəbin qarşısında, səs verirdi “Pioneer”ə. Bu hərəkətlərinə görə bir dəfə əzişdirmişdik də onları. Göstərməliydik, axı, burda ağanın kim olduğunu. Hələ mən də bir təpik ilişdirmişdim həmin o maşının “buferinə”. Allahtərəfi, o oğlanlar o gündən sonra bir də qəsəbəmizin həndəvərinə dolanmadılar...
O qıza görə neçə diş qırılmışdı, neçə burun sınmışdı, neçə nəfər direktorun kabinetində “şlanqla” döyülmüşdü, bir Allah bilir. Hələ sinif yoldaşlarımdan biri evdə özünü yerə sürtüb bıldır-bıldır yaş tökmüşdü ki, ya o qızı mənə alacaqsız, ya da qaçacam evdən. Anası necəsə onu yola gətirmişdi ki, əl çək o qızdan, sənə “07” alacam. Amma indiyə qədər oğlan nə evlənib, nə də maşın alınıb ona. Anası bir dəfə sinifdə oğlunu danlamışdı ki (müəlliməydi), “bunun vidinə-fasonuna bax, qız istəməyinə bax...” Bunu deyib gizlicə (guya) gülümsəmişdi. Hamı anlamışdı ki, ürəyindəndir oğlunun “aşiq olmağı”.
Hər gün dərs qurtaranda şagirdlərin yarısı eyni tərəfə axışırdı – Əfsanənin getdiyi səmtə. Yolda dalaşanlar da olurdu, söhbəti tutub dostlaşanlar da. Məktəbimiz arı pətəyinə oxşayırdı o aralar. Bu səs-küyə, söz-söhbətə biganə qalan bircə nəfər vardısa, o da Əfsanəydi. Uzun hörüyünü yelləyə-yelləyə sakitcə gəlirdi dərsə, elə o cür də çıxıb gedirdi evlərinə. Elə bil bu həngamə bu qızdan ötrü deyildi.
Vaxt keçdi, vədə ötdü, Əfsanənin aşiqləri azaldı, amma hələ də ardınca sürünən bir dəstə qalmışdı. Təəccüblüydü ki, heç kəs ona yaxınlaşıb dərdini-azarını demirdi...
Günün birində xəbər yayıldı ki, Əfsanəni götürüb qaçıblar. Biri deyirdi zorla qaçırılıb, o biri də razılaşmırdı ki, yox, öz xoşuyla qaçıb. Bir-iki gündən sonra dəqiqləşdi ki, Əfsanəylə həmin oğlan bir-birinə qoşulub qaçıblar Bakıya. Vaxt keçdikcə Əfsanə də, o mahnı da unudulmağa başladı...
Bir neçə gün əvvəl təsadüfən köhnə faylların arasında həmin mahnı çıxdı rastıma. O çağları yadıma saldı mahnı...
Qəsəbəmizdə bir qız vardı, adı Əfsanəydi...
Cavid ŞÜKÜROV



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar