12px14px16px18px

BƏŞƏRİ XƏCALƏT

Nurəddin ƏDİLOĞLU
11:29 / 16.03.2012
Qarabağ ağrısı, Xocalı soyqrımı BƏŞƏRİ XƏCALƏTdir deyən  “Qəlbin yaddaşı” kitabının müəllifi rus şairi Aleksandr Fomenkova

Saşanın bir insan kimi vətənində öz məişət qayğılarının bitib-tükənmədiyi bir vaxtda, köksündə gəzdirdiyi rus qəlbinin həm də bu gün Azərbaycan naminə şövq ilə döyünməsi və yorulmadan bütün ruhuyla insanlıq və həqiqət uğrunda çarpışması məni riqqətə gətirir. Aydındır ki, Allah bizim hamımızı xoşbəxt etmək niyyətində olmayıb, ancaq istəyib ki, biz hamımız dost olaq və haqqı-ədaləti müdafiə edək. Dünyanın hansı güşəsində yaşamasından asılı olmayaraq hər bir insanda sülhsevərlik diləyi ədalət hissiylə bağlıdır. Saşa Azərbaycanı ikinci anası kimi sevir. Bu sevginin hardan qaynaqlandığı məni çox maraqlandırdı. Və çalışdım ki, bu sevginin əsl məbədini öyrənəm. Söz yox ki, internetdə şeirlərini oxuyanda bilirdim ki, düz 13 il əvvəl – 1999-cu ilin yanvarın 20 – də Şəhidlər Xiyabanını ziyarət edəndə Saşa muğamın qəmli sədaları altında Azərbaycan analarının solğun çöhrələrinə baxıb: “Bizi bağışlayın!”- deyə poetik and içmişdi, –“İnnən belə nə qədər yaşayacağımı bilmirəm, bircə onu bilirəm ki, ruhən rus olsam da, qəlbən son nəfəsimədək bakılı olacağam, vəssalam!”
“Ax yanvar ayı! Bir bax. Sənin pəncərəndə mənim qəmim edam edilir!” Qabriel Qarsia Markesin “Patriarxın payızı” pomanında bu mahnını diktatorluğunun payızı çatmış qoca general oxuyur... 1990-cı il Bakıda 20 Yanvar – Şənbə gecəsinin Qanlı Səhnələri də Sovet hakimiyyətinin “son qışından”, onun axırıncı patriarxının qürub çağından soraq verirdi. O zaman – Aleksandr Fomenkov Rusiyada azadlıq uğrunda mübarizə aparırdı. Bakıda “Azadlıq”, “Qarabağ bizimdir” deyən insanların SSRİ-nin sonuncu diktatorunun əmriylə amansızlıqla qətlə yetirildiyini yalnız mətbuat səhifələrində yazılanlardan bilirdi.
...İlk dəfə Bakıda Şəhidlər Xiyabanını ziyarət edəndən sonra Saşanın şair kimi ruhu, insan kimi qəlbi sızıldadı. Axı bu xiyabanda uyuyanlar onun doğma şəhəri Taqanroqu Böyük Vətən müharibəsində faşistlərdən azad edən igid Azərbaycan döyüşçülərinin nəvə-nəticələri idi!..
Bəlkə də elə o an daldığı qəmli düşüncələrdən təsirlənib “ruhən rus, qəlbən bakılı olacağına” söz vermişdi? Ötən il aprelin sonu Masallıda tanış olanda, Saşa mənə Taqanroq şəhərində 6 çap vərəqi həcmində “Qəlbin yaddaşı” kitabından bir neçəsini verdi. Onun eyniadlı şeirində Taqanroqun alman-faşistlərindən azad etmək uğrunda döyüşən 416-cı Azərbaycan diviziyasının gənc əsgəri Zülfiqar deyir: “Deyirsən, bura Taqanroqdur? Çexovun şəhəri? O bizim olmalıdır!” Kimsə ona səngərdən: “Ay bala, Rusiya uğrunda ölmək axmaqlıqdır!” – deyə səslənir. Bu zaman Qafqaz titanı Zülfüqar ayağa qalxır, qəzəblə: “Ağzını yum, şeytan!” – deyir və faşistləri sağdan-soldan biçib-tökür. Deyilənlərə görə, (daha doğrusu, Saşanın yazdığına görə) Zülfüqar səngərdə “Zülmətə qarşı Alov” adlı kitab yazırmış. “Əgər güllə məni burada tapsa, abidəm sünbül kimi cücərəcək, qəlbim buğda dənələrində döyünəcək. Taqanroqlu qadın oğlu Aleksandrı, ya da Seryojanı ziyarətimə gətirəndə, ya da oğlunu bu sünbüllərlə çırpanda mənim qanım o oğlanın qəlbinə hopacaq...”
Heç bir hissə, mistikaya qapılmadan mən həmin oğlanın Aleksandr Sergeyeviç Fomenkovun özü olduğunu düşünürəm. Axı 11 yaşı olanda Saşaya qarapaltarlı azərbaycanlı ana “Zülfüqar” deyə əlini uzatmışdı. İndi həmin Saşa əlində qələm Qarabağ uğrunda mübarizə aparan 58 yaşlı əsgərdir!. Hətta müsahibələrində Qarabağ uğrunda yenidən savaş başlasa, qələmi silahla əvəz edəcəyini də bildirir. Zülfüqarların Taqonroqun azadlığı uğrunda əsirgəmədiyi canı o da Qarabağ uğrunda qurban verməyə hazırdır. Saşanın kitabı da zülmətə qarşı alov kimidir. Elə kitabın ilk səhifəsindən bu sətrlər diqqətimi cəlb etdi: “Qəlbin yaddaşı” kitabı hazırda Ermənistan Respublikasının indiki prezidenti Serj Sarkisyanın başçılıq etdiyi erməni millətçiləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş kütləvi qətllər zamanı qurban getmiş DİNC İNSANların əziz xatirəsinə həsr olunur”.
Saşa ürəyinin başı qovrula-qovrula vicdanı susmuş dünyanın siyasət əhlinə, bütün bəşəriyyətə sual edir: “Məgər Sarkisyanın bu hadisə ilə bağlı açıqlamaları bunu birbaşa sübut etmir ki, onun özü bu qanlı qırğında şəxsən iştirak etməsə də, Dağlıq Qarabağın azərbaycanlılardan ibarət mülki əhalisinin fiziki cəhətdən məhv edilməsinə dair qərarın qəbul olunmasında birbaşa iştirak edib?
Məgər Sarkisyanın ifadələri onun Haaqada beynəlxalq cinayət tribunalına cəlb olunması üçün lazımı qədər əsas vermirmi?
Serj Sarkisyan: “Biz bu barədə susmağa üstünlük veririk. Lakin düşünürəm ki, əsas məsələ tamamilə başqa idi. Xocalıya qədər azərbaycanlılar belə fikirləşirdi ki, bizimlə zarafat etmək olar, onlar düşünürdü ki, ermənilər mülki əhaliyə qarşı əl qaldırmağa qadir deyil. Biz bu stereotipi sındırmağa nail olduq. Nəticədə baş verənlər bəllidir” (Tomas de Vaal, “Çernıy sad: Armeniya i Azerbaydjan mejdu mirom i voynoy”, Moskva: “Tekst”, 2005).
...Dünya siyasəti bu gün çox cansıxıcıdır. Eyni zamanda mədəni dəyərləri heçə endirən, insan taleyinə biganə qalan, yurd ağrısını “həzm” edən bir siyasətdir. Dünya siyasətinin bu gün ən çox dini amillərə söykəndiyi sirr deyil. Bəlkə buna görə ABŞ, Rusiya, Fransa ermənilərin Xocalıda Azərbaycan xalqına qarşı etdiyi cinayətlərə göz yumur?
A. Fomenkov öz ölkəsinin birinci şəxslərinin, özünün qeyd etdiyi kimi, nasist Ermənistanı ilə eyni hərbi-siyası blokda olmasına etiraz edir: “İndiki Rusiya rəhbərliyi Sarkisyan Ermənistan ilə əməkdaşlığını bəyan edir. Mən Haqqada belə əməkdaşı görmüşəm. Bu əməkdaşlıq mənə – 1943-cü ildə 416-cı Azərbaycan atıcı diviziyası tərəfindən vətəni alman faşistlərinin zülmündən azad edilmiş, təpədən dırnağa Rusiya vətəndaşına təhqirdir. Rusiyanın rəhbərləri köçəryanlara, sarkisyanlara əl uzatmamalıdır. Rusiya rəhbərliyi çox gözəl bilir ki, Köçəryan da, Sarkisyan da cinayətkardır, Azərbaycan NATO- ya daxıl olmasın deyə, onların zəncirini əllərində saxlayır ”
Bəli, A. Fomenkov haqlıdır. Qarabağ məsələsində Rusiya ilə siyasi həmfikir olan qərb dövlətləri – xüsusilə də Fransa (başda Sarkozi olmaqla) Ermənistana “QAFQAZIN İSRAİLİ”
ləqəbi qazandırıb!
...Saşa son dəfə Bakıya Xocalı soyqırımı abidəsini ziyarət etməyə gələndə xeyli söhbət etdik. Deyirəm ki, neftinə görə Azərbaycanın başı əsrlər boyu qalmaqalda olub. Çörçil deyirdi ki, neft kraliçadırsa, Bakı onun tacıdır! Bu qiymətli TACa sahib “qara kraliça” bu gün Avropanı nura qərq edib, dünənsə onu FAŞİZMİN əsarətindən xilas edib. Kreml əzəldən haqqın tərəfdarı olsaydı, Faşist Almaniyası üzərində qələbənin lokomotivi olan qara qızılına görə Bakıya 1945-ci ildə QƏHRƏMAN ŞƏHƏR statusu verərdi...
Muqam! Sozvuçen tı KORANU!
Tı pesnya plamennıx serdets!
İz slov lyubvi k Azerbaydjanu
Poeziya pletyot venets.
Azərbaycan musiqisinə – muğamına sevgisini belə dilə gətirən Aleksandr Fomenkovun ən böyük arzusu Taqanroqda “Azərbaycanın dostları” ictimai birliyini yaratmaq, Rusiyada Azərbaycanla bağlı daha böyük işlər görməkdir. Bu niyyətlə martın əvvəllərində Bakı şəhərinin meri Hacıbala Abutalıbovun qəbulunda oldu. Yeri gəlmişkən qeyd edim ki, Saşanın “Qəlbin yaddaşı” kitabının birinci nəşri Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə reallaşıb.
Keçirdiyi saysız-hesabsız mətbuat konfranslarında “Qarabağ Azərbaycan torpağıdır” –dediyinə görə Saşa internetdə ermənilər tərəfindən ən çox “təcavüzü”ə məruz qalan və təhqir olunan rus ziyalısıdır. O isə var qüvvəsiylə Taqanroqla Bakı arasında əlaqələrin rəsmiləşməsinə çalışır. Məhz onun təşəbbüsü ilə 2002-ci ildə Taqanroq meri Serqey Şilo iki şəhər arasında əlaqələrin yaradılması barədə qərar qəbul edib. Lakin lazımi sənədləri rəsmi qaydada imzalamaq üçün Bakıya səfəri ərəfəsində – 31 oktyabr 2002-ci ildə qətlə yetirilir və o vaxtdan bəri bu iş yarımçıq qalır. Saşa kimi Azərbaycançı bir rus ziyalısının bu gün nəinki Taqanroqda, Rusiyada, dünyada fəaliyyətini genişləndirməyə dəstək vermək informasiya savaşında ölkəmizə uğur qazandıracaq həlli vacib məsələlərdən biridir.
SÖZARDI. Əgər Medvedyev, Putin özündən əvvəlki sələfləri... lap elə Birinci Pyotr kimi düşünürlərsə, Azərbaycana qarşı onların siyasətlərindən Allah da baş açmaz. Rus yazıçısı, şair və filosofu Dmitri Merejkovski (1866-1941) vaxtilə Avropanın radikal ruhlu filosoflarına müraciətlə yazmışdı: “Sizin üçün siyasət bilikdir, bizim üçünsə – din”. Məncə, işğalçı Ermənistana münasibətdə nəinki Rusiyanın, eləcə də qərb dövlət başçılarının siyasətində Din ortaqlığı – qohumluğu əsas rol oynayır. Bir anlıq təsəvvür edək ki, ya Ermənistan müsəlman ölkəsidir, ya da Azərbaycanda yalnız xristianlar və yəhudilər yaşayır! Hər “iki” variantda Azərbaycan Qarabağ münaqişəsinin də, müharibəsinin də QALİBİ olacaqdı... İşğal olunmuş ərazilərin qeydsiz-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə dərhal əməl olunacaqdı... Vəssəlam!
Bəli, bu gün hamı öz yaddaşını qınayır, bəzən yaxşılıqları belə unudur. Ancaq Aleksandr Fomenkov nə özünün, nə də qəlbinin yaddaşından gileylənir. “Xocalı faciəsi” – “Qarabağ unutqanlığı” bəşəri xəcalətdir, deyə haray çəkir. Kaş dünyada Saşanın harayına hay verən insaflı qələm sahibləri çox olaydı... Şairin Azərbaycan həqiqətlərinin təblığı ilə o qədər boyük arzuları var ki! Kaş, ona bu arzuları gerçəkləşdirməkdə təkcə mənəvi deyil, maddi kömək göstərən soydaşlarımız çox olaydı...

Nurəddin ƏDİLOĞLU
Yazıçı-jurnalist.




Bu yazı ( 284 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar