12px14px16px18px

QİÇS – Qazanılmamış İntellekt Çatışmazlığı Sindromu

Anar YUSİFOĞLU
11:27 / 19.01.2012
Sosial şəbəkələrdə çox nadir hallarda intellektual statuslara, fikirlərə, rəylərə rast gəlinir. İlk baxışda adi görünən və əyləncə hesab olunan bu statusların arxasında böyük çatışmazlıqlar olduğunu etiraf etməliyik. Çünki sosial şəbəkələrdə daha çox gənclər təmsil olunurlar, həm də adi gənclər yox, gəncliyin intellektual adlana biləcək hissəsi. Yeni texnologiyalardan istifadə qabiliyyəti ilə seçilən bu gəncliyin fikirləri, baxışları isə cəmiyyəti maraqlandırmaya bilməz. Hər zaman “gələcək gəncliyindir” deyiriksə, onların hansı düşüncədə olduqları önəmli sayılmalıdır.
Hazırda portallar, saytlar da internet istifadəçilərinə özlərini ifadə etmək imkanı yaradır və bu, çox uğurlu addımdır: hər insanın özünüifadəsi, münasibətini, baxışlarını ortaya qoyması ona həm cəmiyyətin bir parçası olduğunu hiss etdirir, məsuliyyətini artırır, həm də qarşı tərəfə əksəriyyətin rəyini bilmək, sosioloji araşdırmalar aparmaq və hədəfləri müəyyənləşdirməkdə yardımçı olur. Ancaq bu “özünüifadələrdə” nələrlə qarşılaşırıq?
İnformasiya, xəbər və yaxud hansısa analitik yazılara verilən şərhlər də sosial şəbəkələrdəki mənzərədən fərqlənmir: əsasən, mətnə aid olmayan şərhlərin içərisində oxucuya heç nə deməyən münasibətlər çoxluq təşkil edir. Məntiqli, əhatəli, intellektli fikirlərə nadir hallarda rast gəlinməsinin səbəbi nədir?
Özünüifadənin ən “təhlükəsiz” yolu
Cəmiyyətin öz-özünü nizamladığı və öz-özünə nəzarət etdiyi sosioloqların birmənalı olaraq qəbul etdiyi nəzəriyyədir. Ancaq bu tənzimləmənin əsl həqiqəti üzə çıxarmadığı barədə irəli sürülən ehtimalları da kənara qoymaq olmaz. Çünki insanların daxilən düşündüklərinin və deməli, fərdi potensiallarının ifadəsi üçün qəliblərdən kənara çıxması lazımdır.
Sosial şəbəkələrdə və internet yazışmalarında qəlibləri qırmağın ən asan yolu psevdonimdir. İstifadəçi saxta profil və ya saxta adın arxasında gizlənməklə ictimai qınaqdan sığortalanır və düşündüklərini çılpaq formada təqdim etməkdən çəkinmir. Amma bu o demək deyil ki, insan ictimai qınaqdan sığortalanırsa, əslində çox primitiv, məhdud və xəbis olduğunu ortaya qoymalıdır. Təəssüf ki, “sığortalanma”nın görünən tərəfləri doğrudan da adamı heyrətə salır.
Bir neçə gün öncə sosial şəbəkədə rastlaşdığım bir nümunə, yəqin ki, heyrətin səbəblərini daha aydın şəkildə göstərir.
“Avroviziya” binası uçsun?
“Arzulayıram ki, Bakıda “Avroviziya” müsabiqəsi üçün tikilən yeni bina tamamlanan kimi də uçsun, biabır olaq!” Bu, sosial şəbəkədə fəallığı ilə seçilən bir gəncin yazdığı statusdur – ola bilsin ki, müəyyən sözlərin yerini dəyişdim, amma mahiyyətə toxunmadım. Azərbaycan təkcə Avropanın deyil, dünyanın diqqət mərkəzində olan 57-ci “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır, bunun üçün gözəl bir bina tikilir, ancaq Azərbaycan gənci bu məqamda ermənilərdən qətiyyən fərqlənməyən bir “arzunu” status kimi sosial şəbəkədə yayır.
Müqayisə üçün onu deyim ki, təkcə son bir ayda Azərbaycanda keçiriləcək mahnı yarışmasının təşkilatçılığına kölgə salmaq üçün Ermənistan KİV-i yüzlərlə əks-təbliğat materialı dərc edib. Hətta bir müddət öncə “Avropanın bir sıra ölkələri Azərbaycanda keçiriləcək mahnı yarışmasına gəlməkdən imtina etdi” deyə başdan-başa böhtan olan bir “informasiya”nı manşetdən yazmışdılar və verilən şərhlərdə ermənilər bu xəbəri böyük sevinc və coşqu ilə qarşıladıqlarını açıqcasına bildirirdilər.
Bu fakt Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsindən narahat olanların kimliyini anlamağa kifayət edir. Belə geosiyasi təbliğatlar məngənəsində Azərbaycandakı bəzi şəxslərin xaricə sözügedən mahnı müsabiqəsinin Bakıda keçirilməməsi ilə bağlı müraciətlər etməsini, beynəlxalq QHT-ləri bu yöndə iş aparmağa çağırması və s. “donoslar”ını anlamaq olmur. Nəinki anlamaq olmur, hətta erməni ilə eyni əməli bölüşən belə fəaliyyət adamı heyrətləndirir.
Ölkə daxilində ən sərt ifadələrlə bir-birini tənqid etmək sosial baza toplamaq üçün normal siyasi mübarizə metodu olaraq qəbul olunur. Türkiyədə “mənim itim ondan ağıllıdır” səviyyəsində ən qəddar tənqidlər də seçki ərəfəsində yer alır. Ancaq belə tənqidlər, hətta CHP lideri haqqında ədalətsiz sayıldığı bildirilən cinayət işinin başlanması K.Kılıcdaroğluna “erməni soyqırımı” layihəsinin Fransa Senatında qəbul olunmaması üçün Nikola Sarkoziyə müraciət etməsini əngəlləmədi.
Yeri gəlmişkən:
Bacarmırıq?
1998-ci ildə Türkiyəyə səfər edən Azərbaycan siyasilərindən bir neçəsi “anlaşılmazlıqla” qarşılaşmışdılar, bəzi problemlər yaşamışdılar. Hansısa dükana girən azərbaycanlı siyasətçi mağaza sahibinin müxalifəti təmsil etdiyini öyrənincə o vaxtkı prezident Süleyman Dəmirəllə bağlı o qədər də xoş olmayan ifadələr işlətmişdi. Mağaza sahibi dərhal kobudluq etmiş, hətta polis çağırmış, “sayın cümhurbaşqanımı təhqir etdi” iddiası ilə şikayətçi olmuş, nəticədə azərbaycanlı siyasətçi polis idarəsində bir neçə saatını itirmiş və xüsusi xahiş-minnətlə sərbəst buraxılmışdı.
Mağaza sahibinin bu iddiasına “tənqid edərəm, özüm bilərəm, başqa ölkənin vətəndaşı mənim prezidentimə bir söz deyə bilməz” məntiqi səbəb olmuşdu. Söhbət Türkiyədən gedir, Azərbaycanla qardaş ölkədən! Hətta “qardaş ölkə” vətəndaşına belə öz siyasi liderini təhqir etməyə imkan verməyən əxlaqa sözünüz nədir?
Əslində, bu məntiq və əxlaq Azərbaycan xalqının mənəvi dəyərlərinə daha yaxındır. “Ətini yeyərəm, sümüyünü atmaram” inamı bu xalqın ruhundadır və min illərlə öz namını ən çətin anda belə başqasının ayağına verməmək ləyaqəti ilə yaşamışıq. İndi nə dəyişdi ki, “sabahımız olan” bəzi gənclər dövlətimizin adına ləkə yapışdırmaq, onun mənfi imicini formalaşdırmaq üçün çalışır? Ölkə adına sevinmək, qürur keçirməyi niyə hamılıqla, bir xalq olaraq, bacarmırıq? Daxili siyasi mübarizəni niyə iliyə kimi nifrətə kökləyib, sonra da bu nifrəti bütövlükdə ölkəmizə yönəltməklə düşmənlə eyni səngərə giririk?
“Avroviziya” bizə nə verdi?
“Avroviziya” mahnı yarışmasında qələbəmiz elan olunan gündən sonrakı 3 gün müddətində “google”də Azərbaycan və Bakı adına 800 milyon insan axtarış vermişdi. Bu, cəmi 3 günün məlumatıdır, sonrakı günlərdə “axtarışlarla” bağlı statistika açıqlanmayıb, ona görə də “bir milyard”la bu rəqəmi yuvarlaqlaşdıra bilərik. Sizcə, Azərbaycanı dünyada tanıtmaq üçün nə qədər təbliğat aparılmalıdır ki, eyni vaxtda bir milyardın diqqət mərkəzində olaq?
Avropa Yayımları Birliyi ictimai televiziyaların ittifaqıdır və təbii olaraq Azərbaycanı da bu qurumda ölkənin birinci kanalı olan İctimai Televiziya təmsil edir. Bu Birliyin üzvü olmaq ölkələrə “Avroviziya”da iştirak hüququ verir. İctimai Televiziya da bu imkandan maksimum bəhrələndi və dövlətin dəstəyi ilə qısa müddətdə qələbə məhz bizim – Ermənistanın yox, Azərbaycanın – nəsibimiz oldu.
Burada kiminsə rolunu azaltmağa və ya şişirtməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır və əziyyət çəkənlər, qələbəni bu ölkəyə qazandıranlar heç adlarının xüsusi hallanmasını istəmirlər. Çünki hər nə edilibsə, Azərbaycanın adına edilib, bu dövlət, bu xalq üçün – hamımız üçün edilib. Və ardı da edilir, ən azı, ortada saf bir niyyət var – turistləri yeni və gözəl bir binada qarşılamaq. Bu binanın “tikildiyi anda da uçmasını” “arzulamaqmı” olar?
Bina avropalılar üçün tikilmir, turistlər onu bellərinə alıb Avropaya daşımayacaqlar; “Avroviziya” mahnı müsabiqəsi üçün tikilən bina bu xalqın, bu dövlətindir, Azərbaycanındır; bu binadan həmişə biz bəhrələnəcəyik. Bundan qürur duymamaq olarmı?
Dünyagörüş səviyyəsi
Yuxarıda qeyd etdik ki, sosial şəbəkələrdən Azərbaycan gəncliyinin daha aktiv və intellektli kəsiminin istifadə etdiyi gümanındayıq. Əgər belə gəncliyin içindən bu səviyyəli statuslar gəlirsə; mövzuya aid olmayan, primitivliyi ilə adamı təəccübləndirən “şərhlər”, “rəylər” yazılırsa, bunun səbəbi nədir?
Sosioloqlar şəxsiyyətin formalaşmasında təhsil-tərbiyə ilə bərabər genetik faktorun da yarıbayarı rol oynadığını əsas götürürlər. Genetik faktora toxunduq, biz “itə ataram, yada satmaram” məntiqi ilə yaşayan və bunu ədəbiyyatımızda təbliğ edən xalqıq.
Demək, qalır təhsil, savadsızlıq və intellektsizlik! Həddindən artıq savadsız olmaq lazımdır ki, dövlətinin uğurları ilə qürur duymayasan; dünyadan bixəbər, dünyagörüş baxımından çox məhdud olmalısan ki, “arzuların” öz xalqının və dövlətinin adının ləkələnməsi ilə məhdudlaşsın.
Məsələnin çətinliyi ondadır ki, bu intellekt çatışmazlığı sosial şəbəkələrdə sanki “immun çatışmazlığı” səbəbindən gündən-günə böyüyür: belə statuslar və ya primitiv şərhlərə “dəstək” reaksiyaları gəlir, müqavimət, “immunitet” isə yox səviyyəsindədir. Bəs, intellektli gənclər hardadır? Niyə öz sözlərini demirlər? Savadsızlığın, intellektsizliyin qarşısından çəkilməklə “intellekt çatışmazlığı” virusunun yayılmasına imkan yaratmırlarmı?
“Səviyyəsiz şərhlər”, “savadsız statuslar” deyib, əhəmiyyət vermədiklərimizin sayı artırsa, narahat olmaq zamanı çatıb, deməli...

Lent.az
Anar YUSİFOĞLU





Bu yazı ( 209 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar