12px14px16px18px

Mənim müəllimim

00:46 / 13.03.2012
Mən hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino rejissoru ixtisası üzrə təhsil alıram. Doğrusu, məsləhətlərə görə, kinorejissor ixtisasını seçdim. Əslində, hüquqşünas olmağı çox istəyirdim, amma nə gizlədim, həmişə Azərbaycan filmlərinə hədsiz marağım olub. Birinci kursda tamaşalara baxmağa gedirdim, sonra yavaş-yavaş filmlər məni öz sehrli aləminə cəlb etdi. Beləliklə, film başlayır, hamı diqqətini bəyaz pərdədə nümayiş olunan hadisələrə yönəldir. Az sonra dahi Kurasava demişkən, film o qədər cansıxıcı və məntiqsiz olur ki, əyləşdiyin kreslonu belə hiss edirsən. Görəsən başımı nə ilə qatım, bəlkə zalı tərk edim, onsuz da səs-küydü, sakitliyə nəzarət edən yoxdu... Qısası sarayda sonuncu dəfə baxdığım filmin adını çəkmək istəmirəm, çünki boş yerə zamanım getdi, tam səmimi desəm, həmin gün qanım necə qaralmışdısa... Görəsən, Azərbaycan kinosu hara gedir? Özümə söz verdim ki, bir də son filmlərə gedib, boş vaxt itirməyəm. Elə də etdim. Artıq Universitetin birinci mərtəbəsində divardan asılmış filmlərin afişasına baxmadan keçirdim. Uzun aradan sonra müəllimim dərsdə yeni film çəkdiyini bizə dedi. Fikirləşdim ki, görəsən Sovetlər dönəmində 30-dan artıq sayılıb seçilən filmə imzasını atan tanınmış rejissor indi də sözünü deyə biləcəkmi?! Bu, məni çox düşündürürdü... Nəhayət, səbirsizliklə gözlədiyim an gəldi çatdı. Böyük həyəcanla saat 18:00-da universitetdən çıxıb qrup yoldaşlarımla gül mağazasına, ordan da Rus Dram Teatrına yollandıq. Qapının ağzında dayanmış gülərüz insanlar bizi salona dəvət etdilər. Düzü bu, mənim çox xoşuma gəldi. İlk əvvəl birinci mərtəbəyə üz tutdum. Çünki müəllimimin filmi izləyərkən üzündəki hiss və həyəcanı görmək istəyirdim. Ancaq istəyim baş tutmadı və mən bir tərəfdən təəssüfləndim, digər tərəfdən isə sevindim. Təəssüfləndim ona görə ki, artıq birinci mərtəbədə yer yox idi, əyləşməyə, bütün oturacaqlar dolu idi. Sevindim ona görə ki, insanlar əsl sənəti görmək həvəsində idilər. İkinci mərtəbəyə qalxdım. Burada isə 5-10 nəfərlik yer boş idi. Oturacaqlardan birində əyləşdim. Saat 19:00-da film başladı. Film tanınmış bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığı haqqında idi. Film sənədli olsa da, bədii elementlərlə zəngin idi. Çox fərqli başlanğıcı var idi. Film boyu tanınmış bəstəkar Xəyyam Mirzəzadənin uşaqlıq illərində yaşadığı, böyüyüb boya-başa çatdığı dar küçələr, o illərin acılı-şirinli xatirələri kiçik bir uşağın fonunda canlanır və Xəyyam Mirzəzadənin ona baxdıqca özünü yad etməsi fərqli və maraqlı formada tamaşaçıya təqdim olunur. Bəstəkarın uşaqlıq illəri ağ-qara kadrlar vasitəsilə insanlara çatdırılır. Getdikcə kadr bütün ekranı əhatə edir. Film boyu rejissor maraqlı situasiyalara toxunur, bəstəkarın yaradıcılıq boyu deyə bilməyəcəklərini kino dili ilə xüsusi bir formada izləyiciyə ötürür. Xəyyam Mirzəzadə filmdə hardasa haqq və ədalət mücəssəməsi rolunu oynayır. Tələbələrinin fotosunu təqdim edərək indi birinin Amerikada, digərinin İtaliyada olduğunu deyərkən, həmin tələbələrin arasında olan ortayaşlı oğlanı göstərir və qəlb qırmadan bir ifadə işlədir “həəə, bu oğlan, bu, çox yaxşı uşaq idi”. Bu ifadə əslində sənətkarın daxilində olan təmiz məhəbbəti bildirir. Xəyyam Mirzəzadənin tanınmış şair Vaqif Səmədoğlu ilə olan dialoqu zamanı sözün əsl mənasında iki böyük insanın dərin, səmimi söhbətini izləyirik. Onların dialoqunda bir növ keçmiş dövrlə, indiki dövrün müqayisəsindən və sənətə olan münasibətdən, hörmətdən söz açılır. Filmin sonunda isə bəstəkarın dəniz sahilində oturub hər şeyi bir kənara qoyaraq uçuşan qağayılara baxdığını görəndə, insanda ancaq bir fikir yaranır. Bu dünyada hər şey ötəridir. Bu dünyadan köçəndən sonra hər kəsdən yalnız bir iz qalır. Xəyyam Mirzəzadədən qalan iz isə yazdığı, bəslədiyi əsərlər və ətrafındakı insanlar ona qarşı olan dərin hörmətidir. Filmin sonunda isə tanınmış şair Ramiz Rövşən tərəfindən səsləndirilən “Tək əldən səs çıxar” şeiri bütün salonda əyləşən insanlarda xüsusi ovqat yaratdı və hər bir fərdin ürəyinin dərinliyində olan arzunun, istəyin həyata keçməsi uğrunda aparılacaq mübarizəyə qol-qanad verdi. Film Azərbaycanın sayılıb-seçilən, 30-dan artıq filmin, Sovet hakimiyyəti dövründə ilk dəfə üçseriyalı “Vulkana doğru” filminin rejissoru, xalq artisti, professor, əməkdar incəsənət xadimi Tofiq İsmayılov tərəfindən ərsəyə gəlib. Onun özünəməxsus dəsti-xətti bu filmdə də açıq-aydın görünür. Xəyyam Mirzəzadənin yaradıcılığı haqqında olan “Maestro” filmində rejissor bir daha öz möhürünü vurduğu bir əsər nümayiş etdirdi. Film başdan-başa fərqli, maraqlı kadrlarla, epizodlarla, insanlara dəqiqliklə çatdırılan detallarla zəngindir. Bu film bir daha nümayiş etdirdi ki, Tofiq İsmayılov kimi bir rejissorun janrından asılı olmayaraq – istər sənədli, istər bədii olsun, – ekran həyatı verdiyi əsər həmişə məktəb rolunu oynamağa qadirdir. Biz gənclər üçün belə rejissorlardan öyrənəsi çox şeylər var. Auditoriyada mənə sənətin nəzəri tərəflərini öyrədən müəllimim Tofiq İsmayılovun bir praktik kimi də böyüklüyünü bu film vasitəsiylə dərk etdim. Və mən öz müəllimimlə bir daha qürur duydum.
Günel HÜSEYNOVA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
IV kurs tələbəsi





Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar