12px14px16px18px

Böyük itki

23:34 / 18.03.2012  
Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bəkir müəllimlə çərşənbə günü rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutunda iş otağında görüşdük, səmimi söhbət etdik. Təzəcə siqnal sayı çapdan çıxmış “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabını mətbuatda rəy yazmaq üçün mənə verdi. Çünki kitabın əlyazmasını redaktə edib Bəkir müəllimə qaytaranda kitab çıxanda ona rəy yazacağımı söyləmişdim. Sağollaşıb ayrıldıq. Kim bilərdi ki, bu son görüşümüz olacaq. Səhərisi gün acı xəbər ildırım surəti ilə paytaxta yayıldı... Məni Bəkir müəllimlə keçən əsrin 70-ci illərində rəhmətlik Abbas Zamanov tanış və yaxın etmişdi. Sonralar Bəkir müəllim məni direktoru işlədiyi Nizami adına Ədəbiyyat İnstitutuna işə dəvət etdi... İş günləri otağına girib hal-əhval tutmasam özü məni axtarar və elmi kitablar da hədiyyə edərdi. Dostluğumuz təmənnasızlıq təməli üzərində qurulmuşdu. 70 illik yubileyim ərəfəsində “Alim haqqında dost sözü” adlı məqalə yazdı. Çox sevindim. Ona görə yox ki, akademik öz işçisi haqqında məqalə yazmışdı. Buna qədər də o, mənim “Nostradamusun möcüzəli aləmi”, “İraq türkman folkloru”, “Nəsimi haqqında araşdırmalar” kitablarımın redaktoru olmuş, sonuncu kitaba ön söz yazmışdı. Sevincimə səbəb Abbas Zamanovdan sonra ağsaqqalım olan Bəkir müəllimin dostluğumuzu əbədi ictimaiyyətə bəyan etməsi idi. Bəkir müəllimin şəxsiyyəti və insani keyfiyyətləri barədə professor Abbas Zamanovun bircə cümləsini yada salmaq kifayətdir: “Mirzə Bəkir saflıq, paklıq, təmizlik mücəssəməsidir”. Bəkir müəllim, eyni zamanda xeyirxahlığı, mərhəməti, humanistliyi ilə seçilirdi. Yəqin buna görədir ki, illər öncə ona həsr etdiyim ilk məqaləmi “Nə yaxşı dünyada yaxşı var imiş” adlandırmışdım. Bəkir müəllimin xeyirxahlığı, humanistliyi onu bir şəxsiyyət kimi ucaldırdı. Bu böyük insanın ovqatı milli ənənələr, islami dəyərlər üzərində köklənmişdi. O, milli idi, lakin millətçi deyildi. Bu da Bəkir müəllimi bir çoxlarından fərqləndirirdi. Neçə illərdən bəri Nizami adına Ədəbiyyat İnstitutunda Bəkir müəllim Dissertasiya şurasının sədri, mən isə müavini kimi fəaliyyət göstərirəm. Böyük alim və böyük ziyalı, akademik Bəkir Nəbiyevin Dissertasiya Şurasının yığıncaqlarını aparması özü bir məktəb idi. Onun müdrikliyi, Azərbaycan ədəbiyyatını dərindən bilməyi, sözü məqamında deməyi hamını heyran edirdi. Bəkir müəllim sözün həqiqi mənasında bir nümunə məktəbi, örnək idi. Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol yoldaşı olmaq özü böyük qismətdir. Onlardan biri də akademik Bəkir Nəbiyev idi. Taledən gələn qismətdir ki, iki dəfə Bəkir müəllimlə İraqa, İrana və Türkiyəyə, sonuncu dəfə isə Beynəlxalq Nəsimi konfransında məruzə etmək üçün Suriyaya – Nəsiminin uyuduğu Hələb şəhərinə səfər etmişəm. Yeməyə Allahın adı ilə başlaması, dualarla bitirməsi nəinki bizim, hətta yerlilərin belə diqqətindən yayınmır, buna görə ona xüsusi ehtiram göstərirdilər. Təsadüfi deyildir ki, Sovet quruluşunun süqutundan sonra, o, həccə gedən ilk azərbaycanlılardan biri idi. Onun həcc ziyarətinə öndərimiz Heydər Əliyevin Prezident təyyarəsində getməsi özü də çox mətləblərdən söz açırdı. Həm xalq, həm də dövlət qarşısında böyük ehtiram qazanmaq Bəkir müəllim kimi əməlisaleh, imanlı, vicdanlı adamlara qismət olur. O, buna nəcabəti, ləyaqəti, xeyirxahlığı, vətənpərvərliyi, müdrikliyi ilə nail olmuşdu. Bəkir müəllim bütün titullara, fəxri adlara, yüksək mükafatlara, ordenlərə layiq görülmüş nüfuzlu bir alim idi. Bununla belə, heç vaxt yaratdıqları ilə kifayətlənmirdi. Hasil olan qənaət budur ki, Bəkir müəllim ömrünün mənasını yazıb-yaratmaqda, xalqa, ədəbiyyatımıza xidmətdə görürdü. Bu isə gənclərə, lap elə biz yaşlılara da örnək olmaq baxımından dəyər kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim alın təri, yuxusuz gecələri, halal zəhməti ilə qazanmışdı. Bəkir müəllimin ömür yoluna nəzər salanda bir daha dərk edirsən ki, illəri illərə calayıb uzun ömür sürmək, necə gəldi yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir. Bəkir müəllimin peşəkar və səriştəli qələmin, təfəkkür və məntiqi görüşlərin məhsulu olan əsərlərini oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində ədəbiyyatşünaslıq elmimizin və tənqidimizin keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər salmaq, ədəbiyyatımızı və ədəbiyyatşünaslıq elmimizi yaradanlar haqqında geniş məlumat, nəzəri biliklər əldə etmək olur. Ədəbiyyat elmini özünə həyat kredosu seçən alim bir gün belə onsuz yaşamırdı – desək, həqiqətdən kənar olmaz. Ədəbiyyatımıza, onu yaradanlara Bəkir müəllimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən arzuları cild-cild monoqrafiyaların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaratmışdı. Bəkir müəllimin çap etdirdiyi əsərlərini nəzərdən keçirdikdə inanmaq olmur ki, bir ömürdə insan bu qədər iş görə bilərmiş. Bu həcmdə yaradıcılıq işini yerinə yetirmək təbii ki, ədəbiyyatımızı və xalqımızı dərin məhəbbətlə sevən, tükənməz istəklə yazıb-yaradan qələm sahiblərinin payına düşə bilər. Həqiqətən də bu sayda elmi tədqiqat işini ömrünü bütövlükdə ədəbiyyatşünaslıq elmimizə həsr edən, onun patriarxı adını qazanan, öz elm sahəsində böyük nüfuz sahibi olan bir alim edə bilərdi. Bu, akademik Bəkir Nəbiyev, hamımızın sevimlisi Bəkir müəllim idi. Uzun ömür payı və istedadı sayəsində ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən artıq kitab, doqquz yüzdən çox məqalə və resenziya həsr edən alim nəinki Şimali Azərbaycanda, keçmiş Sovetlər Birliyi ölkələrində, eləcə də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınır. Diqqət çəkən bir məsələ də odur ki, akademikin özünün də yaradıcılığı tədqiqatçıların, xüsusən də indi adlı-sanlı alimlər kimi tanınan Kamal Abdulla, Teymur Kərimli, Vilayət Quliyev, Şirindil Alışanov, Elmira Rəhimova, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu və başqalarının tədqiqat obyektinə çevrilmiş, onlar müəllimləri haqqında sanballı məqalələr və kitablar yazmışlar. Uzun illərdən bəri dostluq münasibətində olduğum Bəkir müəllimin yaradıcılığına dərin məhəbbət, şəxsiyyətinə hörmət və ehtiram hissi ilə yaşayanlardan biri də mən olmuşam. Alimin hədiyyə etdiyi hər bir kitabını oxuduqca əsər məni ağuşuna alıb böyük idealların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə aparıb. Bəkir müəllimdən bəhs edən bir məqaləmdə göstərdiyim kimi, bu aləmdə usanmadan külüng çalan, ədəbiyyatşünaslıq elmimizin keşiyində müsəlləh əsgər kimi dayanan, yaşamağı yazıb-yaratmaq üçün qənimət sayan, böyük bir elmi müəssisənin görə biləcəyi vüsətli işləri təkbaşına görən, həyatı, yaradıcılığı, insanlara münasibəti, xeyirxahlığı, bəlağətli nitqi, müdrikliyi ilə örnək olan Bəkir Nəbiyev zirvəsi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu zirvədən ədəbiyyatşünaslıq elmimizin geniş üfüqləri apaydın görünür. Məhz buna görə də Bəkir müəllimdən, onun məhsuldar yaradıcılığından yazmaq adama məmnunluq gətirir və bundan sonra da, şübhəsiz bu belə olacaq. Mənə gəlincə, deməliyəm ki, görkəmli ədəbiyyatşünas haqqında “Ədəbiyyatşünaslıq elimimizin patriarxı” adlı kitab buraxmışam. Eləcə də akademikin “Nəsimi kəlamının işığında” kitabının və “Seçilmiş əsərləri”nin 5-ci cildinin redaktoru olmuş, hər iki kitaba ön söz yazmışam. İnkişafımda böyük xidməti olan ustadımın, dostumun yoxluğunda təsəlli olan elə bunlardır. Biz Bəkir müəllimlə dünən vidalaşdıq, qəhərləndik, itkinin böyüklüyünü vücudumuzda duyduq. Odur ki, vida sözündə bu böyük itkidən və Bəkir müəllimə ölməzlik gətirən məsələlərdən söz açdım. Fəxri Xiyabanda Bəkir müəllimi son mənzilə yola salanda ilk xalq şairimiz Səməd Vurğunun dahi Üzeyir bəyə ithaf etdiyi, ölümə meydan oxuyan şeiri qəlbinə hakim kəsilmişdi: Ölüm sevinməsin qoy, ömrünü vermir bada, Xalq qədrini canından daha əziz bilənlər. Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək ölənlər. Bəkir müəllim də sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu.
Qəzənfər PAŞAYEV






Bu yazı ( 251 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar