12px14px16px18px

Ürəyimizin ağrısı – Xocalı

Elmira AXUNDOVA
15:23 / 25.02.2012
Bir sıra Avropa dövlətləri tərəfindən həyata keçirilən ikili siyasət standartlarını açıq-aşkar nümayiş etdirən Fransanın qəbul etdiyi müvafiq qanun layihəsi həmvətənlərimi çox hiddətləndirdi. Prinsip etibarı ilə Azərbaycanlılar bu siyasətə çoxdan alışmışlar. Artıq 20 ildir ki, sivil dünya birliyi Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüzün dəhşətli nəticələrini görməməyə üstünlük verir: işğal olunmuş onlarla rayon, dağıdılmış yüzlərlə kənd və qəsəbə, öz doğma ocağından zorla qovulmuş bir milyona yaxın insan.Və Dağlıq Qarabağın etnik təmizlənməsinin apofeozu – 7 minlik əhalisi olan Xocalı şəhərinin yerlə yeksan edilməsi. Eyni zamanda Osmanlı imperiyasında yüz il bundan qabaq baş verən çox qəliz tarixi hadisələr hər yerdə yad olunur və siyasi konyukturaya uyğun şərh edilir.
Xocalı – bizim qanayan yaramızdır. Xocalı qətliamından sonra həyatda sevinmək çox çətindir – axı ömrümüzün sonuna qədər 1992-ci ilin dəhşətli fevral gecəsində eybəcər hala salınmış uşaqların cəsədləri və gənc anasının sinəsində süngüyə keçirilmiş iki aylıq körpənin xatirəsi bizi izləyəcək.
Azərbaycanlı junalistlərin ardınca dinc əhalinin kütləvi şəkildə güllələndiyi yerdə olan İngiltərənin “Frant Layn Nyus” teleşirkətinin müxbiri Rori Patriks yazırdı: “Xocalıda baş vermiş cinayətə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Yəni Xocalı elə suayrıcı oldu ki, məhz ondan sonra qanlı Qarabağ marafonunun təşkilatçılarının əsl məqsədi üzə çıxdı və beynəlxalq fikir Azərbaycanın haqlı mövqeyinin xeyrinə dəyişdi.

Kim günahkardır?

Həmin vaxtlar nə rəsmi orqanlar, nə də 1992-ci ildə Ayaz Mütəllibovun komandasını əvəz etmiş Azərbaycan müxalifətinin liderləri Xocalı şəhərinin dağıdılmasında və əhalisinin güllələnməsində 366-cı motoatıcı alayın hərbi qulluqçularının iştirakı üzrə araşdırmanın yekunlaşdırılmasına nail ola bilmədilər. Baxmayaraq ki, həm jurnalistlər, həm də istintaq qrupu tərəfindən 366-cı rus alayının bu faciəvi hadisələrdə əsas rol oynadığı barədə onlarca, yüzlərcə təkzibolunmaz faktlar toplanmışdı. Rus hərbi birləşmələrinin Erməni-Azərbaycan münaqişəsində iştirakı haqqında ilk olaraq Moskva jurnalistlərinin yazması çox əhəmiyyətli idi. Onlar acı həqiqətin Rusiya və beynəlxalq ictimaiyyətə çatdırılmasında öz Azərbaycanlı həmkarlarına çox kömək etdilər. Məsələn, rus hərbi birləşmələrinin Qarabağdakı yalançi “neytrallığı” haqqında “İzvestiya” qəzetinin jurnalisti Vadim Belıx o vaxtı belə yazırdı:
“1991-ci ilin oktyabrından etibarən gecələr alaydan döyüş növbəsinə getməyə başladılar. Amma yalnızca zabitlər və köhnə qulluqçular, əsasən də mexaniklər-sürücülər, bəzən də atıcılar”. BMP-lərdə, tanklarda, özləri ilə top da götürürdülər. Səhərləri içkili vəziyyətdə və bütün hərbi sursat istifadə olunmuş şəkildə qayıdırdılar. Əsgərlər söyləyirdilər ki, onlar əvvəlcə erməni boyevikləri ilə birlikdə içirdilər, sonra da onların göstərişi ilə Azərbaycan kəndlərinə gedərək atəş açırdılar... Bax MDB ordusununu “neytrallığı” bu idi. Bundan əlavə erməni hərbi birləşmələrinin hücumuna atəşlə dəstək verməklə 366-cı alayın hərbi texnikasının Xocalıya hücumda həlledici rol oynaması barədə də xeyli sübutlar var” (“İzvestiya” 14 mart 1992-ci il).
Bəli, 366-cı alayın şəxsi heyəti Qarabağdan çıxarıldı, amma bütün hərbi texnikası və sursatı orda qalmaqla “Arsaxın milli qurtuluş” ordusuna xidmət etməkdə davam etdi. Hələ zamanında Zaqafqaziya hərbi dairəsinin komandanının müavini general Beppayev Qarabağda dislokasiya olunmuş rus alayının tərkibində ermənilərin xidmət etməsini “yanlış” adlandırmışdı. Nədənsə bu yanlış hələ də davam etməkdədir. Hər bir halda bu günün özündə rus hərbçiləri inkar etmirlər ki, Ermənistandakı rus hərbi bazalarının şəxsi heyətinin 70-80 faizi ermənilərdən təşkil olunub. Halbuki bu bazalar mütəmadi olaraq Rusiya Müdafiə Nazirliyi tərəfindən müasir hərbi texnika ilə möhkəmləndirilir və gücləndirilir. Və nəticə olaraq nə vaxtsa Ermənistandakı hərbi bazaların ləğv edilməsi məsələsi ortaya çıxsa, 1992-ci ildə olduğu kimi 366-cı alaya aid hərbi texnikanın heç birinin Dağlıq Qarabağı tərk etmədiyinə bənzər bir vəziyyət təkrarlanacaq. Və necə əmin ola bilərik ki, bu rus bazalarının zabit və əsgərləri müharibə başlasa sabah yenə də ermənilərlə birlikdə bizə qarşı silah işlətməyəcəklər?
Həmin vaxtlar dəfələrlə Azərbaycana təşrif buyuran xarici KİV nümayəndələrinin aktivliyi sayəsində biz informasiya blokadasını qıra bildik. Dünyanın müxtəlif yerlərindəki dostlar vasitəsi ilə Xocalıdakı faciəni dünyaya duyura bildik. Böyük Britaniyadan olan jurnalist Anatol Levenin obyektiv müşahidəsi “Tayms” jurnalının 1992-ci ilin mart sayında dərc olundu. Martın 1-də “Sandi Tayms” qəzetində Tomas Qoltsun məqaləsi, “İzvestiya”nın müxbiri Vadim Belıxın “Qan və göz yaşı qatarı” yazısı, Litva jurnalisti Riçardas Lapaytisin şahidliyi və bir çoxları.
Həmin günlərdə bizə ən çox bir-birinin ardınca Bakıya gələn türk jurnalistlər kömək edirdilər. Biz onlara baş vermiş soyqırım haqqında danışır, faktları və şahidlərin ifadələrini çatdırırdıq. Onlar da öz növbələrində bu məlumatları dünyaya yayırdılar. Onlara təşəkkür edirik !
Lakin 366-cı rus alayının nə əsgərləri, nə də zabitləri Xocalı soyqırımının başlıca günahkarları deyildilər. Onlar sadəcə olaraq “DQR özünümüdafiə qüvvələr Komitəsi”nin liderlərinin planlaşdırdığı və həyata keçirdiyi cinayətkar aksiyanın sıravi iştirakçıları idilər. Bu mövzu ilə bağlı çox dəqiq və aydın şəkildə akademik Ramiz Mehdiyev özünün “Gorus-2010: absurd teatr mövsümü” məqaləsində qeyd etmişdir:
“Ermənistan prezidenti Serj Sarkisyan... 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuşdur”.
Prinsip etibarilə erməni hərbçilərinin keçmiş rəhbəri, indi isə Ermənistanın prezidenti olan Sarkisyan Azərbaycanın mülki əhaliyə qarşı törədilən qanlı aksiyalardakı iştirakını elə də gizlətmir. Hətta düşünürəm ki, o özünün bu “qəhrəmanlıqları” ilə fəxr də edir. Məsələn, “Qara bağ” kitabının müəllifi, ingilis jurnalist Tom de Vaal Xocalının ələ keçirilməsi ilə bağlı Serj Sarkisyana sual verdikdə o, belə cavab vermişdi: “Biz bu barədə ucadan danışmağa üstünlük vermirik”. Amma daha sonra fəxrlə əlavə etdi: “Mən düşünürəm ki, əsas məsələ başqa şeydə idi. Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar. Onlar belə hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmayacaq. Biz bu stereotipi qırmağı bacardıq”. Deyilənlərin mənasına fikri yönəltməklə Tom de Vaal yazır: “Sarkisyanın qiymətləndirməsi məcbur edir ki, Qarabağ müharibəsindəki qəddar qırğına başqa tərəfdən nəzər salaq. İstisna deyil ki, bu kütləvi qırğınlar qəsdən törədilmiş hədə-qorxu aktı idi”.

Nə etməli?

Bu gün Xocalıda ölənlərin və əzab görənlərin külü ürəklərimizdə döyünür. O, bizə rahat olmağa imkan vermir. Azərbaycan diasporasının nümayəndələri bütün dünyada Xocalı ilə bağlı izdihamlı yürüşlər və mitinqlər keçirir, sənədli materiallar, kino və videolentləri yayırlar. Rusiyadakı Azərbaycan gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” adlı ümumdünya kompaniyası təşkil etmişdir. Bu kompaniyanın saytının təqdimatı, “Xocalıya aparan yol” filminin nümayişi və bənzəri tədbirlər dünyanın qırxdan çox paytaxt və nəhəng şəhərlərində, onlarla aparıcı universitetlərində keçirilmişdir.
Düşünürəm ki, ümumiyyətlə cinayətkarların aşkarlanması və cəzalandırılması üçün hamı aktivlik göstərməlidir. Səfirliklər, diaspora nümayəndələri fəaliyyətlərini daha da artırmalıdırlar. Milli Təhlükəsizlik Nazirliyi, Hərbi Prokurorluq baş verən qırğınlarla bağlı sənədləri toplamalı, beynəlxalq məhkəmələrə müraciət edilməlidir. İnanıram ki, bu qanlı hadisələrin günahkarları haçansa məhkəmə qarşısında duracaq və beynəlxalq hüquq normaları çərçivəsində törətdikləri əməllərə görə cavab verəcəklər.
Təklif edərdim ki, nəinki Xocalı, həmçinin XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilmiş bütün qanlı olaylarda həyatlarını itirənlərin xatirəsinə Soyqırım Muzeyi yaradılsın. Bu hadisələr barədə ətraflı məlumat, ölənlərin adları, bioqrafiyaları, ailələri haqqında bilgilər bu muzeydə toplansın. Xatirə kitabı dərc olunaraq bu qurbanların xatirəsi əbədiləşdirilsin.
İşğalçı tərəfindən ələ keçirilmiş torpaqların qaytarılmasına gəldikdə isə bildirirəm ki, bütün Azərbaycan xalqı ölkənin Prezidenti cənab İlham Əliyevlə həmrəydir. O, dəfələrlə bəyan etmişdir: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın ayrılması faktı ilə razılaşmayacaq. Biz hər bir yolla öz ərazi bütövlüyümüzü təmin edəcəyik”.
İnanıram ki, o gün uzaqda deyil.

Elmira AXUNDOVA
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar jurnalist






Bu yazı ( 162 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar