12px14px16px18px

Şair fərdiyyəti

Bəkir NƏBİYEV

FİKRƏT QOCANIN PORTRETİNDƏN CİZGİLƏR

13:16 / 30.03.2012 Fikrət QOCA
2012-ci il mart ayının on dördü idi. Yəni Anarın ad günü. Türkiyədən Türk Dünyası Yazarlar Birliyinin sədri Yaqub bəy Öməroğlu məşhur türk şairi, “Qardaş Qələmlər” dərgisinin baş redaktoru Əli Ağbaş və ədəbiyyatımızı sevə-sevə təbliğ və tərcümə edən dostumuz şair-nasir İmdad Avşar. Ötən il Anar Türk dünyasında İlin Ədəbiyyat Adamı ödülünə layiq görülmüşdü. O münasibətlə “Qardaş qələmlər” dərgisinin bir nömrəsi Anara həsr edilmişdi. Türk qardaşlarımız dərginin təqdimatının Anarın ad günündə keçirilməsini istəmişdilər. Tədbir M.F.Axundov adına Milli kitabxanada keçirilirdi. Arada kitabxananın əməkdaşı Mədinə xanım mənə yanaşdı. Doxsanıncı illərdə yazdığım “Yenidənqurma” adlı şeirimi axtardığını dedi. Xatırladım ki, mən o şeiri heç bir kitabıma salmamışam. Arxivimə baxacağıma söz verdim. Mənim lap gənclik illərimdən bu günə kimi qorxduğum bir şey var. Çox fərəhli bir günüm keçəndə sabah gələcək gündən qorxuram. Hətta səhər yuxudan ayılanda gözlərimi qorxa-qorxa açıram. Hansısa qara, ağır bir xəbər başımın üstündə taleyin qapazı kimi məni gözləyir. Bəli, zəng oldu. Akademik Bəkir Nəbiyev əbədiyyətə qovuşub. Ağdaşda küçə qonşumuz, sonrakı illərdə hərəmiz dünyanın bir başında olsaq da, həmişə qonşuluqda hiss etdiyim, nəfəsini duyduğum, böyük qardaş bildiyim Bəkir müəllim. Mən də artıq cavan deyiləm, belə zərbədən zərrəciklərə dönürəm, dağılıram, bir yerə yığıla bilmirəm. Fikrimi yayındırmaq, özümü aldatmaq üçün özümə bir iş tapmalı idim. Arxivim, hə, söz vermişəm. Bəlkə şeiri tapdım. Bilirdim ki, tapmayacağam, dəfələrlə axtarmışdım. Amma indi nə iləsə məşğul olmalı idim özümü tapana kimi. Bunun ən yaxşı dərmanı olmayan şeyi axtarmaq idi. Elə birinci qovluqda Bəkir müəllimin 13 sentyabr 1991-ci il “Ədəbiyyat qəzeti”ndə bir səhifəlik məqaləsini gördüm. Götürüb kənara qoydum. O biri saralmış varaqları qaldırdım, məni asqırma tutdu. Bəkir müəllimin hərdən ucadan asqirması olurdu. Elə bil yuxudan ayıldım. Onun isıqlı siması gözümün qabagında canlandı. 20 il əvvələ qayıtdım. Yenidən Bəkir müəllimin məqaləsini götürdüm. Məqalə mənim haqqımda idi. Amma məzmununu yadıma sala bilmədim. Düşündüm, bu dərddən qaçmaq üçün ən yaxşı yol Bəkir müəllimin özü ilə söhbət etməkdir. Məqaləni oxumağa başladım. Ən qəribəsidə bu idi ki, məqalənin sonunda Bəkir müəllim həmin “Yenidənqurma” şeirini bütünlüklə misal gətirir. Bundan artıq danışmaq istəmirəm. Məqaləni olduğu kimi təqdim edirəm. Gəlin bir daha o böyük insanı xatırlayaq, Bəkir müəllimi dinləyək.

Bir zamanlar Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə kimi cavan şairlər haqqında belə deyənlər tapılırdı ki, guya onlar Rəsul Rza sayağı yazırlar və buna görə də Xalq şairi onları öz qanadı altına alır... Lakin zaman bu mülahizənin yanlışlığını dönə-dönə sübut etdi. Müxtəlif xalqların ədəbiyyat tarixlərindən məlum olduğu kimi, hətta ən qüdrətli sənətkarlara da bənzəmək, onları təkrar etmək, yamsılamaq, heç vaxt əsl sənətin, böyük poeziyanın yolu olmayıb və təqlidçilər həmişə uğursuzluğa məruz qalıblar.
Bütün həqiqi şairlər kimi, R.Rza da sənətdə “özünə bənzəyənləri” xoşlamırdı. Gənc qələm sahibləri arasında elə şairləri sevir və yeri gələndə havadarlıq da edirdi ki, onlar təzə və təravətli yazır, yeni söz deyirdilər, yaxud deməyə can atırdılar. Fikrət isə hələ gənc şair kimi fəaliyyətə başladığı ilk illərdə təqliddən, təkrardan bacardıqca uzaq qaçır, az yazır, bəzən qüsurlu şeirlər də çap etdirir, lakin bir qayda olaraq öz sözünü – təzə sözünü deyirdi. R.Rzada rəğbət oyadan da birinci növbədə cavan şairin şeirlərindəki məhz bu cəhd, bu meyl idi. Baxın, Xalq şairimiz hələ təqribən 25 il bundan əvvəl necə uzaqgörənlik nümayiş etdirmişdi. Gəlin, R.Rzanın özünə meydan verək, görək bu barədə nə deyib: “F.Qocanın şeirlərində məni sevindirən bu şeirlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir... Onun ən yaxşı şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu...bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik. Bu səs hələ bərkiyib polad cingiltisinə dönməmişdi. Bu səsin xoş ahəngi bəzən qırılır. Lakin bu səs Azərbaycan sovet poeziyasının yeni nəğmələrində özünəməxsus bir yer tutmağa başlayır”.(R.Rza. “Mənim fikrimcə”. B, 1967, səh.166-167). Ustad sənətkar bu sözləri ona görə belə inamla yazmışdı ki, Fikrət Qoca o vaxt həqiqətən də təzə söz demək təşəbbüsü ilə poeziya dünyasına ayaq basan gənc istedadlardan biri idi. Bu çox mühüm xüsusiyyət on illər ərzində F.Qocanı tərk etməmiş, hətta daha da inkişaf edərək onun yaradıcılıq simasını, şair fərdiyyətini müəyyən edən keyfiyyət göstəricisi olmuşdur. F.Qoca heç kimə yox, özünə bənzəyən şairdir. Onun şeirlərindəki səs F.Qoca səsi, şəxsiyyət və sənətkar şakəri F.Qoca şəxsiyyəti və şakəridir.
Fikrət Qocanın lirik qəhrəmanının yetkinləşməsində sürətlə dəyişib inkişaf edən, çox böyük epoxal hadisələrlə zəngin olan ictimai varlıqla, zəmanəmizin ruhu ilə yanaşı, şairin tərcümeyi-halındakı bəzi konkret məqamlar da az rol oynamamışdır. O, 1935-ci ildə Ağdaşın Kotanarxı kəndində doğulmuş, on nəfərlik ailədə böyümüşdür. Çoxumuz kimi onun da uşaqlığı müharibə başlayanda bitmiş, məktəb çağları qələbədən sonrakı ilk illərdə qurtarmışdır. O çox çətin zamanda bir uşağın, bir yeniyetmənin nəsibi olan isti-soyuğu Fikrət bəlkə də bir qədər artıqlaması ilə görmüşdür.
Mənim yaxşı tanıdığım, ixtisasca həkim, ruhən isə şair olan atası Göyüş kişinin evdə oxuduğu əsərlərin, poeziyaya dair ailə üzvləri ilə etdiyi söhbətlərin Fikrətin ilk qələm təcrübələrinə müəyyən təsiri olmamış deyil. Axtarsan Fikrətin həssas uşaq qəlbinə ilk şeir qığılcımının bəlkə də elə bu vaxt, bu söhbətlər zamanı düşdüyünü görərsən. Respublikamızın Qasım İsmayılov, Zərdab rayonları, xüsusən, Ağdaşın Kotanarxı və Üçqovaq kəndləri Fikrətin öz atası və ailəsi ilə birlikdə gəzdiyi, yaşadığı, görüb-götürdüyü məntəqələrdir. Onun ilk şeirlərini də uşaq dodaqları elə bu zaman pıçıldamağa başlamışdır. Lakin bu təşəbbüslərin yalnız bəziləri illər keçdikdən sonra qanad açmış, pərvazlanıb ucalmış, artıq sərbəst həyat yollarına qədəm qoyan müəllifini arzu və xəyallarının al-əlvan mənzillərinə uçurmuşdur. Fikrət Ağdaş şəhərində Nizami adına orta məktəbi bitirmiş, respublikamızın paytaxtında texnikum təhsili görmüş, bir müddət Bakı metrosunun tikintisində çalışmışdır. Poetik istedadını görən və gələcəyinə ümid bəsləyən Yazıçılar İttifaqı Fikrəti Moskvaya göndərmiş, o, 5 il Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış, biliyini, təcrübəsini artırmış, sənət haqqında dünyagörüşünü zənginləşdirmiş, görkəmli şairlərlə yaradıcılıq əlaqələrində olmuş, özü də bir şair kimi püxtələşmişdir. “Bacıqızı” adlı ilk şeiri Bakıda, “Kirpi” jurnalının səhifələrində (1956), “Qağayı” adlı ilk şeirlər kitabı isə Moskvada tələbəlik illərində Azərbaycan Dövlət Nəşriyyatında buraxılmışdır(1963). On beş kitabın müəllifidir. F.Qoca mətbuat orqanlarında, Azərbaycan Yazıçılar İttifaqında çalışmışdır. 1979-cu ildən respublikamızın əməkdar incəsənət xadimidir. On ildən artıq bir müddətdə “Azərbaycan” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri olmuşdur. Hazırda “Qobustan” incəsənət toplusunun baş redaktorudur. Azərbaycan yaradıcı ziyalılarının bir nümayəndəsi, bir şair kimi F.Qoca ölkəmizin bir sıra milli respublikalarına getmiş, səfərlərində də ənənəvi marşrutları “pozaraq” Sibirdə, Baykal sahillərində Uzaq Şərqdə, Altay dağlarında və s.yerlərdə olmuş, Avropa, Asiya, Afrika və Amerika qitələrinin bir sıra ölkəsində Azərbaycan poeziyasını təmsil etmişdir. Onun Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Qvineya-Bisau, Yuqoslaviya, Qərbi Berlin, Vyetnam və s. ölkələrdə olması, qısa və uzun müddətli ezamiyyətləri, görüşləri, gəzişləri və axtarışları həmin ölkələr barəsində yazdığı bədii və publisistik əsərlərin motivlərinə çevrilmişdir.
F.Qocanın əsərləri, poetik topluları respublikamızın hüdudlarını çoxdan aşıb, Ümumittifaq oxucusunun malı olmuşdur. Onun “Literaturnaya qazeta” və “Komsomolskaya pravda” səhifələrində, “Drujba narodov”, “Znamya”, “Novıy mir” jurnallarında görkəmli rus şairlərinin tərcümələrində və xarici dillərdə dəfələrlə şeirləri, mərkəzi nəşriyyatlarda isə kitabları buraxılmışdır.
Oxuduğumuz bir sıra hekayə və povestləri göstərir ki, F.Qoca çoxdan bəridir şeirlə yanaşı arabir nəsr yaradıcılığı ilə də məşğul olur. Mənim nəzərimə çarpan ilk nəsr əsərini – “Qar əriyir” povestini təqribən 20 il bundan əvvəl yazmışdır. Bir sıra maraqlı hekayə və povestlərdən sonra qələmini epik janrın daha mürəkkəb və məsuliyyətli forması olan romanda sınayan Fikrət 1987-ci ildə aktual mövzuda “Kələfin ucu” romanının birinci hissəsini oxuculara təqdim etmişdir. Birinci hissəsi ayrıca kitab halında çap olunmuş bu əsər üzərində yaradıcılıq işini davam etdirən müəllif romanın ikinci hissəsini 1989-cu ildə “Azərbaycan” jurnalında nəşr etdirmişdir.
F.Qocanın ayrı-ayrı əsərləri və sənətkar taleyi barədə Bakıda, Moskvada və xaricdə dəfələrlə yazılmış, Xalq şairimiz B.Vahabzadə və B.Azəroğlu, eləcə də Anar, S.Rüstəmxanlı, bu sətirlərin müəllifi və digər tənqidçilər, ədəbiyyatşünaslar F.Qocaya həsr olunmuş xüsusi məqalələr dərc etdirmişlər. Onun özü də müxtəlif vaxtlarda öz ağsaqqal qələm yoldaşları olan Xalq şairlərimiz S.Rüstəm və R.Rza haqqında, bəstəkar Q.Qarayev, müğənni Polad Bülbüloğlu və Qədir Rüstəmov barəsində və s. məqalələr yazmışdır. Fikrətin “Gəlin bu qapını açaq” məqaləsi Azərbaycanda kitabxanaların yarıtmaz vəziyyəti və bu işi lazımi səviyyəyə qaldırmaq barəsində düşüncələrdən, “Naxırçı sorağında” adlı kəskin ruhlu çıxışı isə müasir kənd, onun adamları və təxirəsalınmaz problemləri ilə bağlı işgüzarlıqla yazılmış səmimi mülahizələrdən ibarətdir. Lakin nə hekayə və povestlərinin, nə də “Kələfin ucu” romanının məna və əhəmiyyətini azaltmadan deyə bilərəm ki, F.Qoca öz oxucusunun nəzərində hər şeydən əvvəl görkəmli, istedadlı bir şairdir və onun ayrı-ayrı roman, povest və hekayələrini biz bu orijinal şairin maraqlı nəsr əsərləri kimi qəbul edirik.
Mənim şəxsi qənaətimə görə F.Qocanın “Seçilmiş əsərləri”(1989) onun bu günə qədər nəşr olunmuş bütün kitablarından həm zahiri cəhətdən(həcmcə, bədii tərtibcə), həm də mahiyyət etibarilə əsaslı surətdə seçilir. Kitabdakı poema və şeirlər sözün çeynənmiş mənasında yox, ilkin, müstəqim, samballı mənasında müasir və aktualdır. Onların heç birinin altında yazılma, yaxud nəşr ilini göstərən rəqəm yoxdur. Bunu tərtibçinin səliqəsizliyi, yaxud naşirin unutqanlığı ilə izah etmək səhv olardı. Əslində isə, hər halda mən bu fikirdəyəm ki, F.Qoca bununla son illərdəmi, yaxud 10-15 il bundan əvvəlmi yazıb dərc etdirdiyindən asılı olmayaraq, bütün şeirlərini yaradıcılıq cəsarəti və səmimi bir ərklə oxucularına təqdim edir, onları məhz bu günün tələbləri baxımından ələk-fələk ediləcəyindən o qədər də nigaran qalmır.
Bu sözlərim bəlkə də bəzilərində rəğbət oyatmayacaq. Axı son illərdə cəmiyyətimizin həyatı üçün səciyyəvi hal olmuş ictimai, ideoloji sarsıntılar və bütünlükdə yenidənqurma prosesi elə vəziyyət əmələ gətirmişdir ki, bir qism şairlər nəinki şəxsiyyətə sitayiş illərində, hətta, ümumiyyətlə, 85-ci ilin baharınadək yazdıqları əsərlərin heç də hamısını bir daha nəşr etdirmək istəməzdilər. bu, həmin şairlərimizin, bütünlükdə poeziyamızın qüsuru olmaqla yanaşı, həm də şəxsiyyətə sitayiş və durğunluq zamanlarının özləri ilə şərtlənən faciəsidir.
F.Qocanın şeirləri isə vaxtın, müasirliyin ötəri, keçici təsirlərinə məruz qalmayıb. Onun yaradıcılığının bu məziyyəti barədə danışmaq vacibdir. Məncə, bu məziyyəti yalnız şəxsi keyfiyyət kimi izah etmək doğru olmazdı. Burada Fikrətin poeziyaya gəldiyi dövrün dərslərinin, ədəbi-ictimai meyarlarının da rolu böyükdür. Məlumdur ki, F.Qoca 60-cı illər nəslinə mənsub şairdir. Bu nəsil bir çox cəhətdən indiki təbirdən istifadə edib desək, 60-cı illərin yenidənqurması şəraitində formalaşmışdır. Həmin nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldıqları çox sınaqlardan xəbərdar oldu və bu cəhət gənc şairləri polziyanın vəzifəsi, xalq mənəviyyatının inkişafında yeri, rolu, sənətin taleyi barədə dərindən düşünməyə vadar etdi. F.Qocanın əksər şeirlərinin, poemalarının mövzusu və mətləbcə, ruhca köhnəlməməsinin bir səbəbi də məncə elə bu amillə bağlıdır.
Bir sıra qələm yoldaşları kimi, F.Qocanın da yaradıcılığında konyuktura əlamətləri, demək olar ki yox dərəcəsindədir. Həyatın özündən, onun dərin qatlarından, mürəkkəb insan talelərindən bəhs edən bu əsərlər vaxtilə bəzilərinin dodaq büzdüyünə baxmayaraq, o zaman da gərəkli və aktual idi, indi də. Güman edirik ki, sabahın oxucuları və poeziya həvəskarları da öz dövrünə güzgü tutan, düzü-düz, əyrini-əyri əks etdirən bu əsərlərə laqeyd qalmayacaqlar. Bəs, buna səbəb nədir? Səbəb budur ki, şair elə o vaxt yazdığı şeirləri ilə on illər boyu cəmiyyətimizdə hökm sürmüş durğunluğa, amiranə idarə sisteminə, onun acı nəticələrindən biri olan adamlar arasındakı süni münasibətlərə öz açıq etirazını dönə-dönə bildirmişdi.

Yanğın salmaq istəyirəm
Ütülənmiş, sığallanmış iclaslara,
Göz yaşından məhrum yaslara.
Yanğın salmaq istəyirəm
“Anadan müdir doğulanların”
Quru ədasına, soyuq səsinə,
...Kitabların, qəzetlərin, soyuq səhifəsinə.

Cəmiyyətimizin həyatındakı çox ciddi nöqsanlara, mənəviyyatlarda kök salmış eybəcərliklərə qarşı barışmaz ifşaçı münasibət, şairin bir çox digər əsərlərinin də ideya-bədii mahiyyətini müəyyən edən əsas meyardır. Mənaca bu əsərlə səsləşən və mahiyyətcə onu tamamlayan “Cəsarət” şeiri də, indi durğunluq dediyimiz o ağır vaxtın özündə doğulduğuna baxmayaraq, hər şeydən öncə məhz durğunluğa, ətalətə, ölgünlüyə, cəsarətsizliyə qarşı şairin ağır ittihamı deyilmi?

...Cəsarətsiz iclasları
Açılmamış bağlayın!
Cəsarəti öldürə bilmərik, sən, mən.
Cəsarətimiz təqaüdə çıxsaydı
Əhalimiz xalq olmazdı,
Torpağımız vətən.

Fikrət Qocanın əsərləri arasında məramnamə – şeirlər, deklorativ bəndlər, şüar-misralar demək olar ki, yoxdur. Lakin adsız bir şeirindəki bu misralar şairin lirik qəhrəmanının başqa əsərlərindən bizə yaxşı bəlli olan xarakteri üzərinə gur işıq saldığı üçün ondan yan keçmək olmur.

Titrəmək yaraşmır insan səsinə,
Zəfərlə yaşayaq, zəfərlə ölək.
Mənim məzarım da Yer kürrəsinə
Düşəcək bir nida işarəsi tək!
Namərdəm məsləksiz gözlərim gülsə.
...Məsləkim uğrunda bina tikilsə,
Qoy məni hörsünlər bünövrəsinə.

Şairin ən uğurlu şeirləri əslində keçdiyimiz yollar, dünənimiz, bu günümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır. Onların sevinc doğuranları da var; kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdəndir. Məsələn, vaxtilə Azərbaycanın həqiqətən dilbər guşələrindən biri olan Samuxa və onu adı ilə dillərə düşmüş qalın meşələrə, bu meşələrin cüyür-ceyranına, şirinə-pələnginə tutulan divan haqqında misralar adamı təlatümə gətirir. Kür üzərində elektrik stansiyası tikintisi ərəfəsində su altında qalıb əbədilik qurban gedən meşənin faciəsinə, canlıların ah-naləsinə necə laqeyd qalma olar?! Bu qeyri-normal vəziyyəti doğuranlara qarşı F.Qoca ən müxtəlif ədəbi vasitələrdən istifadə edərək hücuma keçir. Ona-buna yarınıb yaltaqlanmaqla baş girləyən, adamların taleyini aldığı ənamlara, təltiflərə qurban verən bəzi rəhbərlər sallaqxanada sürü qabağına düşüb soydaşlarını qırğına aparan, öz xəyanəti üçün ovuc-ovuc kişmiş yedizdirən erkəcin timsalında kiçik bir şeirin hüdudları dairəsində ibrətamiz tərzdə ifşa edilirlər. Şairin qəti qənaətinə görə insan ömrü ancaq böyük, nəcib, ülvi məqsədlər uğrunda sərf olunduqda bu sözün tam həqiqi mənasında insan ömrüdür.

Ürəyinin astarını üzə çevir,
Damla gözlərini dənizə çevir.
İşlət, qoy açılsın beyninin pası.
Fikrinin önündə qırılacaqdır
Ulduzlu səmanın mavi yaxası.

Elm, texnika cəmiyyəti sivilizasiyanın hansı səviyyəsinə qaldırırsa qaldırsın, xalqa, kökə, elə-obaya bağlılıqdan qoparmamalıdır. Doqqaz başında yabaya söykənib dayanmış babaların ucalığı, paklığı var bu misralarda:

Sənin əlin qabar-qabar,
Mənim ürəyim,
Onun beyni.
Hamımız eyni cür
Fəhləyik, qardaş,
Eyniyik, eyni!
(“Eynilik”)

Sosial vəziyyətindən, peşəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bu lirik qəhrəman insan birliyinin bütün üzvlərinə eyni gözlə baxmağı, hər hansı sosial qrupa, yaxud sinifə isə üstünlük verməməyi təlqin edir. Zatən axı, onların hamısı bir yuvanın övladıdır. Şair adamlar arasında heç bir fərqə baxmadan hər kəsin üzərinə ali vətəndaş məsuliyyəti qoyur:

İnsan kimi yaşasaq,
Yaşamalı dünyadı,
Gözəl dünyadı, vallah!
(“Gərəyim deyil”)

F.Qocanın lirik qəhrəmanı təbiətən həssasdır. O, hətta, budağını quşlar, kölgəsini insanlar tərk etmiş ağacların hıçqırığını eşidir, duyur və öz şəxsi kədəri kimi yaşayır. Bu lirik qəhrəmanın ən həssas anlarından birinə “Quru çinarın nəğməsi” şeirində rast gəlirik. Bu əsərdə təbiət özünün ən əlvan, ən zəngin çağında təsvir olunur. Necə deyirlər, gül bülbülü, bülbül də gülü çağırır. Lakin belə bir vaxtda da lirik qəhrəmanın gözündə quşlar qəmli, şehli lalələrin gözləri yaşlıdır. Laləli dağlar özləri də onun nəzərində döyüşdən təzəcə dönmüş Babəkin qanlı köynəyini xatırladır. O, bu kəndə gəldiyi üçün dərin peşmançılıq duyğuları yaşayır. Bilirsinizmi nə üçün? Çünki... əri tərəfindən döyülmüş bir qadını ağlayan görüb...
Ancaq Fikrətin qəhrəmanı yalnız kədər və qüssə duyğuları, kövrək əhval-ruhiyyə yaşamır. Bu qəhrəmanın həyəcanlar və qayğılar dünyası geniş və əhatəlidir. O yeri gələndə qəzəblənir də. Rüşvət puluna arvadına bər-bəzək, uşağına əlifba kitabı alanlara qəlbinin bütün gücü ilə üsyan edir, belələrini xəcalət sütununa mıxlayır. Şair yaradıcı təfəkkürdən, yenilik hissindən məhrum olub köhnə vərdişlə işləyən, ətrafda baş verən yeniliklərdən cin bismillahdan qorxan kimi qorxub qaçan insanları iş yerinə buraxmamağa çağırır.
F.Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şeirləri belə bir fikri söyləməyə əsas verir ki, o, necə deyərlər, adamın bu üzünə baxanda o biri üzünü də görür... Yaradıcılığının bu keyfiyyəti haqqında çox maraqlı bir mülahizəni nəzərə çatdırmaq istərdim. Anar özünün “Sizsiz” adlı məşhur sənədli romanında atasının vəfatı ilə bağlı o müdhiş gündə ürəyinə hakim kəsilmiş duyğularını, üzücü yaşantılarını təsvir edərək yazmışdır:
“Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrində gizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur...Sən demə...

Çarpayıda
Rəsul Rzanın
Üzünə çəkilib
Yüz illərin
Ağ yuxusu.
Anar təslim olub
Qısılıb küncə...
Saçlarından, üzündən
Axıb tökülür
Neçə ildir ürəyində
Gəzdirdiyi qorxusu.

Fikrət Qocanın “Rekviyem”ində atamın ölümünü, ölümündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyanda gördüm ki, “illər boyu ürəyimdə gəzdirdiyim qorxumu” gəzdirə bilməmişəm”.(Anar.”Dünya bir pəncərədir”.Bakı, səh.377-378).
Hər bir azərbaycanlının qəlbinin sarı siminə çevrilmiş Qarabağın vüqarlı zirvələri, sərt qayaları, Muğanın, Milin səfalı yaylaqları, Talışın adama gəl-gəl deyən meşələri, çiçəkləri, otları, Kür, Araz çayları, Xəzər dənizi, ay, günəş Fikrətin şeirlərində ürəyə yatan bədii obrazlara çevrilərək bir gündə yüz cür çalar kəsb edən şair qəlbinin tərcümanı kimi yaşayır, xəyala dalır, kədərlənir, sevinir.

Günəş payız yarpağı tək
Qopur düşür üfüqdən,
Qaranlığın saçlarına
Çilçıraqlar salır dən.
...Ay gümüşü kölgəsini
Sərib çölə, tarlaya,
Göy bənzəyir çiçək açmış
Yamyaşıl bir talaya.

Bu misralarda “axşam” sözü yoxdur. Lakin məhz qaş qaralan, necə deyərlər, “şər qarışan” vaxt olduğu aşkardır. Görəsən, axşam şairin doğma yurdu Ağdaşın Kotanarxı kəndində hamı üçün bu cür düşür? Yəqin ki, yox. Amma F.Qoca həmin təbiət hadisəsini bu cür görür və ondan məhz bu şəkildə danışır.
Həsrət, heyranlıq, heyrət, yumor, kinayə, həyəcan, qəzəb – F.Qocanın şeirlərində hərəsi öz yerində təzahür edən duyğuların mükəmməl buketidir. Şair “Rədd olsun müharibə, hamı sülhü qorumalıdır!” qəbilindən olan şüarlar demir, müharibənin şikəst qoyduğu həmvətənlərimizə qarşı şəfqətli olmağa da çağırmır. Lakin onun “Krıma qar yağıb” şeirində müharibədə ayaqlarının ikisini də itirmiş bir kişi qızdırmanın şiddətindən elə bir hala düşür ki, arvadına “qıçlarım üşüyür, ayaq barmaqlarımı ovxala” deyir. Bu şeirin soyuğuna üşüməyə bilmirsən. Bu soyuq səni elə silkələyir ki, bütün varlığınla müharibə törədənlərə, bəşəriyyəti uzun müddət maddi və mənəvi qısırlığa, adamları əlsizliyə – ayaqsızlığa, cəmiyyəti başsızlığa məruz qoyanlara qarşı vulkan kimi püskürmək istəyirsən.
Sənətkarlıq baxımından Fikrətin istifadə etdiyi üsul və vasitələr çoxcəhətli olub bir-birinə bənzəmir. Bəzən hətta o, xalq danışıq dilində tez-tez işlənən elə ifadələrə yeni cizgi, yəni cilvə verə bilir ki, ilk baxışda adi təsir bağışlayan həmin ifadələr yeni, daha qüvvətli məna kəsb edərək Fikrətin əsərinə xüsusi bir gözəllik gətirir.

Əgər çatılsaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər,
Elə silkələrdim mən asimanı
Ulduzlar tut kimi tökülərdilər.

Xalq danışıq dilinə məxsus olan “tut kimi tökülərdilər” ifadəsi ilə “asiman”, ulduz və kainat kimi, necə deyərlər, “bizdən uzaq” kosmoqonik anlayışlar çox incə bir mətləbin ifadəsi üçün qovuşdurulmuş və şeirin mənaca sanballı, ifadəcə ahəngdar çıxmasını təmin etmişdir.
Ümumiyyətlə, dilin canli, bəzən isə gözlənilməz ifadə formalarına yaradıcı münasibət Fikrət Qoca şeirinə səlistlik, rəvanlıq kimi çox dəyərli keyfiyyətlər aşılayır:

Vallah, düzü, mat qalmışam:
Sən bunu hardan öyrəndin!
İnsanlar səndən öyrəndi,
Sən insanlardan öyrəndin!

Fikrətin başdan-başa metafora üzərində yazılmış “O kimdir oxuyan bu gecəyarı?” kimi şeirləri də vardır. Lakin onun əsərlərinin oxucu üçün münis və cazibədar edən yalnız metaforalar deyil. Şeirlərinin digər forma komponentləri də, məsələn, ahəngi də, obrazları da, qafiyələri də beləcə cazibədar və təsirlidir. 10, 8, 4, 3 və 2 misralı minatürləri başdan-başa kinayədən yoğrulmuş sabirvari şeirlər, Cavidanə-filosofanə əsərlər onun yaradıcılığının təkcə mövzuca deyil, forma, ifadə tərzi baxımından da zəngin olduğunu göstərir. Bu şeirlərdə poetik fikir sudan (sözçülükdən) xali olub, qiymətli cövhər halındadır. Başqa bir şair tamam özgə bir əhval-ruhiyyədə bu şeirlərin hər birinin mövzusunda 50-100 misralıq əsər yaza, variasiyalar quraşdıra bilərdi. Ancaq Fikrət belə etmir, bu yol ilə getmir, uzunçuluqdan qətiyyətlə imtina edir, nəticədə isə öz müxtəsər şeirlərində mətləbin yığcam, poetik ifadəsinə nail olur.
Yuxarıda formadan danışdıq. F.Qoca sərbəst də yazır, heca ilə də. – O hecanın özünün də beşlik, yeddilik kimi nisbətən az işlənən formalarından istifadə edir. Yeri gələndə isə əruzun da bəzi əlamətlərindən faydalanır.

Təyyarədəyəm göyləri fəth etmədə
sürət,
Çərxi-fələyin sürətini ötmədə
sürət.

“Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım” şeirinin bu ilk misraları öz ağır –ləngər vəzni ilə bizi ürəkləri parçalayan faciəli bir şair taleyindən söz açılmasına hazırlayır.
Poemalarının ən qiymətli məziyyəti onların yığcamlığıdıır. Fikrət təbiətən, bütün hüceyrələrinə, iliyinə qədər lirik şairdir. Fikrəti tanımayan, onun digər əsərlərindən bixəbər, lakin həssas oxucular da bu poemaları bircə dəfə oxusa, müəyyən edə bilər ki, onlar məhz mükəmməl bir lirik şairin qələminə məxsusdur. Bu hadisə və insanlara, öz təsvir və tərənnüm obyektinə lirik baxışın vüsəti ilə bağlıdır. Elə şairin insan surəti yaratmaq, onu ümumiləşdirmək səriştəsini, bədii portret çəkmək, canlandırmaq qabiliyyətini, bu sahədəki lakonizmi götürək. Bu baxımdan “İstambulda bir ceviz ağacı var” poemasındakı aşağıdakı misralar nəzərimizi cəlb etdi:

Susur Gülxanə parkında
Bir ceviz ağacı.
Öz vətənində qərib,
Meyvəsi dadlı,
Taleyi acı –
Ceviz ağacı...

Bu bir neçə misra zəmanəmizin böyük şairlərindən biri olan Nazim Hikmətin, bizim bir çoxumuzun şəxsən görüb ünsiyyətdə olduğu, şeir qədri bilənlərin ürəkdən sevdiyi böyük sənətkarın obrazını, onun çox keşməkeşli həyat və yaradıcılıq salnaməsini gözümüz önündə canlandırır. “Yığcamlıq istedadın bacısıdır”(kratkost sestra talanta) deyiblər. Bu yığcamlıq, az sözlə çox mətləb, böyük fikir, vüsətli mənzərə, real portret yarada bilmək sanki F.Qoca istedadının boyuna biçilmişdir. Gətirilən misralardakı informatik material, misraların daşıdığı fikir yükü nə qədər sanballı olsa da, onların ümumi ruhu, mahiyyəti bir o qədər qəribə şəkildə lirik əhval-ruhiyyənin inikasına, ifadəçisinə çevrilmişdir. “Meyvəsi dadlı – taleyi acı” kontrastının təxəyyülümüzdə oyatdığı aləmdə Nazim Hikmətin, əsas hissəsi həbsxanalarda və qürbətdə keçən, lakin heç vaxt sarsılmayan mərdanə ömrü özünün bütün əsas şaxələrilə canlanır. Bildiyimiz kimi, ceviz-qoz bir çox bitkilərə müyəssər olmayacaq dərəcədə təbiətin amansız sınaqlarına sinə gərən, uzun ömürlü, vüqarlı ağaclardan ibarətdir. Məhz bu keyfiyyət, bir də N.Hikmətin özünün məşhur misraları ilə ürək açan assosiasiya doğurması türk poeziyasını dünyada şöhrətləndirmiş şairin lirik obrazının unudulmaz cizgilərini əhya edir. Söz yox ki, bu, F.Qocanın bədii surət yaratmaq üçün istifadə etdiyi yeganə üsul deyil. Belə üsullar Fikrətin poemalarında çoxdur. Şairin epik təhkiyəyə üstünlük verdiyi əsərləri də var ki, onları “Təkərlər geriyə fırlanır” poeması daha yaxşı təmsil edir.
Poemada vəzifəsi başında qəhrəmanlıqla həlak olan sürücünün faciəli obrazı yaradılmışdır. Bu cümlədəki “vəzifəsi başında” sözləri adətən hüquq mühafizə orqanlarında çalışan adamların fəaliyyəti və qəhrəmanlığı ilə bağlı olaraq işlədilir. F.Qoca isə bir avtobus sərnişininin düşdüyü elə çıxılmaz vəziyyəti təsvir edir ki, onlarca insanın taleyi bir sürücüdən, onun vəzifə borcuna münasibətindən, qəzanı dəf etmək üçün çıxış yolu tapmasından asılıdır. Bu yol onun özünün həyatını tələb edəndə də sürücü tərəddüt göstərmədən müdhiş, lakin insanlıq, vətəndaşlıq borcu baxımından yeganə düzgün addımı atır, özünü dərəyə, uçuruma doğru gedən maşının təkəri altına ataraq insan qırğınının qabağını alır.
Hadisələr elə təbii təsvir edilmişdir ki, biz sürücünün dinc quruculuq zamanı göstərdiyi qəhrəmanlığı Böyük Vətən müharibəsinə həsr edilmiş “Yaralı çiçəklər” poemasında sovet rabitəçisinin qəhrəmanlığı səviyyəsində qavrayırıq. Hər iki poemadan çıxan nəticə budur ki, qəhrəmanlıq göstərmək üçün gərgin, indi çox dəbdə olan sözlə desək, ekstremal şərait təkcə müharibədə deyil, adi, gündəlik həyatımızda da mövcuddur. Təki qəhrəmanlığa hazır oğullar olsun.
Bu müxtəsər yazıdan da bir daha göründüyü kimi şair fərdiyyəti Fikrət Qocanın yaradıcılığında özünü hər addımda biruzə verən çox vacib bir keyfiyyətdir. Bu baxımdan onun əsərləri ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq mövcuddur. Həyatda çox sakit, həlim təbiətli, ədəbi yığıncaqlarda da, xeyir-şər məclislərində də həmişə diqqətdən yayınan bir adam kimi tanıdığımız F.Qoca əsərlərində yüksək dərəcədə həssas və həyəcanlı, xalqın, vətənin, dünyamızın böyük dərdlərini yumruğu boyda ürəyində daşıyan narahat, cəfakeş bir şairdir. Onun ən populyar, ictimai problem və anlayışlara özünə məxsus yetkin münasibətini şərtləndirən də elə məhz bu şair fərdiyyətidir. Öz qənaətimin növbəti sübutu kimi bu sakit təbiətli insanın, narahat şairin portret cizgiləri barədə söhbəti onun yenidənqurmaya həsr olunmuş şeirinin bir parçası ilə bitirirəm:
Çox iş görüldü,
Bəzən bir gözümüz ağladı,
Bir gözümüz güldü,
Ayılma, yenidənqurma oldu.
Yeni həyat quruldu,
Yeni həyat uğrunda
Yenidənqırma oldu,
Faşizm vəbasından
Yeni həyatımızı
Yenidənqoruma oldu.
Yenidənqoruma uğrunda
Yenidənqırma oldu.
Qırıla-qırıla qisas aldıq,
Zəfər çaldıq?
Yenidən ucaldıq.
Yenidən dirçəlmə,
Yerindəndurma oldu.
Yenə, yenə yerimək yerinə
Yerindədurma oldu.
Yaxşı ki, yenidənqırmasız keçdi.
Getdik, elə getdik ki,
Minən mindi, düşən düşdü.
İlk dəfə “sübut olundu” ki,
Beş də üçdü, üç də beşdi.
Məlum oldu ki,
İşdə işsiz oturmaq da
Gəlirli bir işdi.
İndi yenidənqurmadı,
Hələ də yenidənqırmaq,
Hələ də yerindədurmaq,
Hələ də yerindəndurmaq
İstəyən var,
Yaxşı deyən var,
Pis deyən var,
Gözləyən var.
Lakin tarix heç vaxt
Geri fırlanmadı,
Bu qəti yürüşün adı –
YENİDƏNQURMADI!
Görmək çətin deyil ki, buradakı yenidənqurma anlayışı adi, publisist anlayış deyil. Şair onu öz şəxsi vətəndaş həyəcanları, narahat fikirləri ilə yükləmiş, ona yeni tutum vermiş və buna görə də həmin anlayış poetik yenidənqurma hüququ qazanmışdır. Poetik yenidənqurma anlayışında isə oxucu yalnız keçdiyimiz mürəkkəb yolların yanlışlarını, məhrumiyyət və iztirablarını görmür, duymur, həm də taleyimizin qəti dönüş mərhələsini hiss edir; elə bir dönüşü ki, gələcəyə ümid və inam iqtidarına malikdir.
(13 sentyabr, 1991-ci il,
“Ədəbiyyat qəzeti”, № 37(2484)
Bəkir NƏBİYEV





Bu yazı ( 191 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar