12px14px16px18px

Postmodernizm və “ Unutmağa kimsə yox...” dilemması

Vurğun ƏYYUB
00:35 / 10.03.2012
 
Kamal Abdullanı çoxdan tanıyıram: keçən əsrin 80-ci illərinin ortalarından. İctimai-siyasi, elmi mövzularda çoxlu söhbətlərimiz, mübahisələrimiz olub. Siyasi məsələlərdə fikir ayrılıqlarımız indi də qalır. Hələ o zamanlarda Kamalın söhbət etdiyimiz, mübahisə açdığımız məsələlərə öz yanaşması, öz baxışları vardı. Onun yaxşı bələd olduğum istər elmi, istərsə də bədii yaradıcılığında postmodernizmə üz tutması təsadufi sayılmamalıdır.
Son illərdə yazdığı üç romanla Kamal Azərbaycan ədəbi mühitində xeyli canlanmaya səbəb olub. Sonuncu romanı ilə bağlı isə əməlli-başlı fikir dartışmaları yaradıb. “Unutmağa kimsə yox...”un haqqında yazılanların, deyəsən, əksəriyyətini oxudum: sırf ədəbi-tənqid, dilçilik mövqeyindən yazılanları da, hikkə, qərəz, yanlış yanaşmanın sonucu kimi ortaya çıxmışları da! Yazıçıya nədən yazmaq barədə iddialı olduğu qədər də naşı bir göstəriş verməyi (“Bu durumda milləti oyatmaqmı lazımdır, yoxsa nağıl içində nağıl sandıqçalarından məharətlə quraşdırılmış sirli, sehirli nağıllar çıxardıb “yat, yat, yat” – intonasiyası ilə layla çalmaq?”) (İ. Musayeva), yalnızca heyranlıq hisslərini ifadə edib də, əsərin təhlilindən aciz qalan tərifli münasibətləri bir tərəfə buraxsaq, roman ciddi təhlillərdə ədəbiyyatımızın maraqlı örnəklərindən biri kimi dəyərləndirilib. Əsərə ön söz yazmış Arif Acaloğlu kifayət qədər geniş və hərtərəfli təhlil apararaq onun mifoloji qatlarını da göstərmişdir. Romanı dil baxımından Tofiq Hacıyev və Aydın Ələkbərli ətraflı bir şəkildə incələyiblər. Əsərin poetika, məzmun, ideya, surətləri haqqında Rüstəm Kamal, T.Əlişanoğlu, C.Yusifli, E.Akimova, R.Əliyev, Yaşar, T.Əfəndiyev, İ.Musayeva və başqaları fikirlər söyləyiblər. Daha deyiləsi nə qalıb ki? Amma romanın həm özü, həm də haqqında yazılanlar söz deməyə yenə də imkanlar saxlamaqdadır. Yazılanları təhlil etməyi qarşıma vəzifə qoymamışam. Ancaq bəzi məqamlarda roman haqqında deyilənlərə münasibət bildirmədən də keçmək mümkün deyil. Onu da deməliyəm ki, bütün yazılanlar müzakirə açılması, əsərin ədəbiyyatımızdakı yerinin dəyərləndirilməsi, diqqət cəlb edilməsi baxımından yazıçının və romanın xeyrinə olub!
Roman haqqında fikir söyləyənlərin əksəriyyəti onun postmodernizmin nümunəsi oldugunu etiraf edirlər. Ancaq iş burasındadır ki, romanın təhlili zamanı bəzi fikirlər postmodernizm estetikasının tələbləri nəzərə alınmadan söylənilmişdir. Əsərin postmodernist estetikanın tələbləri çərçivəsindən kənarda təhlili yanlış qiymətləndirmələrə yol açır. Kamalın istər “Yarımçıq əlyazma”, istərsə də bu romanı tamamilə postmodernizmin estetikası ilə səsləşir və ədəbiyyatımızda bu cərəyanın layiqli nümunələrindəndir. Ədəbi mühitdə yeniliyə qarşı müqavimət, yenini zamanında qəbul etməmək isə yeni hadisə deyil. Nitşenin belə bir fikri məşhurdur: ilan qabıq qoymasa, ölər. Postmodernistlərin sənət şuarına çevrilən bu fikir, ümumən həyatın, sənətin də əsas kredosu olmaq gücündədir. Fikrimcə, Kamalın əsərləri də ədəbiyyatımızın növbəti “qabıqqoyma” mərhələsi hesab oluna bilər. “Unutmağa kimsə yox...” romanını postmodernist estetikanın tələbləri baxımdan təhlil etdikdə ədəbiyyatımıza nələr qazandırdığını açıq şəkildə görmək olur.
Romanın adı ənənəvi adlandırmadan uzaqdır: çığırqandır (məni oxu və anla deyə), cəlbedicidir, düşündürücüdür, mübahisəlidir. Təsadufi deyil ki, romanın adı üzərində, onun ehtiva etdiyi məzmun ətrafında xeyli fikir gəzişmələri var (A. Acaloğlu, T. Hacıyev və b.). Romanın sonluğuna dayalı bu ad əsərin ümumi məzmunu ilə bəlkə o qədər də uyuşmur. Ancaq əsərin ümumi ruhu və məntiqindən doğmuşdur, əsas ideyanın açıqlanmasına yardımçı ola bilir. Postmodernist yazıçı üçün məzmun yox, forma üstündür, dil onun üçün məzmunu, ideyanı ortaya çıxaran bir alət, vasitə deyil, məqsəddir. Ona görə də postmodernist yazıçılar oxucunu dağa-daşa salmağı, ad üzərində düşündürməyi, tapmaca sayağı, biliklərini cəlb edərək mənasını anlamağa sövq edən adlar seçməyi sevərlər.
Əsərin ana süjetini F.Q. adlı qəhrəmanın ( obrazın adının yerinə hərf yazmaq ənənəsini ədəbiyyata Frans Kafka gətirmişdir) Çiçəkli yazı adlanan bir yazını oxumaq üçün kəndə gəlməsi təşkil edir. Qalan hadisələr, süjetlər bu ana xəttdən budaqlanır. Yazıçının “sərhədsiz təxəyyülü” hər dəfə ana yola dönmək şərti ilə qadağa, çərçivə, ənənə ilə hesablaşmadan müxtəlif məkanlara və zamanlara qanad açır, oxucusunu ən fərqli hekayətlər, hadisələrlə üz-üzə gətirir. Yazıçıya irad kimi söylənilən “K.Abdulla məşğul olduğu elm sahəsinin dil, tarix, mifologiya problemlərini bədii təxəyyülündə oynadıb poetikləşdirir, elmdə reallaşmayacaq “kəşf”lərinə bədii azadlıqda meydan açır.O, öz romanlarında sərhədsiz təxəyyül atını istədiyi kimi çapır və xüsusilə roman yazmaq texnikasını “mifolojilik” və faktsız, real olmayan “tarixilik” oyunları üzərində qurur” (İ. Musayeva) fikri əslində postmodernist romanın prinsiplərinə görə nöqsan sayıla bilməz. Ən əvvəl onu deyək ki, postmodernist romanların təməl qaydalarından biri də, bədii əsəri elmi bir əsər kimi qurmaqdır. Onlar yeri gəldikdə elmi əsərlərdən alınan bütöv parçaları, elmi nəticələri romanda əks etdirməkdən çəkinmirlər. Kamalın romanlarında da bu qabarıqdır. Bunu yazıçıya irad tutmaq anlaşılan deyil. 
Postmodernizm həm gerçəkliyi birbəbir, olduğu kimi təsvir etmək tələbi və istəyi ilə ortaya çıxan klassik roman anlayışına, həm də şüuraltı gerçəkliyə və rəmzlərlə təsvirə, simvollarla danışmağa meylli olan modernist romana bir təpkidir. Bu fikir, sənət cərəyanı keçmişlə bu və ya digər şəkildə hesab çəkməyə hər an hazır vəziyyətdədir. Postmodernist romanın bir özəlliyi də sənəti oyun olaraq görməsidir. Klassik-realist romançılardan fərqli olaraq, postmodernistlər gerçəklik ilə onu anlatmanın, təsvirinin yüzdə yüz eyni olmasının vacibliyini qəbul etmirlər. Onlara görə, gerçəyin tək və mübahisəsiz bir izahı yoxdur. Ayrıca bir şəxsin və ya tək-tək şəxslərin bütün gerçəyi anlamaları mümkün deyil. Hətta əgər tək, bütün, vahid bir gerçək varsa da, hər insan bunu öz düşüncə və qavrama imkanlarına görə yorumlayıb anlaya biləcək. Beləliklə, yenə gerçəyin bir parçası bilinəcəkdir. Bütünlükdə tək bir doğru yox, bunun yerinə fərqli və parçalardan yaranan doğrular vardır. Onların fikrincə, gerçəklik deyilən şey hər insanın bir cür duyub anlada bildiklərindən başqa bir şey deyildir. Ona görə də, yazıçı romanda gerçəklik adlananı özü yaratmalı, onu özünə aid bir dillə, texnika, üslubla oxucusuna çatdırmalıdır. Bu cür romanlarda oyun oynama şüurlu bir şəkil alır və yazıçı öz uydurduqlarını, hiss etdiklərini oxucuya səhnədə oynanılan tamaşa kimi seyr etdirməyə çalışır. Postmodern romanda tarix, siyasət, fəlsəfə, sosiologiya, psixologiya kimi ünsürlər iç-içədir. Xüsusən, tarix fərqli baxımlardan şərh edilir. Postmodernist yazıçılar tarixi zəngin ədəbiyyat materialı olaraq dəyərləndirib onu yenidən “istehsal” etməyə çalışırlar. Onların fikrincə, tarixçilərin yazdığı tarix tamamilə gerçək, obyektiv bir tarix deyildir, yalnızca tarixçilərin yaratdığı özünəməxsus baxışlardan ibarət hekayələr toplusudur. Tarixə bu cür yanaşma yazıçıya “bu da mənim tariximdir” demək haqqını verir və ona hadisələrin, şəxsiyyətlərin təsvirində tarixçilərin əli çatmayan sahələrə, qəhrəmanların daxili dünyasına nüfuz etmək imkanı qazandırır. Postmodernistlər tarixi mətnləri ədəbi mətnlərə çevirməkdə çox həvəslidirlər. Kamalın romanlarında da (xüsusən “Yarımçıq əlyazma”da) tarixə belə münasibət, oxucuya mübahisəli görünsə də, ancaq onda kifayət qədər maraq doğurmuşdur. Yaxud “Unutmağa kimsə yox...”da “Nifaq alması” barədə məlum və məşhur mifoloji mətnə yazıçı öz variantını və yozumunu verir.
“Unutmağa kimsə yox...”un əsas qəhrəmanı F.Q. təbiəti etibarilə qapalı adamdır, düşüncələrini, duyğularını kənara çıxarmağı çox da sevməz, insanlarla ünsiyyətdən kənar durmağa çalışar. Əsərdə onun fəaliyyət göstərdiyi məkanlar müəyyən mənada qapalı, “dar məkanlar”dır: akademiyanın iclas salonu, Qaraağacın altı, mağara, Bəhram kişinin evi və s. Ancaq bu, ümumən, romanın məkanının “dar” olduğu anlamına gəlməməlidir. Əksinə, yazıçı yerinə görə həm açıq, həm qapalı məkan ünsüründən bolluca faydalanmışdır. Əsər mifik (Xaronun mağarası, Stik çayı), fantastik (dəvələrin yağması), sehrli(mağara) məkanlarla yanaşı, real, maddi məkanların da (Akademiyanın iclas salonu, Moskvanın küçələri, kənd sovetinin sədrinin otağı) təsviri ilə zəngindir. Əsərdə metafizik məkanlarla fiziki məkanlar bir-birini əvəzləyir. Yazıçının məkan təsvirləri bir dekor rolunu oynamır. Təbiət təsvirləri obrazların ruhi durumunu, iç dünyasını, düşüncə axarını açmaq üçündür. Məkanın ayrıntılı təsviri bəzən obrazın duyğu və düşüncələrini dərindən anlamaq üçün ipucları verir.
Əsərdəki zaman anlayışı da çoxfunksiyalıdır. Ənənəvi romançılığa görə, hadisələr zaman baxımından giriş, gəlişmə və son kimi bir düzənə tabe olmalıdır. Postmodernizmə görə isə, zaman qarışıqlığı, xaos əsasdır. “Unutmağa kimsə yox...”da hadisələr həm zaman, həm də məkan baxımından irəliyə-geriyə, dünənə (həm də ən uzaq dönəmlərə), bu günə, gələcəyə doğru uzana bilir. Romanda istənilən vaxt kəsilən, sıra ardıcıllığı pozulan bir Zaman axıb getməkdədir. Hadisələr bir andaca min il əvvələ də, bir ay öncəyə də gedə bilir, dərhal da bu günə dönüşür. F.Q.-nin Patriarxla bulvarda oturduğu vaxtı təsvir edərkən yazıçı gözlənilmədən F.Q.-nin Bəhram kişinin həyətindəki düşüncələrini nəql etməyə başlayır. Zaman və məkan içərisində bu cür sərbəstəcəsinə, asanlıqla gəzişmələr oxucunu təccübləndirmir, çaşdırmır, onda zamanın yarımçıqlığı fikrini oyatmır. Əsərdə zaman usta yazıçı əlində ayrı-ayrı kəsintiləri, dönüşləri ilə bir-birinin yanına düzülmüş, yapışdırılmış müxtəlif rəngli parçaların əmələ gətirdiyi bütöv bir mozaikaya bənzəyir. Bu romanda hadisələrin arasına girən xatirələr (həm də ayrı-ayrı obrazların), anlatmalar əsərə genişlənmiş bir zaman özəlliyi verir. Yazıçı keçmiş zamanlardan bəhs edərkən təxəyyülü, ya bədii məntiqi ilə oxucunu hansısa ideyaya, şərhə zorlamır, sadəcə təsvir edir və nəticəyə gəlməyi oxucunun öhdəsinə buraxır. Oxucu müxtəlif zaman dilimləri içərisində yaşayır, görür və nəticəyə gəlməyə çalışır: zaman nəyisə dəyişə bilibmi?
Fəsillər içərisində yarımbaşlıqların adları yazıçını da, oxucunu da yönəldir, zamanlar arasında bağ, əlaqə, məntiqi keçid tələb etmədən və onları düşünməyə zorlamadan sərbəst hərəkət etməyə imkan yaradır. Diqqət edək: “Kəndə gələli iki ay altı gün sonra. Axşama yaxın bir vaxt.” Bu başlıq özü əlaqə, keçid yaradır. Bu başlıqdan sonrakı başlığın adı “Kəndə gəldiyi birinci axşam. Mübariz kişi ilə tanışlıq...” Bu başlıqlar yazıçının asanca hadisədən-hadisəyə, zamandan-zamana, məkandan-məkana keçişini təmin edə bilir. Digər bir başlığın adı belədir: “Mübariz, Bəhram, Gülsüm (bir xeyli vaxt bundan əvvəl)”. Fikir verdinizmi, əksər başlıqlarda zaman dəqiqdir, ayına, gününə, hətta saatına qədər. Burada isə qeyri-müəyyən bir zaman var. Bu qeyri-müəyyənlik həm də adı çəkilən 3 nəfərin həyatında baş vermiş sevgi intriqalarının, məhəbbət duyğularının zamansızlığına, əbədiliyinə bir işarə deyilmi?
“Unutmağa kimsə yox...”u yaddaşın sərgüzəştləri, macəraları da hesab etmək olar. Hər şey: real aləmdə baş vermişlər də, yuxular da, xatırlananlar da yaddaş adlı sehrli bir mexanizmim ortaya tökdükləridir. Postmodernizmdə oyanıqlıq halı yerinə yuxu halı, gerçəklik yerinə qurama, ağıl vasitəsilə qəbul edilən qarşısında xəyali olan, yəni ağla uyğun olmayan daha əsasdır. Maraqlıdır ki, bu romanda qəhrəmanlar daima keçmişə yönəlik zaman içərisindədirlər. Onlar daha çox arzularla deyil, xatirələrlə yaşayırlar. Və bu xatirələr və xatırlamalar obrazların xarakterinin açılmasından daha çox ideyanın açılışına xidmətdədirlər. Məsələn, Patriarxın xatırlamaları onun xarakterinin açılışından çox ideyanın, problemin açılışına xidmət məqsədi ilə qələmə alınmışdır. Fikrimizcə, yalnızca Molla Güləlinin yuxusu əsərin məzmunu, hadisələrin inkişaf məntiqi ilə uyuşmur, ideyanın, xarakterin açılışına hər hansı yardım göstərmir. Bu səhnənin olmamasından əsər heç nə itirməzdi. Lakin bütövlükdə əsərdəki az qala bütün xatirələri, rəvayətləri, qeydləri “quru-quru quraşdırmalar”, “cəfəng fərziyyəbazlıq assosiyası” adlandırmaq, “təsvir olunan hadisələrin sistemləşməsindəki qeyri-profesionallıq, nizamsızlıq mövzu və ideyanı normal təfəkkür, ədəbi-estetik idrak intellekti ilə qavramağa hər addımda mane olur. Mola Güləlinin Zevs, Poseydon, Hera və başqaları haqqındakı rəvayəti, dəvə və şir yağışı, güllütuman qızlarla bağlı təsvir, Patriarxla söhbətlər, baba və nəvə əhvalatı, F.Q.-nin fəlsəfi düşüncələri və əvvəlki hadisələrin təkrarı olan gündəlikdəki qeydləri, Afaqın “ifritə anası” ilə bağlı söhbətlər, mağaranın “qapqara təkər boyda şara bənzər” ruhu, Əliqumral yüzbaşı nağılı və s. bu kimi onlarla süjetqarışdıran, oxucu ilə müəllif arasında tikanlı məftilə çevrilən xaotiklik nə ənənəyə, nə də novatorluq (postmodernlik) adına yozulması halətdə deyil” (İ. Musayeva) kimi iradlar elmi-nəzəri yanaşma deyil, postmodernizmin prinsiplərinə etinasız yanaşmadan doğan mülahizələrdir. Axı, postmodernizmdə “romanın gerçəyin və gerçəkliyin xaricində bir qurama olduğu önə çıxarılır.” (N. Çətin) Postmodernistlər həyata və dünyaya bir xaos yuvası olaraq baxdıqları üçün bunu yazı forması və texnikasında da əks etdirirlər. Ənənəvi forma , sistemli, nizamlı yazı texnikası yerinə xaosu əks etdirmək üçün düzənsiz və qarmaqarışıq bir forma və üslub qaydaları ortaya qoyurlar. Buna görə də içində yaşadığımız dünyaya alternativ dünyalar çıxarırlar. Oxucusunu dediklərinə inandırmaq üçün mifologiyaya, nağıllara, tarixi hadisələrə, əfsanələrə, fantaziyaya geniş yer verirlər. Postmodernist romanda qəti və bəlli zaman ölçüləri yerinə sərhədləri bilinməyən, fərdi zaman anlayışı yayğındır. Yalnızca bəlli məkanlar deyil, hər cür məkanlar qarmaqarışıq bir şəkildə təsvir edilir. Məkanlar arasında məntiqi bir əlaqə axtarılmır. Romandakı insanların duyğu və düşüncələri verilərkən, məntiqiliyə çox da diqqət yetirilmir, bir-birindən qopuq və əlaqəsiz hadisə, duyğu və düşüncələr dağınıq bir şəkildə qələmə alınır. Kamalın romanında da insanlar cismən bir məkanda olduğu halda, xəyalən əlaqəsiz zaman və məkanlarda ola bilir. Əsərdə gerçək dünya məkanları ilə xəyali dünya məkanları yan yanadır. Ona görə də, Bəhram kişi ilə F.Q-nin eyni yuxunu görmə hadisəsinin özünü doğrultmadığını “tutalğasız təsir bağışlayır, burada həyati və psixoloji fakt əksini tapa bilmədiyindən...” (E. Akimova) kimi mülahizələrlə əsaslandırmaq cəhdi postmodernizmin tələblərini nəzərə almamaqdan yaranır. Postmodernist “tək bir gerçək, tək bir yorum yerinə çoxlu gerçək və yorum vardır” düşüncəsiylə hərəkət etməyə üstünlük verir. Bu cərəyana mənsub yazıçılar nizama, gerçəklik kimi qələmə verilənlərə qarşı sayğısızdır. Postmodernist estetikaya görə, yağışlar aşağıdan yuxarıya dogru da yağa bilər, göydən yağış yerinə dəvə də, şir də tökülə bilər, iki adam eyni yuxunu da görə bilər...və həmin estetikanın tələblərinə görə bütün bu qeyri-adiliklər təəccüb doğurmamalıdır. Postmodernistin öz gerçəkliyi var və əsərlərində oxucunu öz yaratdığı gerçəkliyə inandırmaq istəyir. Yazıçının ustalığı bu zaman ortaya çıxır: o, oxucusunu inandırmağa borcludur. K. Abdulla oxucusunu inandıra bilir.
Postmodernistlər təbiətdə bir nizam olduğunu, insan ağlının bu nizamı kəşf edərək xoşbəxtliyə yönəldəcəyi barədə inamı rədd edirlər. Əvvəldə də demişdik, postmodernistlərdə bir xaos düşüncəsi hakimdir. Kamalın romanında da insanlar, xüsusən F.Q. qarşısı alınmaz bir istəklə möhtəşəm Ahəngə qovuşmaq həsrəti ilə çırpınırlar. Tənqidçilərin də tez-tez vurğuladığı “möhtəşəm Ahəng” əsərdə, əslində yoxdur. Olsa-olsa, illuziya yarana bilər ki, möhtəşəm Ahəngə qovuşulub. Romanda bunu təsdiq edəcək kifayət qədər faktlar var. F.Q. nə qədər arzu etsə, axtarsa da, həsrətində olduğu möhtəşəm Ahəngi tapa bilmir. Daha doğrusu, möhtəşəm Ahəngi tapdığını zənn etsə də, əslində, o, yoxdur, F.Q.-nin düşüncəsindəki Möhtəşəm ahəng isə gerçək deyildir: Sevgilisinin sevgisi o deyil, Yazı düz oxunmayıb və s. Möhtəşəm Ahəng qəhrəmanı aldadıb! Romandakı cümlələrə fikir verək: “Su, Yazı, Dağ, Mağara, Ağac, Köpək və Qadın. Hərdən onların hamısı bir-birinin yanında, bir-birinin içində mənə Möhtəşəm Ahəngi xatırladır, hərdən də yox. Möhtəşəm Ahəng!... Onu axtarmaq əbəs imiş. Özünü sənin yuxuna, xəyalına sala bilər-bu qədər. Öz varlığına, bütün hər şeyin cəmi olduğuna iddia edə bilər-amma! Hər şey necə də sadədən sadə imiş. O qədər sadə ki, gözə də görükmür. Gözə görükməyənsə, deməli, yoxdur! Mənsə ona inanmışdım. İndi artıq mən dəqiq bilirəm: Möhtəşəm Ahəng məni aldadıb.” (səh. 514)
Həyata, arzulara, tarixə, müqəddəs bilinən dəyərlərə ironik bir münasibət sərgiləmək postmodernizmin özəlliklərindən biridir. “Unutmağa kimsə yox...”da bu ironiyanı istər Akademiyadkı iclasları təsvir edərkən, istərsə də F.Q.-nin həyata, insanlara, elmi yozumlara münasibətində sezmək mümkündür. Bizim acgöz bir həsrətlə axtardığımız, təsəvvürümüzdə ala-bula bir mürəkkəbliyini cızdığımız böyük mənalar, bəlkə də əslində sadə şeylərdə imiş. Çiçəkli yazı kimi: şəkli mürəkkəb, məzmunu isə sadə və aydın. Əsərin sonluğunun gözlənildiyindən sadə, pafossuz bir sonluqla bitməsi, Çiçəkli yazıdan gurultu qopara biləcək elmi kəşf gözləntisinin yerinə sadə (həm də verilmiş yanlış açarın sonucu kimi ortaya çıxan) bir sevgi məktubunun ortaya çıxması yazıçının ironiyasının parlaq təzahürüdür.
Kamalın bu romanı bizim epik təhkiyə tərzinə yeni elementlər gətirib. Əsərdəki təsvir genişliyi, hadisələrin çoxzamanlılığı və çoxməkanlılığı əsl kinossenari təəssüratı yaradır. Təsvirlərdəki görümlülük, başlıqların oxucunun nəzərlərini birbaşa konkret hadisə, zaman və məkana fokuslaması hər tərəfə yönələ bilən bir kamera effekti yaradır.
Postmodern romançı özünü ümumilikdə bir topluluq, qrup, dəstə içində görməkdən qaçır. Hər romançı özünə aid bir anlayış və yazı texnikası yaratmağa, kimsəyə bənzəməməyə çalışır. Xüsusən, dil oyunlarını sevir, dilin əks etdirici yox, yaradıcı bir alət olduğu düçüncəsini əsas götürərək maraqlı, adət etdiyimiz qrammatik quruluşdan, söz sırasından fərqli olan mətn ortaya qoymaqdan ləzzət alırlar. Kamalın bu romanında da belə maraqlı dil oyunları ilə sıx şəkildə qarşılaşırıq. Bir parçaya diqqət edək: “Çiçəkli yazı ilə bağlı ümidverici (hətta fantastik!) fikirlər gəlib qəlbinə, ruhuna hakim olduqca bu biri tərəfdən sevgilisi Afaqla iki ay əvvəlki son söhbətinin acısını özü bilərəkdən unutmamağa, söhbətin bütün təfərrüatlarını bircə-bircə, yeri gəldi gəlmədi yadına salmağa çalışırdı, beynində canlandırmağa cəhd edirdi, bunun üçün, əslində, xüsusi olaraq çalışmaq da lazım deyildi, heç nə onsuz da unudulmamışdı; nəsə yadından çıxmağa bir “namizəd” söz, cümlə, olurdusa, zorla, müsibətlə, ehtirasla bunun qarşısını alır, həmən sözü, jesti, qaytarib o məqamın içinə qoyur, yenidən məqamın yerini beynində möhkəmlədir, özünə zülm edə-edə, elə bil, bundan həm də gizli bir güc (bəlkə-zövq?) alırdı-bir tərəfdən özünə əzab verə-verə güc itirir, o biri tərəfdən yenə də özünə əzab verə-verə haradansa güc alırdı” (s. 39). Kitab səhifəsinin tən yarısını tutan cümlədə oxucunun nəfəsi (elə yazıçının da) təngimir, hər şeyi rahatca, bölə-bölə oxuyursan. Yazıçının mötərizələr arası qeydləri bəzən təsdiqləyici, izah edicidirsə, bəzən də oxucunu qabaqlayaraq (qabaqdangəlmişlik edərək) özü sual verir, şübhə edir, ehtimal irəli sürür. Yazar sanki öz yazdığına oxucunun şübhə edəcəyini görüb, həmin şübhəni özü dilə gətirir. Müəllif oxucusu ilə sanki üz-üzə oturub düşüncələrini onunla müzakirə edir, oxucunu yazdıqlarına həmmüəllif seçir. Romanda anlamaq probleminin zəhməti daha çox oxucunun üzərinə qoyulur. T. Hacıyev romanın dil özəlliklərindən danışarkən yazıçının mətn sintaksisində özünəməxsus sistemlər, qəliblər yaratdığını deyir. Dilçi alimin müşahidəsi ilə tam razı olduğumuz üçün yazdığını burada təkrarlamağı uyğun bildim: “Bunlardan biri qoyduğu sualı özünün təsdiq və ya inkar etdiyi üslub qəlibidir. Məsələn, belə: “Nə deyirsən, kişinin başağrısı keçmədimi, keçdi, gözlərinə işıq gəlmədimi, gəldi”. Bu qəlib sistem təşkil edir: yada düşmədimi, yada düşdü; yadından çıxarmı, çıxmaz; unutdumu, unutmadı; gözünün qarşısında gəlib durmadımı, gəlib durdu; özünü ortalığa dürtmədimi, dürtdü; ağzı açıq qalmadımı, qaldı; ürəyinin başında bitmədimi, bitdi və s. Bu qəlib musiqidəki nəqarət kimi mətləbi döyəcləyir, cümlənin üslubuna duz səpir. Bu sintaktik “mənzərə” ilə daha bol şəkildə “Sehrbazlar dərəsində” rastlaşmışdıq.” Tamamilə doğru olan bu müşahidədə razı olmadığım bircə məqam var. Məncə, “Yarımçıq əlyazma”da özünü doğruldan, mətndə qərib görünməyən bu qəlib “Unutmağa kimsə yox...” romanında özünü doğrultmur, bəzi məqamlarda süni səslənir, təkrarçılıq təsiri bağışlayır. Yəqin ki, yazıçının iki əsər arasındakı bağlılığı göstərmək məqsədi ilə işlətdiyi bu fəndə, məncə, heç bir ehtiyac duyulmur.
Tənqidçi İ. Musayeva əsərin dilində olan nöqsanlara haqlı iradlar tutub. Biz də bu nöqsanların sayını artıra bilərik. “Bəhram kişi arı yuvasına əlavə heç nə qatmazdı” (s.38) Arının yuvasına yox, çəkəcəyi şirəyə nəsə qatarlar! “...bir təhər özünü bayıra salandan yalnız sonra ürəyi yerinə gəldi (s.77). “Yalnız” sözünün artıq olduğu, ya da “bir” ədatından əvvəl işlənməli olduğu göz qarşısındadır. “Atası çoban olsa da, savadsız, amma ağıllı adam idi” (s.86) Çobanın savadlısını kim görüb ki? Bu cür qüsurların sayını artırmaq da olardı. Ancaq bu qüsurlar asanlıqla aradan qaldırıla bilər, onlar bütünlükdə əsərin maraqlı dil özəlliklərini və gözəlliklərini gözdən sala bilməz.
Əsərdən bəhs edən tənqidçilər də, yazıçının özü də bu əsərlə trilogiyanın bitdiyini, çevrənin qapandığını söyləyirlər. Məncə, yazıçının Möhtəşəm Ahəng axtarışları bitməyib, heç F.Q.-nin də Çiçəkli yazını oxumaq çabası bitməyib. O, bu və ya başqa bir şəkildə yenidən ortaya gələcək. Bu, necə baş verəcək? Hansısa paralel dünyadamı, F.Q.-nin bitib-tükənməz elmi axtarış ehtirasının sonucundamı, ya Möhtəşəm Ahəngə qovuşmaq arzusunun növbəti axtarışlarındamı, demək çətindir, ancaq baş verəcəyi şübhəsizdir. Möhtəşəm Ahəngin yeni zaman və məkanında görüşənədək!
Vurğun ƏYYUB



Bu yazı ( 223 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar