12px14px16px18px

Torpaq

Fikrət SADIQ
00:43 / 01.03.2012
(İkinci şeir)

lll
Torpaq – Torpaq deyil, Top-Topraq imiş.
Top kimi, bənzəyir Günəşə, Aya.
Sağ yanında oğul, sol yanında qız,
Qucağında nəvə-möhtəşəm qaya!
lll
Topraq dəmir deyil, deyil polad da.
Anadır, di gəl ki, mülayim deyil.
Millətin anası – qadir, kövrək, mərd!
O fağır, o müti Gülayım deyil.
lll
Topraq gen-genişlik, ucsuz-bucaqsız.
O köklü-köməcli, qollu-budaqlı!
Üstündə parıldar çaylar, dənizlər.
O dərin dərəli, o uca dağlı!
lll
Topraq – zəngin meşə, barlı ağaclar.
Sünbüllü zəmilər, baxça-bağ deyil.
Gör, necə oxşayır qoğala – topraq.
Çörəyi yoxdursa o Topraq deyil.
lll
Topraq – təkcə neft-qaz, qızıl deyil ki,
O duracaq yeri, canlı hayatdır.
O səni yaşadan kənddir, şəhərdir.
Ümid yollarında sənə qanaddır.
lll
Topraq parça-parça, yarpaq-yarpaqdır,
Amma ki, bütövdür yer-yer olsa da.
Yaxında, uzaqda xeyli topraq var,
Qürbət də topraqdır, qürbət dadmasa!
lll
Başı bəlalıdır, topraq – Ananın,
Ananı çətinə düşəndə sına.
Qonşular dinc durmur, Qarabağ hanı?
Həmişə oğluna möhtacdı – Ana.
lll
Bir çimdik toprağı, Vətəndir o da!
Doğmadır torpaqda cücərib bitən.
Bu yer kürəsində azad, müstəqil,
Ən ülvi məkanım, əzizim Vətən!
lll
Göz açıb gələndən səcdə qılırıq,
Sadiqik Vətənə – ulu məbədə.
Övladı toprağa əsirgəməz can.
Bayrağı göylərdən enməz, nəbadə!
2012

Yenə Təbriz düşdü yada
Bakıdan Təbrizə təyyarə uçur
Təbriz səni bir də görsəm,
Ərkə-ərkə salam versəm.
Bir hücrəndə ömür sürsəm
Heç nə ummaram dünyadan,
Yenə Təbriz düşdü yada.

Məğrurdu Saat meydanı,
Evlərin sıra eyvanı.
Zanbaq açıbdı dörd yanı,
Uzaq ol, dərddən-bəladan,
Yenə Təbriz düşdü yada.

Sehirlidir boxçaların,
Ruzilidir taxçaların.
Sarmaşıqlı baxçaların
Əlvan-əlvan, ada-ada,
Yenə Təbriz düşdü, yada.
Ağacını, yarpağını,
Mərd igidlər torpağını.
Səttarxanın papağını.
Tutiyə bilib, qoru yaddan,
Yenə Təbriz düşdü yada.

Şərqin səhəri – dan yeri,
Günəş sacağının zəri.
Ta qədimdən türk şəhəri;
Həm abidə – həm abadan,
Yenə Təbriz düşdü yada.

Uca, qayım oba-elli,
Küçələri qızıl-güllü.
Şəkər sözlü, şirin dilli.
Alnı açıq, qəlbi xəndan,
Yenə Təbriz düşdü yada.

Təbrizilər birər-birər,
Hər bir misli-hünər.
Şeir inci, şeir-gövhər.
Gün bərq vurdu misralardan,
Yenə Təbriz düşdü yada.

Həsrətəm zərif şeirinə,
Ərzdə – sözdən yaşarı nə?
Şəhriyarın əşarına
Bahar səpildi səmadan,
Yenə Təbriz düşdü yada.

Tarixin aydın aynası.
Səsi ərşə dayanası.
Hayqırsa xalq oyanası,
Azadlıqdı əks-sədan,
Yenə Təbriz düşdü yada.

Nələr çəkdin, cəbri burda,
Millətimin səbri burda.
Xaqaninin qəbri burda,
Nişanə varmı Bahar1dan?
Yenə Təbriz düşdü yada.

Təbrizdə Sultan Məhəmməd,
Rəsmə gətirdi təzə xətt,
Göylərə ucaldı sənət,
Yerdə tapılan butadan.
Yenə Təbriz düşdü yada.

Eyni göz-qaş, eyni dağ-daş,
Gözündə yaş-gözümdə yaş.
Indi orda olaydım kaş,
Xali hər xata-qadadan,
Yenə Təbriz düşdü yada.
Yanvar, 2012


AFƏRİN
Evrovision – 2011
ANS – ilin adamı – 2011

Afərin, ya Nigar Camal!
Qan birdirsə – birdir amal.
Əlində al türk bayrağı
Düşməni elədin pamal.

Türk olan, belə Türk olar.
Əməli elə görk olar.
Uğuru (-) başucalığı,
Ərki dünyaya ərk olar.

Qayıt öz kökünə qayıt!
Ayılt, yatmışları ayılt!
Qoy, qədim türk xislətində
Ya cəsarət qalsın, ya xılt.
May – 2011
Yanvar – 2012

Dördlüklər

Fevral

Hər il fevral gələndə Xocalını qar alır
Dərd üstünə su səpməkdir qarın fikri qərarı.
Zülm ilə çıxarılmış göz yeridir, elə bil,
Dörd tərəf ağ ortada dibsiz oyuq qaralır.

Xocalı

Qarabağın bağrına çəkilmiş dağ – Xocalı,
Bu dərə-dağ içində, dərdli torpaq – Xocalı.
Özü boyda bir ağız, ağız dolusu – fəryad,
Yaz gəlib, bəri başdan sarı yarpaq – Xocalı.
2007-2009
Seyirçilər

Sağda yoxdur, solda yoxdur
Ortada var – seyirçilər.
Külək əsər, yağış çilər
Durub baxar – seyirçilər.

Dili var – lal, gözü var – kor,
Eşidən kar – seyirçilər.
Orda-burda işləsə də
İşsiz, bekar seyirçilər.

Gör necə də tapışıblar,
Dayanıblar sıra-sıra.
Başqa adam düşə bilməz,
Bunların sıx sırasına.

Yaz, yay, payız, qış – dörd fəsil,
Onlara hər fəsil – bir il.
Hətta illər keçsə də lap,
Onlar heç dəyişən deyil.

El dərdinə biganələr,
Özünü düşünən fərdlər.
Onlar sakit seyr etdikcə,
Günü-gündən artır dərdlər.

Dağ uçulur qəlpə-qəlpə
Göydən daş yağır – baxırlar.
Baxanlara baxa-baxa,
Paslanıb qalır paxıllar.

Seyirçilər kimdir, axı,
Mənmi, sənmi onlarmı ya?
Seyirçilər tərpənməsə
Düzəlməz bu yalan dünya.

Dünya – Nuhdan qalan dünya,
Doğru, doğma olub nə vaxt?
Əsrlərcə – insan aciz,
Nahaqq qoymur göz açsın haqq!
Mart , 2011

Bir cürlər...

Lüğətdə insan – insandır,
Amma, arada
bir cürləri də var.

Və bu bir cürlər
Bütün azadlıqları
bizim əynimizə olçüb,
öz əyinlərinə biçirlər.
Oktyabr, 2011

Bu dünya

Bu dünya bir bilməcədir,
Gəl, yaşa, gör, bil necədir.
Yaxşı günü ağlamalı,
Yaman günü zil gecədir.
Oktyabr, 2011

Gün çıx – gün bat

Harda olsam
dan söküləndə,
gün doğulanda,
Mən də yenidən
dünyaya gəlirəm elə bil.
İllah da ki,
dağın dalından boylana,
dənizin dibindən çıxa.

Harda olsam,
şər qarışanda,
gün batanda.
Mən də birdən-birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki,
dağın dalında gizlənə
dənizin dibində bata.
Oktyabr, 2011

İki adama bir şeir

Çox da sevinmə ki,
Mən gedirəm,
sən qalırsan.
Əbədi qala
bilməz ki, insan.
Düzdür,
bir müddət hardasa
ayrı düşəcəyik.
Amma gedəcəyimiz
yer birdir.
Orda görüşəcəyik
Orda hamı bərabərdir.
2010


Fikrət SADIQ


Bu yazı ( 195 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar