12px14px16px18px

“Cinayət və cəza”

Məhəmməd İMANLI
00:56 / 13.03.2012
 
 
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru professor İlham Rəhimovun işıq üzü görmüş “Prestupnost i nakazanie” monoqrafiyasını hüquq elminin tarixində ən sanballı əsərlərdən biri hesab etmək olar. Öncədən müəllifin geniş axtarıcılığını, elmi yaradıcılığını, hər material üzərində gərgin əməyini, ən maraqlı və nadir materiallardan, şəkillərdən məharətlə istifadə etməsini, həm elmi-tədqiqi, həm də tarixi-publisistik səciyyə daşıyan dəyərli bir əsər meydana gətirdiyini qeyd etmək lazımdır. Onu da qeyd etmək olar ki, kitab tarixi-sistem struktura malik olmaqla fakt və hadisələrin, hüquqi elminin paradiqmalarının, fəaliyyətlərin, proseslərin dinamik mənzərəsini yaradır və onu tarixi inkişafda qavramağa imkan verir.
Müəllif kitaba yazdığı ön sözdə haqlı olaraq bildirir ki, kim hansısa elmi problemi tədqiq etməyə hazırlaşırsa yazacağı predmet haqqında geniş və hərtərəfli düşünməlidir. Yazır ki, fərdi və ictimai şüurda cəza haqqında təsəvvürlər bu anlayışın hüquqi, sosioloji, psixoloji, fəlsəfi və dini şərhləri hesabına formalaşmışdır. Cəzanın öyrənilməsi keçmişi anlamağa yardımçı olur, vətəndaş cəmiyyətinin formalaşması üçün zəruri olan əxlaq mədəniyyətinin məzmunu və mahiyyətini anlamağa imkan verir. Cəzanın başa düşülməsi cəmiyyətin mədəni inkişaf səviyyəsindən asılıdır.
Kitabın girişində müəllif hazırda baxılması vacib olan sualları qoyur. İstər tədqiqatçılar, istərsə də oxucular həmin sualların aktuallığını dərhal anlayır. Kitabda istifadə edilən mənbələrin çoxluğu, o cümlədən şəkillərdən və cədvəllərdən istifadə edilməsi, mətnin içində verilmiş nadir əsərlərdən iqtibaslar əsərin elmi sanbalına dəlalət edir.
Kitabın 1-ci “ Cinayətin səbəbi kontekstində cəza anlayışı və mahiyyəti: tarixi ekskurs” fəslində müəllif cəza konseptini (latınca conceptus toplu, qavrayış, rüşeym) iki dublet konseptə ayırır cəza (tənbeh ) və əvəz, (qarşılıq). Konsept deyilmiş nitq kimi anlayışla eyniyyət təşkil etmir. Tədqiqatçıların əksəriyyəti bu yeni terminin daxil edilməsini deyilənin (söylənilənin) mahiyyətinin göstərilməsi kimi başa düşmədilər. Bu səbəbdən bir çox lüğət və ensiklopediyalarda konsept, anlayışla eyniləşdirilir. Amma konsept və anlayış bir-birindən fərqləndirilməlidir. Konsept nitqdən formalaşır. Konseptin “başlanğıc ideya” mənası cəzanın da konsept kimi təsnifatlandırmasına yol açır. Bunu müəllifin maraqlı yanaşması hesab etmək olar. Bu gələcək tədqiqatçılar üçün də olduqca maraqlı bir məsələdir. Professor İlham Rəhimovun kitabını oxuduqdan sonra belə qənaətə gəlmək olar ki, Dostoyevskinin “Cinayət və cəza” əsərində cəzanın konsept kimi götürülməsi onun mahiyyətini genişləndirmiş, əsəri daha oxunaqlı etmişdir. 
Müəllif qeyd edir ki, italyan mütəfəkkiri Enriko Ferrinin fikrincə cəza özünün təkamülündə 4 fazanı keçib. Dini, etik və hüquqi. Bu kitaba qədər hüquq məsələlərində antik filosofların ideyalarına bir o qədər yer verilməməsi tendensiyası ilə rastlaşırdıq. Müəllif antik filosofların cəzaya fəlsəfi təzahür kimi baxmalarını qeyd edir. Bu səbəbdən kitabda antik dövrün filosofları Sokrat, Platon, Seneka və Aristotelin fikirlərinə geniş yer verilir. Maraqlıdır ki, Aristotel elmləri təsnifatlandıranda etikanı ayrı elm kimi təyin etmiş və məşhur “Etika” kitabını yazmışdır. “Cinayət və cəza ” kitabından bizə aydın olur ki, o hüquq elminin ayrıca elm sahəsi kimi adını çəkməsə belə “xeyir, şər, əzab, cəza, əvəz, ədalət” anlayışlarını etikaya aid etmişdir.
Müəllif yazır ki, Sokrat şərə qarşı biliyi qoyurdu. Yəni insan nə qədər çox bilirsə bir o qədər az şər işlər törədir, yaxud tərsinə. Fəlsəfədən bilirik ki, böyük filosof irəli sürdüyü fikirlərin qurbanına çevrildi. Sokrat haqqında Afina məhkəməsi “günahkardır” hökmünü çıxardıqda o dərhal cərimə ödəməyi təklif edir. Məhkəmə onun təklifini rədd edərək, ölüm hökmünü qüvvədə saxlayır. Məhkəmənin hökmündən bir ay sonra o, sikuti (ölüm zəhəri) içərək intihar etdi. Sokrat çox bildiyindən ona qarşı da şər iş törətdilər. Maraqlıdır ki, böyük Yunan filosofunun “Ölüm işi” hay-küylü müasir məhkəmə çəkişmələrindən gərgin, əhatəli və diqqətçəkən bir mühakimə prosesidir.
Kitabın maraqlı bölmələrindən biri “Dində cəza haqqında” bölmədir. Bu bölmədə professor İlham Rəhimov müxtəlif dinlərdə cəza məsələlərinə toxunmuşdur. Cəza konsepti ilə bağlı müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olan Qurani-Kərimin surələrindən verilən iqtibaslar olduqca maraqlıdır. Bu yanaşma müəllifin digər dini kitablardan da cəza məsələsi barədə verdiyi kəlamları müqayisə etməyə zəmin yaradır. Tədqiqatçı və oxucu üçün dini mətnlər kontekstində belə müqayisəli təhlillər həm də yenidir.
Kitabda klassik məktəbin nümayəndələri Ç.Bekkaria, Çezare Lombrozo və Listin fikirlərininə geniş yer ayrılıb. Aydındır ki, ədəbiyyat, siyasət və fəlsəfə tarixində Reformasiya və Maarifçilik dövrlərinə xüsusi yer verilir. Kilsədə baş verən islahatlar, elmi inqilablar, humanizmin meydana gəlməsi, hüquq fikrinin formalaşması və inkişafından yan keçə bilməzdi. Humanizm və Reformasiya dövrü bəşəriyyətə çoxsaylı filosoflar, siyasətçilər və hüquqçular verdi. Dövrün görkəmli filosofları Spinoza, Lokk, Hobbs, Monteskye, Russo ilə bir sırada duran mütəffəkkirlərdən biri də Çezare Bekkaria idi. Cəza siyasətinin yeni məktəbinin əsasını qoymuş italiyan mütəfəkkirinin əsas ideyalarından biri budur: “cinayətkarı cəzalandırmaq əvəzinə, xəbərdarlıq etmək lazımdır.” Onun bu ideyasının da yer aldığı və bəşəriyyətə təqdim etdiyi “Cinayət və cəza” adlı məşhur kitabına humanizmin “küləyinin” dəyməsi açıq hiss olunur.
Professor İlham Rəhimov əsərinin klassik irsin antropoloji hissəsində Kantın cəzaya özünüməqsəd hadisəsi (öz məqsədini özündə daşıyan ) kimi baxmasını belə şərh edir: “Göründüyü kimi Kanta görə cəza ağıl tərəfindən diktə olunan məcburi tələb, imperativ kateqoriyadır”. Elə burdan bəlli olur ki, böyük alman filosofu cəzaya antinomiya (qanunda ziddiyyət) kimi deyil, imperativ kateqoriya kimi baxır. Bu qeydlər hüquqşünasların qavranılması çətin hesab etdikləri Kantın əsərlərinə marağı artırır, Kant anlayışlarının fənlərarası mahiyyətini anlamağa imkan yaradır. 
Hegel yaradıcılığının ana xəttini dialektika təşkil edir. Adətən, dialektikanı 3 dairəvi hərəkət kimi təsvir edirlər. Tezis-antitezis-sintez. Bu hərəkət bütün dünya məkanında canlı və cansız universumda özünü biruzə verir. Hegelə görə cəmiyyətdə və təbiətdə gedən inkişaf prosesləri dialektik yolla həyata keçir. Müəllif bu ümumi ideyadan istifadə edərək Hegeldə tezisi – hüquq, antitezisi –cinayət, sintezi – cəza kimi təsnifatlandırır. Kitabda Hegelin cəzaya baxışında dialektik metodun tətbiqinin yer alması, hüquq fikir tarixini zənginləşdirən mühüm ideyalar sırasına daxil edilməlidir.
Monoqrafiyanın ikinci “Cinayətkarlıq və cəzanın effektivliyi” fəslində cəzanın məqsədi haqqında təlimin kökünün dini mənbələrə gedib çıxması göstərilir. Müəllif Əhdi-Ətiq və Qurani – Kərimə müraciət edir. Məsələn, İslam dinində Cinayətin Allaha qarşı günah olduğu anlayışından, bu dinin cinayətə qarşı mübarizə metodları göstərilir. Müəllif dərin fəlsəfi və dini bilikləri hesabına yenidən Qurani-Kərimin surələrinə istinad edir və müqayisə zəmini yaratmaq üçün öz maraqlı fikirlərini verir: islam dininin cinayətkarlığa qarşı mübarizəsinin metodları göstərilir. Maraqlı odur ki, Qurani –Kərim cəzaya ədalətli əvəz kimi baxır. Bu yanaşmanı cinayət və cəzanın tarixində Qərb mütəfəkkirlərinin fikirlərinin mənbəyi hesab etmək olar.
Professor İlham Rəhimovun “Cinayət və cəza ” kitabını həm də hüququn fəlsəfəsi istiqaməti üzrə fundamental əsər adlandırmaq olar. Müəllif “Məqsədə çatmaq üçün vasitə” bölməsində bunu açıq etiraf edir. Bir çox elmlərin vaxtilə fəlsəfənin tərkibində olmasını, məntiqi və qnoseoloji yanaşmaların fəlsəfi biliklər hesabına mümkünlüyünü diqqətdən qaçırmaq olmaz. Müəllif bu bölmədə çox maraqlı bir analogiya gətirir. Qorxu fenomenini yeni interperetasiyasını verir: “Adəm günah işlətməklə qadağanı pozmuş oldu. Buna görə o, cəzalanmalı idi. Buna baxmayaraq özünü saxlaya bilmədi. Bir tərəfdən qadağa onda istək yaradır, digər tərəfdən isə bu fenomen onda azadlıq imkanlarını oyadır. Məhz buna görə ilkin günahın təbiətini qorxu kateqoriyasına görə öyrənmək lazımdır”. Kitabda qorxunun psixoloji, sosioloji fəlsəfi və hüquqi aspektləri araşdırılır, cinayət proseslərində Azərbaycan nümunəsi misal gətirilir. Qorxunun psixoloji aspektlərinə diqqət yetirən müəllif onun cinayət davranışları ilə əlaqələrini təhlil edir. Bir qrup tədqiqatçılar cinayətlərin sayının azalmasını cəzadan qorxmaq səbəbi ilə əlaqələndirirlər. Qorxunun sosioloji tədqiqatları göstərir ki, respondentlərin cüzi bir hissəsi cəzadan qorxaraq cinayət etmirlər. Müəllif bu bölmədə qorxu-risk-cəza triadasında qarşılıqlı əlaqələri təhlil edərək öz hipotezalarını verir. Bu kontekstdə müəllif “cəza böhranı” haqqında düşünür və belə bir ədalətli nəticəyə gəlinir ki, cəzanın mexanizmləri və təzahürləri haqqında mücərrəd mühakimələr aparmaq yox, onun forma və metodlarını təkmilləşdirmək lazımdır. (Professor A. Bastrıkin). O, hesab edir ki, cinayətin rəqəm göstəricilərini yalnız bir halla – cəzanın yüngüllüyü və ağırlığı ilə bağlamaq qeyri-qənaətbəxşdir. Burda başqa faktorlar da mümkündür: cinayətin artması və azalmasını bu və ya digər dövlətin sosial həyatının başqa mühüm qanunları idarə edir. Bundan sonra müəllif ölüm hökmü barədə yazır: bu bölmədə klassiklər Moteskye və Bekkarianın işləri təhlil olunur. Bu cəza növünə həmişə birmənalı münasibət olmamışdır. Professor İ. Rəhimov ümumiləşdirmələr apararaq yazır: ölüm hökmünün qəbul edilməsi o zaman ədalətli ola bilər ki, onun vacibliyi və əvəzolunmazlığı sübut olunsun. İnsanların da bu cəza növü haqqında fikirlərinin müxtəlifliyi tədqiqatçı alimləri düşündürür. Məsələn, bir qrup insan bunu həqiqət prinsiplərinə uyğun müqəddəs iş, digərləri isə həqiqətə söykənməyən, qeyri-humanist addım hesab edirlər. Müəllif bu kontekstə klassiklərin və müasirlərin fikirlərini müqayisə edərək nəticələr çıxarır. Hər bir cəzanın daxili mahiyyətinin açılmasına çalışır. Məsələn, ölüm hökmü ilə ömürlük həbs zamanı qorxu hissləri, yaşantılar, əzablar barədə maraqlı fikirlərə rast gəlirik. Bunların hər biri, xüsusilə əzab fenomeni psixoloji, sosial və dini planda təhlil olunur. Bu cür sinergetik yanaşmaya biz hüquqçular nadir hallarda rast gəlirik.
Müəllif “Cəzanın effektivliyi” bölməsində özünün sinergetik düşüncə tərzini genişləndirir. Effektivliyin iqtisadi və fəlsəfi mənalarına diqqət yetirir, bu anlayışa qiymətləndirmə kateqoriyası kimi baxır, cinayətlərin cəzalanmasının effektivliyinə dair işləri təhlil edərək elmi qənaətlərini verir. Bu bölmənin ən maraqlı hissəsi Azərbaycanda cinayət cəzalarının effektivliyinin səviyyəsinin ifadə olunmuş düsturla təyin edilməsidir.
Müəllif elə bu bölmədə Azərbaycanda və dünyanın bir sıra ölkələrində ayrı-ayrı cinayətlərin növlərinin xarakteristikasını verir və zəruri müqayisələr aparır.
Kitabın 3-cü fəsli “Cəza problemi və proqnozlaşdırma” nəzəriyyəsi adlanır. Bu fəsildə müəllif cəzaya təkcə hüququn problemi kimi baxmır. Yazır ki, Cəza probleminə sistem yanaşma lazımdır. Sistem təfəkkürün formalaşması Qərb fikir tarixində əsl inqilab hesab olunur. Bu paradiqmanın mahiyyətində istənilən mürəkkəb bütöv sistemin davranışının onun hissələrinin xassələrinə görə anlanılması dayanır. Müəllif bu fəsildə “sistem” sözünün etimologiyasını verir və sistem yanaşmaya metodoloji istiqamət kimi müraciət edir. Monoqrafiyada cəzanın sistem xarakteri onun fənlərarası və kompleks hala salır. Bu isə o deməkdir ki, bunun həllində müxtəlif elmlərin – fəlsəfə və sosiologiyanın, psixologiya və pedaqogikanın, kibernetika və informasiya nəzəriyyəsinin kateqoriyaları, metodları və vasitələrindən istifadə etmək lazımdır. Müəllifin yanaşması orijinaldır: cinayətkarlığı xəbərdar etmək məqsədinə çatmaq üçün onun gələcək nəticələrini qabaqcadan görmək lazımdır. Buna görə də elmi proqnozlaşdırma olmadan onun nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu da öz növbəsində cinayətkarlığın cəzasının effektivliyinin artırılmasına maneçilik törədir. Bu məqsədlə professor İlham Rəhimov klassiklərin əsərlərindən nümunələr göstərir və qeyd etdiyi sistem yanaşma metodologiyasına söykənərək qanunvericinin konkret cinayət-hüquq sanksiyasını qurmasında uyğun proqnostik informasiyanın əldə etməsi sxemini verir. Bundan sonra sanksiya praktikada tətbiq olunur. Müəyyən müddətdən sonra qanunverici verilmiş cinayət hüququ sanksiyasının effektivliyi haqqında informasiyaları toplayır. Əgər sanksiya effektlidirsə onun tətbiqi davam edir.
Kitabdan gətirdiyim bu nümunə əsərin nəzəri tərəfinin praktik tərəfi qədər güclü olmasını diqqətə çatdırmaqdır. 
Kitabın sonunda 2000-2007-ci illər ərzində Azərbaycanda qeydə alınmış cinayətlərin növlərinin, onların içərisindən açılıb-açılmayanların sayı, 2000-2009-cu illər ərzində məhkumluq haqqında məlumat, MDB və Dünya dövlətlərində cinayətlərin müqayisəvi cədvəli verilib.
 
Professor İlham Rəhimovun eyniadlı əsəri ilə bağlı düşüncələr
Məhəmməd İMANLI
Hüquq elmləri doktoru,
professor    



Bu yazı ( 228 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar