12px14px16px18px

Gözəl, əziz, Müqəddəs

Anar YUSİFOĞLU
08:21 / 27.12.2011
Bir neçə ay öncə Mərkəzi Xəstəxananın həyətində var-gəl etmək gündəlik həyatımın parçasına çevrilmişdi. İşdən azacıq fürsət tapan kimi, daha doğrusu, işdən fürsət tapmaq üçün dəridən-qabıqdan çıxıb özümü ora yetirirdim. Bilirdim ki, içəri buraxmayacaqlar, görüş verməyəcəklər, çünki reanimasiyada idi. Ancaq gedirdim, həyətdən onun olduğu reanimasiya otağını tapmağa çalışırdım, gecə yarısına qədər pəncərələrdən süzülən işıqlara baxırdım.
Xəstəxana işıqlarının adi işıqlardan fərqləndiyini də o zaman anladım. Evlərin pəncərəsindən gecənin qaranlığına işıq süzülürsə, həmin mənzildə həyat davam edir demək – kimsə yaradır, kimsə düşünür, kimsə çıxış yolu axtarır və... yaşayır. Ancaq xəstəxana palatalarının pəncərəsindən gecə yarısı işıq gəlirsə, orda can çəkişməsi, həyatla ölüm arasında çarpışma, yaşam uğrunda mübarizə, bəlkə də artıq itki haqda düşünmək lazım gəlir.
Evlərin pəncərəsindən işıq gəlməyəndə, palatalardan isə işıq gələndə narahatlıq yaranır.
Əvvəlcə işıqların sönməsini gözləyirdim; sonra gecə yarı qəfildən işığın yandırılmadığına əmin olmaq üçün gözləyirdim. “Deməli, hər şey qaydasındadır, – düşünürdüm, – deməli, rahat-rahat yatır”.
Ən yaxşı təsəllim də məhz bu inamım idi. Bu inamın qanadlarından yapışıb özümü tez-tələsik onun palatasına yetirirdim. Sənin çarpayının başında aylarını, illərini uf demədən qurban verən bir insanın ayaqları altında keşik çəkmək də daha bir təsəllidir.
Getmək haqqında fikirləşən kimi ürəyimin sızıldadığını hiss edirdim.
İnsan belədir – ünsiyyətdə olduğun, dostlaşdığın insanlarla, yaxınlarla, doğmalarla ürəklər arasında gözəgörünməz bağlar yaranır. Yalnız ayrılmaq məqamı gələndə bu bağlar dartılır və ağrını ürəyimizdə hiss edirik. İnsan bir-birinə yaxın olduqca, bu yaxınlıq illəri yorduqca gözəgörünməz tellər də bərkiyir, güclənir, möhkəmlənir və ayrılıq bu telləri dartanda, ürək daha çox parçalanır.
Bunları hiss eləmişəm öz həyatımda, həm də dəfələrlə. Ürəyimin zədələndiyi, param-parça olduğu anlar da olub. Ancaq ən ağır anlarda da Süleyman peyğəmbərin üzüyünün qaşındakı yazını xatırlamışam: “Hər şey keçib gedir”. Keçib də – yaxşı, ya pis, hər halda, bütün dərdlərin həkimi Zaman bu yaralara məlhəm qoyub.
Ancaq bu ürək telləri heç nəyə bənzəmir, tamam fərqlidir, axı! O keçər, amma bir ömür getməz. Çünki bu telləri özüm seçməmişəm; O, qarşıma çıxmayıb, göydən enməyib, yollarımız kəsişməyib...
Mən Yer üzünə gəlməmişdən aylar əvvəl Onunla ürək tellərimizi Allah özü qurub. Ona görə O müqəddəsdir və biz ömrümüz boyu bu müqəddəsliyin cazibəsindən çıxa bilmirik.
O, yeganə varlıqdır ki, heç vaxt qarşılığını istəmədən məni sevib; haqqından keçib, hüququndan imtina edib, məhrumiyyətlərə dözüb, canını, qanını mənim yolumda qurban verib. Və bir dəfə də olsun bu böyük sevgisinin, bu böyük fədakarlığının əvəzini istəməyib.
Onun özü kimi sevgisi də təmənnasızdır, müqəddəsdir!
Həmişə yalnız bir şey istəyib məndən: boyumu görmək. Onu fərəhləndirmək, bir ömür nəfəs vermək üçün sadəcə varlığım yetər.
O, mənim Anamdır – atalar anası, analar anası olan Anam; bütün Analar kimi gözəl, bütün Analar kimi əziz, bütün Analar kimi müqəddəs...
Bizi ikinci dəfə kimsəsiz qoymaq istəməyən Anam!..
LENT.AZ
Anar YUSİFOĞLU




Bu yazı ( 277 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar