12px14px16px18px

Sübhün idrak işığında

Mehriban SULTAN
14:33 / 20.03.2012
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən görkəmli mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş şəkildə qeyd olunmaqdadır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının görkəmli Azərbaycan alimi, akademik Şəfaət Mehdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Mirzə Fətəli” tamaşası isə yubiley tədbirlərinin zirvəsi sayıla bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun, Azərbaycanın bir qrup ziyalılarının – tanınmış elm adamları, xalq deputatları, ictimai-siyasi xadimlərin də iştirak etdiyi premyera böyük uğurla keçdi. “Mirzə Fətəli” dramının səhnələşdirilməsi Azərbaycan ictimai-mədəni həyatında bir cox cəhətlərinə görə mühüm əlamətdar hadisədir. Böyük geoloq alim, akademik Şəfaət Mehdiyevin “Mirzə Fətəli” pyesi müstəqillik illərində ilk dəfə Naxçıvan səhnəsində həyata vəsiqə alıb. Bu dəfə milli dramaturgiyanın banisinin teatrımızın əbədi sakinlərinə çevrilmiş qəhrəmanları deyil, Mirzə Fətəli özü – parlaq sima, müqəddəs amallar, milli və bəşəri ideyalar carçısı, unikal şəxsiyyət, filosof idi səhnədə. Tamaşa əsərin yazılma ideyasının 50 illik yubileyinə təsadüf etməsi ilə də əlamətdardır. Tanınmış akademik Şəfaət Mehdiyev 1962-ci ildə M.F.Axundzadənin 150 illik yubileyinin Ümumdünya Sülh Şurasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğu bir zamanda bu əsəri yazmaq fikrinə düşmüşdü. Tamaşa ustad Mirzə Fətəlinin cəfakeşi, fədaisi, təməl daşlarından biri olduğu Milli Teatr Günündə oynanılırdı. 1883-cü ildə böyük Mirzə Fətəlinin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsəri ilə pərvəriş tapmış Naxçıvan teatrı 130 illik yubileyi ərəfəsində hazırladığı bu tamaşa ilə keçdiyi böyük və şərəfli inkişaf yoluna sanki bir məmnunluqla yenidən nəzər salır. Və nəhayət “Milli dəyərlər ili”ndə Azərbaycanın keşməkeşli milli tərəqqi və özünüdərk tarixindən bəhs edən, Mirzə Fətəli, Mirzə Şəfi kimi vətənpərvər, maarifpərvər ədəbi-tarixi simaların canlandırıldığı, bütün milli-mənəvi dəyərlərinın qoruyucusu olan Axundzadə ailəsinin təsvir olunduğu belə bir səhnə əsərinin meydana qoyulması həqiqətən də əhəmiyyətli hadisədir. Akademik Şəfaət Mehdiyevin ilk dram əsəri, “Ərk qalası”, “Sabir” adlı növbəti tarixi dramlarının bünövrəsi olmaqla yanaşı görkəmli dramaturq, filosof M.F.Axundzadə haqqında yazılan ilk sanballı səhnə əsəridir. Üç pərdə, 13 şəkildən ibarət əsər unikal təfəkkürə, dərin zəkaya malik görkəmli geoloq alimin bədii təxəyyülünün məhsulu, Azərbaycan tarixinin, ədəbiyyatının, fəlsəfəsinin dərin qatlarına enib görünməyən laylarına vararaq ortaya qoyduğu bədii kəşfidir. Bir neçə illik gərgin elmi axtarışların da bəhrəsi olan bu əsər müəllifin özünəməxsus bədii üslubu ilə yanaşı yüksək vətənpərvərlik mövqeyindən, milli qürur və heysiyyətindən yoğrulan bir əsərdir. Akademik Şəfaət Mehdiyev XX əsrin 60-cı illərində totalitar sovet rejiminin tüğyan etdiyi, xalqların öz soy-kökündən ayrı salınaraq “vahid sovet xalqı” adı altında manqurtlaşdırıldığı bir dövrdə milli dil və əlifba, Novruz bayramının mənşəyi, mahiyyəti barədə vətəndaşlıq cəsarəti ilə danışır. Bütövlükdə “Mirzə Fətəli” böyük ədibin həyatı və mühiti, yaradıcılığı, ictimai ideallar uğrunda mübarizəsi, maarifçilik ideyaları ilə bağlı mükəmməl dram əsəridir. Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynovun quruluşunda dövrün ictimai-siyasi proseslərini əks etdirən, tarixi və ədəbi simaların dolğun obrazlarını canlandıran, milli müstəqillik ideyaları ilə səsləşən əsər uğurlu səhnə həllini tapıb. Rövşən Hüseynovun oynadığı rollarla Mirzə Fətəli yaradıcılığına yaxından bələd olması, “Hekayəti-xırs quldurbasan” əsərini səhnələşdirməsi göstərir ki, istedadlı aktyor və rejissor bu işin öhdəsindən uğurla gəlmək üçün böyük sənət məktəbi keçib. Teatr kollektivinin istər peşəkar, yaşlı nümayəndələrindən, istərsə də yetişməkdə olan istedadlı gənc nəslindən məharətlə istifadə etməsi, düzgün rol bölgüsü, aktyor heyətinin vahid komanda işi əsl rejissor uğurudur. Çağdaş əsrin informasiya kompaktlığı tələbatına, müasir dövrün ideoloji meyarlarına uyğun olaraq əsər üzərində uğurlu rejissor işi aparılıb. Bunun nəticəsində rejissor Şəkidən Tiflisə, gizirlikdən polkovnikə qədərki tarixi mərhələləri qısa zaman kəsiyində, əlaqəli şəkildə tamaşaçıya çatdırmağa müvəffəq ola bilir. Birinci pərdədə Axund Hacı Ələsgər (Azərbaycan Respublikasının Xalq artisti Xəlil Hüseynov), Xəlil (Teyyub Zeynalzadə), gənc Tubu (Zəminə Baxşəliyeva), Molla Murad (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əbülfəz İmanov) obrazlarının məharətli yozumunda ədibin uşaqlıq və yeniyetməlik həyatını keçirdiyi Şəki mühiti canlanır. Yaşamaq, yaratmaq ehtirası ilə alovlanan gənc Fətəlinin vətənpərvərliyi, insanpərvərliyi, həyat qayəsini, ideya və məramını müəyyənləşdirənədək keçirdiyi təbəddülatlar Naxçıvan Dövlət Universitetinin tələbəsi Elnur Rzayevın ifasında tamaşaçıya məharətlə çatdırılır. Bu obrazın açılmasında isə onun tərəf müqabili Gənc Tubunun (Zəminə Baxşəliyeva) da öz payı var. Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyevin yaratdığı Mirzə Şəfi obrazındakı qətiyyətlilik onun gənc Fətəlinin həqiqət işığında ədalət axtarışına çıxmasında, xalqa xidmət kimi müqəddəs məramı həyat qayəsinə, yaradıcılıq amalına cevrilməsində nə qədər böyük rol oynaması barədə dolğun təəssürat yaradır. Baş rolun ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti Həsən Ağasoy filosof, yazıçı, maarifpərvər ziyalı, millətpərəst Mirzə Fətəlini mükəmməl şəkildə canlandırır. İstər daxili monoloqlarda, istərsə də dramaturji konfliktlərlə zəngin dialoqlarda Mirzə Fətəlinin xalqının gələcək taleyi üçün keçirdiyi böyük narahatlıqlar, ideya və məsləki uğrunda mətin mübarizələri tam dolğunluğu ilə tamaşaçıya təqdim olunur. Təbii ki, rejissor ideyasının işığında, aktyorun geniş yaradıcılıq ampulası, sənətkarlıq məharəti sayəsində Mirzə Fətəli şəxsiyyəti, xarakter bütövlüyü müxtəlif səhnələrdə, müxtəlif rakurslarda uğurla yaradılıb. O, mübarizəsində gürcü şairi Akaki Sereteli (Nəsimi Məmmədzadə) kimi həmfikirlərinə, xalqın nümayəndələri olan kəndlilərə ümid bəsləyir. Mirzə Fətəli ögey qardaşı Mirzə Mustafanın (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev) timsalında öz böyük ideallarını, azadlıq və həqiqət uğrunda mübarizələrini xalqa, gələcək nəsillərə əmanət edir. Səhnədə əks qütbün nümayəndələri də böyük ustalıqla təqdim olunur. Qafqazın canişini, Qafqaz canişin dəftərxanasının müdiri Kruzenştern obrazlarının timsalında çarizmin müstəmləkə siyasətini, türk-müsəlman xalqlarını azadlıq yolundan, maarif və mədəniyyətindən hər vəchlə yayındarmaq, onların tərəqqisinə qatı əngəl olmaq üçün açıq mübarizələri ustalıqla verilib. Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev və Azərbaycan Respublikasının əməkdar artisti Rza Xudiyevin yüksək sənətkarlıqla yaratdıqları bu obrazlarda kin və qərəzlilik, təkəbbürlülük və kinayə, məkrlilik tamaşaçıda qeyri-adi ikrah doğurur. Tamaşada Şeyxülislam Cavadzadə (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Zakir Fətəliyev), Molla Murad (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əbülfəz İmanov) Molla Dursun (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Şirzad Abutalıbov) obrazları riyakarlığı, yaltaqlığı, məkrliliyi ilə tamaşaçıya din pərdəsi altında xalqı fanatizm girdabına yuvarladan avantüristlər məharətlə ifşa olunur. Təəssüf ki, onların Mehdiqulu (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev), Hacı Qafar (Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Rəcəbli) kimi əlaltıları da var. Müəllif o dövrün senzurasından, sosializm realizminin tənqidindən yayınmaq üçün əsəri ateist donda təqdim etməli olur. Rejissorun bu məqamları çıxmaqla nail olduğu uğurlu təqdimatda, müstəqillik işığında əsərə yenidən baxdıqda əslində müəllifin dolayı yolla İslam dininin mütərəqqiliyini, daha sivil bir din olmasını təbliğ etdiyini görərik. Ateist Mirzə Fətəlinin, eləcə də akademik Şəfaət Mehdiyevin İslam dininin tarixinə, fəlsəfəsinə, müqəddəs “Qurani-Kərim”ə nə qədər mükəmməl bələd olması bir daha aydın olur. Quruluşçu rəssam Səyyad Bayramovun səhnə tərtibatı əsərin əsas ideysının tamaşaçıya çatdırmaqda əsas vasitədir. Bir tərəfdə elmin, tərəqqinin, azad düşüncənin buxovlanmasını göstərən zəncirlənmiş kitab, ziya nişanəsi çıraq digər bir tərəfdə – Qafqaz Canişinliyi səhnəsində isə zülm, istibdad, əsarət, imperiya rəmzi olan baltalar. Sapı özümüzdən olan bu baltalar çar imperiyasının təmsilçiləri ilə fırıldaqçı din xadimlərimizin sövdələşdikləri səhnələrdə lap yerinə düşür. Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun musiqi tərtibatı gərgin dramatik situasiyaların izlənməsinə, düşündürməyə uğurla xidmət edir. Finalda dahi dramaturqun əbədiyyətə qovuşması onun ideyalarının ölməzliyini, qədirbilən xalq ruhunda əbədiyaşarlığını göstərən unikal rejissor tapıntısıdır. Ədibin öz yaratdığı tiplərlə – Hatəmxan ağa, Molla İbrahim Xəlil, Dərviş Məstəli şahla qarşılaşdırılması onun yaradıcılıq qayəsini, qələmi ilə xalqı milli nicata və dirçəlişə səsləyişini o qədər gözəl əks etdirir ki, hətta Mirzə Fətəli yaradıcılığından tamamən bixəbər tamaşaçıda belə Mirzə Fətəli Axundzadə haqqında bitkin təsəvvür yarada bilir. Tamaşa Mirzə Fətəlinin bu sözləri ilə bitir: “İdrak işığında azad Azərbaycan bizi səsləyir!” Vaxtilə Mirzə Fətəlinin əsərlərini böyük zillətlər bahasına səhnələşdirən Azərbaycan teatrı bu gün bizi böyük ustadın özü ilə görüşdürür! Zamanı qabaqlamağı bacaran, sübhün müjdəçisi, iki əsrdir ki müasirimiz olan böyük mütəfəkkir “qayıdışı” ilə bizi qoca tarixlə üz-üzə, təkbətək qoyur! Nə acı ki, keçmiş məşəqqətlidir, iztirabla doludur! Etiraf edək ki, bəzən də utancvericidir! Amma bu gün fəxarətlidir, qürurvericidir! Böyük Mirzə Fətəlinin iki əsr öncə mübarizə apardığı ideallar bu günkü müstəqil Azərbaycanın gerçəklikləridir! Ruhun şad olsun, ustad! Bu xalq bu gün müstəqil, azad bir xalq kimi sənin görüşünə gəlib! Bu xalq bu gün zəkası, elmi, təhsili, mədəniyyəti ilə dünyada tanınan bir xalqdır! Bu xalq milli mənliyinə, milli varidatına sahib çıxmağı bacaran bir xalqdır! Bu xalq mirzə fətəliləri yaşatmağa, neçə-neçə mirzə fətəlilər yetirməyə qadir xalqdır!
Mehriban SULTAN filologiya üzrə fəlsəfə doktoru




Bu yazı ( 501 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar