12px14px16px18px

Yaddaşımdakı “Novruz”

Mina RƏŞİD
00:54 / 14.03.2012
 
Adamlar fərqli olduqları kimi, onların zövqü, dünyaya baxışları da müxtəlif olur. Elə bayramlara da münasibət belədir. Biri “Yeni il”ə sevinir, biri “Novruz”u sevir, başqası dini bayramlara daha çox üstünlük verir. İnsanın könlünün sevindiyi bütün bayramlara münasibətim yaxşıdı. Amma mənim uşaqlıq yaddaşıma həkk olan ən gözəl bayram unudulmaz xatirələrlə dolu xalqımızın milli, sevimli bayramı olan “Novruz”la bağlıdır. Gözümü açandan kəndimizdə – Ağdamın Qiyaslı kəndində bu bayramı uşaqdan böyüyə hər kəsin necə sevinclə qarşıladığını görmüşəm. Xüsusilə axırıncı çərşənbənin ayrı bir özəlliyi vardı bizim üçün. Bayram günlərində adamlar o qədər mehriban, o qədər səmimi olurdular ki, elə bilirdin bütün kənd əhli sanki bir ailədir. Əslində bu səmimiyyət həmişə olurdu. Amma “Novruz” bayramı adamları bir-birinə daha da doğmalaşdırırdı.
 ...Axırıncı çərşənbədə hava qaralan kimi küçələrdəki tonqalın ətri bürüyərdi obamızı. Qonşumuzda Şakir adında gənc baməzə bir oğlan vardı. Onun şirin zarafatları bizi o qədər güldürürdü ki. Tonqalın ətrafında deyib-gülməyin, tonqalın üstdən atdanmağın başqa ləzzəti vardı. Sonra xüsusilə kiçik yaşlı uşaqlar yaxın-uzaq qonşulara papaq atmağa yollanardı. Bu axşam gənc qızlar üçün xüsusi bir maraqla qarşılanırdı. Bəxtini sınağa çıxan qızlar qapı pusmaqdan xüsusi zövq alırdılar. Və daha neçə cür inanclar, əyləncələr həyata keçirilərdi. Oğlanlar gəzintiyə çıxar, fişəng atardılar. Nənə-babalar bu axşam Novruz süfrəsi ətrafnda əyləşər ancaq xoş, gözəl söhbətlər edərdilər ki, kimsənin könlü pərişan olmasın. Qonşular bir-birinə pay ayırar, gələn ilin, güzarın elimiz-obamız üçün xoş keçməsini arzulayardılar. Nənələr sevinclə papaqlara pay yığar, gələni-gedəni əliboş yola salmazdılar. Həmin axşam evlərimizdən çox həyət-bacada, küçələrdə adamlar çox olduğundan düz gecə yarıyadək kənd səsli-küylü olardı. Novruz bayramını şerlərində gözəl əks etdirən Füruzə Məmmədli demiş:
 
Şəhərdə Novruz şamları,
Gündüz edib axşamları,
Evdə qalan adamları-
Küçədəkindən az gəlir.
 
Hələ onda mən uşaq idim, başımı oyunlar, nağıllar qatırdı. Sonra bu olanlar da bir nağıla çevriləcəkdi. Amma göydən alma düşməyəcək, əlindən sadəcə ev-eşik deyil necə bir gözəl dünyanın getdiyini hiss edincə acı-acı gülümsəyəcəkdin...
...Bir də sonuncu dəfə kəndimizdə keçirilən Novruz bayramı yadımdan çıxmaz. Onda mən artıq uşaq deyil, gənc idim. Güllə-boranla qarşılanan Novruz bayramı da həminki deyildi. Kənardan baxsan elə bilərdin ki, bayram yox müharibədi. Güllə səsi kəndi başına götürmüşdü. Müharibə uşaqlarının oyuncağı da daha noğul-şirni yox tapanca-tüfəng olmuşdu. Uzaq qonşumuzun iki qızı bir oğlu vardı. Oğlanın 12-13 yaşı olardı. Oyuncaq sandığı qumbara sabah düşmən çəpəri olacaq bir oğulun həyatına son qoydu.
...Daha qızlar qapı pusmurdu. Hər şey məlum idi, güllə səsindən başqa nə eşidəcəkdik ki? Bu da mənim ilk gəncliyimin “bəxtəvər” çağları idi. Oğlanlar daha fişəng yox güllə, qumbara atırdılar. Daha o uşaqlıq çağlarımın gözəl, unudulmaz bayramı mənim üçün bir xatirəyə çevrilib. O bəxtəvər ocaq çatılan, fişəng atılan gün... Daha o mehriban qonşluq da əfsanəyə çevrilib. Qonşularımızdan, sinif yoldaşlarımdan ötru hərdən elə ağlıyıram ki...Heç nə unudulmur. Zaman keçdikcə yaddaş dönə-dönə sanki yenidən itilənir, təzələnir:
 
Zaman yüyürüb keçir,
Sağalmır can yarası.
Böyüyür axşam-səhər-
İçimdə Yurd ağrısı.
 
 
 
 



Bu yazı ( 208 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar