12px14px16px18px

İranda parlament seçkiləri: Kim uduzdu, kim uddu...

Məsiağa MƏHƏMMƏDİ
01:54 / 14.03.2012
 
İranda qanunverici orqana – İslam Şurası Məslisinə doqquzuncu dəfə seçkilər keçirildi. Maraqlıdır ki, son dövrdə bütün dünyanın nəzərləri İrana dikildiyi halda, iki aydan da çox davam edən seçki marafonuna yetərincə diqqət yetirilmədi: əsas mövzu ABŞ və ya İsrailin İrana həmlə etməsi ehtimalı, Avropa Birliyinin bu ölkəyə tətbiq etdiyi neft embarqosu və bunların kökündə dayanan İranın nüvə proqramı oldu. Yalnız seçki prosesinin yekun mərhələsində bu barədə məlumat və şərhlər dünya kütləvi informasiya vasitələrində nisbətən əhəmiyyətli yer aldı və... dərhal da öz yerini İranla bağlı “dəbdə olan” məsələlərə verdi.
Xarici aləmdən fərqli olaraq, İranın daxilində bu seçkiyə lap əvvəldən böyük önəm verilirdi və seçkidən keçən müddətdə də o, ölkə gündəminin başlıca mövzusu olaraq qalır. Bu da təsadüfi deyildir: hələ ötən il – seçkidən aylar öncə ölkənin ali dini rəhbəri parlament seçkilərində xalqın fəal iştirakının düşmənlərə layiqli cavab olacağını vurğulamış, Təhlükəsizlik Naziri Heydər Moslehi isə onu “islam respublikasının tarixində ən həssas seçki” adlandırmışdı. Yada salaq ki, bu, 2009-cu ilin iyununda keçirilmiş təlatümlü prezident seçkilərdən sonra ölkədə baş tutan ilk seçkidir və bir tərəfdən, İranı təcrid etməyə yönəlmiş beynəlxalq təzyiqlərin görünməmiş vüsət aldığı, digər tərəfdən, hakimiyyətdaxili ziddiyyətlərin son dərəcə kəskinləşdiyi bir dönəmə təsadüf edir. Bu şəraitdə hakim dini elitanın 2 mart seçkilərinə fövqəladə əhəmiyyət verib qələbə naminə bütün qüvvələrini səfərbər etməsi tamamilə təbii və başadüşüləndir.
Seçki qanunu və seçki prosesi
İran parlamentinə seçkilər müvafiq seçki qanunu ilə yanaşı, ölkə Konstitusiyasının uyğun maddələri, eləcə də seçki prosesində həlledici rola malik Nəzarət Şurası (Şura-ye Negəhban) haqqında Qanunla və Quruluşun Məsləhətini Müəyyənləşdirən Məclisin (Məcmə-e Təşxis-e Məsləhət-e Nezam) qərarları ilə tənzimlənir.
1999-cu ildə qəbul edilmiş 94 maddədən ibarət “İslam Şurası Məslisinə Seçkilər Qanunu” ötən dövr ərzində bir sıra əlavə və dəyişikliklərə məruz qalmışdır (sonuncu dəyişiklik ötən ilin aprelində edilmişdir). Qanuna əsasən, İran parlamenti 290 üzvdən ibarətdir və 4 ildən bir seçilir. Seçki Qanununun 28-ci maddəsinə görə, deputatlığa iddia edən şəxs: 1) fikirdə və əməldə islama və islam respublikası quruluşuna sadiq olmalı; 2) İran İslam Respublikasının vətəndaşı olmalı; 3) Konstitusiyaya və “vilayəti-fəqih” prinsipinə sədaqət bəsləməli; 4) ən azı magistr dərəcəsinə malik olmalı; 5) seçildiyi dairədə nüfuz sahibi olmalı; 6) ən azı görmə, eşitmə və nitq baxımından sağlam olmalı; 7) azı 30, çoxu 75 yaşda olmalıdır.
Dini azlıqların nümayəndələrindən əməldə islam qaydalarını gözləmək, Konstitusiyaya sadiqlik və öz dinində möminlik tələb olunur. Qanun ölkə parlamentində dini azlıqlar üçün bəlli bir kvota (zərdüştilər və yəhudilər – hərəyə bir deputat, assurilər və kəldanilər (xristianlar) – bir deputat, ermənilər – iki deputat) nəzərdə tutur.
Parlamentə seçilmək üçün müvafiq dairə üzrə səslərin üçdə ikisini toplamaq tələb olunur, əks təqdirdə təkrar seçki keçirilir. Təkrar seçkidə iştirak hüququ səslərin azı dörddə birini almış namizədlərə verilir.
Yeni seçilmiş deputatlar parlamentin ilk iclasında Qurana əl basmaqla müvafiq and içir və onun mətnini imzalayırlar. Dini azlıqların nümayəndələri öz müqəddəs kitablarına əl basırlar.
Seçki prosesi bir neçə mərhələdən ibarətdir: 1) namizədlərin irəli sürülməsi; 2) “icraçı heyət”lər tərəfindən namizədlərin səlahiyyətlərinin ilkin yoxlanması; 3) namizədliyi qəbul edilmiş şəxslərin siyahısının baxılmaq üçün “nəzarətçi heyət”lərə göndərilməsi; 4) namizədlərin səlahiyyətlərinin Nəzarət Şurası tərəfindən araşdırılaraq təsdiq və ya rədd edilməsi; 5) təbliğat kampaniyası; 6) səsvermə.
Bütün mərhələlərdə səlahiyyəti təsdiq olunmayan və ya səsvermənin nəticələrindən narazı qalan şəxslərə şikayət hüququ verilir və bunun üçün bəlli bir vaxt ayrılır.
Seçkinin keçirilməsi bilavasitə Daxili İşlər Nazirliyinin üzərinə qoyulsa da, göründüyü kimi, bu prosesdə Nəzarət Şurası həlledici rola malikdir.
Seçki öncəsi ictimai-siyasi vəziyyət
Doqquzuncu çağırış İslam Şurası Məclisinə seçkilər İran üçün həm daxili siyasi vəziyyət, həm də beynəlxalq münasibətlər baxımından son dərəcə mürəkkəb, hətta böhranlı bir şəraitdə başlamışdır. Seçki marafonunun ötən ilin son günlərində start götürdüyünü yada salsaq, xüsusi şərhə ehtiyac qalmaz: namizədlərin irəli sürülmə mərhələsində ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi, AB-nin İrandan neft alınmasını dayandırmaq niyyəti gündəmə gəldi. Buna cavab olaraq, İranın bəzi rəsmilərinin Hörmüz boğazını bağlamaq barədə hədələri aranı əməlli-başlı qarışdırdı. Ardınca AB İran neftinə embarqo qoymaq barədə qərar çıxardı, İsrailin İrana önləyici zərbələr endirməklə bağlı təhdidləri intensivləşdi.
Diqqətin xarici təhlükəyə yönəlməsi mühafizəkar dini dairələrə seçki ilə bağlı planlarını həyata keçirməyə əlverişli fürsət verdi. Cəmiyyətin kortəbii konsolidasiyası fonunda klerikallar bir tərəfdən, son prezident seçkilərindən sonra küncə sıxışdırılmış “islahatçıları” siyasi səhnədən silmək, digər tərəfdən də prezident Əhmədinejad tərəfdarlarının parlamenti nəzarətə götürməsinə imkan verməmək kimi məqsədlərə yönəltdilər və hadisələrin sonrakı gedişi göstərdi ki, buna nail də oldular.
Liderləri (Mirhüseyn Musəvi və Mehdi Kərrubi) həbsdə olan əsas müxalif qüvvə – “Yaşıl hərəkat” nümayəndələri mövcud durumda seçkiyə qatılmaq imkanının olmadığını görüb boykot xətti tutdular. İran islahatçılarının mənəvi atası sayılan eks-prezident Məhəmməd Xatəmi də: “Seçkilərdə iştirakın mənası yoxdur” – deyə, bir açıqlama verdi. Əsası Xatəminin qardaşı tərəfindən qoyulmuş islahatçı “İştirak Cəbhəsi” (Cebhe-ye moşarekət) də seçkidə iştirak etməyəcəyini bildirdi. Seçki ərəfəsində “Yaşıl Hərəkat”ın Koordinasiya Şurası əhaliyə müraciətlə boykota çağıran rəsmi bəyanat yaysa da, bunu əməli olaraq təşkil edə bilmədi, hərçənd 39 siyasi məhbus və İslam İnqilabının Mücahidləri Təşkilatı da boykot çağırışına qoşuldu. Hərəkatın islam inqilabının ildönümündən dərhal sonra – liderlərinin həbs edildiyi gün (fevralın 14-də) Tehranda izdihamlı yürüş keçirmək cəhdi də baş tutmadı – hakimiyyət buna sadəcə olaraq, imkan vermədi. Burada rəsmi təbliğatın hərəkatı xarici qüvvələrə bağlaması da az rol oynamadı. Bununla da “yaşılçılar” yalnız seçki günü baş vermiş pozuntular barədə məlumat yaymaqla kifayətlənməli oldular.
Dini lider ayətullah Xameneyi tərəfdarı olan ənənəvi mühafizəkarlar sanksiyaların doğurduğu sosial-iqtisadi problemlərdən Əhmədinejad hökumətinə qarşı məharətlə istifadə etməyi bacardılar. Məsələn, ABŞ-ın İran Milli Bankına sanksiya tətbiq etməsi ölkədə valyuta və qızılın sürətli bahalaşmasına yol açdı. 2012-ci ilin ilk həftəsində İran riyalı dollara nisbətdə iki dəfə ucuzlaşdı, bu da valyuta bazarında əsl panika yaratdı. Təbii ki, bu, istehlak mallarının qiymətinə də təsirsiz ötüşmədi. Bütün bunlar Əhmədinejad əleyhdarları tərəfindən hökumətin bacarıqsızlığı kimi qiymətləndirildi. Parlamentdə və ölkə mətbuatında hökumətin ünvanına sərt tənqidlər səngimək bilmədi. Digər tərəfdən, 2010-cu ilin sonundan tətbiq olunan birbaşa sosial yardımlar siyasətində hökumətin etdiyi dəyişikliklər (bunun nəticəsində 10 milyon adam həmin yardımı almayacaq) yeni tənqid dalğasına yol açdı. İş o yerə çatdı ki, dəyişikliklər barədə Məclisə hesabat verən hökumət nümayəndəsi parlamentin sədri Əli Laricani tərəfindən iclas zalından qovuldu. Əhmədinejadın yaxın ətrafının korrupsiya faktlarında, o cümlədən, 3 milyard dollarlıq bank oğurluğunda iştirakı mövzusu da gündəmdə saxlanmaqda idi. Təbii ki, bu cür daxili və xarici pressinq şəraitində prezident komandası seçkiyə yetərincə vaxt və resurs ayıra bilmədi. Nəzarət Şurası da namizədliyini irəli sürmüş Əhmədinejad tərəfdarlarından bir çoxunun səlahiyyətini təsdiq etmədi. Bu kontekstdə sonradan hətta prezidentin doğma bacısının da parlamentə düşə bilməməyi təəccüblü sayılmamalıdır.
Beləliklə, Xameneyi tərəfdarları xarici düşmənlə qarşıdurma şəraitində əsas “daxili düşmənləri” – “cərəyan-e fetne” (“fitnəkar cərəyanı”) adlandırdıqları “Yaşıl hərəkatı” seçkidən kənarda qoymağa, “cərəyan-e enherafi” (“sapdırıcı cərəyan”) adlandırdıqları Əhmədinejad tərəfdarlarının mövqelərini xeyli zəiflətməyə nail oldular. Bura Xameneyinin “əbədi rəqibi” Haşimi-Rəfsəncaninin seçki prosesindən təcrid olunmasını da əlavə etmək lazımdır. Eyni zamanda ənənəvi mühafizəkarlar kifayət qədər uğurlu taktika seçərək, seçkiyə müxtəlif qruplaşmalar şəklində daxil oldular.
Əsas qruplaşmalar və şüarlar
İlkin mərhələdə seçkidə iştirak üçün 5405 namizəd verilsə də, Nəzarət Şurası 3467 namizədi seçkiyə buraxdı, o cümlədən, hazırkı parlamentin 33 üzvünün səlahiyyətini təsdiq etmədi. Bu namizədlər həm müstəqil şəkildə, həm də müxtəlif seçki qruplarının tərkibində təbliğat kampaniyasına qoşuldular. Seçkidə iştirak etmiş başlıca mühafizəkar qruplaşmalar aşağıdakılardır:
1. Mühafizəkarların Birləşmiş Cəbhəsi (Cebhe-ye mottəhed-e osulgerayan) –  Ölkənin ali dini rəhbərini seçən və onun fəaliyyətinə nəzarət edən Ekspertlər Şurasının (Məcles-e Xobreqan) sədri Məhəmməd Rza Mehdəvi Kəninin lideri olduğu və ənənəvi mühafizəkarların əsas qüvvəsinin cəmləşdiyi qrupdur. Xameneyiyə ən yaxın seçki qruplaşması da məhz budur.
2. İslam İnqilabının Sabitliyi Cəbhəsi (Cebhe-ye paydari-ye enğelab-e eslami) – Nüfuzlu ruhanilərdən ayətullah Məhəmməd Tağı Misbah Yəzdinin himayəsində olan bu qrup onun özü də daxil olmaqla Mahmud Əhmədinejadın keçmiş dəstəkçilərindən ibarətdir – onlar dini rəhbərlə prezident arasında yaranan ixtilafdan sonra sonuncudan uzaqlaşmışlar, lakin bir çoxlarının fikrincə, həmin qrupun üzvləri ilə prezidentin yaxın ətrafı, o cümlədən, onun aparatının rəhbəri (və qudası) İsfəndiyar Rəhim Məşayi arasında gizli əlaqələr vardır. Bu cəbhə İslam İnqilabının Keşikçiləri Korpusundan (“Sepah”) da ciddi dəstəyə malikdir.
3. Müqavimət Cəbhəsi (Cebhe-ye istadegi) – İstefada olan general Möhsün Rzayinin rəhbərlik etdiyi qruplaşma. Əhmədinejad hökumətinə tənqidi yanaşan M.Rzayi uzun illər “Sepah”ın komandanı olmuşdur və görünür, hökumət tərəfdarlarına bu qurumun dəstəyini zəiflətmək üçün seçki kampaniyasına ayrıca “cəbhə” qurmaqla qoşulmuşdur.
4. Vəhdət və Ədalət Cəbhəsi (Cebhe-ye touhid və edalət) – Prezidenti və onun başçılıq etdiyi hökuməti dəstəkləyənlər tərəfindən yaradılmışdır.
5. Bəsirət və İslami Oyanış Cəbhəsi (Cebhe-ye bəsirət və bidari-ye eslami) – İran parlamentinin vitse-spikeri Şəhabəddin Sədrin başçılıq etdiyi qrupdur.
6. Millətin Səsi Cəbhəsi (Cebhe-ye seda-ye mellət) – Bu qrupun başqa adı “onuncu hökumətin tənqidçiləri”dir (montəqedan-e doulət-e dəhom). Əhmədinejad hökumətinin sərt tənqid edən deputatlar Əli Motəhhəri və Həmid Rza Katuziyan tərəfindən yaradılmışdır.
Qeyd edək ki, İran İslam Respublikasında sözün həqiqi mənasında siyasi partiyalar olmadığından bu qruplaşmaların bir çox cəhətdən şərti səciyyə daşıdığını nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, məsələn, Sabitlik Cəbhəsinin Tehranda dəstəklədiyi namizədlərdən altısının adı eyni zamanda Birləşmiş Cəbhənin siyahısında vardı. Yaxud Müqavimət Cəbhəsi namizədlərinin bir çoxu eyni zamanda Birləşmiş Cəbhənin və Sabitlik Cəbhəsinin siyahılarında yer almışdı.
Əsas “islahatçı” qüvvələrin seçkiyə qatılmamağına rəğmən, müəyyən “islahatçı” qruplar da parlament seçkilərində iştirak etmişlər. Bunlar Mustafa Kəvakebiyanın rəhbərlik etdiyi Xalq hakimiyyəti partiyası (Hezb-e mərdomsalari), “Mötədil İslahatçılar” qrupu (Eslahtələban-e motədel) və “Fəhlə evi” partiyasıdır (Hezb-e xane-ye kargər). Bununla belə, 2004-cü və 2008-ci illərdə keçirilmiş seçkilərdən fərqli olaraq, 2012-ci ilin parlament seçkilərində mübarizə mühafizəkarlarla islahatçılar arasında deyil, mühafizəkarların öz arasında getmiş, qalib gələn də mühafizəkarlar olmuşlar. Xalqa əsasən mühafizəkarlar arasında seçim etmək təklif olunduğundan seçkilər əslində onların çeşidli qruplarını nəzarətində saxlayan Xameneyinin, başqa sözlə, teokratik rejimin qələbəsi ilə başa çatmışdır.
Namizədlərin davranışı və şüarları baxımından bu nəticə kifayət qədər məntiqli görünür. Belə ki, müşahidələrə əsasən, təbliğat kampaniyası dövründə onlar əsas diqqəti özlərinə deyil, əhalinin seçki məntəqələrinə gəlməsinə, başqa sözlə, kimə səs verməkdən çox, seçkidə iştiraka yönəltmişlər. Buna görə də əsas şüar olaraq, xarici və daxili düşmənlərə “şəhidpərvər İran millətinin” birliyini nümayiş etdirmək ön plana çəkilmişdir. Xalqı seçkilərə çağıran ayətullahlar da səs verməməyin günah olduğunu vurğulayırdılar.
Səsvermə və nəticələr
Martın 2-də əhalinin səsvermədə iştirakı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Diqqəti çəkən başlıca məqamlardan biri səsvermə vaxtının bir neçə dəfə uzadılmasıdır. Saat 8-də başlayıb 18-də bitməli olan səsvermənin müddəti əvvəlcə 2 saat, daha sonra üç dəfə 1 saat artırılmış və beləliklə, saat 23-ə qədər davam etmişdir. Daxili İşlər Nazirliyi bunu seçici fəallığının yüksəkliyi və əyalət rəhbərlərinin müraciəti ilə izah etsə də, rejim müxalifləri əksinə, məntəqələrin boş olması və əhalinin iştirakını təmin etmək üçün əlavə vaxt qazanılması kimi qiymətləndirmişlər. Həmin müxaliflər səslərin hesablanmasında saxtakarlıqlar edildiyi barədə bir sıra faktlara da diqqət yetirmişlər. Məsələn, dövlətə bağlı “Mehr” agentliyi seçkidən bir gün qabaq Elam əyalətində 373 000 seçicinin olduğunu bildirmiş, seçkidən bir gün sora isə qutulara 380 000 bülleten salındığı barədə məlumat yaymışdır. Yaxud, Tehran bölgəsində seçicilərin sayının 2009-cu ilin prezident seçkiləri ilə müqayisədə təqribən 2,5 milyon nəfər az göstərildiyi aşkar edilmiş, bunun yüksək iştirak faizini təmin etmək məqsədi daşıdığı bildirilmişdir. Başqa bir fakt: Daxili İşlər Nazirliyi səsvermə bitdikdən sonra seçkidə 26 472 760 nəfərin, yəni seçicilərin 64,2 %-nin iştirak etdiyi barədə məlumat vermişdir. Bundan iki həftə qabaq isə Daxili İşlər Naziri Mustafa Məhəmməd Nəccar ölkə üzrə seçici sayının 48 288 799 nəfər olduğunu açıqlamışdı. “Yaşıl hərəkat”a bağlı www.irangreenvoice.com saytı göstərilən sayın ümumi seçici sayının 64, 2 deyil, təqribən 54%-ni təşkil etdiyini yazmış, bundan sonra həmin məlumat Daxili İşlər Nazirliyinin saytından çıxarılmışdı.
Bütün bunlara baxmayaraq, qanunun tələb etdiyi kimi, səsvermədən 72 saat sonra seçkinin ilkin nəticələri açıqlandı. Seçici fəallığının 64 % təşkil etdiyi, bunun da əvvəlki seçkilərdən 11 % çox olduğu bildirildi. Parlamentə 225 deputatın seçildiyi, qalan 65 yerə isə təkrar seçki keçiriləcəyi söyləndi. Seçki qanuna əsasən, təkrar səsvermə seçkidən bir ay sonra keçirilməlidir, lakin Novruz bayramı tətilləri nəzərə alınaraq, onun aprelin sonlarında baş tutacağı barədə məlumat verildi.
Seçkinin maraq doğuran nəticələrindən biri Xameneyinin qudası, eks-spiker Qulaməli Həddad Adilin Tehranda rekord sayda – 1 milyondan artıq səs toplamasıdır. Başqa bir eks-spiker Natiq Nuri isə 30 illik deputatlıqdan sonra parlamentlə vidalaşmalı olmuşdur.
Digər maraqlı məqam, yuxarıda işarə olunduğu kimi, prezident Əhmədinejadın kiçik bacısı Pərvin Əhmədinejadın parlamentə seçilə bilməməsidir. Ümumiyyətlə, hələlik cəmi 2 qadın ölkə parlamentinə üzvlük hüququ qazanmışdır, halbuki əvvəlki parlamentdə qadınların sayı 8 nəfər olmuşdur.
Yuxarıda göstərilən seçki qruplarının göstəricilərinə gəldikdə isə, yayılan məlumatlara görə, Mühafizəkarların Birləşmiş Cəbhəsi – 76, İslam İnqilabının Sabitliyi Cəbhəsi – 37, Vəhdət və Ədalət Cəbhəsi – 15, Millətin Səsi Cəbhəsi – 13, Bəsirət və İslami Oyanış Cəbhəsi – 2, Xalq hakimiyyəti partiyası – 44, “Fəhlə evi” partiyası – 11, “Mötədil İslahatçılar” qrupu – 4 yer qazanmışlar (maraqlıdır ki, Bəsirət və İslami Oyanış Cəbhəsinin lideri Şəhabəddin Sədr və Xalq hakimiyyəti partiyasının sədri Mustafa Kəvakebiyan parlamentə düşməyə müvəffəq olmamışlar). Sonrakı mərhələdə bu rəqəmlərdə dəyişiklik olacağı labüddürsə də, bütövlükdə parlamentdə mühafizəkarların üstünlük təşkil edəcəyi şübhə doğurmur. Hazırkı Məclis sədrinin müavini Məhəmməd Rza Bahonər də seçkinin nəticələrini şərh edərkən, yeni parlamentin 80 %-nin mühafizəkarlardan ibarət olduğunu bildirmişdir.
Sonuc
Martın 2-də İranda keçirilmiş parlament seçkilərinin gedişi və nəticələri beynəlxalq aləmdə xüsusi diqqət doğurmasa da (seçkidən sonra yalnız Britaniya Xarici İşlər Naziri Uilyam Heyq hadisəyə münasibət bildirmiş və seçkilərin “qorxu atmosferi”ndə keçdiyini qeyd etmişdir), ölkənin siyasi həyatının perspektivləri baxımından çox mühüm hadisə olmuşdur. Əlbəttə, seçkinin nəticələrinin İranın xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını düşünmək doğru olmazdı. Bununla belə ölkədaxili siyasi güclərin yeni düzümünə yol açan bu hadisənin xarici siyasətə təsirsiz ötüşməyəcəyini də söyləmək mümkündür. Məsələ təkcə daxildəki müxalif, yaxud rəqib qrupların sıradan çıxarılması və ya zəiflədilməsində deyil. Seçki prosesi İrandakı ənənəvi dini elita üçün ciddi bir test, bir növ legitimlik axtarışı idi: xalqın islam quruluşuna (nezam-e eslami) inamı ilə bağlı şübhələr aradan qalxmalı idi və Xameneyinin rəhbərliyi ilə mühafizəkar dairələr indilikdə buna nail ola bildilər.
Məsiağa MƏHƏMMƏDİ
Strateji Araşdırmalar Mərkəzinin eksperti
 
 



Bu yazı ( 272 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar