12px14px16px18px

Boğulan kitabların fəryadı

Furqan SADIQ
00:39 / 01.03.2012
Yaxşı yadımdadır, 4- 5 yaşım olanda babam bu cümləni təkrar- təkrar deməklə mənə əzbərlətmişdi:
– Kitab bilik mənbəyidir!
Bəlkə də heç onda “bilik” nə deməkdir, bilmirdim...
Və “kitab bilik mənbəyidir” deyə-deyə evdəki kitabları cırıb şikəst etdiyimi görən babam daha bir cümlə əlavə etmişdi:
– Kitab bilik mənbəyidir! Kitabı cırmaq olmaz!
Mən də təkrar edirdim:
– Kitab bilik mənbəyidir! Kitabı cırmaq olmaz!
Nə biləydim ki, təkrarlayıb əzbərlədiyim bu iki cümlə mənim əleyhimə işləyəcək...
Babam soruşurdu:
– Kitab nədir?
– Kitab bilik mənbəyidir!- cavab verirdim...
– Kitabı cırmaq olar?
– Kitabı cırmaq olmaz! – mən deyirdim...
– Bəs sən niyə cırırsan?
Hə, bax, mən burda ilişirdim...
lll
Uşaqlıqdan kitabların içində böyümüşəm. Məcburən mənə nağıl, hekayə oxudurdular ki, danışıq qabiliyyətim düzəlsin...
Kiçik yaşlarımda nə qədər kitab oxumağa nifrət etmişəmsə yaşım artdıqca bu nifrət öləziyib və yerini sevgiyə verib. Və mən təxminən 12- 13 yaşlarımdan başlamışam povest, roman oxumağa.Oxuduqca kitablara daha çox bağlanmışam, kitablara bağlandıqca isə bir daha onlardan qopub ayrıla bilməmişəm...
Allah eləməsin...
lll
Özümü tərifləmək olmasın, kitabxanalara tez- tez gedirəm. Hər dəfə gedəndə kitabların arasından çıxmaq çox çətin olur. Bu sualı isə mütləq hər dəfə kitabxanaçıya verməliyəm:
– Təzə kitab gəlməyib?
“Yox” cavabı alsam, Aşıq Ələsgər demiş, qol-qanadım qırılıb yanıma düşür...
lll
Kitabxanalara gedənlərin sayı çox azdır. Çox az deyərkən, yəni sıfır dərəcəsində... Sıfır deyib insafsızlıq etmiş olaram, sıfırdan təxminən milyonda bir qədər çox...
Müasir gənclər az qala “kitabxana” sözünü öz lüğətlərindən siliblər.Əgər bir binada həm kitabxana, həm də internetklub olsa və həmin binaya daxil olanların sayı min olsa onlardan üçü kitabxanaya ya girəcək, ya da girməyəcək. Bu qədər acınacaqlı bir vəziyyət...
lll
Kitabxanalarda isə daha acınacaqlı bir vəziyyət var. Bu yaxınlarda axtardığım bir kitabı tapıncaya qədər az qala boğulmuşdum. Köhnə kitablara əl vuran kimi havaya qalxıb ərköyüncəsinə oynayan toz zərrəcikləri pəncərədən düşən Günəş şüasında görünərək lap adamı qorxuya salır. Və adamın orda işləyənlərə yazığı gəlir...
Təzə kitablar köhnələrə baxaraq lovğalanır – toz altda boğulmadıqlarına görə. Və mən də onlara baxaraq ürəyimdə deyirəm: “Heç darıxmayın, sizin də vaxtınıza çox qalmayıb, bir azdan toz sizin də yorğanınıza çevriləcək. Siz də yavaş-yavaş həmin toz altda boğulacaqsınız. Sizi oxuyaraq diriltmək o yana qalsın, heç gözünün ucuyla da baxan olmayacaq...
lll
Kitabxanadan çıxandan sonra qaldığım binanın yerləşdiyi tərəfə gedə-gedə ətrafdakı gəncləri seyr edirəm. Nə bilim, qulağına qulaqcıq taxaraq dinlədiyi mahnıya uyğun bədənini oynadan kim, gözlərini telefon ekranına zilləyib oynadığı oyunda qazandığı bala görə sevinən kim... Əllərində qəzet-kitab tutan gənclər yağlı əppəyə dönüb, qəhətə çıxıblar...Görəsən, biz belə hara gedirik?! Və hara getdiyimizi bilməyə- bilməyə niyə gedirik?!
lll
Diqqətlə baxsaq fikir,düşüncə və beyinlərin “toz altdaq yatıb korşaldığını” görürük. Amma nədənsə o “tozu” silməyə cəhd etmirik.Bəlkə də o “tozu” silməyi bacarmırıq. Elədi?! Onda diqqətlə qulaq asın, mən deyim:
– Nə qədər ki, kitabxanalarımızdakı kitablar toz altda boğulacaq, beyinlərimizin “toz qatı” da getdikcə qalınlaşacaq. Əgər, beynimizin “tozunu” silmək istəyiriksə əvvəlcə kitabxanalardakı kitabların tozunu silməliyik... Eşitdinizmi? Həəə?!
lll
Babamın sözü yadıma düşür:
– Kitab nədir?
Mən də babamın əzbərlətdiyi cümləni sualına cavab kimi özünə qaytarıram:
– Kitab bilik mənbəyidir...

Furqan SADIQ
[email protected]





Bu yazı ( 356 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar