12px14px16px18px

Göyə çəkilən ulduzlar

Anar YUSİFOĞLU
17:58 / 10.02.2012
Havam bozulmaya başladı yine,
Gözlərim də dolmaya
Sanırım içimdə bir yerlere sən yağdı
Gecə-gecə
(Cemal Süreyya)


Bu qış niyə bunca sərt oldu, görəsən?
Uzun müddətdir Bakı belə şaxtalı qış görməyib, elə Avropa, dünyanın özü də. Bir tərəfdən buzlaşma dövrünün başlanması ilə bağlı elmi araşdırmalar, bir tərəfdən Xəzərin, Kür çayının, hətta Ceyranbatan su anbarının donması, bir tərəfdən də dünyanın sonu haqqında təxəyyül məhsulu olan filmlərin bu şaxtalı günlərdə telekanallarda dəbə minməsi əməlli-başlı təşviş yaradıb: hər şeyin “su qiymətinə” olmasına çalışan adamlar, şaxtanın dondurduğu suyun od qiymətinə qalxdığını görüb, Axirət haqqında daha tez-tez düşünməyə başlayıblar.
Əslində, təbiətdə ciddi bir şey baş verməyib – hava alışdığımız temperaturdan bir neçə dərəcə aşağı düşüb, vəssalam! Amma Tanrının bu xırdaca sınağı qarşısında dəmirdən adam düzəldən, əşyaları gözəgörünməz etmək uğrunda çarpışan, Aya insan, Marsa texnika göndərib Yerlə-Göylə əlləşdiyini və dünyanın hakimi olduğunu isbata girişən İNSAN... aciz qaldı. Bəlli oldu ki, qosqoca ölkələr adicə soyuqdan qorunmaq iqtidarında deyil: dünya ağalığına iddialı Avropadan donvurma ölümlərinin sorağı gəldikcə, heç nəyin insan ixtiyarında olmadığı bir daha üzə çıxdı.
Heç nə insanın ixtiyarında deyil; heç insanın öz ixtiyarı da öz əlində deyil – dünyanın qəzavü-qədəri, alın yazısı var.
Bizim alın yazımız nədir?
Alın yazımızda yağan bu qarın da bir anlamı varmı?

lll

Bu qış ulduzları da uddu, deyəsən!
Ulduzlar niyə Göyə çəkilib, kimin günahından Yerdən qaçıblar? – bu suala heç vaxt cavab axtarmadım. Ancaq baharda Göyə çəkilən Ulduzların qışda narın-narın Yerə töküldüklərinə şübhə etmədim. Qar dənəciklərinə dönən ulduzlar mələk kimi ağ qanadları ilə bütün qış boyu dünyanın hiss-pasını, günahlarını yuyurlar. Yuyurlar ki, baharda apaydın səmadan “əl uzatsan, çatar”mış kimi görünsünlər, insanlar Ulduzların bir zamanlar Yerdə olduqlarına tərəddüd etməsinlər.
Ona görə qışda ulduzlar görünmür, yəqin. Görəsən, ulduzların dünyanın bütün yollarını hamarlayan, gecəni gündüzünə qatan, zənginiylə kasıbını bərabərləşdirən ağappaq ləçəklərini hər dəfə ayağımızın altında xıncım-xıncım edəndə, onun günahlarımızda qovrula-qovrula külə dönən rənginə niyə əhəmiyyət vermirik?

lll

Bu qış yaman sərt oldu, deyəsən!
Günahlarımız çoxalıb yəqin, onları yumaq üçün ulduzlar ötən illərdən daha artıq yağmalı olurlar. Bəlkə də gözümüzü bu dünyadan yığmaq, bir az özümüzə, içimizə çəkilmək üçün Tanrı bizə bu qış daha çox fürsət, daha çox şans verib?
Bu şansdan necə istifadə edirik?
Tanrı 15 gündür dünyanın əlvanlığına bir qələm çəkib – hər tərəf eyni rəngdədir, ağappaq, süd kimi.
Tanrı 15 gündür bizi özümüzə baxmağa vadar edir – içimiz, dışımız ağappaq... mı?

lll

Bu qış yaman uzun çəkdi, deyəsən!
Amma içimizə yağan qar məni özümə qədər qovsa da, ürəyimi dondurmadı. Çünki ürəyimə yağan SƏN idin, gözümdən qəhərlə çıxırdın.
Yağış isə hərarət olanda yağır – qışın qarını, sazağını yuyur, qarı təmizləyir.
Bu qış ürəyimizin baharına sığınıb paklanan aləmi seyr etməklə yazı gözləyirik.
Yaz mütləq gələcək, ildırım mütləq çaxacaq, illərlə dolan ürəyimiz bir anda boşalacaq. Qar soyuqluğu, qış həsrəti geridə qalacaq.
Axı, leysan yağışdan sonra Günəş çıxır!

Anar YUSİFOĞLU




Bu yazı ( 208 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar