12px14px16px18px

Altmış yaşın işığı

Cahangir MƏMMƏDLİ
08:05 / 24.02.2012
Elmi dünyagörüşünü, fəlsəfi baxışlarını, Azərbaycandan dünyaya, dünyadan Azərbaycana açdığı pəncərəni, vətəndaşlıq mövqeyini, hadisələrə və insana son dərəcə obyektiv münasibətini heyranlıqla izlədiyim professor Səlahəddin Xəlilovun 60 yaşına bir yazı ərməğan etmək istədim. Bu yazıda Səlahəddin müəllimə böyük hörmətimin, rəğbətimin, güvəncimin ifadəsi olacaqdı. Həyat kredosunda həqiqətə, obyektivliyə, elmi düşüncəyə söykənən hər kəs belə böyük bir alim – vətəndaşa bu hörmətin, bu rəğbətin qürurunu yaşaya bilər. Elmi dünyagörüşünə sığınan, həyatını, ömrünü elmin poeziyasına həsr edən insanların indiki qıtlıq çağında qəflətən qarşına Səlahəddin Xəlilov kimi bir alimin meydana çıxması solmuş ümidlərin yenidən cücərməsini görmək və bundan təsəlli tapmaq ləzzətini yaşamaq qədər qiymətlidir. Səlahəddin Xəlilovu çoxdan tanımamağımın günahı, əlbəttə ki, mənim özümdədir. Hələ 1976-cı ildə iyirmi dörd yaşında ikən “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” kimi o dövrün ən aktual mövzusunda namizədlik, 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” kimi ondan da aktual bir mövzuda doktorluq dissertasiyası müdafiə etmiş, bu sahələrlə bağlı beynəlxalq aləmdə geniş rezonans doğurmuş neçə-neçə kitabın, yüzlərlə elmi məqalənin müəllifi, otuz il bundan əvvəl “Fəlsəfə, elm və həyat” klubunu, ilk özəl universitet təhsil modelini yaratmış, elə bu universitetdə təşkil etdiyi “İstedadlar klubu”nda bu günün filosoflarını yetişdirmiş, 1994-cü ildən “Şərq-Qərb, Tədqiqat Mərkəzi”nin əsasını qoymuş, “İpək yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş, 2003-cü ildən nəşr olunan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalına indiyədək baş redaktorluq etmiş, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədri professor Səlahəddin Xəlilovu yaxından tanımamaq bir çoxları kimi mənim də öz günahımdır. Beynəlxalq Rektorlar Şurasının Azərbaycan təmsilçisi, Oksford universitetində keçirilən “III minillikdə təhsilin perspektivləri” üzrə plan-layihəni hazırlayan qrupun üzvü, İSESKO-nun İslam dünyası universitetlərinin təmsilçisi, Amerika Fəlsəfə Cəmiyyətinin, Avropa Təhsil Şurasının, Avropa Elm Fəlsəfəsi təşkilatının, bir sıra xarici ölkə akademiyalarının üzvü, ABŞ-dakı “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədri... Səlahəddin Xəlilovu yaxından tanımaq mənim elmi düşüncə tərzimə, elmə, fəlsəfi fikrə münasibətimin dəyişməsinə xeyli kömək etdi.
Çox gec baş verən bu tanışlığın qısa bir tarixçəsi var: 2009-2010-cu illərdə Səlahəddin Xəlilovun “525-ci qəzet”də silsilə şəklində gedən fəlsəfi publisistikasını izləməli oldum. Bir, iki, üç... və otuza yaxın yazı publisistikanın nəzəriyyəsi və praktikası ilə məşğul olan bir adam kimi məni öz tematikası, həyata, hadisələrə, fakta münasibəti, tamamilə yeni görünən, orijinal fərdi üslubu ilə heyrətə saldı. Böyük alim-publisist Xudu Məmmədovdan sonra belə yazılara məndə yaranan nostalji hisslərin üstünə su səpildi. Və daha bir az keçmiş bu yazılar “Baxış bucağı” adı altında bir kitabda nəşr olundu. “Fəlsəfi publisistika” kimi ikinci bir adla təqdim olunan bu kitabda müəllifin bədii söz sənətinə, televiziyaya, dini dəyərlərə, elm və mədəniyyətə və nəhayət, özünün yeni məktəb səviyyəsinə yüksəltdiyi fəlsəfəyə fərqli baxış bucağı vardı. Bu kitabı oxumağa başladım və az-çox informasiyam olan Şərq-Qərb fəlsəfi düşüncə məktəblərinin baniləri gəldi gözümün önünə...
Müəllifin kitabda dəfələrlə müraciət etdiyi, elmi təfəkkürünə söykəndiyi Platon, Hegel, S.Vurğun, Heydər Hüseynov, Xudu Məmmədov kimi yaradıcı – elmi şəxsiyyətlərin bu böyük alimə təsiri məni də təsirləndirdi. Kitabdakı bütün məqalələrin tematikası, problematikası mənə çox doğma göründü. Və mən o kitabın son səhifəsini başa vurduğum o axşamın səhərisi günü Səlahəddin müəllimin iş yerinə gəldim. Bir neçə darısqal otaqdan ibarət mənzilə bənzər bu məkanda bünövrəsini qoyduğu “Şərq-Qərb Tədqiqat Mərkəzi” – “Fəlsəfə dünyası” elmi müəssisəsi yerləşir. Bu andan başlayaraq alimi yaxından tanımamaq günahımı yumaq prosesinə girişdim. Hər şey Səlahəddin müəllimin ayda iki dəfə təşkil etdiyi elmi seminardan başladı. Mən elə ilk seminarda, sözün həqiqi mənasında, bir fəlsəfi dünyaya düşdüm. İlk dəfə iştirakçısı olduğum bu seminar mənə yeni düzən dünyasında Şərqi, Qərbi duymaq imkanı qazandırdı. Bu seminarlarda Azərbaycanın, Türkiyənin, Rusiyanın, Orta Asiyanın, İranın, Polşanın, Amerikanın fəlsəfi məktəblərini keçmiş, elə həm də milli müxtəlifliyi ifadə edən filosoflar – iyirmi yaşından başlamış səksən yaşadək çoxçeşidli dünyagörüşünə malik aspirantlar, doktorantlar, professorlar iştirak edirdi (edir). Bir, iki, üç seminar və mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində fəlsəfi-publisistik düşüncə tərzini hiss etdiyim tələbələrimi də bu seminarlara dəvət etdim. Beləliklə, mənim fəlsəfi publisistikaya meyli ilə ümid doğuran tələbələrim də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, onlarca beynəlxalq elmi təşkilatın təmsilçisi Səlahəddin Xəlilovla tanış oldular.
Bir az keçdi və bu tələbələr yeni modeldə “Student Times” qəzetini, “Jurnalist” tədris qəzetini, “azxeber.com” saytını nəşr etməyə başladılar və bu nəşrlərdə dünyaya yeni baxışla fərqləndilər. Tələbələr bir neçə görüşdəcə Səlahəddin müəllimin aydın və praqmatik fəlsəfəsinin heyranı oldular. Səlahəddin müəllimə bu heyranlıq onun bütün dinləyicilərində yaranır. Bu heyranlıq onun aydın və həyatdan gələn misallarla zəngin nitqini dinləyən hər kəsdə yaranır. Bu böyük mühazirə və seminar ustasının lap bu yaxınlarda “Mədəniyyət” kanalında apardığı master klas dərsləri bir daha bütün ölkəyə sübut etdi ki, S.Xəlilov həm də milli metr səviyyəsində bir müəllimdir.
Səlahəddin müəllimlə qısa tanışlıq mənə onun elmi-fəlsəfi konsepsiyası barədə xeyli bilgi verdi. Onun mənə də çox doğma olan “Cavid fəlsəfəsi”, “Fəlsəfədən siyasətə”, “Təhsil sistemi: nəzəriyyə və praktika”, “Cavid və Cabbarlı”, “Lider, dövlət, cəmiyyət”, “Təhsil. Təlim. Tərbiyə”, “Məhəbbət və intellekt”, “Mənəviyyat fəlsəfəsi”, “Doğudan Batıya fəlsəfə körpüsü”, “Romantik şeirdə Şərq-Qərb məsələləri”, “Şərq ruhunun Qərb həyatı”, “Sivilizasiyalararası dialoq”, “Elm adamları elm haqqında”, “Elm haqqında elm” kitablarındakı ideyalara bələd oldum.
Onun fəlsəfi sisteminin əsasını təşkil edən ideya haqqında görüşləri, yaratdığı yeni idrak modeli, fəlsəfi komparativistika ətrafında təhlilləri, eşq konsepsiyası, sivilizasiya təlimi, elmin sosiologiyası haqqında nəzəri düşüncələri, təhsil fəlsəfəsi və s. onlarca yeni yanaşmaları heyrət doğuracaq qədər mükəmməl və möhtəşəm fəlsəfi konsepsiyalardır. Az bir qismini sadaladığım bu kitablar və fəlsəfi konsepsiyalarını ifadə edən yüzlərlə məqaləsinin bir çoxu elmi, iqtisadi, sosioloji sahələrdə öndə gedən ölkələrdə işıq üzü görmüşdür. S.Xəlilovun əsərlərində qoyulan problemlərin əksəriyyəti milli inkişafın bir sıra istiqamətləri üzrə strateji xarakter daşıyır, nəzəri və praktik keyfiyyəti ilə fəaliyyətə təkan verir, beynəlxalq miqyasda fəlsəfi düşüncənin öndə gedən modellərini ortaya qoyur. Onun bütün əsərlərinin ümumi ruhunda elmin fəlsəfəsi ilkin yerdə dayanır. S.Xəlilov elmin fəlsəfəsi ilə lap cavan vaxtlarından məşğul olmuşdur. Alimin elmi yaradıcılığından bəhs edilən bir məqalədə deyildiyi kimi, hələ ötən əsrin 70-ci illərində S.Xəlilovun bir sira məqalələri o vaxt nəinki təkcə SSRİ üçün, həm də bütün dünya miqyasında ilk tədqiqatlar sırasında olmuşdur. Alimin elmə qiymətinin və elmə inamının nəticəsidir ki, əsərlərinin böyük bir hissəsi elm adamlarına, dünya miqyaslı alim-şəxsiyyətlərin yaradıcılığına həsr edilmiş, elmin təşkili və inkişafı konsepsiyasını yaratmışdır. Təsadüfi deyil ki, alimin həcmcə ən böyük və məzmunca ən fundamental kitabı da “Elm haqqında elm” adlanır. Kitabda elm və onun inkişaf yolu, elm və elmşünaslıq, elmin fəlsəfəsi və metodologiyası, elm-texnika-istehsal: əlaqə və vəhdət, əməli bilik, elm və texnologiya, elm və dil, elm və təhsil kimi fundamental məsələlərə fəlsəfi zirvədən baxış var. Bu fundamental əsərə ön sözün müəllifi, akademik Ramiz Mehdiyev göstərir ki, “elmin və onun infrastrukturunun optimal təşkili və prioritet elm sahələrinin müəyyənləşdirilməsi üçün ... ilk növbədə elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi inkişaf etdirilməsi tələb olunur... Bu kitab məhz elmlə bağlı bütün əsas tədqiqat istiqamətlərini ehtiva etməsi ilə seçilir və təkcə Azərbaycanda deyil bütövlükdə islam Şərqində bu problemi hərtərəfli əhatə edən ilk elmşünaslıq əsəridir”.
Azərbaycanın elmi elitası bu kitabın AMEA-nın zalında geniş akademik müzakirəsini, yəqin ki, yaxşı xatırlayır. O müzakirədə ölkənin elm sahəsində sayılan-seçilən, elmi səviyyəsi ictimai rəydə birmənalı olaraq qəbul edilən şəxsiyyətləri kitabı təkcə Azərbaycan mühiti üçün deyil, bütövlükdə beynəlxalq çevrədə hadisə kimi qiymətləndirdilər. Buna kitabın və onun müəllifinin haqqı vardı.
Bu yaxınlarda S.Xəlilovun İctimai televiziyanın “Səhər sovqatı” proqramında Azərbaycan teletamaşaçıları ilə maraqlı bir görüşü oldu. Bu proqramda Səlahəddin müəllim çox aydın və populyar bir üslubda elmin müasir inkişaf prinsiplərini təhlil etdi. Onun fikrincə, dünyanın qabaqcıl ölkələri sırasına çıxmağın yolu elmin inkişafından keçir. Biz çalıb-oynayan xalqdan elmi təfəkkürə malik bir millət olmaq zərurətindəyik. Şouya, əyləncəyə ifrat aludəçilik bizim əqli potensialımızı əlimizdən alır. Elmin və təhsilin təşkilatlanması üçün cəmiyyət fəallaşmalıdır. Məzhəkəçilik, şoumenlik xarakterindən xilas olmalıyıq. Kütlə şüuru səviyyəsindən yüksək intellektual səviyyəyə qalxmaq çox vacibdir. Bütün bunların da əsasında fəlsəfi düşüncənin inkişafı dayanır. Güclü klassikası olan bir xalqın müasir fəlsəfəyə soyuq münasibətinə alim öz narahatlığını bildirdi. Onun fikrincə, tarixi düşüncəyə aludəçilik müasir yaradıcılığı üstələməkdədir. Tarixi düşüncə – faktın fiksasiyasıdır. Tarixi faktlar ümumiləşdiriləndə fəlsəfi səviyyəyə yüksəlir.
Filosofun bu proqramdakı çıxışı son dərəcə önəmli bir maarifçilik missiyası daşıdı və maraqlı, yeni düşüncə istiqaməti ilə tamaşaçını fəallığa səslədi.
Yazı masamın üstündə Türkiyədə nəşr olunan çox maraqlı bir dərgi var “Özne” adlı dərgi. Dərgi ildə iki dəfə nəşr olunur. Onun builki birinci nömrəsi professor S.Xəlilova həsr olunub. Dərginin üz qabığında “Selahaddin Halilova armağan” başlığı, ortada alimin ifadəli şəkli, aşağıda filosofun elmi konsepsiyasının ümumiləşdirilmiş qiymətini təsdiq edən “Kutupları Birleştiren Felsefe Köprüsü” sözləri. Türkiyənin məşhur filosoflarından biri – Mustafa Günay dərgiyə giriş sözündə jurnalın bu sayının niyə Azərbaycan aliminə həsr edilməsinin səbəbini belə açıqlayır: “Selahaddin Halilovun Türk düşünce dünyasında ortaya koyduğu eserler ve aynı zamanda akademik faaliyetlerle önemli bir yeri ve kimliği mevcuttur. Halilovun felsefe alanında ortaya koyduğu birikim ve özellikle Doğu ve Batı kültürleri arasında felsefi köprüler ve bağlantılar – diyaloglar kurmaya yönelik eserleriyle hiç şübhesiz böyle bir armağanı hak etmektedir”.
Dərgi barədə Azərbaycan oxucusuna ilk məlumat verən fəlsəfə doktoru Könül Niftəliyevanın göstərdiyi kimi, “bu məqalələr özündə S.Xəlilov yaradıcılığının bir çox faktlarının təhlilini cəmləşdirir. Üç geniş bölmədən ibarət dərginin birinci bölməsi S.Xəlilovun həyatı, əsərləri, fəlsəfə dünyasında yerini, ikinci bölməsi alimin əsərlərinin təhlilini, üçüncü bölməsi isə dünyanın məşhur alimlərinin bu böyük filosofun yaradıcılığı ətrafındakı fikirlərini təqdim edir. Məqalələrin hər birinin ruhunda Azərbaycan filosofunun dünya fəlsəfi düşüncəsinə verdiyi əvəzolunmaz yaradıcılıq töhfələrinin geniş və obyektiv təhlili dayanır”.
S.Xəlilovun fəlsəfə məktəbi ətrafında xarici universitetlərdə bu gün elmi diskussiyalar, polemikalar təşkil olunur. Dünyanın müasir filosofları alimin fəlsəfi konsepsiyaları haqqında fikir deyəndə mütləq “böyük filosof”, “mütəfəkkir alim”, “öz məktəbini yaratmış Şərq filosofu”, “Şərqin və Qərbin filosofu”, “Türk dünyasının düşüncə mədəniyyəti”, “Dünya mədəniyyətinin şəxsiyyət faktı”, “Milli ruhdan keçən filosof” ... və s. və i. onlarca epitet işlədirlər. Bu epitetlər yuxarıda haqqında bəhs etdiyimiz “Özne” dərgisinin səhifələrində də tez-tez işlədilir.
Amma nədənsə biz bəzən özümüz özümüzünkülər haqqında bu epitetləri işlətməkdə qısqanclıq edirik. Vaxtı ilə biz Xudu Məmmədov şəxsiyyətinin əvvəlinə “dahi” epitetini yazmağa, deməyə də qısqanclıq etdik, yaxud bunu görə bilmədik. İndi bu səhvimizə görə yeni nəslin bizi qınamağa haqqı var. Çünki bu yeni nəsil Xudu Məmmədovun Azərbaycan elmi üçün nələr etdiyini bizdən yaxşı gördü və onun bizdən cəsarətli qiymətini verdi. Tanrıdan diləyim budur ki, Səlahəddin Xəlilov şəxsiyyətinə münasibətdə, ona qiymətdə növbəti nəslin qınağına tuş gəlməyək.
Qəribədir, içimdəki narahatlığın ifadəsi olan bu sətirlərə nöqtə qoyduğum anda televiziyalardan hansınınsa ana xəbər buraxılışında Səlahəddin müəllimin adı ilə bağlı nəsə eşidirəm. Televizor olan otağa keçirəm və mənə xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səlahəddin Xəlilovu respublikanın ictimai həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif etmişdir. Məncə, fəlsəfə elminin inkişafında misilsiz rolu olan belə bir alimin ölkənin yüksək ödülünə layiq görülməsi bütövlükdə Azərbaycanımızla qürur duyan hər kəsin ürəyincə oldu.
İndi Səlahəddin müəllimin 60 yaşı tamam olur. 60 yaş filosofun ən müdrik çağıdır. Səlahəddin müəllim dünya fəlsəfi düşüncəsinə verdiyi yeni konsepsiyaları ilə Tanrının ona bəxş etdiyi 60 yaşın təyinatını sübut etdi. İndi onun həyatında müdrikliyin zirvəsinə gedən yeni bir yol başlayır. Bu yolun yolçusunu, gec də olsa, xeyli tanıdığıma görə taleyimdən çox razıyam.
Cahangir MƏMMƏDLİ




Bu yazı ( 244 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar