12px14px16px18px

45+

Hikmət SABİROĞLU
11:04 / 17.12.2011
“Media forum”un 7 yaşına

Azər Qaraçənlinin 2011-ci il yanvarın 1-də telefonla göndərdiyi mesajın mətnidir 45+. Yanvarın 1-də 45 yaşım tamam olurdu. Azər 45-ə + işarəsi qoşmaqla “yola – davam” demək istəyirdi.
Yol gedirəm və 2010-cu il dekabrın 30-da “Media forum”da getmiş “45” adlı yazıma + qoyuram.
O yazıda deyilirdi: “Dünyanın virtual dost azarına tutulduğu zəmanəmizdə mən real dostlarla nəfəs alıram. Dostları ən böyük sərvətim sayıram”.
+ qoyuram indi. Virtual dostluqların real dostluqları taxtdan saldığı, virtual dostların real dostları yendiyi, onların başını kəsdiyi, qanını içdiyi zəmanəmizdə mənim yalnız real dostlarım var. Mən onlarla nəfəs alıram. Həmin dostlardan biri 45+ mesajını yazan oğlandır – Azər.
“Mən rahat adam olsam da, heç də hər yerdə özümü rahat hiss edən adam deyiləm – hər yerdə və hər adamla işləyə bilmərəm. Azadlığın və mənəviyyatın dəyər olmadığı yerdə olmamışam, yoxam, olmaram”. Belə yazmışdım “45”də.
+ qoyuram indi. “Media forum” saytının baş redaktorudur Azər. Mən onun müaviniyəm. Bundan böyük xoşbəxtlik olmaz. Azərdən ötrü demirəm, Hikmətdən ötrü deyirəm. Azadlığın və mənəviyyatın yanında olmaq, onunla birgə çalışmaq, ona müavinlik eləmək. Xoşbəxtlik, böyük xoşbəxtlik nə cür olur?
Neçə illik birgə işimiz zamanı aramızda cəmi bir narazılıq olub. Həmin gün Azər redaksiyadan mənimlə sağollaşmadan getdi.
Azərin bir qərarına qarşı çıxmışdım. Çox dirəşsəm də, Azər qərarını geri götürmədi və axırda əlimdən bezib “sağ ol” demədən evə getdi.
Səhərisi gün mən Azərə vaxtilə “Avropa”da qələmə aldığı “Dostların düşmənçiliyi” yazısını xatırlatdım. “45” yazısında mən bu yazıdan sitat gətirmişəm: “Onlar bir-birlərinə o qədər pislik eləməyə çalışırlar ki, yaddaşları büsbütün ədavət xatirələriylə dolsun, keçmiş xatirələr dərin bir quyuya düşsün və daha heç vaxt oyanıb hissləri tərpətməsin”.
Mənimlə sağollaşmadan getdiyi günün səhərisi Azərə dediyim sözlərin bir hissəsini “45”də yazmışam: “Mənim dostlara ayrı münasibətim var – ədavət xatirələrini yox, ilıq xatirələri üstün tuturam hər vaxt”.
+ qoyuram indi. Mən dostun barmağına tikan batmasına da razı olmaram, hətta ürəyimə xəncər batıran dostun.
Mənimlə sağollaşmadan getdiyi gün Azər MƏNİM TƏRƏFİMİ TUTUB sərt bir qərar vermişdi. Amma mən buna qarşı çıxmışdım. Aramızda cəmi bir narazılıq olub. O da belə olub.
Biz virtual dostluqlar və real xəyanətlər zəmanəsində yaşayırıq. Belə zəmanədə yaşamaq çox çətindir. Amma yaşamaq olur. Çünki real dostlar var. Mən bu məşəqqətə ona görə tab gətirə bilirəm ki, Azərin yanındayam, Azər yanımdadır.
İllər öncə babam Əyyubdan yazdığımı xatırlayıram: “19-cu əsrin sonlarında doğulmuşdu. Nə qədər qan-qada gördüyünü ağlım kəsəndə bildim – iki erməni-müsəlman qırğını, rus işğalı, 37-ci il, 41-45 müharibəsi... Bu cür bəlalardan keçə-keçə babam üzündə necə də nur, urvat saxlaya bilmişdi. Qat-qat asan sınaqlar zamanında, üzündən zəhrimar tökülən adamların zamanında buna heyran qalıram”.
Azərin üzündə babamın nuru var. O nur tək məni yox, tanıyanların hər birini heyran qoyur. Namərdliyin, xəyanətin at belinə minib belədən-belə çapdığı zəmanədə Azərin mərd, sədaqətli olmasına, bu tozanaqda itib-batmayıb nur saçmasına heyran qalmamaq mümkün deyil.
“Dostları ən böyük sərvətim sayıram. Onları itirmək çox ağırdır” yazmışdım “45”də.
+ qoyuram indi. Çox ağırdır dostları itirmək. Mən virtual dostlardan danışmıram. Onları klaviaturanın “Delete” düyməsi ilə pozurlar. Bəzən heç bir əzab çəkmədən. (“Delete” düyməsindən mənim də xəbərim var. Bəzən o düyməni qəzəblə döyəcləməli oluram – yazı redaktə edəndə. Amma “Delete” düyməsi ilə baş kəsmək də mümkündür, bilirəm). Real dostun yoxluğu isə canından can aparır.
Mən dost ağrısına – həm bu dünyanı tərk edənlərin, həm dönük çıxanların ağrısına – qalan dostlara görə dözürəm. Onlardan biri Azərdir. Ən birincisi. Ağır günlərimdə az qalıram başımı onun dizinin üstünə qoyum, alnımı ovxalasın, saçlarımı qarışdırsın – babamın dizində yuxuya gedən kimi dərin bir yuxuya gedim, bu ağrıları unudum.
Azər məndən 7 yaş balacadır. Babam bilirəm onu amma.
“Media forum”da çox adamın əməyi var. Redaksiyadan güclü jurnalistlər gəlib keçib. İndi də güclü jurnalistlər var. Cümlə qurmağı “Media forum”da öyrənib məşhurlaşanlar da olub. Yenə olacaq. Amma sayt ən əvvəl bir keyfiyyətinə görə tanınır – onu ədalətli adam yaradıb, ədalətli adam idarə edir.
Azər ədalət hissini hətta ən ağır böhranda belə itirməyən adamdır. Onun yaratdığı, yönəltdiyi saytda haqqı demək azdır. Gərək haqqı elə deyəsən ki, nahaq sınmasın. Bu, “imam üçün ağlayanda yezid üçün də ağla” kimi sadə yanaşma deyil. Bu, yezidə imam yoluna gəlmək şansı tanımaq, haqq olmayana haqqa üz tutmaq imkanı verməkdir. Azər ədalətlidir.
Sən haqlısan – “Media forum”a güvən, mövqeyin dərc olunacaq.
Haqsızsan – yenə “Media forum”a güvən, tribuna veriləcək sənə.
Amma sən haqlısan deyə haqsızı söymək, onu aşağılamaq fikrinə düşmüsənsə, “Media forum”a güvənmə.
Sən haqsızsan – yalanı müdafiə edirsən, amma üstəlik, haqq deyəni alçaltmaq, onu təhqir eləmək fikrinə düşmüsənsə, “Media forum”a güvənmə.
Çünki Azər var.
Saytı maliyyələşdirən donor təşkilatın təmsilçisi ilə söhbətimizi xatırlayıram. Bu söhbəti heç bizim işçilərin də hamısı bilmir.
Donor deyirdi ki, dünyada iqtisadi böhrandır, imkan çatmır və müvafiq olaraq “Media forum”un redaksiyasında həm maaşlar azaldılmalı, həm də ixtisar aparılmalıdır.
“Əlbəttə, dünyada iqtisadi böhrandır. Maliyyə çatmır. “Media forum”un redaksiyasında həm maaşlar azaldılmalı, həm də ixtisar aparılmalıdır. Mən bunu başa düşürəm. Və bəyan edirəm ki, mən yalnız bir işçinin maaşını azalda, bir işçini ixtisara sala bilərəm – “Media forum”un baş redaktoru Azər Qaraçənlinin maaşını azalda, onu ixtisara sala bilərəm. Yalnız buna razıyam”. Belə bir cavab verildi donora.
Azərin cavabıdır.
Maaşlar azaldılmadı, ixtisar olmadı “Media forum”da. Çünki Azər oyun oynamırdı. Hamının iqtisadi böhrana boyun əydiyi bir zamanda özü işsiz-gücsüz qalardı, amma işçisinin bir manat itirməsinə “hə” deməzdi.
Azərin cavabını bir də oxuyun: “Mən yalnız bir işçinin maaşını azalda, bir işçini ixtisara sala bilərəm – “Media forum”un baş redaktoru Azər Qaraçənlinin maaşını azalda, onu ixtisara sala bilərəm. Yalnız buna razıyam”.
Bir də oxudunuzmu?
Yan-yörənizə baxın indi. Müqayisədə daha aydın görünəcək mənim necə dostum var.
Yan-yörənizə baxın və daha deməyin ki, həyatımızı sarmış bunca rəzalətin, xəyanətin, namərdliyin qarşılığında Hikmət necə tab gətirir.
Azər var.
Ona görə dözürəm.
Yaşamağa güc tapıram.
Azər...
Dostumdur.
Müdirimdir.
Redaksiya iclaslarında bir dəfə də olsun müavinindən yuxarı başda oturmayan müdir.
Dostlar sağ olsun!

Hikmət SABİROĞLU


Bu yazı ( 368 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar